Maraqlı

Tənqid elə olmalıdır ki, qarşı tərəfin şəxsiyyəti alçalmasın

17 Oktyabr 2021 21:50
0 Şərh     Baxış: 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müştərək həyatda ərlə arvadın bir-birini tənqid etməsi elə olmalıdır ki, qarşı tərəfin şəxsiyyəti alçalmasın. Bu məsələ o zaman həyata keçər ki, tənqid edən şəxs ilk əvvəl qarşısındakının kamal və fəzilətlərini sayar və ondan sonra elədiyi əmələ görə sual verər. Bunu unutmayaq ki, biz insanların hamısının: kiçiyinin, böyüyünün, kəndlisinin, şəhərlisinin, zənginin və yoxsulunun şəxsiyyəti vardır. İnsan daima səy edər ki, başqalarında olan kamalları o da əldə etsin.

Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar bahalı və dəyərli mədən kimidirlər. Ona görə də bütün insanların dəyər və şəxsiyyəti vardır, heç bir insan heç bir zaman təhqir olunmamalıdır".

Allah Təala Quranda buyurur: "Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən)ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik". ("İsra" 70).

İnsanların öz şəxsiyyətlərini qorumağa ehtiyacları vardır. Hamı istəyir ki, etdikləri rəftar başqaları tərəfindən qəbul olunsun. Çünki başqaları tərəfindən qəbul olunmaq insana yeni ruh verər. Lakin zərif nöqtə burdadır ki, hər bir insanın varlığı şəxsiyyətindən asılıdır. Yəni, əgər insanın şəxsiyyəti zərər görərsə, bütün varlığını əldən verər. Baxmayaraq ki, zahirdə başqa insanlar kimi sağ görünsə də, lakin onda heç bir hərəkət və irəliləyiş olmaz. Çünki bu insan öz varlığını əldən vermişdir.

Ona görə də insan həmişə çalışır ki, şəxsiyyətini zədələrdən qorusun. Bu mövzu ailədə də riayət olunmalıdır. Hər iki ailə üzvü, yəni ərlə arvad gərək bir-birinin hörmətini saxlasınlar. Bir-birinin şəxsiyyətini qorusunlar və onu zədələməsinlər, ona ziyan vurmasınlar. Bu iş çox zərif bir işdir və sənətkar istəyir.

Ailə mühitində rabitə elə tənzimlənməlidir ki, hər iki tərəfin şəxsiyyəti qorunsun və ona görə də həm qadın və həm də kişi gərək elə rəftar etməsinlər ki, bir-birinin şəxsiyyətinə ziyan dəysin. Bu zaman hər ikisinin də ürəyinə kin toxumları səpilmiş olar.

İnsan ürəyinə kin toxumu səpən amillərdən biri də budur ki, insanı təhqir edən şəxs, həm də məxsərə edər. O zaman ki, kişi qadını təhqir və məsxərə edər, qadın da onu məsxərə edər. Bədihidir ki, bu zaman hər ikisinin arasındakı hörmət aradan gedər. Hər ikisinin ruhiyyəsində tərslik etmək kimi hallar meydana gələr.

Biz onu demək istəmirik ki, ər və ya arvad qarşı tərəfin səhvinə göz yummalıdır, xeyr. Hədəf odur ki, qarşı tərəf elə tənqid olunmalıdır ki, şəxsiyyəti tapdalanmasın.

Quran başqalarını təhqir və məsxərə etmək haqqında buyurur: "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!". ("Hucurat" 11). Bu ayənin xitab etdiyi şəxslər həm mömin kişilər və həm də qadınlardır. Yəni, iman əhli olan heç kəs bir-birini məsxərə etməməlidir, istehza etməməlidir.

İslam dini tövsiyə edir ki həyat yoldaşınıza qarşı həmişə gözəl rəftar nümayiş etdirin. "Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur". ("Nisa" 19).

Ona görə də hər bir mömin kişi və ya qadın həyat yoldaşına hörmət etməli və şəxsiyyətinə dəyər verməlidir. Əks halda evliliyin fəlsəfəsinə zidd olardı. "Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.