Siyasət

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

29 İyul 2022 13:32
1 Şərh     Baxış: 4 020

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib.

İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmandan irəli gələn məsələlər müzakirə olunub.

İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

İclasa akademiyanın Rəyasət Heyətinin üzvləri də qatılmışdı.

... Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və bu strukturun ölkəni elm, xüsusilə də təhsil sahələrindəki yeri, fəaliyyəti və çəkisi ilə bağlı mübahisələrlə müzakirələr illərdən bəri davam edir.

Ritorik sual yaranmışdı: mövcud formasında AMEA-nın fəaliyyəti nə qədər effektikdir? Daha doğrusu, ümumiyyətlə, effektivdirmi və fəaliyyət varmı?

Qlobal miqyasda indi inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan dövlətlərin əksər hissəsi əsas diqqəti təbii sərvətlərə yox, böyük gəlir gətirən və dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynayan faydalı elmi kəşflərlə ixtiralara verirlər. Məhz həmin ixtiraların və elmi tədqiqatların nəticəsində yeni texnologiyalar yaranır.  İqtisadi inkişaf, ölkənin hərbi potensialının və müdafiə qüdrətinin güclənməsi, cəmiyyətin sosial və psixologi durumu, vətəndaşların rifah səviyyəsi, dünya bazarında rəqabətə davamlı məhsulların yaradılması birmənalı olaraq elmi tədqiqatların, kəşflərin və ixtiraların sonucu sayılır.

Bəs Azərbaycanda "böyük elm mərkəzi" adlandırılan AMEA-da vəziyyət necədir?

Bu qurum ölkənin, cəmiyyətin, iqtisadiyyatın inkişafı üçün nə edib, nə edir və ümumiyyətlə, nə etmək niyyətindədir?

Elm və təhsil inqilabı

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu.

Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbatat bağı, AMEA-nın təsərrüfat hesablı 5 elmi xidmət müəssisəsi, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti Təhsil Nazirliyinin tabeliyinə verilib. Təhsil Nazirliyi isə Elm və Təhsil Nazirliyinə çevrilib.

Ümumilikdə Elm və Təhsil Nazirliyinə AMEA-ya daxil olan 37 struktur birləşib.

AMEA-nın daha 3 qurumu - Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi isə əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

AMEA-nın tərkibində cəmi 11 institut, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana və "Elm" Nəşriyyatı qalır. Yəni yalnız humanitar sahələrin birləşməsindən AMEA yaranmış olur.

Humanitar sahələr bütün dünyada əsasən dövlətin dotasiyası ilə çalışır. Yalnız bu sahənin AMEA-da saxlanılması isə o deməkdir ki, Milli Elmlər Akademiyası əvvəlki bütün statusunu itirərək, yalnız dövlətin dotasiyası ilə tarix, ədəbiyyat, etnoqrafiya, şərqşünaslıq, dil və s. sahələrdə araşdırmalarla məşğul olacaq.

AMEA-dan artıq özünü maliyələşdirən qurum olması tələbləri də səsləndirilməyəcək.

AMEA-nın bundan sonra təcrübə aparmaq üçün Azərbaycanın müxtəlif ərazilərindəki əkin sahələri və bağlara, texnoloji parklara, laboratoriyalara və s. ehtiyacı yoxdur. Bütün bu strukturlar Elm və Təhsil Nazirliyinin balansına verilib.

Təhsil Nazirliyi dövlətdən külli miqdarda dotasiya alan qurumların önündə gəlir. Ancaq bu islahat Elm və Təhsil Nazirliyinə həm də qazanmaq fürsəti verilir. Belə ki, AMEA-dan alınaraq, nazirliyin tərkibinə verilən qurumların nəinki özünü dolandırmaq, həm də ciddi qazanc əldə etmək imkanı var. Bu isə Elm və Təhsil Nazirliyinə bütövlükdə dövlətdən dotasiyanı azaltmaq imkanı yarada bilər.

Ən ciddi islahat isə qarşıdadır. Belə ki, AMEA-nın Rəyasət Heyətində çox böyük struktur vardı: prezident və vitse-prezidentlər, ayrı-ayrı sahələr üzrə akademik-katiblər və onların dəftərxanaları, elmi katiblər və s. "Rəyasət Heyəti aparatının idarələri"...

Böyük bir idarəetmə mexanizminə artıq heç bir ehtiyac qalmır. Hazırda 11 humanitar sahə üzrə ixtisaslaşan institutların fəaliyyətini koordinasiya etmək lazımdır, vəssalam. Demək, böyük bir inzibati və yalnız administrativ yük gətirən aparatı saxlamağa qəti ehtiyac yoxdur.

Nəzərə alın ki, AMEA Rəyasət Heyətində böyük bir aparat cəmləşmişdi. İndi bu struktura qəti ehtiyac yoxdur.

Həmçinin AMEA-nın akademik və müxbir üzvləri də sanki bir ayrı və geniş strukturdur. Təxminən 200 nəfərə yaxın akademik və müxbir üzvlər yalnız bu ada görə böyük məbləğdə aylıq alırlar.

İndi isə AMEA-nın tərkibində 200 akademik və müxbir üzv saxlamağa qəti ehtiyac olmayacaq. Həm də ona görə ki, dəqiq elmlər üzrə alimlər humanitar sahənin cəmləndiyi AMEA-da niyə akademik adına layiq görülməlidir?

Təbii ki, elmi adlar və titullarla bağlı da müvafiq islahatlar, yeniliklər olmalıdır.

Keçmiş sovet ölkələri içərisində "Milli Elmlər Akademiyası" adlanan rudimentdən qurtulanların önündə Gürcüstan gəlir. Gürcüstan artıq çoxdan Elm və Təhsil Nazirliyi yaradıb və təsəvvür etdiyimiz Elmlər Akademiyası Tbilisidə yoxdur.

Absurd, qarışıq və əcaib AMEA

Hazırda AMEA-nın tərkibində 33 institut səviyyəsində struktur var ki, onların arasında Şamaxı Astrofiziki Rəsədxanası, Azərbaycan Milli Tarix Muzeyi, Azərbaycan Ədəbiyyatı Muzeyi, Respublika Seysmologiya Mərkəzi və s. yer alıb.

Həmin strukturların tam əksəriyyəti bir-birlərinin funksiyalarını təkrarlayırlar. Məsələn, İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu, AMEA-nın Fizika İnstitutu ilə Fizika-Riyaziyyat və Texniki Elmləri bölməsinin nəzdindəki Biofizika İnstitutu kimi.

AMEA-nın Kimya Bölməsindəki 4 institutun 3-ü fəaliyyət profili və funksionallıq baxımından qətiyyən fərqli deyillər.

AMEA-nın Yer Elmləri Bölməsində isə Geologiya və Geofizika İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, habelə Neft və Qaz İnstitutu fəaliyyət göstərir.

Azərbaycanda tələbələrin neft-qaz sənayesi sahəsində ixtisas aldıqları 2 universitet, həmçinin Mühəndis Universteti, müxtəlif universitetlərdə müvafiq fakultələr var.

Belədirsə, 10 milyon əhalisi olan ölkədə neft-qaz sahəsində yəni o qədər çox mütəxəssis var ki, AMEA-da bunca institutlar fəaliyyət göstərir?

AMEA-nın bəhs etdiyimiz institutlarında son illərdə alimlər hansı ciddi və önəmli kəşflər, ixtiralar ediblər.

Cavab bəllidir - SIFIR!

Məhz bu səbəbdən SOCAR problemi qismən də olsa, həll etmək üçün Bakı Ali Neft Məktəbi yaratdı, həmin ali təhsil müəssisəsinjə milyonlarla dollarlıq laboratoriyaları işə saldı ki, tələbələr elmi-tədqiqat işləri ilə məşğul olsunlar.

Son illərdə Azərbaycan elminə və iqtisadiyyatına HEÇ BİR ciddi töhfə verməmiş AMEA-nın neft-qaz sahəsindəki yarıtmaz institutlarının əvəzinə neft-qazx və kimya sahəsində iri elmi mərkəz yaratmaq olmazdımı?

Həmin mərkəzdə aparılacaq tədqiqatlar və ixtiralar, əldə ediləcək kəşflər və texnologiyalar sonradan SOCAR-ın müəssisələrində tətbiq edilə bilərdi?

AMEA-da yalnız gün keçirərək maaş almaqla məşğul olan yüzlərlə "tədqiqatçı alim"in fəaliyyətinə nə üçün büdcədən pul ayrılır?

Fövqaləda Hallar, habelə Ekologiya və Təbii Sərvətlər nazirlikləri olduğu halda Respublika Seysmoloji Xidmət Mərkəzinin hələ də AMEA-nın tərkibində qalması da anlaşılmazdır.

Dünyanın əksər ölkələrində belə strateji önəmli mərkəzlər bir qayda olaraq ya müvafiq nazirliklərin tərkibində, ya da ayrıca publik hüquqi şəxs qismində fəaliyyət göstərirlər.

Humanitar Elmlər Bölməsinə nəzər salaq. Burada Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi var.

Muzeylər artıq Mədəniyyət və Turizm Nazirliyinə verilir.

Adları çəkiləne institutların hamısını bir publik hüquqi şəxsin tərkibində birləşdirmək olar və əslində, birləşdirmək də gərəkdir.

Qonşu və qardaş Türkiyəyə baxaq.

