Siyasət

Azərbaycan və Türkiyə: Ayrılarmı könül candan...

25 May 2022 11:23
Baxış: 1 163

bədi və sarsılmaz Türkiyə-Azərbaycan münasibətləri. Bu ifadə artıq sözdə deyil, əməldə özünü sübut edib desək yanılmarıq. İki ölkə arasında münasibətlər tarixinin pik həddini yaşayır və bu hansısa maraqlar üzərində deyil, sözün əsl mənasında qardaşlıq telləri üzərində qurulub. Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin mühüm rolu olub. Ona qədər Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur.

Prezident İlham Əliyevlə qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən aparılan uğurlu siyasət münasibətləri indiyə qədər görünməmiş həddə çatıb. Qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi saxlanılır. Qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir. 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammitində Ermənistan prezidentinin qardaş Türkiyəyə qarşı əsassız iddialarına prezident İlham Əliyevin "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm" cavabını verməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biridir.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərir. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Bu gün fəxrlə deyə bilərik ki, Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. 

Beləliklə, tam əminliklə demək olar ki, bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, prezidentlər İlham Əliyev və R.T. Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir.

Azər Nuriyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.