Siyasət

Kamaləddin Qafarov: “İqtisadi güc, hərbi qüdrət və milli birlik qüdrətli Azərbaycan deməkdir”

29 May 2022 11:00
Baxış: 479

"Dünyada gedən siyasi proseslər və kataklizmlər fonunda Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə, həm də daxili stabilliyinə  görə  təhlükəsizlik və  sabitlik diyarına çevrilib. Bunu ölkədə aparılan quruculuq prosesi, işğaldan azad olmuş ərazilərdə görülən işlər, cəmiyyətimizn daxili və xarici siyasətə müsbət reaksiyası bir daha sübut edir.  Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri ilə yaxından tanış olması, müvafiq göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir. Prezidentimizin Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin açılışı zamanı dediyi kimi: "Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik".

Bu sözləri mətbuata  açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, "104 il bundan əvvəl öz müstəqilliyinə qovuşan Azərbaycan mövcud olduğu iki il müddətində həm dövlətçilik ənənəsini bərpa etməli, həm ərazi bütövlüyünü təmin etməli, həm də dağılmış Rusiya imperiyasının caynağından xilas olmalı idi. Lakin o dövrün siyasi reallıqları yenicə qurulmuş bir dövlətin bunları həyata keçirilməsinə ciddi əngəl törədirdi. Həm imperialist güclərin basqısı, həm də mənfur qonşuların torpaq iddiaları yenicə qurulmuş bir dövlətin inkişafına mane olurdu. Məcburiyyətdən öz tarixi ərazilərimizdən imtina edilməsi, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi bunun sübutu idi. Çünki yenicə qazanılmış müstəqillik kövrək idi. Bir neçə cəbhədə mübarizə aparmaq, reallıqlarla barışmamaq dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi. Daha sonra sovet hakimiyyəti Şərqi Zəngəzuru, Azərbaycanın tarixi ərazilərini Ermənistana verərək Azərbaycanın ərazi bütövlüyünə çox ciddi zərbə vurmuş oldu. Çünki o dövrlər ciddi ziddiyyətlər dövrü idi və Azərbaycan bu problemləri həll etmək gücündə deyildi.

Bu gün isə reallıqlar dəyişib. 1993-cü ildən öz həqiqi müstəqilliyinə qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin böyük dühası, əzmi və nəhəng idarəçilik ideyaları əsasında inkişaf etməkdə, regionda ən güclü dövlətə çevrilməkdədir.

Ermənistan  hərbi, siyasi və  iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz, postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edir. Qarabağ diyarının  Azərbaycan ərazisi olduğunu bütün dünya təsdiqləyir".

Millət vəkili demişdir: " Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin açılışında çıxışında qeyd etmişdir ki,  "Böyük qayıdış" dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - "Ağıllı kənd". Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur"

Kamaləddin Qafarov  vurğulamışdır ki, beynəlxalq hüququn heç də həmişə obyektiv işləmədiyi indiki zamanda güc amili ön plandadır. Şərait göstərir ki, güc amili bundan sonra da dünyada hakim olacaq.  Ona görə də əlavə güc toplamalı, daha güclü olmalıyıq. Həm hərbi qüdrətimizi, həm də iqtisadi gücümüzü daim artırmalıyıq.  İqtisadi güc, hərbi qüdrət və milli birlik qüdrətli Azərbaycan deməkdir.  Doğma Vətənimiz Azərbaycanı daha möhtəşəm, daha yenilməz etmək üçün onu bu səviyyəyə çatdıran  Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməli, milli birliyimizi möhkəmlətməliyik.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics