Siyasət

Ermənistanı rüsvay edən QƏRAR - Azərbaycanın müraciəti QƏBUL OLUNDU

8 Dekabr 2021 10:58
1 Şərh     Baxış: 7 263

Vətən müharibəsi tək Azərbaycanın ərazilərinin 30 illik işğalına son qoyulması ilə əlamətdar olmadı. 44 günlük savaş Ermənistanın istər indi, istərsə də Nikol Paşinyanın sələfləri dövründə - hərbi-siyasi rəhbərliyinin çirkin əməllərinin ifşası baxımından da olduqca böyük əhəmiyyət daşıdı. Bunu elə ötən gün BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddialarına baxılaraq çıxarılan yekun qərar sübut edir.

Belə ki, BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində hər iki tərəfin iddialarına baxılarkən məhkəmənin sədri Coan Donahyu Azərbaycanın iddiası ilə bağlı qərarını açıqlayıb və bildirib ki, Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətində təcili tədbirlər görülməlidir. Bu isə o deməkdir ki, illərdir Azərbaycanın dünyaya duyurmağa çalışdığı Ermənistanın etnik təmizləmə, etnik zəmində zorakı çağırışlar, ksenofobiya və irqi ayrı-seçkiliklə bağlı Ermənistandakı dözlüməz vəziyyətlə bağlı nəhayət beynəlxalq səviyyədə doğru-düzgün qiymət verildi. 

Bunu sübut edəcək faktı araşdırmaq üçün çox vaxt itirməyə də gərək qalmır. Həftələr öncə Ermənistanın "Erkir tsirani" (Ərik ölkəsi) partiyasının rəhbəri, eks deputat Zaruhi Postancyan yenidən radikal fikirləri ilə gündəmə gəldi. Məlumdur ki, Ermənistanda ksenofobiya və irqi ayrı-seçkilik ən yüksək səviyyədədir. Müstəqillik əldə etdikdən sonra monoetnik dövlət quran Ermənistanda digər xalqın nümayəndələrinə yuxarıdan aşağı baxmaqla yanaşı, faşizmə xas olan mövqe də nümayiş etdirilir ki, bunu Zaruhi Postancyanın sonuncu çıxışında açıq-aşkar görmək mümkündür. O deyib: "Ermənistanda bu gün təkcə soydaşlarımız ermənilər deyil, qardaş xalqların nümayəndələri, həmçinin türklər yaşayırlar. Bu türklər də parlamentin binasında oturur, parlamentin zalına baş çəkirlər. Onlar qoxusundan tanınırlar. Onlardan düşmən iyi gəlir. Biz isə pis qoxunun kimdən gəldiyini bilirik. Təbii ki, türklərdən. Türklərlə birlikdə yaşayanların çoxu mənzillərindən nə qədər pis qoxunun gəldiyini bilir". Ermənistanda ksenofobiyanın müxtəlif təzahürləri mövcuddur və bu hal bütün sosial qatlarda müşahidə olunur. Ermənistanda dini, irqi, milli dözümsüzlük ən yüksək həddədir. Buna rəğmən, türklərə qarşı patololoji nifrət o səviyyəyə çatıb ki, artıq türklərdən üfunət iyi gəldiyi qənaətinə gəlirlər. Ermənistanda partiya lideri olan xanım Postancyan hər kəsdə düşmən qoxusu axtarmaq əvəzinə qonşularla normal münasibətlər qurmağın yollarını axtarmalıdır. O, sivil dünyada bu cür aşağılayıcı ifadələrin qəbuledilməz olduğunun fərqində olmalıdır. 

Zaruhi Postancyan növbəti dəfə milli mənsubiyyətindən doğan nasist xislətini göstərməklə Ermənistanda azərbaycanafobiya və türkafobiyanın geniş yayıldığını nümayiş etdirdi. Türklərə qarşı irqçi ifadələr işlədilməsi Azərbaycana və Türkiyəyə kifayət qədər geniş arqumentasiya verir ki, Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycanın bununla bağlı müraciəti öz faydasını verdi və Ermənistan hökümətinun buna görə məsuliyyət daşıdığı qeyd edildi.

Proseslər sanki bir-birini tamamlayır. Müharibənin bitdiyi son 1 il ərzində Azərbaycan savaşdan qalib gələrək bölgədəki reallığı, geosiyasi vəziyyəti xeyrinə dəyişməyi bacardığı kimi rəsmi Bakının postkonflikt dövründə ortaya qoyduğu düzgün diplomatik strategiya sayəsində beynəlxalq səviyyədə mövqeyini daha da gücləndirdi, nüfuzunu üst səviyyəyə çatdırmağı bacardı, beynəlxalq hüquq Azərbaycanın haqlı səsini nəhayət duydu.

Bunun təsdiqi kimi BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiaları ilə bağlı çıxardığı qərarlara da nəzər salmaq kifayətdir. Rəsmi İrəvanın əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını" təmin etmədi. Bununla da Paşinyanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri manipulyasiya etdiyi "əsir" məsələsinə beləcə nöqtə qoyuldu. Bu azmış kimi Ermənistan Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən növbəti iddiaları ilə bağlı da tərs sillə aldı. Rəsmi İrəvanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası təmin edilmədi. Çünki bütün Azərbaycan qeyri-adi heç bir şey etmədi. Bütün dünyada normal sayılan - savaşdan qalib ayrılan tərəf kimi ələ keçirdiyi, məhv etdiyi qənimətləri vətəndaşlarına, dünyanın müxtəlif nöqtələrindən paytaxta gələn turistlərə, rəsmi qonaqlara təqdim etmək ixtiyarı var. Məhkəmənin qərarı bunu bir daha təsdiq etdi, İrəvana bəyan edildi ki, onların istəyi əsassız iddadan başqa bir şey deyil.

Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmadı. Bəli, son 1 ildə Ermənistan hərbi-siyasi rəhbərliyinin, diplomatik korpuslarının, diasporalarının postkonflikt dövründə əsas fəaliyyət istiqamətlərindən biri olan "Azərbaycanın müharibə cinayətləri" ilə bağlı təbliğat-təşviqat planları da suya düşdü. Məhkəmənin qərarına görə, iddiaçı olan Ermənisan tərəfi gərəkli əşyayi-dəlillər və sübutlar təqdim edə bilməyib. Buradan bir daha Ermənistanın nə qədər həyasız, saxtakar bir siyasi quruluşa sahib olduğunu anlamaq çətin deyil. Nəhayət Ermənistana Qərbin ədalət tribunalı lazımı dərsi keçdi.

Yazıçı Jemçujnikov vaxtilə erməniləri çox yaxşı təsvir etmişdi: "Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilər". 

Amma bu dəfə Ermənistanın cəhdləri, yalanları, saxtakarlıqları, diasporasının milyonları belə işə yarımadı və nəhayət beynəlxalq hüquq Ermənistana yerini göstərdi. Burada bir məsələ xüsusilə diqqət çək(mə)di. Müharibədən sonra 100-dən çox dinc sakinin ermənilərin 30 il işğalda saxladığı ərazilərdə basdırdığı minaların qurbanı olması ilə bağlı rəsmi Bakının yetəri qədər faktlar toplayaraq beynəlxalq məhkəmələrə müraciəti Ermənistanı məcbur etdi ki, mina xəritələrini Azərbaycana təhvil versin. Bunun üçün də Beynəlxalq Ədalət Məhkəməsinin mina xəritələrinin qaytarılması iddiası ilə bağlı hər hansı bir qərarına rast gəlinmədi. Çünki bir neçə gün əvvəl Ermənistan qalan ərazilərlə bağlı mina xəritələrinin hamısını Azərbaycana təhvil verərək sərt qərarlardan yayınmağa məcbur edildi. Məhz məhkəmənin qərarından çəkindiyi üçün erməni tərəfi heç şübhəsiz ki, xəritələri əvvəlcədən qaytardı.

Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı ermənilərin Azərbaycanın beynəlxalq hüquqla nəzərdə tutulan haqlı tələbləri qarşısında əsassız istəklərinin çox güman ki, uzun müddətlik gündəmdən çıxarması ilə nəticələnəcək. Bu isə ermənilərin uzun illiklərdir əsas silahı olan saxta məlumatlar, əsassız iddialar kimi silahından məhrum olması deməkdir. Fakt faktlığında qalır ki, rəsmi Bakı Ermənistanın nəinki müttəfiqi olan dövlətlərlə münasibətlərini üst səviyyəyə çıxarmaqla rəsmi İrəvanı beynəlxalq aləmdən təcrid edir, eləcə də ermənini erməni edən saxtakarlıqlarını da ifşa etməyin yolunu tapıb. Ermənistan hərbi-siyasi rəhbərliyi dövlətinin, xalqının var olması üçün ya dəyişməlidir, yeni reallığa uyğun davranış sərgilməlidir, ya da məhvə məhkum olduqları ilə biryönlük barışmalıdır.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.