Maraqlı

"Kaş, sən heç doğulmayaydın " - Analar öz uşaqların ı niyə öldürürlər?

3 Avqust 2019 19:49
8 Şərh     Baxış: 3 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər il Rusiyada onlarla - istər iş, istərsə də evdar qadın öz övladını öldürdüyü üçün mühakimə olunur. ABŞ psixiatrlarının qənaətincə, hər 4 anadan biri nə vaxtsa övladını öldürmək haqda düşünüb.

Analar öz övladlarını necə öldürə bilirlər və bundan sonra necə yaşaya bilirlər?

Qanundankənar hərəkətlərdən ziyan çəkmiş azyaşlı uşaqların hüquqlarını və onların qanuni maraqlarını qorumaq üçün məqalədə adlar dəyişdirilib.

Moskvanın cənub-qərbində yaşayan Pyotr Krotenko işdən qayıdanda mənzili qaranlıqdı, səs-səmir gəlmirdi. O, hamamın işığını yandıranda yeddi yaşlı oğlunu suyla dolu vannada görür. "Ölmüş olduğunu niyəsə dərhal başa düşdüm", - Krotenko o günü belə xatırlayır.

Arvadı Alyona evdə yox idi. Sonrakı gün yoldan keçənlər onu Moskva kənarındakı gölün sahilindən tapırlar. İstintaqa verdiyi ifadədə Alyona deyir ki, uşağını öldürəndən sonra özünə sui-qəsd etməyə gedib. Gölün sahilində bir şüşə araq içib, sonra suya yaxınlaşıb və orda huşunu itirib.

Bu hadisədən iki gün əvvəl Alyona ərindən xahiş edib ki, onu xəstəxanaya aparsın. Pyotr arvadının sözlərinə ciddi yanaşmayıb: "Alyona dərman qəbul edirdi. Ona görə fikirləşdim ki, hər şey yaxşı olacaq". Alyona isə istintaqda ifadəsində uşağa baxa bilməyəcəyindən qorxduğunu bildirib: "Ən yaxşısı buna son vermək idi, heç kim əzab çəkməsin deyə".

Qadın danışıb ki, uşağı yedizdirəndən sonra onunla söhbət edib: "Soruşdum ki, onun üçün hansı daha yaxşıdır - yaşamaq, yoxsa ölmək? Sonra vannanı suyla doldurub gözlərinə baxa-baxa beş dəfə onu suya salıb çıxardım".

Pyotr əmindir ki, arvadında depressiya olduğunu ikicə kəlməylə də olsa ona deyən olsaydı, bütün bunlar baş verməzdi: "Barı gələcək analar üçün kurslarda bircə məşğələni buna həsr etsinlər!"

May ayında Alyonaya "şəxsiyyətin polimorf pozuntusu" diaqnozu qoyub psixiatrik klinikaya müalicəyə göndəriblər.

"Onu xəstəxanaya aparsaydım, bunlar olmayacaqdı"

İqtisadçı Alyona kimyaçı Pyotrla Qorki parkındakı leksiyada tanış olmuşdular. Üç il görüşəndən sonra evlənmiş, bir il sonra oğulları dünyaya gəlmişdi. Onu ikisi də arzulamışdı: hələ əvvəldən çarpayı, uşaq arabası, bir neçə pijama almışdılar. Doğuş məşhur ginekoloq Mark Kurserin rəhbərlik etdiyi Perinatal Tibb Mərkəzinin pullu şöbəsində baş tutmuşdu. Hamiləliyə nəzarət də daxil, 200 min rublluq müqavilə imzalanmışdı.

Dekretdə olanda Alyona hamilələr üçün kursa getmişdi. "Beş, ya altı məşğələdə ona uşağı bələməyi, yedizdirməyi öyrətmişdilər, uşaq xəstəlikləri və uşağa qulluq haqqında məlumat vermişdilər. Kursda deyirdilər ki, doğmaq nağıl kimi gözəldir və hər şey yaxşı olacaq, analıqsa qadın üçün hədiyyədir. Amma psixi və ya psixoloji problemlərin ola biləcəyi barədə bir kəlmə də danışmırdılar", - Krotenko belə deyir.

Pyotr arvadının əvvəllər psixiatr nəzarətində olduğunu bilməyib: "Keçmişdə onun psixopatik problemləri olubmuş - səslər eşidirmiş, gözünə cin-şeytan görünürmüş. Mən bunu ancaq uşağımız olandan sonra bildim. Alyona sağalıbmış, amma belə məlum olur ki, doğuş stress və residiv yaradıb".

Doğulandan sonra uşaqda pnevmaniya yaranıb, onu reanimasiyaya yerləşdiriblər. Uşaq sağalandan sonra Alyonada yuxusuzluq əmələ gəlib. "O deyirdi ki, uşağa baxa bilmir. Buna görə psixiatra müraciət etmişdik. Həkim problemin nədə olduğunu anlamışdı, arvadıma dərman müalicəsi yazmışdı. Amma o mümkün təhlükələr barədə bizi xəbərdar etməmişdi, deməmişdi ki, ananı uşaqla tək qoymayın".

Uşaq ay yarımlıq olanda Alyonanın vəziyyəti yaxşılaşıbmış, amma bu, uzun sürməyib. Pyotr o aylarda arvadının çox yorulduğunu deyir: "Biz bir neçə ay müxtəlif həkimlərin qəbuluna getdik. Onların heç biri bizi təhlükədən xəbərdar etmədi".

Alyonanın işinə yazda, Moskva məhkəmələrindən birində baxılıb. Pyotr bütün iclaslara gedib, arvadının salındığı "akvarium"un yanında durub onunla söhbət edib, aldığı köynəklərin əyninə gəlib-gəlmədiyini, təcridxananın isti olub-olmadığını soruşub. Qaynanası da orda olurmuş, dəhlizdə Pyotra nəvəsindən - Alyonanın qardaşı qızından danışırmış, deyirmiş ki, o, artıq çarpayının kənarlarından tutub gəzməyə, telefona dartınıb anasını çağırmağa başlayıb.

"Alyona oğlumuzu öldürmək istəməyib, onun davranışı psixoloji qəzanın nəticəsidir. Arvadımın rastına yaxşı həkimlər çıxsaydı, o xahiş edəndə mən onu həkimə aparsaydım, bu hadisə baş verməyəcəkdi".

Pyotrun təlaşı anlaşılandır: o və arvadı bütün dünyada uşaq qətlinin əsas səbəblərindən biri olan problemlə üzləşiblər. Amerikalı alim-kriminalist Fillip Resnikin araşdırmasına görə, uşağını öldürən qadınların 40 faizi hadisədən əvvəl psixiatrın və ya hər hansı başqa bir həkimin müayinəsindən keçmiş olurlar. Resnik bunu "sarsıdıcı hal" hesab edir. Rusiyalı kriminoloqlarsa deyirlər ki, qadınların 80 faizi cinayət gününə qədər baş ağrısı, yuxusuzluq, menstrual dövrün pozulması kimi müxtəlif şikayətlərlə həkimə müraciət edirlər.

Alyona özü BBC əməkdaşlarıyla görüşməkdən imtina edib.

"Öz vəziyyətimi izah etmək və öz hərəkətimə qiymət vermək istəmirəm. Mənim üçün bu, çox şəxsi mövzudur, xatirələr çox acıdır. Bundan başqa, başıma gələnlər kifayət qədər spesifikdir, geniş yayılmayıb, ona görə də bu haqda məlumat ümumi işə kömək etməz", - istintaq təcridxanasından göndərdiyi məktubda o, belə yazıb.

