Siyasət

Azərbaycan Rusiyanı "oyundan" kənarlaşdırdı? - Xankəndinin taleyi Bakıya tapşırılır

14 Mart 2022 12:27
Baxış: 12 119

Azərbaycan 44 günlük Vətən müharibəsində tək Ermənistanın terrorçu, faşist ideologiyasının təbliği ilə məşğul olan qüvələri ilə yox, demək olar ki, bütün dünya ilə savaşdı. Bunu Vətən müharibəsinin ilk günündən Azərbaycanın yaratdığı yeni reallıqları məcbur qalaraq qəbul etməyə başladıqları dünənə, sırağagünə kimi dünyanın bir çox nüfuzlu media qurumlarına dövlət başçımızın verdiyi müsahibələr zamanı qərəzli mövqelərdən, haqlı ola-ola bir çox beynəlxalq təşkilatlar, dövlətlər, siyasi dairələr, dövlət başçılarının Azərbaycanı ittiham edəcək bəyanatlarından, çağırışlarından yaxşı xatırlayırıq.

Amma son proseslər göstərir ki, yeni geosiyasi gedişlər düşməni dinc oturmağa, Azərbaycana qarşı qərəzli mövqedən çəkindirməyə yetərli deyil. Avropa Parlamentində Azərbaycan əleyhinə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnamə qəbul edilməsi (Qətnaməyə 635 deputat lehinə, 2 deputat əleyhinə  səs verib, 42 nəfər səs verməkdən çəkinib - red) Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslanmaqdan, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq faktlarını təhrif etməkdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına almaqdan başqa bir şey deyil. Regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərini zədələyən bu qətnamə eyni zamanda özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün aradan qaldırılması səylərinə də kölgə salır. 

Qərəzliliyi, absurdluğu və qeyri-obyektivliyi ilə diqqət çəkən sənəddə deyilir: "Qarabağdakı bütün erməni tarixi-mədəni irsinin nümunələrinin alban tarixi irsinin qalıqları kimi təqdim edilməsi və erməni abidələrinin adlarının dəyişdirilərək "Qafqaz-Alban" qoyulması kimi narrativin Azərbaycanda yayılması narahatlıq yaradır.

Dağlıq Qarabağın nəzarət altına aldığı ərazilərdə Azərbaycanın erməni mədəni, tarixi və dini abidələrindən "saxta yazıların silinməsi" məqsədilə işçi qrupun yaradılması yolverilməzdir. Bu qərar Beynəlxalq Məhkəmənin 2021-ci ilin dekabrın 7-də qəbul etdiyi qərarın ruhuna ziddir".

Sual yaranır: bəs 30 il ərzində daşı daş üstə qalmayan, ərazilərindəki tarixi, mədəni, dini abidələrinə, irsinə divan tutulan, görünmüəmiş vandalizm faktı ilə üz-üzə qalan da Azərbaycan deyildi? 

Əslində Rusiya-Ukrayna müharibəsi erməni lobbisinin də bir qədər fəallığı ilə diqqət çəkməyə başlayıb. Qərbin misli görünməyən təzyiqi, sanksiyaları ilə üz-üzə qalan Rusiyanın düşdüyü durumdan istifadə etməyə çalışan ermənilər eyni aqibəti Azərbaycana da yaşatmaq məqsədilə bütün imkanlarını səfərbər etmiş kimi görünür. Biz bunu istər bəzi qərb dövlətlərinin rəsmi Bakıya münasibətində, istərsə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarlarda açıq sezə bilirik. Buna misal olaraq növbəti belə bir fakt: Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hods tərəfindən Rusiyanın müttəfiqi qismində Azərbaycana sanksiyalar tətbiq edilməsi ilə bağlı çıxışını xatırlamaq kifayətdir. 

Belə görünür ki, bu, Azərbaycana qarşı nə birinci belə haldır, nə də sonuncu olacaq. Almaniyanın nüfuzlu "Bild" nəşrinin son manşetlərinə nəzər saldıqda Bakıya qarşı erməni lobbisinin Qərbdə formalaşdırdığı "nifrət maşınını" açıq hiss etmək mümkündür. Belə ki, "Bild" 44 günlük Vətən müharibəsində "Bayraktar"ları "Ərdoğanın qatil dronu" adlandırırdı, amma Ukrayna müharibəsində təriflər yağdırıb "Ümidlərin silahı" deyir.