Orada Atatürk Dil, Mədəniyyət və Tarix Mərkəzinin nəzdində Türk Dili İnstitutu fəaliyyət göstərir.

Türkiyədə izahlı lüğətlərin hazırlanmasında, terminlərin tərcüməsində müstəsna yeri olan bu qurumun cəmi 96 əməkdaşı var.

100 milyonluq ölkədə cəmi 98 əməkdaş - indi AMEA-nın müvafiq bölməsi, oradakı çoxsaylı "elmi şura"ların, "nəşr"lərin və s.-nin yüzlərlə əməkdaşı ilə müqayisə edin.

Daha bir fakt.

"Nəsimi adına Dilçilik İnstitutu nə işlə məşğul olur?" sualının cavabının aranmasına çox vaxt sərf etməyin.

Bu institutun fəaliyyəti ölkədəki beş-altı telekanalın və xəbər saytlarının monitorinqini keçirmək, hərdənbir də press-relizlər yaymaqdır.

Halbuki effektivliyi həddən ziyadə az olan həmin qurumların əvəzinə dil, ədəbiyyat və tarix sahələrində "fəaliyyət göstərən" 8 institutu birləşdirərək Dil və Tarix Mərkəzi yaratmaq, yeni quruma dilimihin qaydaları ilə bağlı pozuntuların qarşısının alınması sferasında real, konkret səlahiyyətlər vermək olar.

Belədə tariximiz daha məntiqlə araqdırılar, maraqlı kitablar və vəsaitlər dərc olunar, bir-birlərini təkrarlayan primitiv, yalnız elmi dərəcə almaq üçün yazılmış "elmi iş"lərlə mətnlərin istehsalına son qoyulardı.

Tragikomediyaya bax ki, AMEA-nın Rəyasət Heyətində Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi də yer alıb. Səbəb? Bəlli deyil.

Və ya "Aşqar" və "Nafta" Elm-İstehsalat birlikləri nə üçün, heç olmasa, AMEA-dakı kimya institutlarından birinin nəzdinə verilməyib.

"AMEA sadəcə, elm deyil"

Bu ifadəni AMEA-nın artıq sabiq "bonza"larından biri söyləmişdi.

Gerçəkdən də, AMEA rəhbərliyi indiyədək bir dəfə də olsun müsahibələrdə, açıqlamalarda və ya bəyanatlarda bu strukturun Bakıda, Gəncədə, Naxçıvanda və Şəkidəki çoxsaylı daşınmaz əmlakından, torpaq sahələrindən bəhs etməyib.

Bu məsələ az qala "dövlət sirri"nə, "qayət məxfi məlumat"lara çevrilmişdi.

Halbuki, sadəcə, AMEA-nın Xızı rayoqnundakı 174 hektarlıq ərazisi ilə bağlı qalmaqal qopanda məsələ bir qədər aydınlaşmışdı.

O ərazidə laboratoriya, sınaq və ya tədqiqat mərkəzi varmı? Xızı rayonunda satışa çıxarılan torpaq sahələrinin çox baha qiymətə olduğunu nəzərə alsaq, sual bir qədər banal təsir bağışlayır.

Hazırda AMEA-da 10071 nəfər maaş alır ki, onların 4700 nəfəri elmi işçilər, 581 nəfəri elmlər doktoru, 1925 nəfəri fəlsəfə elmləri doktoru, 67 nəfəri akademiyanın həqiqi üzvü, 101 nəfəri isə müxbir üzvlərdir.

Builki dövlət büdcəsindən AMEA-ya 133912851 manat ayrılıb və bu məbləğ ötən illə müqayisədə 13 faiz çoxdur.

Ölkə rəhbərliyi elmə ayrılan vəsaiti artırmaqla Azərbaycanda elmi araşdırmaların və tədqiqatların sayı ilə keyfiyyətinin yüksəlməsinə çalışır. Lakin vəsitin artımı AMEA-nın real elmi uğurlar əldə etməsinə zərrə qədər təsir etməyib.

Kəşflər, ixtiralar və texnologiyalar əvəzinə AMEA qalmaqalar, sosial şəbəkələrdə lağlağı ünvanına çevrilməsi ilə yadda qalıb.

İş o yerə çatıb ki, AMEA-da əməkdaşların bir çoxunun iş yerinə fərdi kompüteri yoxdur. Büdcə vəsaiti isə müxtəlif titullara, qrantlara, mükafatlara, absurd tədbirlərə sərf edilib.

AMEA-nın indiki durumunda bu struktura nə qədər büdcə vəsaiti ayrılsa da, heç nə dəyişən deyil. Çünki ortada qeyri-effektiv, yarıtmaz idarəetmə və fəaliyyət var.

