Maraqlı

Şəkərli diabeti erkən mərhələdə necə aşkarlamaq olar?

31 Oktyabr 2020 22:40
Baxış: 1 233

Diabet diaqnozu qoyulduğu zaman orqan zədəsi artıq mövcuddur və qarşısını almaq mümkün deyil. Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu endokrinoloq, Mərkəzi Gömrük Hosputalının həkimi Şəbnəm Əlirzayeva bildirib. Onun "Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti" adlı məqaləsini təqdim edirik:

Şəkərli diabet - orqanizm tərəfindən yaradılan insulinin kifayət qədər olmaması və ya onun təsir effektinin pozulması nəticəsində meydana çıxan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki endokrin xəstəlikdir. Bu xəstəliyin əsas xüsusiyyətlərindən biri odur ki, erkən mərhələdə özünü göstərmir, orqanizmdə gizli gedir. Onu adətən qanın və sidiyin ümumi analizində müəyyən edirlər.

Prediabet bu sağlam bədən və diabet arasında bir sərhəddir. Prediabet aşkarlanan insanlar 2-ci tip şəkərli diabet riski altındadır. Bu prediabetik vəziyyət təhlükəli olmasına baxmayaraq, tamamilə müalicə edilə bilər. Elmi-tədqiqatlar göstərir ki, xroniki ağırlaşmalar diabetdən əvvəlki mərhələdə artıq inkişaf etməyə başlayır. Diabet diaqnozu qoyulduğu zaman orqan zədəsi artıq mövcuddur və qarşısını almaq mümkün deyil.

Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir. Prediabet, 1-ci və 2-ci tip şəkərli diabetin diaqnozu kliniki simptomların, xəstə haqqında toplanmış anamnezin (məs., ailədə diabetə meyillik, hamiləlik zamanı qlikemiyanın pozulması) və laborator müayinələrin nəticələri əsasında qoyulur. Şəkərli diabetin müəyyən edilməsində "Diabetik profilli" laborator analizin əhəmiyyəti böyükdür.  Diabetik profilli müayinələrə HbA1C, Qlükoza, C-peptid, Qlükoza-tolerant testi, Qlükoza, Fruktozamin və İnsulin müayinələri daxildir.

Qlikohemoqlobin - hemoqlobinin qlükoza ilə birləşməsidir və son 3 ayda olan qlükozanın orta səviyyəsini göstərir. Bu həm diaqnostikada, həm də şəkərli diabetin müalicəsinə nəzarət etmək üçün ən dəqiq və zəruri testdir.

Oral qlükoza tolerant testi nə zaman aparılır? Əgər aclıq qan şəkəri və qlikohemoqlobin arasında  və ya klinik simptomlarla qanın laborator müayinəsinin nəticəsi arasında uyumsuzluq olarsa, diaqnozu dəqiqləşdirmək məqsədilə şəkər yükləmə testinə müraciət olunur. Eyni zamanda hamiləlik zamanı  diabetin aşkarlanması üçün  bu müayinənin aparılması əhəmiyyətlidir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.