Alyona haqlı deyil. Vladimir, Nijnı Novqorod, Kemerovo məhkəmələrinin dəhlizlərində, ya da Kaluqa həbsxanalarında müttəhimlər bizdən oxşar hadisələr barədə eşidəndə bu, xüsusilə aydın görünürdü. Övlad itkisinin və ananın mühakimə edilməsinin əzabını çəkən ailələr bu məsələdə tək olmadıqlarını eşidəndə xeyli yüngülləşirlər.

Kimdir onlar?

Bu az öyrənilmiş və tabulaşdırılmış cinayət - uşağın anası tərəfindən öldürülməsi "filisid" adlanır. Bu cinayətin fərqli növləri var. "Neonatisid" - təzə doğulmuş körpənin öldürülməsi. "İnfantisid" - bir yaşı tamam olmamış körpənin öldürülməsi.

Resnikin araşdırmasına görə, uşaqların öldürülməsi təhlükəsi ilk beş ildə xüsusilə böyükdür. Valideynlər, adətən, yaşı ikidən az olan uşaqlarını öldürürlər, həm də daha çox qışda və səhər 4-ə yaxın.

Balaca uşaqların öldürülməsi cinayətiylə bağlı xüsusi qanunlar dünyanın 20-dən çox ölkəsində var (Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Yeni Zenlandiya, Filippin, Cənubi Koreya və s.). Bu qanunlar bir yaşdan kiçik uşağını öldürmüş analara daha yüngül cəzalar nəzərdə tutur, çünki XX əsrin əvvəlindən etibarən yeni doğmuş və ya əmizdirən anaların ruhi vəziyyəti qeyri-sabit hesab olunur.

Filisidlə bağlı Rusiyada da xüsusi qanun mövcuddur - RF CM-in 106-cı maddəsi (ananın yeni doğulmuş körpəni öldürməsi). Ancaq bu maddə bir yaşdan yox, bir aydan kiçik olan uşaqların öldürülməsi halları üçündür. Maksimum cəza müddəti 5 il azadlıqdan məhrum etmədir. Digər övlad qatillərinə RF CM-in 105-ci maddəsinin "b" bəndi şamil edilir - ümumi rejimli cəzaçəkmə müəssisəsində 20 illik həbs.

Bütün Rusiyanı əhatə edən statistika yoxdur. Rusiya Ali Məhkəməsi nəzdindəki Məhkəmə Departamentinin məlumatına görə, 2018-ci ildə məhkəmələrdə 33 belə hala baxılıb. Kuban Universitetinin kriminalistika fakültəsinin əməkdaşları hesab edirlər ki, üstü açılmamış epizodların sayı qeydə alınmış cinayət işlərinin sayından səkkiz dəfə çoxdur.

"Son vaxtlar dostlarım məndən soruşurlar: bu cinayətlərin sayı artıbmı? Cavab verirəm ki, yox, əvvəllər də belə olub. Hər ay qadın şöbəmizdəki 20 çarpayıdan 3-4-ündə uşaq qatilləri olur. Digər xəstəxanalarda və bölgələrdə statistika fərqlidir", - Serbski adına Sosial və Məhkəmə Psixiatriyası Mərkəzinin elmi işçisi Marqarita Kaçayeva belə deyir.

Vladimirli mühasib, Nijnı Novqoroddan olan tərbiyəçi, belqorodlu prokuror, Bratsk meriyasının sosial məsələlər üzrə məsləhətçisi, ryazanlı ofisiant, Moskva Açıq Dizayn İnstitutunun məzunu, Dərbənddən çoxuşaqlı evdar qadın, tomsklu satıcı.

Araşdırdığımız 30 cinayət hadisəsinin qəhrəmanları müxtəlifdirlər. Qatil analarla bağlı yarıevsiz, həmişə kefli, narkomanla yaşayan qadın stereotipinin əksinə olaraq onlardan çoxunun əri, evi və işi var, hər hansı zərərli vərdişləri yoxdur.

Kuban Universitetinin araşdırmalarına görə, uşağını daha çox fertil dövrdə olan (30-40 yaş arası) qadınlar öldürür. Onların 74 faizdən çoxu heç vaxt psixonevroloji dispanserdə qeydiyyatda olmayanlardır, yarısından çoxu ərdə olub və başqa uşaqları da var, əvvəlki doğuşlardan sonra da psixi pozuntu keçiriblər.

Səhiyyə işçiləri bilirlər ki, ananın heç fərqinə də varmadığı dövri-latent psixi xəstəlik əksər hallarda məhz doğuşdan sonra kəskin hal alır. Bu, o deməkdir ki, adi halda üzə çıxmayan xroniki psixoloji pozuntu qadının normal həyat yaşamasına problem yaratmır. Bu xəstəliyi qadın orqanizminin üç əsas stres dövrü - hamiləlik, doğuş və klimaks oyada bilir.

analar uşaqlarını nə üçün öldürürlər?

"Həbs olunacaqsız, sizə ürəyim yanır"

- Alo, "Təcili yardım", mənim uşağım ölüb.

- Neyləyib?

- Ölüb?

- Necə yəni?

- Elə belə.

- Hardan zəng vurursuz?

- Kukuşkino, ev 1.

- Uşağınız xəstəydi, yoxsa necə?

- Çağaydı, doğuş evindən təzəcə gəlmişik.

- Adınız, soyadınız, atanızın adı?

- Frolova Anna Nikolayevna.

- Bu günlərdə biz sizi doğum evinə aparmışdıq.

- Bəli, bəli...

- Bəs, necə oldu ki, uşağınız öldü? Eləcə öldü, vəssalam? Yemək yeyirdi, yoxsa yatırdı?

- Əslində, günah məndədir.

- Necə yəni?

- Elə belə.

- Sizi həbs edəcəklər. Yox, mən qorxutmuram, sizə ürəyim yanır.

38 yaşlı Anna Frolova Vladimir şəhərinin "Təcili yardım" xidmətinə 7 iyul 2018-ci ildə səhər tezdən zəng vurmuşdu. Onun feldşerlə telefon danışığı RF CM-in 106-cı maddəsiylə açılmış cinayət işinə tikilmiş səhifələrdən birində əks olunub.

Tərbiyəçi ixtisası üzrə təhsil almış Frolova qızını 2018-ci ilin iyun ayında dünyaya gətirmişdi. Onun 18 və 10 yaşlı oğulları istintaqa bildiriblər ki, ölən bacılarının doğulmasını "valideynləri böyük səbirsizliklə gözləyiblər". Amma doğuş yaxınlaşdıqca Anna özünü pis hiss etməyə başlayıb: qastriti şiddətlənib, düşük təhlükəsinə görə xəstəxanada yatıb, doğuş vaxtından tez başlayıb.

Körpə yarımçıq doğulub, bundan sonra Frolovanın vəziyyəti daha da pisləşib. "Dözülməz, fasiləsiz ağrı vardı. O ağrıdan başqa heç nə hiss etmirdim. Qarnım durmadan ağrıyır, ağrıyır, ağrıyırdı... Bütün diqqətim o ağrıya yönəlmişdi. Qeysər kəsiyinin yeri də çox tez irinlədi. Hələ doğum evindəykən psixoloji böhran keçirmişdim - mən bacarmayacam, mən bu işin öhdəsindən gələ bilməyəcəm deyə".

Xəstəxanada Annanı psixiatra göstərirlər. Həkim ona məsləhət görür ki, sakitləşməyə çalışsın, özünü dəniz kənarında hiss etsin, evə dönəndən sonra psixiatra müraciət etsin. Anna isə ona belə cavab verib: "Mən deyirəm ki, ağrılarım dözülməz həddədir, bacarmıram! İndi ağrıdan divara dırmaşacam!"

Sonra baş verənlər nəinki Frolovanın ərini, uşaqlarını və rəfiqələrini, hətta qonşularını və polisi də narahat edə bilərdi. Əvvəlcə Anna taksi çağırıb doğum evindən qaçır, həm də uşağını götürmədən. Qızının dalınca xəstəxanaya əriylə birlikdə qayıdır. Tezliklə əri Moskvaya, rotasiya üsuluyla tapdığı işdə çalışmağa gedir.

Anna mənzili bir neçə dəfə "Belizna" yuyucu vasitəsilə təmizləyir, bunu dezinfeksiya üçün etdiyini deyir: "Mən tikişimdəki irinlə sizə mikrob yoluxdurmuşam". Gecələmək üçün körpəsini də götürüb rəfiqəsigilə gedir, ona evdə tək qala bilməməsindən şikayətlənir.

Sonrakı gün uşaqlarını rəfiqəsigildə qoyub "körpənin çarpayısını gətirməyə" getdiyini deyir, amma anasının qəbri üstünə yollanır. Üçüncü günün səhəri uşağı da götürüb evdən ayaqyalın çıxır, yolda onu saxlayan polisə hara getdiyini deməkdə çətinlik çəkir.

"O hadisəni xatırlamıram, amma yəqin ki, kömək axtarmışam. Ağrılarımla tək qalmışdım, ona görə", - Anna belə deyir. Polis şöbəsindən onu qaynanası çıxarıb evə gətirir. 15 günlük Vikanı çarpayısına yerləşdirib yedizdirirlər, qaynanası televizoru işə salır.

Qaynana hadisədən sonra istintaqa verdiyi ifadədə deyəcəkdi ki, Anna "həyəcanla bir neçə dəfə uşağa yaxınlaşıb nəfəs alıb-almadığını yoxladı, bir saat sonrasa çarpayının yanında durub ağ balışı onun içinə qoydu".

Qaynana fikirləşib ki, gəlini uşağın yerini rahatlayır, ona görə də televizora baxmağa davam edib.

Səhər 10-da Annaya xalası qızı zəng vurub, soruşub ki, nə vaxt təbrikə gələ bilər. "Sən hələ bilmirsən? Bizdə dəfn mərasimi olacaq. Mən uşağımın çarpayısında onun cəsədini aparıram. Tamam çürümüşəm, onu mikroba bulaşdırdım, o da öldü", - bunu müstəntiq istintaq materiallarından oxuyur.

Səhər 11-də Anna "Təcili yardım" xidmətinə zəng vurmağa başlayır. İstintaq materiallarında qeyd edilib ki, evin girişində o, həkimi bu sözlərlə qarşılayıb: "Bir baxın, deyəsən, mən onu öldürmüşəm".

Məhkəmədə tibb işçisi bildirib ki, körpə nəfəs almırmış, üstündə ağ balış, bədənində göy-qırmızı ləkələr varmış (oksigen çatışmazlığının əlaməti). "Klinik ölüm" diaqnozu qoyan həkim körpəyə adrenalin iynəsi vurub, süni nəfəs verib, ürəyini masaj edib. Körpə qusub və nəfəs almağa başlayıb.

İlkin diaqnoz kimi "Boğulma? Postreanimasiya xəstəliyi" yazıb körpəni xəstəxanaya aparıblar. Avqustun 1-də isə Vikanı evə qaytarıblar. Anna barəsində öz uşağını öldürməyə cəhd ittihamıyla cinayət işi açılıb, ekspertiza üçün onu psixiatrik klinikaya göndəriblər. Frolova 3 ay orda qalıb.

"Həkimlər mənə "Amitriptilin", "Zolasta", "Elzepam" həbləri təyin etdilər, vitamin iynələri vurdular, vəziyyətim xeyli yaxşılaşdı. Ekspertiza mənim dəli olduğum haqda rəy verdi. Onlar suallar verib məndə doğuş sonrası stres və psixoz olub-olmadığını müəyyən etmək istəyirdilər.

Müəyyən etdilər, amma bunu əvvəldən etsəydilər, bəlkə heç nə baş verməyəcəkdi. Mən dəfələrlə demişdim - "mənə professional yardım lazımdır, mənim vəziyyətim normal deyil", - Frolova belə deyir.

Anna özünü günahkar hesab etmir, deyir ki, qızının boğulmasını istəməyib, çarpayıda balış-filan da olmayıb, "Təcili yardım"a da uşağın yaxşı nəfəs almamasından narahat olduğu üçün zəng vurub. Məhkəmədə qaynanası istintaqa verdiyi ifadəsindən imtina edib, deyib ki, çarpayıda balış yoxuydu, körpənin bədənindəki ləkələrsə həkim ona iynə vurandan sonra yaranıb. Xəstəxanada Frolovaya xroniki şizofreniya dizqnozu qoyublar.

"Bu, heç də həmişə dəlilik demək deyil. Psixi pozuntu deyəndə cəmiyyət bunu cin-şeytanla danışmaq kimi başa düşür, dəlilik köynəyi haqda düşünür. Bu, yanlış yanaşmadır. Psixi pozğuntusu olan qatil analar bu hadisəyə qədər heç vaxt psixiatrın qəbulunda olmadan normal yaşaya, sosial həyat tərzi sürə bilirlər", - Serbski adına mərkəzin professoru Kaçayeva belə deyir.

Belə hallarda şizofreniyadan sonrakı ikinci diaqnoz "doğuş sonrası reaktiv vəziyyət"dir. Bu, psixikanın müvəqqəti pozulması, o cümlədən, kəskinləşmiş psixotik depressiya və xüsusilə təhlikəli olan doğuş sonrası psixozdur.

Bu hal hər min qadından bir və ya ikisində müşahidə olunur. Emosional sayıqlama və paranoya bu xəstəliyin əlamətləri ola bilər. Şizofreniya, psixoz, reaktiv vəziyyətlər - bütün bu diaqnozlar cinayət törətmiş qadınların normal ruhi vəziyyətdə olmasını istisna edir. Belələrini cinayətə görə cəzadan azad edir və məcburi müalicəyə göndərirlər.

Frolovanın işi üzrə dövlət ittihamçısı da bunu xahiş edib. Son məhkəmə iclaslarından birinə Anna uşağıyla birlikdə gəlib - bir yaşlı Vikaya baxacaq başqa adam olmadığına görə. Məhkəmə zalında bir il əvvəl iki dəqiqə nəfəssiz qalmış uşaq; müstəntiqlərin fikrinə görə, onu boğmaq istəyən anası və körpəyə süni nəfəs verən həkim yanaşı oturublar.

"Heç utanmırsanmı? Niyə yalan danışırsan? Bumeranq olub üstünə qayıdacaq bu əməlin, heç vaxt öz uşağın olmayacaq", - Anna qışqıra-qışqıra həkimə belə deyib. Onun məhkəməsi davam edir.

"Bizə susmağı öyrədiblər, keçmişdəki kimi"

Bu cür analarda müşahidə edilən ciddi psixi xəstəliklər onlara qoyulan depressiya diaqnozu fonunda üzə çıxır. Əvvəlcə nevrotik depressiya (çaşqınlıq, stres, zəiflik) kimi başlayan vəziyyət cinayət gününə yaxın psixoz xarakteri alır. Kaçayeva deyir ki, "Bu, psixotik səviyyəyə çatan kədərdir. O vəziyyətdə olan şəxslərdə yaşamağın mənasızlığı, lazımsızlığı barədə fikirlər yaranır".

2019-cu ilin 17 fevral səhərində 21 yaşlı Ufa sakini Arina Rafina ətli makaron yeyən qızını masanın arxasından götürüb onunla birlikdə eyvana çıxıb. Bir saat sonra o öz anasıyla birlikdə psixiatra gedəcəkdi, bunu o özü istəmişdi. Amma Arina doğmalarının gəlməsini gözləmədən özünün və qızının həyatına son vermək qərarına gəlib.

Uşaqlıqdan qapalı və sakit bir qız olan Rafina 19 yaşında ərə getmişdi. Uşağını əri əsgərlikdə olanda doğmuş, bir il valideynlərinin yanında yaşamışdı. Doğuşdan sonra nevroloq ona təkrar müayinə yazmış, amma Arina onun tövsiyəsinə əməl etməmişdi.

Anası İrinanın dediyinə görə, əsgərlikdən qayıdandan sonra əri onun qızıyla pis davranırmış: "Söyürdü, aşağılayırdı. Ona "səysən, eybəcərsən, qoca arvada oxşayırsan" deyirdi. Bizə qızımla görüşməyi qadağan etmişdi. Arina qayıdıb bizmlə yaşamaq istəyəndə gəlib uşağı götürürdü".

Onun ixtisasca uşaq masajisti olan kürəkəni məhkəmədə deyib ki, Arinaya cəmi bir şillə vurub və üzünü yerə sürtüb - arvadı yerdəki uşaq nəcisini tez silmədiyi üçün. O, BBC-yə müsahibə verməkdən imtina edib.

Anası Arinaya belə deyib: ya boşan, ya da daha ərindən şikayətlənmə, özün getmisən ona, indi dözərsən, sonra sevərsən. Bu gün İrina çox peşmandır: "Axı, bizə həmişə susmağı öyrədiblər, keçmişdəki kimi". O, məhkəməyə hələ doğulmamış nəvəsinin dəfnindən çıxıb gəlib - ikinci qızının hamiləliyi səkkinci ayda pozulub. Əlində valokordin və qızının öldürmək istədiyi nəvəsinin şəkli olan telefon var.

Arina və qızı sağ qalıblar - 9-cu mərtəbədəki mənzilin aşağısında böyük qar topası olub. Yoldan keçənlər onları ordan çıxaranda Arina elə hey "Mənə bunu etməyi kənar səslər dedi" deyirmiş. Xəstəxandan qadını təcridxanaya göndəriblər, qızını isə atasına veriblər.

İntihara cəhddən bir neçə gün əvvəl Arina evə polis çağırıb, deyib ki, əri onu öldürmək üçün bıçaq itiləyir (O, giriş qapısının açarını itiləyirmiş). Sonra iki gün Arina evdə gödəkçəylə gəzib. Həkimə getməyə cəmi iki saat qalmışsa hövsələsi tükənib.

Həkimlər Arinaya şizofreniya diaqnozu qoyublar.

"Belə dünyada niyə əzab çəksinlər ki?"

Həm şizofreniyadan, həm də dərin depressiyadan əziyyət çəkən qadınlar övladlarını öldürmə səbəblərindən danışanda çox vaxt belə deyirlər: "Mən ona yaxşılıq etdim", "Mən onun üçün çox pis anayam", "Bu dünya o qədər qorxuncdur ki, uşağım belə dünyada yaşamasa yaxşıdır".

Psixiatrların və kriminalistlərin işlətdiyi bir termin var - "mərhəmətdən öldürmə" (mercy killing). Bu fenomenə "genişləndirilmiş sui-qəsd" də daxildir - ana özünü öldürməyə qərar verəndə uşaqlarını da özüylə "götürür".

"O, uşağına və ya uşaqlarına baxıb düşünür: "onlar belə dünyada niyə əzab çəksinlər ki?"

Amma cinayəti törədəndən sonra belə anaların vəziyyəti yüngülləşmir. Ona görə də özlərinə sui-qəsd edirlər - birinci dəfə alınmasa, bunu ikinci, üçüncü dəfə təkrarlayır", - professor Kaçayeva belə deyir.

"Bəzən kimlərsə onlara mane ola bilirlər, Bizim mərkəzə daha çox belələrini gətirirlər. Məsələn, bu yaxınlarda bir qadın özünün 3 və 5 yaşlı uşaqlarının dalınca qaçıb onlara yuxu dərmanı içirmək istəyib. Elə bu vaxt əri gəlib çıxıb, arvadında reseptsiz satılmış dərmanı görüb ona mane olub, cinayətin qarşısını alıb. Hərçənd onda da günah varmış - xəyanət edirmiş, evə gəlmirmiş".

"Qohumları xatırlayıblar ki, qadın əvvəllər tez-tez yadplanetlilər haqqında danışırmış. Amma cinayət işi qaldırılana kimi bu heç kimi narahat etməyib. Xəstəxanada qadının səhhəti tezliklə normallaşmağa başlayıb. Müalicə gecikməyəndə neyroleptiklər yaxşı təsir göstərir", - bu da Kaçayevanın dediklərindəndir.

Məcburi müalicəyə göndərilən qadınlar hər altı aydan bir komissiyaya yoxlanışa göndərilirlər. Sonra rayon hakimi belə hallara baxmaq üçün xəstəxanaya gəlir.

Kaçayeva qeyd edir ki, "Hətta ən ağır hal üçün də altı aylıq müalicə kifayət edir, xüsusilə də gənc və daha əvvəl müalicə almamış qadınlara. Belələri göz görə-görə yaxşılaşırlar, əməllərindən peşman olub "Aman allah, doktor, mən neyləmişəm, indi necə yaşayacam", deyirlər".

Həkimlər və hakim icazə versə, qadın evinə qayıda bilir. Qanunun tələbinə görə, o, psixonevroloji dispanserdə qeydiyyata düşməli və ambulator müalicə almalıdır. Dərmanlar pulsuzdur. Psixiatr deyir ki, müalicə müsbət nəticə verərsə, iki il sonra qadını qeydiyyatdan çıxarırlar.

analar uşaqlarını nə üçün öldürürlər?

"Uşağı özü arzulamışdı, onu çox sevirdi"

Övlad qatili olan anaların təxminən 15 faizində həkimlər aşkar görünən psixi pozuntu tapmırlar. Belə hallarda mütəxəssislər "psixi travmalı həyat şəraitinin yaratdığı emosional gərginlik" diaqnozu qoyurlar.

"Ekspertizalar zamanı bəzən bir insanın həyatında bütün problemlərin eyni vaxta təsadüf etməsinə təəccüblənirsən - həm hamiləlik zamanı yoluxduğu qrip fəsad törədir, həm anası rəhmətə gedir, həm doğuşdan əvvəl əri atıb gedir, həm işini itirir, həm pulunu ödəmədiyi üçün kirayə qaldığı evdən çıxarılır", - Kaçayeva belə deyir.

Bu cür sosial problemlər psixi müvazinətin pozulmasına gətirib çıxarır. Bunun üzərinə üçüncü əlamət - "qıcıq faktoru" (trigger-faktor) da əlavə olunanda cinayət baş verir.

Kaçayeva bildirir ki, "Qadınlar üçün trigger, adətən, partnyorla münasibətdən yaranan şəxsi situasiyadır. Təhqir, alçaldılma, tərk edilmə, xəyanət. Ümumiyyətlə, qadınlar partnyorlarıyla bu cür münasibətlərə çox ağrılı yanaşırlar".

2018-ci ilin qışında Çelyabinsk yaxınlığındakı Çebarkulya şəhərində quş fabrikinin briqadiri Yelizaveta Jarovanın məhkəməsi olub. 30 yaşı və 3 uşağı olan bu qadın 2017-ci ilin yazında dördüncü uşağa hamilə qalıb. Vəkilinin sözlərinə görə, daha bir uşaq böyütməyə maddi imkanı olmadığı üçünYelizaveta onu abort etdirmək istəyib, amma vaxtını ötürüb. Payızda kənddəki evində doğduğu körpəni çuxura atıb. Uşaq boğulub.

Jarovanın əməlini polisə qonşusu xəbər verib. Zərərçəkən tərəf kimi Yelizavetanın əri müəyyən edilib. Amma o, məhkəmədə arvadını bağışladığını deyib və cinayət işinin xətm olunmasını xahiş edib. Məhkəmə ərin vəsatətini təmin edib. Yelizavetanı məhkəmə zalından azadlığa buraxıblar.

Vilayətdə ajiotaj yaranıb: yerli KİV qatil qadına 15 il həbs cəzası verilməsini tələb edib, qonşular "Torpaq beləsini üstündə necə saxlayır" deyə qəzəbləniblər. Jarovanın vəkili deyir ki, həmin prosesdə çox yorulub: "Jarova özü də hiyləgər, rasional və qəliz adamdır. Onlar hadisə haqda danışmaq üçün hətta NTV-nin bir şou-proqramına da qatılmışdılar".

Yelizaveta və ailəsi Tomsk vilayətinə köçüblər. Onun "VKontakte" şəbəkəsindəki səhifəsində oğlanlarının şəkilləri var: birində onlar təpəcikdən sürüşürlər, birində böyük oğlu parta arxasındadır, birində ailəlikcə masa ətrafına toplaşıblar. İndi onlar dərs ilinin sonuyla bağlı mahnılar öyrənirlər, birlikdə piknikə gedirlər.

Jarova məhkəmə prosesini xatırlamaq istəmir. "Mən bu haqda heç düşünmək belə istəmirəm. Artıq bir il keçib, o məsələni yenidən qurdalamaq mənə lazım deyil", - Yelizaveta BBC-yə belə deyib.

Yeni doğulmuş körpələrə qəsd edən anaların cəzasını yüngülləşdirmək cəhdləri ABŞ-da da var. Aktivistlər belə qadınlara ikinci şans ideyasının lobbiçiliyini edirlər. Amma hələ ki, həm Rusiyada, həm də ABŞ-da bu şans işə hansı hakimin baxacağından asılıdır.

Həmin qış Yelizavetagildən maşınla bir günlük məsafədə yaşayan 36 yaşlı Anastasiya Kroxinanın da məhkəməsi olub. İki azyaşlı oğul anası olan Kroxina 2017-ci ilin yayında daha bir oğlan doğub. Ailə varlı olmasa da, "yaxşı və səliqəli", uşaqlar isə "həmişə təmiz" olublar. Tanışları Anastasiyanın içmədiyini və narkotik istifadəçisi olmadığını deyirlər.

Onların sözlərinə görə, körpənin atası Nastyaya kömək edib, amma başqasıyla evli olub. Bu durum qadına əzab verirmiş. Doğuşdan dörd ay sonra qrip qızdırmasının əldən saldığı Kroxina heç cür sakitləşdirə bilmədiyi uşağı qucağından yerə atıb. Körpə ağlamağa davam edib. Tanışların dediyinə görə, o gün həm onun, həm də ananın 40 dərəcəyə çatan qızdırması olub.

Hava işıqlananda Anastasiya uşağına yemək hazırlayıb, onu yedizdirib. Körpə yenə ağlamağa başlayıb, anası sakitləşdirmək üçün əlini onun alnına qoyub. Uşaq, nəhayət, yuxuya gedib. Kəllə sümükləri sınmış olduğu üçün onun başı tədricən şişməyə başlayıb, ayağının qırıldığı bilinməyib.

Kroxina günortaya yaxın narahat olmağa başlayıb - uşaq həmişəkindən çox yatdığına görə. Qonşuya qaçıb, özü "Təcili yardım" çağırıb. Həkimlər körpənin öldüyünü konstatasiya ediblər.

Kroxinanı qətldə yox, ehtiyatsızlıq üzündən ölümlə nəticələnmiş sağlamlığa bilərək zərər vurmada günahlandırıblar. Ekspertiza onun əqli cəhətdən sağlam olması haqda rəy verib. İki günlük məhkəmə istintaqından sonra hakim Kroxinaya şans yox, yeddi il həbs cəzası verib. Hazırda Anastasiyanın uşaqlarına təqaüdçü nənələri baxır.

"Ailəmiz üçün bu, böyük faciə oldu. Anastasiya özü istəyərək doğmuşdu körpəni, o gombul, sevimli uşaqdan ötrü ürəyi gedirdi. Məhkəmə iclaslarında durmadan ağladı, qərardan apellyasiya şikayəti də vermədi", - işlə tanış olan hüquqşünaslardan biri belə deyir.

Onun sözlərinə görə, belə işlərdə nadir hallarda psixoloji-psixiatrik ekspertiza aparılır. Adətən, ambulator müayinəylə kifayətlənirlər: "Klinikaya gəlirlər və bəzən heç 5 dəqiqə keçməımiş çıxıb gedirlər. Nastyanın təkrar ekspertizasıyla bağlı bütün vəsatətləri "Biri də bəsdir" arqumentiylə rədd etdilər. Çox sayda yüngülləşdirici halın olmasına baxmayaraq sonda belə böyük cəzalar verilir".

Sosial şəbəkələrdə Kroxinanın səkkiz aylıq hamiləlik vaxtı çəkdirdiyi ağ donlu şəkli, uşaq pəncələrinin masaj sxemi və bir toyuq yeməyinin resepti qalıb. Bir də "Uşaqlar" cəmiyyətinin sitatı: "Mənim həyatımda balaca bir adam var, onun üçün yaşamaq istəyirəm. Həmin adam mənim uşağımdır. Bu xoşbəxtlikdir!"

"Yelena uşaqları üçün çox narahat olurdu"

Semyonov şəhərindəki (Nijni-Novqorod vilayəti) köhnə tərəvəz anbarı yanmasaydı, müstəntiqlər Yelena Kərimovanı tapmayacaqdılar. Yanğınsöndürənlər orda rulona bükülü yanmış cəsədlər aşkar edirlər - iki yaşlı oğlanın və dörd yaşlı qızın cəsədlərini. Ekspertiza uşaqların əvvəl boğulub sonra yandırıldığını müəyyən edir.

Övladları Süleyman və Xədicəni öldürmək ittihamıyla 27 aprel 2018-ci il tarixdə müstəntiqlər Kərimovanı saxlayırlar.

Baxımlı, gözəgəlimli qadın olan Kərimova internet-mağazada idman qidaları satırmış. "İnstaqram" səhifəsindən məlum olur ki, o, rəfiqələriylə kafeyə getməyi və uşaqlarının şəkillərini paylaşmağı xoşlayıb.

"Onları təmiz saxlayırdı, ikisini də çox sevirdi. Həmişə qaçıb yanıma məsləhətə gəlirdi - oğlu suçiçəyi çıxaranda, qızı soyuqlayanda. Onlar üçün çox narahat olurdu", - baldızı Əzizə Kərimova belə deyir.

Həbsindən bir az əvvəl Yelena həm qızına, həm də oğluna böyük ölçülü paltarlar alıb. "Övladlarına sonrakı illər üçün paltar alan biri yəqin ki, onları öldürməyi planlaşdırmazdı. Onları ac, ayaqyalın saxlasaydı, bəlkə də inanardım. Amma uşaqlar təmiz və baxımlıydılar", - Kərimovanın keçmiş vəkili Dmitri Şirokov çaşqınlıq içində belə deyir.

Müstəntiqlər Yelenanı icarəyə götürdüyü "Kia Ceed" avtomobilindəki izləyicinin köməyilə tapıblar. Rusiya İstintaq Komitəsinin Nijni-Novqorod şöbəsinin böyük müstəntiqi Maksim Yefimovun sözlərinə görə, izləyicinin göstəricilərinə görə avtomobilin hərəkət trayektorası müəyyənləşdirilib, çəkilişin yanacaqdoldurma məntəqəsinə aid hissəsindən görünüb ki, orda Kərimova şokolad və yandırıcı maddə alıb.

Tezliklə şahidlər də tapılıb - ovçular meşənin yanında maşın, tonqal və qadın görüblər. Onlara elə gəlib ki, qadın tonqala oyuncaqlar atır, ona görə də Yelenanı cadugər hesab ediblər.

Kərimova birinci sorğusunda danışıb ki, əvvəlcə qızını boğub - dizində, arxası özünə tərəf oturdub ağzını və burnunu tutaraq. Sonra oğlunu.

Qızı "Bəsdir! Bəsdir!" deyə qışqırırmış. Oğlunun səsi çıxmayıb.

Həmin o ovçulara görə Yelena cəsədləri dərhal yox edə bilməyib, qalıqlarını müşəmbə çantaya yığıb evə qayıdıb. Həmin gün rəfiqələrinə, xaç anasına zəng vurub, səhər yenidən tonqal qalamağa gedib. Cəsədləri yandıranda ona elə gəlib ki, onlar "tərpənib ayağa qalxırlar" - iş materillarında belə qeyd olunub.

Sonra Kərimova ifadəsini dəyişib, deyib ki, uşaqlarını ərinin düşmənlərindən qorxduğu üçün boğub. Guya həmin adamlar maşına oturub buna onu məcbur ediblər. Amma Kərimovanın dediyi marşrut izləyicidə olmayıb, üstəlik, Yelenanın bütün yol boyu maşında tək olduğu görünüb. Yelenanın təsvir etdiyi şəxsləri isə müstəntiqlər tapa bilməyiblər.

Kroxinanın hadisəsində olduğu ki, Kərimovanı da ambulator ekspertizadan keçirib psixi sağlam olması qənaətinə gəliblər və 19 il cəza kəsiblər.

RİK-in Nijni-Novqorod şöbəsinin ağır cinayətlər bölməsinin rəhbəri Andrey Kirillov ekspertizanın nəticələriylə tanış olanda təəccüblənib.

"Özünü bilən-tanıyan uşaqların anasının maniakal bir israrla öz məqsədinə doğru gedəcək qədər soyuqqanlı olmasına inanmaq şətindir", - Kirillov BBC-yə açıqlamasında belə deyib.

Müstəntiqlər təkrar ekspertiza tələb etməyiblər. Elə birinci vəkil də. İşə sonuncu instansiyada - Rusiya Ali Məhkəməsində baxılanda yeni müdafiəçi bu tələblə çıxış edib. Amma məhkəmə tələbi rədd edərək qərarı qüvvədə saxlayıb.

Belə proseslərin bütün iştirakçıları təkrar ekspertizanın vacib olduğunu bildirirlər. Kaçayeva may ayında Serski adına mərkəzdə baş tutmuş belə bir ekspertiza haqqında danışır: səkkiz aylıq oğlunu öldürmüş qadını onların mərkəzinə Saratovda və Volqoqradda baş tutmuş iki yoxlanışdan sonra gətiriblərmiş. Birinci komissiya qadına xəstə, ikincisi sağlam diaqnozu qoyubmuş. Mərkəzdəki ekspertiza onun xəstə olduğunu təsdiqləyib.

analar uşaqlarını nə üçün öldürürlər?

"O qadınlar uşaqlıqda zorakılıqla üzləşiblər"

İstintaq zaman Kərimova deyib ki, uşaqları özünə yük hesab etdiyi üçün onlardan xilas olmaq qərarına gəlib. Müstəntiqlərlə birlikdə onu psixoloji elmlər doktoru, bədən dili mütəxəssisi Yekaterina Vaske də danışdırb.

"Sinizmin səviyyəsinə mat qaldım. Kərimova hadisənin bütün detallarını çox dəhşətli ifadələrlə təsvir etdi. Hansı uşağını birinci öldürüb, oğlunu və qızını tonqalda necə yandırıb, hansı uşağının hansı hissəsi daha tez yanıb - birinin kiprikləri, o birinin dodaqları..." - Vaske belə deyir.

"O özü haqqında çox danışırdı. Gah öz "orijinallığını" nümayiş etdirirdi, gah "parlaq" həyatından danışırdı, gah da özünə qarşı mərhəmət oyatmaq istəyirdi. Məsələn, deyirdi ki, altı yaşında atası tərəfindən cinsi zorakılığa məruz qalıb".

Ambulator ekspertiza zamanı Kərimovaya anasının ifadəsini oxuyublar: "Qızımın altı yaşı olanda atasının onu zorlaması haqqında heç nə bilmirəm. Amma ərimin belə bir iş tuta bləcəyinə heç bir şübhəm yoxdur. O, belə şeylərə meylli adamıydı. Hadisədən qızımın mənə yazdığı məktub vasitəsilə xəbər tutmuşdum".

Rusiya məhkəmə psixiatrlarının araşdırmalarında qeyd edilir ki, qatil anaların 80 faizi uğursuz ailələrdə böyüyənlər, 85 faizi isə konfliktli evliliyi olanlardır. Ekspertlər hesab edirlər ki, yalanlar, mübahisələr, dava-dalaş, təhqir, alkoqolizm mühitində böyüyən yeniyetmə qızlar sonradan bunları öz evliliklərinə daşıyırlar.

Uşağa qarşı aqressiyanın kökündə valideynlərlə pis münasibətlər dura bilər. Övlad qatilləri çox vaxt bunu hədsiz sevgi nümayişiylə pərdələməyə çalışırlar.

Professor Kaçayeva da təsdiq edir ki, ailə zorakılığına məruz qalmaq gələcəkdə baş verəcək cinayətlər baxımından son dərəcə ciddi faktordur: "Belə qadınların çoxu uşaqlıqda emosional, seksual və fiziki zorakılığa məruz qalanlardır. Həm də seksual zorakılıq onların ən dəhşətlisi olmaya da bilir. Bizə ekspertizaya göndərilən qadınların 90 faizi bu haqda danışmağa hazır olur. Yaxşı vəkillər bundan tez-tez istifadə edirlər".

"O cür hisslərlə heç kim rastlaşmaq istəmir"

Övlad qatilləriylə çox vaxt nə vəkillər, nə də psixiatrlar işləmək istəyir.

2019-cu ilin qışında 21 yaşlı dərbəndli qadın altı aylıq qızını 31 bıçaq zərbəsiylə öldürmüş, ona uzun müddət vəkil tapmaq mümkün olmamışdı. "Həmin qadından hətta təyinatlı vəkillər də imtina edirdilər. Ümumiyyətlə, burda onu hamı lənətləyirdi", - işlə tanış hüquqşünaslardan biri belə deyir.

Psixiatrlar danışırlar ki, Serbski adına mərkəzin təcrübəli mütəxəssislərindən biri övlad qatili görən kimi ekspertizada iştirak etməkdən boyun qaçırır, çünki apriori onlara nifrət edir. Amma həmkarları bunu qeyri-professional yanaşma kimi qiymətləndirirlər.

Perm vilayətində iki yeni doğulmuş körpəsini öldürmüş qadın həbs olunanda vəkili onun təcridxanaya göndərilməsinə etiraz etməyib, halbuki, bu, vəkillik kodeksinə ziddir.

Başqa maddəylə ittiham olunmuş aktrisa Marina Kleşeva deyir ki, həbsxana müdiriyyəti övlad qatillərinin cəza maddələrini gizli saxlayırlar: "Əlbəttə, mən də belələrinə rast gəlmişəm. Amma yerlilərindən biri onlarla eyni həbsxanaya düşüb sirrlərinin üstünü açmasa, hansı maddəylə cəzalandırıldıqlarını heç kim bilmir. Həbsxanada belələrinin rəfiqəsi olmur, onlar heç bir söhbətə və ya davaya qarışmırlar. Çünki bir söz desələr, onları əzərlər. Mən təəccüblənirdim ki, nə üçün insan öldürməyə görə onlara bu qədər az iş veriblər. Doğuş sonrası sindromlar, depressiyalar haqqında biz heç nə bilmirdik".

"Nə üçün bizdə uşaq qətllərinə görə cəzalar belə yumşaqdır? Bütün qatilləri ömürlük katorqaya göndərmək lazımdır".

"Mənə görə uşaq öldürmək cinayətlərin ən ağırıdır. Belələrini dövlət hesabına saxlamaq əvəzinə, edam etmək lazımdır".

analar uşaqlarını nə üçün öldürürlər?

"Qoy, o əclaf türmədə çürüsün"

Bu məqalədəki qadınların həbsiylə bağlı xəbərlərə oxucular bu və daha sərt şərhlərlə reaksiya veriblər.

Moskvadan olan klinik psixoloq Yakov Koçetkov deyir ki, belə reaksiyaların səbəbini bilir. O, bunu psixoloji müdafiə adlandırır. Qadınlar özlərinin də bu haqda düşündüklərini inkar edirlər, "Məni yox, başqasını tutsunlar" fikriylə öz qəzəblərini başqalarının üzərinə yönəldirlər.

"Axı, sən o qadını başa düşsən və ya ona yazığın gəlsə, onun hiss etdikləriylə üzləşməli olacaqsan. Amma belə hisslərlə heç kim rastlaşmaq istəmir", - Koçetkov belə deyir.

2015-ci ildə Amerikada aparılmış bir araşdırmanın nəticələrinə görə, anaların 70 faizi körpə kolikaları (çağaların səbəbsiz yerə və gecələr boyu ağlaması) zamanı beyinlərindən aqressiv fikirlər keçdiyini gizlətməyib, 26 faizi isə hətta uşağı öldürmək fikrinin də ağlına gəldiyini deyib.

Ən zəif psixi pozuntuları olan qadınlarda bu fikrə sağlam qadınlarda olduğundan iki dəfə çox rast gəlinir. Bu onların hamısının öz övladları üçün təhlükəli olması deməkdirmi? Yox.

Psixoloq Koçetqov uşaqlarına zərər vermək - boğmaq, kəsmək və ya pəncərədən atmaq kimi zəhlətökən fikirlərdən əziyyət çəkən qadınlarla işləyir. Onlar bu düşüncələrini nadir hallarda etiraf edirlər, o da ancaq ərlərinə. Belə qadınlar ağlayıb rahatlanmağı və ya uşağın üstünə qışqırmağı mümkünsüz hesab edirlər. Düşünürlər ki, həmişə öz uşaqlarını sevməlidirlər.

Psixoloq deyir ki, "Onlar heç vaxt öz uşaqlarına zərər vurmurlar. Problem bundadır ki, belələri hansısa qadının öz oğlunu və ya qızını öldürməsi barədə xəbərlərə çox həssas yanaşırlar və bunu asanlıqla öz üzərlərinə çəkirlər".

Koçetkov deyir ki, onların diaqnozu obsessiv-kompulsiv pozuntudur (OKP): "Hazırda bu, xüsusilə çox yayılıb. Bu qadınlar qətl törətmirlər. Uşaqlarını öldürənlər özlərinə nəzarəti itirən analardır. OKP-dən əziyyət çəkənlərdə isə bunun əksi - öz hərəkətlərinə hədsiz nəzarət problemi var. Onlar nəinki hərəkətlərini, hətta fikirlərini də nəzarət altında saxlamağa çalışırlar".

Adətən, belə analar öz əsəb və qəzəblərini çətin ifadə edirlər. Bu qüsur onlarda uşaqlıqdandır - analarının onlara öz qəzəblərini hər hansı şəkildə büruzə verməyi qadağan etdiyi vaxtdan. Belə qadınlar, adətən, sakit və hətta passiv görünürlər. Amma illər uzunu yığılmış aqressiya onları başqalarının heç bir önəm vermədiyi istənilən neqativ fikrə qarşı çox həssaslaşdırır.

"O, sanki mənim həyatımı oğurlayıb"

"Əvvəllər mən o cür anaları elə qınayırdım ki. Fikirləşirdim ki, bu, heç vaxt mənə aid ola bilməz. Amma oldu..." - böyük telekommunikasiya şirkətində korporativ müştərilərlə iş üzrə mütəxəssis olaraq çalışmış, 33 yaşlı Tatyana İvanova belə deyir.

Satışlar, səyahətlər, dostlar. Bir də uşaq arzusu. "Mənə elə gəlirdi ki, biz artıq buna hazırıq. Məlum oldu ki, deyilmişik".

Doğuş çətin keçib, mamaçalar çox kobud davranıblar. "Sonradan doğuşla bağlı retrospeksiv, ağrılı yuxular görməyə başladım. Hər dəfəsində taxikardiyayla aylırdım. Laktostazlar, artıq çəki, dəridə yaralar, saç tökülməsi... Uşağa qarşı aqressiyam tədricən artırdı - sanki o mənim həyatımı oğurlamışdı. Düşünürdüm ki, əzablarımın, xəstəliklərimin günahkarı odur", - İvanova belə deyir.

Uşaq gecələr yatmayanda və ya diş çıxartdığı üçün ağlayanda Tatyana çox əsəbləşirmiş:

"O ağlama səsi beynini partladır, öz uşaqlığının bütün problemlərini yadıma salırdı. Üstəlik, beynimdə hər şeyin öhdəsindən gəlməli olduğumla bağlı oturuşmuş fikir vardı. Amma bəzən körpəni yırğalayanda əsəbdən onu möhkəm silkələyirdim, o da qorxub daha bərk ağlayırdı. Onda mən uşağı var gücümlə çarpayıya atıb "Kaş ki, sən doğulmayaydın" və daha sərt sözlərlə üstünə qışqırmağa başlayırdım. Sonra analığımdan zövq almadığım üçün özümü günahkar hiss etməyə, utanmağa başlayırdım".

Tatyananın sözlərinə görə, əri ona uşağın psixikasını pozduğunu deyirmiş, onun şikayətlərini ciddiyə almırmış: "Sənə nə olub? Özünü topla. Ana deyilsən? Niyə başqaları bacarır, sən yox? Bu uşağı kiminçün doğmusan?"

Bir il sonra Tatyananın vəziyyəti daha da pisləşib, özünü öldürmək barədə fikirləşməyə başlayıb. Elə bu fikirlə də psixoloqa gedib:

"Düşünürdüm ki, mənim kimi əclaf və iyrənc ana yer üzündə yaşamamalıdır, mənim uşağım daha yaxşı anası olmasını haqq edir. Özümü öldürmək bu vicdan əzabıyla yaşamaqdan daha asanıydı. Bir neçə dəfə belə böhran keçirmişdim. Psixoloq dərhal bütün suallarıma cavab verib problemlərin öhdəsindən gəlməyimə kömək etdi".

"Mələk üzlü körpələrin plakatları yaxşıdır, amma çətinliklərdən danışan da olsun"

Filsidin profilaktikasından danışanda daha çox prezervativin təbliğatından və bebi-bokslardan söz açırlar. Bundan başqa, həm Rusiya, həm də Qərb həkimləri analardakı psixi pozuntulara, o cümlədən, doğuş sonrası depressiyaya nəzarət etməyin vacibliyini vurğulayırlar.

"Əslində, hələ doğuşdan əvvəl bütün mümkün ssenarilər nəzərdən keçirilməlidir. Qadının öz anasıyla münasibətləri, özünə və partnyoruna münasibəti müzakirə olunmalıdır, çünki bütün bunlar qadının doğuşdan sonrakı vəziyyətinə təsir edir. Ana və onun mələk simalı körpəsini əks etdirən plakatlardan başqa, vəziyyətin başqa cür ola biləcəyini də izah edən də olmalıdır", - psixoloq Marina Bilobram belə deyir.

Moskvada və regionlarda kritik situasiyada olan qadınlar üçün mərkəzlər var. Onlara təkcə ailə zorakılığına məruz qalanlar yox, depressiyadan əziyyət çəkən qadınlar da müraciət edə bilərlər. Professor Kaçayeva hazırda həmin mərkəzlərin yarıboş olduğunu deyir:

"Çünki bizim qadınlar onlara müraciət etməyə qorxurlar. Qorxurlar ki, problemlərindən danışsalar, uşaqlarını əllərindən alarlar. Rayon psixiatrına müraciət etməyə də qorxurlar - xəbər verərlər, qeydiyyata salarlar, valideynlik hüququndan məhrum edərlər. Hətta ərlərinə və doğmalarına da deməyə qorxurlar - dəli deyib susdurarlar deyə".

Doğuş sonrası depressiyayla bağlı Edinburq şkalasından istifadə etməklə ananın ruh halını evdə də test etmək olar. Bu şkala üzrə 12 baldan yuxarı nəticə alınarsa, həkimə müraciət vacibdir. 5-11 bal arası nəticədə isə iki-dörd həftədən sonra təkrar test edib ananın vəziyyətinin yaxşılaşdığını və ya pisləşdiyini öyrənmək lazımdır.

"Bircə tez çıxsın məndən, yüngülləşim"

31 yaşlı Katerina beş abortdan sonrakı hamiləliyini, nəhayət, saxlamaq qərarına gəlir. Əri uşaqlarının olmasını çox istəyirdi, həkimlərsə onun artıq "yaşlı" olduğunu deyirdilər. Doğuşa qədər Katerina gecə klublarında promouter işləyirdi - "çoxlu vəd, pul və zərərli vərdişlər".

"Mənim ilk və tək övladım məni hər şeydən məhrum etdi. Hamiləlik həyatımın ən pis dönəmi oldu. Belə demək yaxşı deyil, amma ilk aylarda ümid edirdim ki, bəlkə həkimlər hansısa patologiyalar tapacaqlar, ya da vaxtından əvvəl doğuş başlayacaq və hamiləliyim pozulacaq. Amma belə olmadı, uşağın vəziyyəti normalı idi", - Katerina belə deyir.

Doğuşa o bu fikirlə getmişdi: "Bircə tez çıxsın məndən, yüngülləşim". Doğuşdan sonra yenə əvvəlki kimi işləmək və səyahət etmək istəyirdi. Amma depressiyaya yaxalandı.

"Düzdü, daha ürəyim bulanmırdı, uşaq da sakitiydi, amma artıq normal həyatım yoxuydu... Pulum azalmışdı. Vaxtın və pulun yoxdu deyə manikürə gedə bilməmək... Bu, dəhşətli bir şeydir. Bütün bunlar mənə əzab verirdi və bir gün vəziyyətim lap pisləşdi".

"Hamı uşağını pəncərədən atmaq istəyir, mənsə bunu istəmirdim. Amma həmişə onu arabasında gəzdirəndə arabaqarışıq maşının qabağına itələmək istəyirdim. Detallı şəkildə gözümün qabağına gətiridim ki, arabanı necə əlimdən buraxıram və maşın onu necə əzir. Onda uşağa yazığım gəlirdi.

Eyni zamanda özümə də yazığım gəlirdi. Arabanı itələyə bilmirdim, amma bu fikir də başımdan getmirdi. Mənə elə gəlir ki, normal qadınların ağlına belə fikir gəlməz", - bu qənaətini Katerina sonda ağzından qaçırır.

Ryazanova psixoloqa müraciət etməyib, ona görə də bilmir ki, qadın öz düşüncələrinin təhlükəli olduğunu anladığı müddətcə psixoloqlar onların olmasını normal hesab edirlər.

"Anama deyirdim ki, mən uşağı az istəyirəm. Ancaq o məni dinləmirdi. Ərimə də deyirdim. Cavab verirdi ki, sən anormalsan. Deyirdi ki, öz uşağını necə sevməmək olar? Özü oğlumuzla çox məşğul olurdu, onu çox sevirdi.

Mən uşaq arabasıyla bağlı zəhlətökən fikirlərimi ərimə deyəndə o mənə ikinci uşağı doğmağı təklif etdi - qardaşlar birlikdə darıxmazlar deyə". Amma Katerina növbəti dəfə hamilə qalanda gizlicə aborta gedir və bunu ərinə ancaq əməliyyatdan gələndən sonra deyir.

Depressiyadan qurtulmaq üçün Ryazanova "Facebook"da çətin situasiyalı analara dəstək qrupu tapır: "Tək olmadığımı bilmək məni yüngülləşdirir. Sevinirəm ki, bütün bunlar haqqında açıq danışmaqdan utanmayan qadınlar var. Doğuşdan sonra yalnız poni və göy qurşağı şəkilləri paylaşmırlar".

Katerina hesab edir ki, ana kimi yaşamağı artıq öyrənib. Doğuşdan sonrakı səkkizinci ayda uşaqdan xilas olmaq fikri yox olub.

2019-cu ilə bir gün qalmış Katerinanın əri gecə yatıb, səhər oyanmayıb - yuxuda ürəyi dayanıb. Onun valideynləri Ryazanovanı və uşağını mənzildən çıxarıblar. İki yaşlı oğluyla birlikdə o, anasıgilə köçmək məcburiyyətində qalıb. Hazırda ana-bala Katerinanın valideynlərinin hesabına yaşayırlar.

"İşə düzəlmək istəyirəm, amma uşağı yanına qoymağa adam yoxdur. Heç kim ona baxmaq istəmir, hətta anam da. Çünki indi bostanda işin çox olan vaxtıdır".

Biz Katerinayla aprel ayından ünsiyyətdəyik. Bu müddət ərzində onun vəziyyəti pisləşib. "Böyük sevgi rastıma çıxmadı. "İnstaqram"da olanlardan. Əlbəttə, uşağımı təmin etmək üçün mən əlimdən gələni edirəm. Amma onunla nəfəs almıram. Hərdən beynimə girir ki, uşaq olmasaydı, çoxdan özümə iş tapmışdım, amma indi ilişib kənddə qalmışam. Sonra fikirləşirəm ki, uşağın heç bir günahı yoxdur".

İyun ayında səhər saat 3-də Katerinadan mesaj aldıq: "Gücüm tükənib. Nədən-kimdən güc alacağımı da bilmirəm. Pulsuzluqdur. Bacım dalaşır, anam kömək etmir. Uşaq çox sevimlidir, amma mən onunla amöb kimiyəm, danışdırmağa da, oynatmağa da ərinirəm. Məni ağrıdan şeylərdən biri də budur. Mən sizə hər şeyin yaxşı olduğunu deyirdim, amma yox, elə deyil".

İllüstrasiyalar: Tatyana Ospennikova

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.