"Fəaliyyət" isə əsl tragikomediyadır. AMEA gah koronavirus əleyhinə peyvənd üçün "xüsusi qab" hazırlayır, gah AMEA "alim"ləri koronavirsua şeirlər yazır, gah da quşların adlarını dəyişirlər.

Belədə, sual yaranır: indiki halı ilə AMEA ümumiyyətlə, Azərbaycana gərəkdirmi?

Dünyanın inkişaf etmiş ölkələrində və xüsusilə də sürətlə irəliləyən, inkişaf etməkdə olan dövlətlərdə milli elmlər akademiyaları yoxdur.

Sadəcə, postsovet məkanında bəzi ölkələrdə milli elmlər akademiyaları sovet dövrünün rudimenti kimi qalıb.

Bəzi hallarda isə ali təhsil müəssisəsinin elmi uğurları bizim AMEA ilə müqayisə belə, edilə bilməz.

Məsələn, dünyanın 15 aparıcı elmi-tədqiqat mərkəzlərindən biri sayılan Massaçusets Texnoloji İnstitutunun müəllimləri, tədqiqatçıları və məzunları arasında 92 Nobel mükafatı lauratı var.

Bu institutu bitirmiş şəxslərin qurduqları şirkətlərin toplam illik gəlirləri isə 2,21 trilyon dollardan artıqdır.

ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Koreya, Çin və s. kimi ölkələrdə elmi-texniki strategiyanı "Milli Elmlər Akademiyası" kimi atavistik qurum yox, elmi texnologiyalar və innovasiyalar istehsal edən elmi-tədqiqat mərkəzləri müəyyənləşdirir.

Nə etməli?

Az qala "qocalar evi+pansionat"a çevrilmiş AMEA-da köklü islahatlar aparılmalı, yenidənqurma başlanmalıdır. Səbəb qayət bəsitdir: Azərbaycanın Milli Elmlər Akademiyası mövcud fəaliyyət, daha doğrusu, fəaliyyətsizlik strategiyası ilə dövlətin qarşısında duran vəzifələrin, görüləsi işlərin, üzləşdimiz çağırışların HEÇ BİRİnin öhdəsindən gələ bilməyəcək.

Çayxana "relaks"ı sistemindəki "işgüzar"lıq, iş saatlarındakı ətalət, bürokratik əngəllər, gənc istedadların qarşısına çəkilən çoxsaylı səddlər, bürokratiya, əsl "sovok" anlayış tərzi AMEA-da perspektivli alimlərin də yaradıcılıq həvəsini öləzidir.

Gənc istedadlar AMEA-da belə "bataqlıq"la qarşılaşdıqlarını anlayanda ya bu strukturu tərk edərək özlərinə yeni iş yeri arayır, ya da mövcud vəziyyətlə barışararaq AMEA-dakı növbəti "canlı inventar"a dönürlər.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə elmin, təhsilin və innovativ texnologiyaların inkişafını həmişə dəstəkləyib, bu istiqamətdə qənaətbəxş və məntiqli islahatlara dəstək verəcəyini bəyan edib.

Dövlət başçısı alimlərimizdən mənasız, illərlə davam edən "elmi araşdırmalar" yox, ölkə iqtisadiyyatına, cəmiyyətə faydalı olacaq, texnoloji irəliləyişə təkan verəcək fəaliyyət gözləyir.

Təbii ki, Azərbaycan elmin bütün sahələrində qısa müddətdə uğura nail olaraq əhəmiyyətli kəşfləri, ixtiraları, tədqiqatları və texnologiyaları gerçək edə bilməz.

Dünyanın heç bir ölkəsi hələ indiyədək buna nail olmayıb.

ABŞ, Çin, Yaponiya, Koreya, Fransa və ya Türkiyə belə, elmin müəyyən sahələrində uğurlar əldə edirlər.

Azərbaycanın müasir, modern, innovativ elmi tədqiqatlar aparan, elmin bu və digər sahələrində fundamental araşdırmaları reallaşdıran strukturlara ehtiyacı var.

Elmi-tədqiqat qurumlarımız, mərkəzlərimiz yenilənməli, normal strukturlara çevrilməlidir və çevriləcəklər də.

Azərbaycanın elm və təhsilində inqilab başlanıb.

İnqilabı edənsə, indiyədək cəmiyyətin ən müxtəlif sahələrində köklü dəyişiklərə təkan verərək, bu prosesə rəhbərlik edən dövlət başçısı İlham Əliyevdir.

Elmimizi dirçəltməliyik.

Prezidentin siyasəti, xalqın istəyi, dövlətin sifarişi budur.

Elçin Alıoğlu
Milli.Az

 

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kamil · 29 İyul 14:1000

    Axır ki bu darmayedlər yuvası dağıldı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics