Siyasət

Bakıya yeni vədlər verildi: Ermənistan nə edəcək?

22 Dekabr 2021 12:23
0 Şərh     Baxış: 4 555

"KTMT Azərbaycanla probloemləri siyasi və diplomatik yolla nizamlamaq istiqamətində Ermənistan hökumətinin atdığı addımları dəstəkləyir. Bunu yeganə çıxış yolu hesab edirik. Bundan başqa, fikrimcə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin imkanlarından da daha aktiv istifadə etməliyik. Belə yanaşma məsələnin həlli üçün zəruri müstəvilər yaradır".

MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas "Armenpress" informasiya agentliyinə verdiyi müsahibəsində belə deyib.

İrəvanda rəsmi səfərdə olan, viziti sabah başa çatacaq S.Zasın dediyinə görə, mütəmadi olaraq toqquşmaların və atışmaların baş verdiyi Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyət KTMT-ni ciddi narahat edir.

Onun sözlərinə görə, sərhədlə bağlı fikir ayrılıqları yalnız siyasi-diplomatik vasitələrlə həll olunmalıdır.

"Azərbaycan-Ermənistan sərhədində stabilliklə təhlükəsizlik səviyyəsinin artırılmasına yönəlmiş addımların atılması ilə bağlı noyabrın 26-da imzalanmış üçtərəfli bəyanatdakı müddəaları dəstəkləyirik, çünki sənəd Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyası ilə sonrakı demarkasiyası üçün xüsusi komissiyanın yaradılmasını nəzərdə tutur. Tərəflərin sorğusu və müraciəti olarsa, Rusiya Federasiyası da prosesdə iştirak edəcək", - S.Zas bəyan edib.

KTMT-nin baş katibi erməniləri çox "maraqlandıran" məsələ ilə bağlı situasiyaya da aydınlıq gətirib. Belə ki, ermənilər artıq bir ildir KTMT rəhbərliyini və xüsusilə də Rusiya Federasiyasını "Ermənistana xəyanət etməkdə, 44 günlük İkinci Qarabağ Müharibəsi günlərində Ermənistana müvafiq və zəruri yardım etməmək"də suçlayırlar.

İrəvandakı siyasətçilər, millət vəkilləri, siyasi analitiklər və s. vurğulayırlar ki, müharibə zamanı KTMT üzvü olan ölkələr "təşkilatın Nizamnaməsinə və müttəfiqlik öhdəliklərinə uyğun olaraq Ermənistanın tərəfində vuruşmalı, hərbi əməliyyatlar teatrına silahlı birləşmələr göndərilməliydi".

Yəni ermənilərin dediklərinə görə, qazax, qırğız, belarus, özbək, rus əsgərlər erməni əsgərlərlə çiyin-çiyinə Azərbaycana qarşı vuruşmalı idilər.

Bu absurd, şizoidal ittihamlara S.Zasın cavabı dəqiq və konkretdir: "KTMT-nin Nizamnamə sənədlərinə uyğun olaraq böhranlı vəziyyətə reaksiya mexanizmi yalnız böhranla qarşılaşmış dövlətin rəsmi müraciətindən və təşkilatın bütün üzv dövlətlərinin razılığından sonra işə salına bilər. Bir daha vurğulayıram ki, Ermənistanda situasiyanın gərginləşməsindən sonra vəziyyətin öyrənilməsi, operativ planların dəqiqləşdirilməsi və təkliflərin hazırlanması üçün bura KTMT-nin Operativ Qrupu göndərilmişdi. Bunu həmin dönəm üçün həddən ziyadə mühüm və yetərli sayırıq".

S.Zas daha sonra bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanmasını alqışlayır: "Düşünürük ki, bu məsələdə Rusiyadan savayı, KTMT-nin digər üzv ölkələri də məsləhətlərini və məşvərətlərini əsirgəməyə bilər. Söhbət, məsələn, Rusiya və Qazaxıstan arasında, habelə Qazaxıstanla Orta Asiyadakı digər dövlətlər arasında sərhədlərin delimitasiyası ilə bağlı müsbət təcrübədən gedir".