Ermənistan təxminən 30 il əvvəl Qarabağın dağlıq hissəsini işğal etmişdi. Eyni situasiyanı Ukrayna Rusiya qarşısında yaşayır. Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparırdı, Ukrayna da öz torpaqlarını azad etmək üçün mübarizə aparır. Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı "Bayraktar" PUA-larından istifadə edirdi, bu gün Ukrayna da onlardan istifadə edir. Qarabağda istifadə edilən PUA-lara görə Türkiyəni sanksiyalarla hədələyən Qərb, bu gün eyni PUA-ların Ukraynada istifadəsini böyük nəşrlərin manşetlərində tərifləyir. Lakin mövqe eynidir, hadisələr eynidir, istifadə olunan PUA eynidir. Bu, Qərbin açıq-aşkar ikiüzlülüyü, ikili yanaşması deyil, bəs nədir?

Qərbin, ABŞ-ın Azərbaycana, Türkiyəyə ikili standartlardan yanaşmasını əks etdirən növbəti fakt: ABŞ Qarabağda Rusiyanın himayə etdiyi separatçı-terrorçulara 2 milyon dollar yardım ayırıb. Ukraynada işğalçılığı pislədiyin üçün Rusiyaya olmazın sanksiyalarını tətbiq edib, rəqibin olan dünyanın ən nəhəng dövlətlərindən birini çökdürmək, parçalamaq istəyirsən, amma Azərbaycan torpaqlarını işğal edən, 30 il həmin ərazilərdə daşı-daş üstə qoymayan, tarixi, dini, mədəni irsini məhv edən, insanlarına olmazın işğancələrini verib müxtəlif faciələr, soyqırımlar törədən işğalçı bir dövlətin "dublikat"ı olan qondarma rejimin mövcudluğunu qoruyub saxlamağı, ayaqda qalmağı üçün ona milyonlar ayırırsan.

Düzdür, Donbasda, Dnestryanıda, Abxaziyada və dünyanın müxtəlif qaynar nöqtələrində üz-üzə gələn Rusiya və ABŞ məsələ Qarabağ, ermənilər olanda eyni mövqedən çıxış edirlər. Ağrılı, həm də nəticə çıxarılmalı məsələdir. Amma bir məqama da diqqət çəkməliyik: postsovet məkanında Vaşinqton və Moskvanın üz-üzə gəldiyi digər münaqişələrdən fərqli olaraq, ortaq mövqedən çıxış etdikləri Qarabağ məsələsi böyük ölçüdə həll edilən yeganə münaqişədir; iki böyük gücün Ermənistana verdiyi dəstəyə rəğmən buna nail ola bilmək asan məsələ olmasa da Azərbaycan dövləti, xalqı və ordusunun birliyi-bərabərliyi hesabına bunun öhdəsindən gəlməyi bacardı. 

Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması üçün 5 maddəlik təklif göndərməsi regionda və bölgədə qısa zamanda yeni proseslərin başlanğıcından xəbər verir. Təklifin heç bir vasitəçi olmadan birbaşa Ermənistana göndərilməsi isə xüsusilə diqqətçəkən bir məqamdır. 

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun da qeyd etdiyi kimi, göndərilən 5 maddəlik təklif sənədi beynəlxalq hüququn və dövlətlərarası əlaqələrin təməl prinsipləri ilə uyğunluq təşkil edir. Ceyhun Bayramov qeyd edib ki, Ermənistanın cavabı bəlli olduqdan sonra bu cavaba uyğun addımlar atılacaq. Bəlkə də bu sözlər təklifin mümkün proseslər öncəsi "ultimatum" xarakteri daşıdığını da göstərir. 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən gün mətbuat konfransında "Ermənistanla Azərbaycan arasında sülh danışıqları üçün üçüncü tərəfə ehtiyac yoxdur" açıqlaması bir daha Ankara ilə Bakının digər məsələlərdə olduğu kimi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində də sıx məsləhətləşmələrindən, koordinasiyalı addımlarından xəbər verir. O da bəlli olur ki, Türkiyə və Azərbaycan dövləti artıq Ankara-İrəvan münasibətlərində olduğu kimi İrəvan-Bakı münasibətlərində də artıq üçüncü bir tərəfin müdaxiləsini qismən də olsa əngəlləməyi bacarıblar. Belə görünür ki, Bakı Birinci Qarabağ müharibəsindən sonra ilk dəfə Moskvanı "oyundan" kənarlaşdırmağı bacardı. 

Ermənilər Qarabağda yaranmış qaz, elektrik və su probleminə görə Azərbaycanı ittiham edir və həlli üçün Rusiya rəhbərliyindən kömək istəmələrinə rəğmən (Rusiyada erməni diasporu bu ölkənin rəhbərliyinə və Müdafiə Nazirliyinə yazılı müraciət edib - red) bu müraciətlərin bir nəticə verməməsi, Moskvadan erməniləri qane edəcək reaksiyanın olmaması Bakı və Ankarının bu məsələdə başı Ukraynadakı savaşa qarışan Rusiya höküməti ilə bu məsələdə razılığa gəldiklərindən xəbər verir. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.