Maraqlı

Yenidən başlamaq fürsəti yaradan ay

7 Aprel 2020 20:15
0 Şərh     Baxış: 2 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Şaban ayını yaşamaqdayıq. Allaha sonsuz şükürlər olsun ki, bizlərə bir ay boyunca mənəvi Rəcəb ayını yaşamaq səadətini nəsib etdi! Artıq bir müddətdir ki, Şaban ayına daxil olmuşuq. Allahdan istəyimiz budur ki, bizlərə bu nurani Şaban ayının içərisində bəndəlik və mənəvi yüksəliş imkanları nəsib etsin!

Rəcəb ayından Şaban ayına keçiddə olan nuraniyyət

Geridə qoyduğumuz Rəcəb ayı Həzrət Əmirəlmöminin (ə) ayı idi. Şaban ayı isə əziz İslam Peyğəmbərinin (s) ayıdır. Ramazan ayı isə Allah ayıdır. Böyük əxlaq ustadları çox incə bir nöqtəyə toxunurlar ki, Peyğəmbərimiz (s) bizlərə çatdırır ki, o, elm şəhəri, Həzrət Əli (ə) isə elm şəhərinin qapısıdır. Hər kim Şaban ayına layiqli şəkildə daxil olmaq istəyirsə, gərək Həzrət Əlinin (ə) ayı olan Rəcəb ayından keçsin, o hal və durumla Şaban ayına daxil olsun. Ona görə də Rəcəb ayının içərisində bu böyük fürsət, bərəkət və imkanlardan istifadə etmiş hər bir imanlının qəlbində Həzrət Əliyə (ə) olan məhəbbət daha da dirilib, daha da yüksəlib və bu halla indi Şaban ayına daxil olublar.

Şaban ayı - çox əzəmətli bir aydır. Bu aya daxil olarkən, bu ayın ilk hilalı görsənən zaman oxunan dualarda çox incə mətləblər yer alıb. Duada buyurulur: "Allahım, bizə bu yeni ayın içərisində olan əmin-amanlığın, salamatlığın, imanın, İslamın hallarımızda yaşanmasını nəsib et!".

Allah həm bu ayın, həm də bizlərin Rəbbidir. Allahdan istəyirik ki, bizlər Allahımızın böyük Rübubiyyətindən bəhrələnənlərdən olaq.

Şaban ayı - istiğfar ayıdır

Hər bir mənəvi ayın özünəməxsus xüsusiyyətləri var. Bu Şaban ayının da ən önəmli cəhəti - bu ayda geniş istiğfar və tövbə imkanlarının olmasıdır. Şaban ayı istiğfar və tövbə ayıdır. Bizlər gərək İlahi ziyafət öncəsi paklanaq, təmizlənək, hazırlanaq. Şaban ayının daxil olması o deməkdir ki, biz bir aydan sonra Allah qonağı olacağıq. Rəcəb ayında ümid dolu yaşadıq. Amma Şaban ayında bir yeni səhifə açmalıyıq. Bu ayın ən mühüm əməllərindən biri - istiğfar və tövbədir.

İndi dünyada yaşanan vəziyyəti nəzərə alaraq bir toplum təsəvvür edək ki, virusun mövcud olmasının fərqində deyil, bu haldan qəflət edib. O halda nə baş verir? O halda daha da şiddətlə yayılır, daha da fəsadları geniş olur və s.

Mənəvi viruslar da bu cürdür. Bizlər qəflət etdikcə, özümüzü unutduqca, mənəvi kimliyimizdən qəflət etdikcə, mənəvi viruslar da beləcə öz zərərlərini yetirir. Yavaş-yavaş mənəvi xəstəliklərə yoluxuruq, mənəvi rəzilətlər bizi bürüyür, günahlar bizim üçün adiləşməyə başlayır və nəhayət Allah etməsin, aqibətimizi zay etmiş oluruq. Ona görə də tövbə, istiğfar insanın öz halını davamlı olaraq nəzərdən keçirməsi, təftiş etməsidir.

Qəflətdən oyanış - tövbədədir

Tövbə və istiğfar - insanı qəflətdən oyadan məsələdir. Bir var ki, biz qəflətdəyik və heç ehtimal vermirik ki, biz günah, yanlış edə bilərik, ağlımızın ucundan da keçmir ki, səhvlərimiz ola bilər. Əskinə, təkəbbürlü bir ruhiyyədə olaraq düşünərik ki, hər şey çox yaxşıdır, hər şey qaydasındadır, namazımız yerində, arada oruc da tuturuq, Allahın gözəl bəndəsiyik və s. Buna insanın qəflət halı deyilir.

İnsan öz halına başqa bir baxışla baxmalıdır. Düşünməlidir ki, Allah bəndəsi kimi vəziyyəti nə yerdədir? İnsan fərqinə varanda görər ki, hansı mənfiliklər içərisindədir, nələri edə bilər, amma etmir, nə qədər yanlışlar, xətalar edir, yaradılışının məqsədini unudur. Bütün bunlara nəzər saldıqda, insan dəhşətə gəlir və fərqinə varır. Bizim bütün qurtuluşumuz - özümüzü təftiş etməkdən, hesab-kitab etməkdən başlayır. Özümüzü təftiş etdikcə, araşdırdıqca bu qənaətə gəlib çatırıq ki, özümüzə zülm etmişik.

Rəbbimizə bəyan edirik ki, O, bizlərin fəqirliyindən, əliboşluğundan xəbərdardır. Bundan sonra Allah dərgahında bağışlanma və istiğfar diləyə bilərik.

Allah bilir ki, bizim əməllərimiz hansı haldadır. Amma Rəcəb ayından çıxmışıq, ümidliyik. Şaban ayı - əziz Peyğəmbərimizin (s) ayıdır. Bu ayda Peyğəmbərimizin (s) şəfaətinə ümidliyik. Bu ümidli tövbəli olmaq, istiğfar etmək istəyirik.

Tövbə qapısı hər zaman açıqdır

Əziz Peyğəmbərimiz (s) buyurur: "Tövbə qapısı həmişə açıqdır". Allah Peyğəmbərimizi (s) rəhmət peyğəmbəri olaraq göndərib. Göndərib ki, insanlar o Həzrəti (s) özlərinə nümunə edərək yaşasınlar. Peyğəmbərimiz (s) çox böyük bir müjdədən bizi xəbərdar edir. İnsan düşünməsin ki, günahı elədir ki, düzələ bilməz. Düşünməsin ki, bu əməl, rəftar, düşüncə, keyfiyyətlər düzələn deyil. Biz Allahın rəhmətinə, mərhəmətinə baxaq. Tövbə qapısı hər zaman açıqdır. İndi ki, Şaban ayındayıq və tövbə qapısı da hər zaman açıqdır, Allahdan istəyirik ki, bizə lütf etsin, mərhəmət etsin. İstəyirik ki, bizlər həqiqi tövbəkar, istiğfar edən durumda Şaban ayını yaşayaq.

Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: "Hər bir dərdin bir dərmanı var və günahın da dərmanı istiğfardır". Allah bizim vəziyyətimizdən xəbərdardır. Halsızlığımızdan, qəlbimizin qəsavətindən, acizliyimizdən, daxilimizdəki qarmaqarışıqlıqdan, pərişanlığımızdan Rəbbimiz xəbərdardır. Bizlər Ona sığınırıq. İnsan üçün ən böyük xəstəlik - elə günahlardır və onların da əlacı - tövbə və istiğfardır.

Həzrət Əli (ə) tövbəni belə təsvir edir

Həzrət Əmirəlmöminin (ə) tövbə və istiğfar barədə buyurur: "Tövbə - yəni, qəlbdə peşmançılıq, dildə istiğfar etmək, günahı tərk etmək üçün ciddi əzm göstərmə və bir daha təkrar etməyəcəyinə dair qərarlılıq".

Ola bilər ki, insan dilində peşman olduğunu tövbə etdiyini desin, amma qəlbi bunu iqrar etməsin. Bu halda olsaq, məhv olarıq. İnsan dildə peşmançılıq çəkdiyini iqrar etməklə, tövbə etməklə yanaşı, qəlbində də etdiyi günahlara görə xəcalət hissini, peşmançılığı yaşamalıdır, utanmalıdır. Allahın hüzurunda qəflət etdiyi hər an üçün peşmançılıq çəkməlidir.

Biz bütün əməl və davranışlarımıza nəzər salanda görürük ki, Rəbbimiz bizi nə üçün yaradıb və biz nə vəziyyətdəyik. Adam bu halına nəzər salmalı və qəlbində səmimi peşmançılıq keçirməlidir. Səmimi qəlblə səhvlərdən, yanlışlardan, xəta və günahlardan peşman olmaq - tövbənin əsas şərtidir. Əgər biz səmimi peşman olmasaq, tövbənin heç bir təsiri olmayacaq.

İkinci məsələ budur ki, dildə istiğfar etsin. Dillə iqrar etsin Allah qarşısında etdiyi xətasını. Amma istiğfarı insan ancaq Allaha etməlidir. Günahı insanlara deməyə icazə verilmir.

Üçüncü isə budur ki, qəlbdə peşman olduğumuz və dildə istiğfar etdiyimiz o mənfi əməllərdən, xətalardan, günahlardan uzaqlaşaq, onları tərk edək.

Nəhayət, insan qərarlı olmalıdır ki, bir daha o səhvi təkrarlamayacaq. Misal üçün, bir nəfər insandır, Allah etməsin, bütün qazancını haram yollarda sərf edir. Bu insan o zaman tövbəkar olur ki, ilk öncə qəlbində səmimi peşmançılıq keçirsin. Daha sonra dilində etdiyi günahına görə tövbə və istiğfar etməlidir. Daha sonra isə bir daha həmin günahı etməməyə qərarlı olmalıdır və o günahı bir daha təkrarlamamalıdır. Bu zaman həmin şəxs tövbəkar sayılır.

Biz diqqətli olmalıyıq ki, bütün həyatımızda etdiyimiz yanlışlara görə qəlbimizdə peşmançılıq olmalıdır. Daha sonra onları dildə iqrar etməliyik. Onları tərk etməli və bir daha etməməliyik. Daha sonra isə daxilimizdə bu günahı bir daha etməyəciymizə dair qəti bir qərar olmalıdır. Buna tövbə deyilir.

Əziz Peyğəmbərimizdən (s) tövbə edənlərə müjdə

Əziz Peyğəmbərimiz (s) bizlərə bir müjdəli xəbəri də çatdırır. Həzrət Rəsulallah (s) buyurur: "O kəs ki, günahdan tövbə edir - o günahı etməmiş kimidir". Yəni o kəs ki, həqiqi tövbə edər, onun üçün elə nəzərdə tutular ki, həmin günahı heç bir zaman həyata keçirməyib.

Uca Allah bu qədər Öz bəndələrinə mərhəmət edir. Tövbə edən insan sanki yeni dünyaya gəlmiş kəs kimidir. Allah tövbəkar olanları sevir. Bir adam səmimi qəlbdən etdiyindən peşman olarsa, dildə istiğfar edər, əməldə günahı tərk edər, bir də o günahı etməyəcəyinə dair qərarı olarsa, Allah onun tövbəsini qəbul edər və elə nəzərdə tutular ki, sanki həmin günahı heç etməyib.

Allahın mərhəməti budur ki, insana yenidən başlamaq imkanı verir. Şaban ayı məhz həmin yenidən başlamaq ayıdır.

Tövbəni yubatmamalı

Tövbəni qətiyyən yubatmamalıyıq. Tövbənin ciddi amillərindən biri də onu yubatmamaqdır. Həzrət Əmirəlmöminin (ə) buyurur: "O kəs ki, tövbəni təxirə salır - onun üçün din və iman yoxdur". Tövbəsini, istiğfarını təxirə salan insan üçün nə din var, nə də iman. Çünki, tövbə etməyən şəxs öz halına qətiyyən nəzər salmır və böyük bir qəflət içərisindədir. Belə insan hansı dində, hansı imanda ola bilər? İnsan o zaman imanda və dində olar ki, qəflətdən ayılsın, öz halına nəzər salsın və yubatmadan etdiyi səhv və xətalara görə tövbə etsin.

Allah bizləri həqiqi tövbəkarlardan qərar versin!

Allahım, bizə bu mübarək ayda bəyəndiyin tövbə və istiğfarı etməyi nəsib et!

Allahım, bizlərə bu gözəl ayda Sənə yaxınlaşmaq üçün paklaşmaq, təmizlənmək səadətini nəsib et!

Allahım, bu ayın əzəmət və ehtiramına xatir, tezlikə insanlığın, bəşəriyyətin üzərindən bu bəlanın dəf olunmasını nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.