Maraqlı

Hər kim öz imamina yardim etmək istəyirsə, bismillah

18 Avqust 2019 23:45
0 Şərh     Baxış: 714

Tarixin səhifələrində mövlamız Əmirəlmöminin Əlinin (ə) məzlumiyyətini mütaliə etdikdə və yaxud başqasından eşitdikdə, insan qəhərlənir, hiddətlənir. Bu zaman qəlbində Əmirəlmöminin Əliyə (ə) eşq-məhəbbəti olan hər kəs arzu edir ki: "Kaş, Əmirəlmöminin Əlinin (ə) zamanında olaydım, o həzrətə yardım edəydim və o həzrətin yolunda canımı fəda edəydim!"

Doğrusu, görən, indi də Əmirəlmöminin Əliyə (ə) yardım etmək mümkünmü? Görən, əsrlər sonra öz imamına yardım etmək üçün bir yol qalıbmı?

Hər kim öz mövlasına kömək etmək üçün bir yol axtarırsa, "Bismillah!", gəlsin və mövlası Əmirəlmöminin Əlinin (ə) öz dostları və şiələrinə göstərdiyi yolu izləsin, onu həyatında gerçəkləşdirsin. O həzrət buyurur:

اعینُونی بِوَرعٍ و اِجتهاد و عِفهٍ و سَداد

"Mənə pərhizkarlıq (günahlardan çəkinmə), (vacib əməlləri yerinə yetrimək üçün) çalışqanlıq, iffətli olmaq, sözdə və əməldə doğru olmaqla kömək edin." ("Nəhcül-bəlağə", məktub 45.)

Demək, ilkin mərhələ təqva və pərhizkarlıqla yaxşı əməlləri qoruyub-saxlamaq, günah və haramdan uzaq olmaq, günahdan qorunma ruhiyyəsini günbəgün gücləndirməklə "təqva və pərhizkarlığı" əxlaqi səciyyəyə çevirməkdir.

İkinci mərhələ kainatın mehriban Müəlliminin tapşırıqlarını - vacib etdiyi əməlləri ən gözəl şəkildə, səmimi-qəlbdən yerinə yetirmək üçün çalışmaqdır. Vacib əməllərin birini yerinə yetirib, digərinə qarşı isə süstlük nümayiş etdirmək İmama yardım mövzusunun ikinci bəndinə laqeydlikdən başqa bir şey deyildir. Namaz qılıb oruc tutan, amma min bir yozumla xüms və zəkatdan yayınanlar bu bəndin icraçıları sırasından kənardadırlar. Qurani-Kərimin "Bəqərə" surəsinin 85-ci ayəsində buyurulur:

أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاء مَن يَفْعَلُ ذَلِكَ مِنكُمْ إِلاَّ خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

"...Aya, siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir."

Mövlamız imam Əlinin (ə) istəklərindən biri də iffətli olmaqdır. Mövlamız şiələrindən istəyir ki, iffət və həyalı olmaqla şəhvət və nəfsin istəklərinin qələbə və hakimiyyətindən kənarda qalsınlar, nəfsani meyillərin cilovunu öz əllərində saxlasınlar. Demək, hər kim mövlası və məsum imamına yardım etmək və onun eşq karvanına qoşulmaq istəyirsə, özünü həm danışığında, həm düşüncəsində, həm geyimində, həm yeyib-içməsində, həm də ictimai rəftarlarında iffət libası ilə bəzəməlidir.

İmamət və vilayət himayədarlarının növbəti xüsusiyyəti isə sözdə və əməldə doğru və möhkəm olmaqdır. İndi ki, imamət və vilayət yolunun yolçusu olmağın xüsusiyyətləri ilə tanış olduq, bilməliyik ki, mövlamız imam Əlinin (ə) zamanında yaşamasaq da, o həzrətə fiziki yardım edə bilməsək də, Allahın son höccətinin imamət dönəmində yaşayırıq. Hamının vəzifəsidir ki, öz zamanəsinin İmamına yardım etsin. Bunun üçünsə ən yaxşı yol mövlamız Əmirəlmöminin Əlinin (ə) buyurduğu kəlama əməl etməkdir: "Mənə pərhizkarlıq, çalışqanlıq, iffətli olmaq, sözdə və əməldə doğru olmaqla kömək edin."

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.