KTMT-nin baş katibi Stanislav Zasın Ermənistana rəsmi səfəri geosiyasi anlamdan da çox önəmlidir. Belə ki, S.Zas İrəvana sadəcə, KTMT rəhbəri kimi yox, həm də Rusiyanın Ermənistana son xəbərdarlığını aparan diplomat kimi yollanıb.

Zəngəzur dəhlizi layihəsinin icrasına mümkün qədər tez başlamaqda qərarlı olan Rusiya bu prosesdə Ermənistanı tələsdirir. Eyni zamanda Moskva, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin çözülməsinə yönəlmiş işlərdə Qazaxıstanın da iştirakını arzulayır.

Səbəb bəsitdir: Qazaxıstan Azərbaycanla çox yaxın təmaslara, aktiv əlaqələrə məlik ölkə olmaqla yanaşı, postsovet məkanında ciddi geosiyasi çəkiyə malik dövlətdir.

Rusiyanın "Böyük Avrasiya" layihəsində xüsusi və önəmli yer tutmasını planlaşdırdığı Azərbaycanla bağlı planlarında rəsmi Bakının KTMT-də "tərəfdaş ölkə" statusuna malik olması da var.

"Tərəfdaş ölkə" statusu KTMT-də səsvermə hüququ verməsə də, istisnasız olaraq bütün sənədlərin, anlaşmaların, kollektiv qərarların, bəyanatların və s. hazırlanmasında iştirakı, müzakirələrə qatılmasını və digər məqamları ehtiva edir.

Azərbaycan KTMT-yə tərəfdaş olmağın əleyhinə deyil. Pakistan da analoji mövqe tutub və məzkur formatda maraqlı olduğunu bəyan edib.

Rusiyanın Avrasiya məkanında başladığı inteqrasiya layihələrində Azərbaycanın fəal iştirakını arzulayan Moskva bununla da ölkəmizin sadəcə, Cənubi Qafqazda yox, bütün regionda xüsusi çəkiyə və geosiyasi önəmə malik ölkə statusunu təsdiqləmiş olur.

Azərbaycanın Ermənistanla bağlı problemləri tam həll olunmayınca isə Rusiyanın "Böyük Avrasiya" layihəsində Bakının aktiv iştirakı sadəcə, mümkün deyil. Məhz bu səbəbdən Moskva sərhədlərin delimitasiyası və demarkasiyası prosesini mümkün qədər intensivləşdirir, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına, sonucda da Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin qurulmasına çalışır.

Bütün bunlar Rusiya prezidenti Vladimir Putinin 2016-cı ildə səsləndirdiyi "Böyük Avrasiya tərəfdaşlığı" layihəsinin tərkib hissəsidir.

Moskva anlayır ki, Azərbaycanla Ermənistan arasında sərhədin təsbitlənməməsi, Zəngəzür dəhlizinin istifadəyə verilməməsi Cənubi Qafqazı inteqrasiya üçün çətin bölgə qismində saxlayacaq. Rusiya isə postsovet məkanında "münaqişələri nizamlayan və problemləri çözən ölkə" statusuna yiyələnmək istəyir.

"Böyük Avrasiya" inteqrasiya layihəsi isə Rusiyanın planlarında yalnız postsovet məkanını əhatə etmir, İranın, Pakistanın, Çinin və Hindistanın da proseslərə qatılmasını nəzərdə tutur.

Moskva Türkiyənin də proseslərdə iştirakına ümid edir.

Azərbaycan-Ermənistan münaqişəsinin çözülməsində Rusiyanın Türkiyə ilə birlikdə hərəkət etməsinin əsas səbəbi də budur.

KTMT, daha doğrusu, Rusiya bizə yeni vədlər verir. Belə vəziyyətdə Ermənistanın yeganə çıxış yolu hadisələrin məcrasında davranışdır.

Kollektiv Qərbə, Avropa Birliyinə və ya ABŞ-a ümidlər İrəvanı yanıldarsa, erməniləri yeni pərişanlıqlar və məğlubiyyətlər gözləyir.

Orxan  Hun
Milli.Az

 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics