Maraqlı

Şəban – özünütərbiyə ayı

13 Aprel 2019 08:25
0 Şərh     Baxış: 695

Allahın lütf və mərhəməti sonsuz olduğu kimi, namaz, oruc, Allah evinin və məsumların ziyarəti, Quran tilavəti və digər ibadətlərin bərəkətləri də sonsuzdur. Çünki onların mənşə və mənbəyi sonsuzdur. İbadət əhlinin ibadətin bərəkətlərindən bəhrəsi bərabər deyil, əksinə hər kəsin öz tutumu, təqva və imanı qədər bəhrəsi var. Yağış çox yağsa da, hər torpaq və sahənin payı-bəhrəsi genişliyi qədərdir. Hər insanın ondan bəhrəsi isə yağışın altına tutduğu qabın tutumundan asılıdır.

Milli.Az maide.az-a istinadən bildirir ki, biz ibadət zamanı Allahın sonsuz qaynar rəhmət çeşməsinə doğru üz tutsaq da, hər birimiz özümüzlə götürdüyümüz qabın tutumu qədər həmin çeşmədən istifadə edə bilirik.

Müxtəlif gül-çiçəklərlə bəzədilmiş mer-meyvəli bir bağa girib-çıxan insanları nəzərdən keçirin; əgər bu bağa bir çoban girsə, öz qoyunlarına yem yığmaq üçün ot-ələf axtarmağa başlayacaq! Başqa bir şəxs bağın meyvələrindən bəhrələnəcək! Bağa girən bir filosof isə, Rəbbin qüdrətini müşahidə edəcək və öz-özünə deyəcək: "Həmd-səna belə gül-çiçəkləri, yaşıl ağacları, dadlı meyvələri və maraqlı mənzərəni xəlq edən Allaha məxsusdur!" Bəli, həmin bağdan istifadə hamı üçün bərabər olsa da, hər kəs öz tutumu həddində faydalanır.

İmam Əli (ə) bir hədisdə elə bu mətləbə toxunaraq buyrurur:

كَمْ مِنْ صائِمٍ لَيْسَ لَهُ مِنْ صِيامِه‏ الَّا الْجُوعُ وَ الظَّمَأُ، وَ كَمْ مِنْ قائِمٍ لَيْسَ لَهُ مِنْ قِيامِه‏ الّا السَّهَرُ وَ الْعَناءُ، حَبَّذا نَوْمُ الْاكْياسِ وَ افْطارُهُمْ

"Nə çox oruc tutan var ki, oruc tutmağından ona aclıq və susuzluqdan başqa bir şey qalmır. Nə çox ibadət edən (gecə namazı qılan) var ki, namaz qılmasından ona oyaqlıq və xəstəlikdən başqa bir şey qalmır. Zirək və qanacaqlı insanlara afərin ki, onların yuxusu və iftarı (müstəhəb oruc açmaları) elə insanların ibadətlərindən necə də gözəldir!" ("Nəhcül-bəlağə", qısa kəlamlar 145; bu rəvayət xülasə olaraq Peyğəmbəri-Əkrəmdən də nəql olunmuşdur - "Mizanul-hikmət", fəsil 2356, hədis 10639.)

Bəli, bu hədis bəzi müsəlmanların namaz qılması və oruc tutmasından yalnız yuxusuzluq, aclıq və susuzluqdan başqa bir şey qazanmadıqlarını aşılayır. Bunun müqabilində, bəziləri isə mübarək Ramazan ayında bütün günahlarını bağışlatdırır; biri həmin aydan müqavimət dərsi alaraq, şeytanı və nəfsi istəkləri zəncirləyir, biri təqva məqamına yüksəlir və bir başqası da, ilahi ziyafət məqamına nail olaraq, bərəkətli adlanan bu süfrəyə yığılmış mənəvi qidalardan layiqincə bəhrələnir.

Burada belə bir sual qarşıya çıxır: Allahın qaynar çeşməsindən layiqincə bəhrələnmək üçün nə etməliyik?

Cavab budur ki, öz mərifət səthimizi yüksəltməli və hazırlıqlarımızı artırmalıyıq. Buna görə də, Şəban ayı özünütərbiyə, Ramazan ayı isə faydalanmaq ayı adlanmışdır. Odur ki, insan, qonaqlıq zamanı yox, əksinə qonaqlığa getməzdən öncə hazırlıq görür, təmiz libaslarını geyinir! Biz də Ramazan ayında ilahi ziyafət süfrəsindən layiqincə bəhrələnmək üçün Şəban ayında hazırlıq görməli, günahlardan tövbə etməli və göz, qulaq və dilimizi nəzarətdə saxlamalıyıq ki, qəlbimiz Allah nuru və Quran ayələri ilə işıqlansın.

Mili.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.