Maraqlı

Qardaş qətlləri, Qan xəracı, Şahzadələr üçün qəfəslər... Osmanlı imperiyası ilə bağlı 10 DƏHŞƏTLİ FAKT - FOTO

9 Avqust 2018 12:00
10 Şərh     Baxış: 14 704

Yüz illər boyunca Osmanlı imperiyası müasir Türkiyə, cənub-şərqi Avropa və Yaxın Şərq ərazisində hökmranlıq edib. Bugün bu imperiyaya olan maraq heç zaman olmadığı dərəcədə böyükdür - müxtəlif seriallar çəkilir, pisi-pis, yaxşını-yaxşı kimi qələmə verirlər. Lakin bununla belə, osmanlıların yad gözlərdən gizlədilən bir çox "qaranlıq" sirlərinin olduğunu bilənlər azdır.

Milli.az tarixi sənədlərə istinadən Osmanlı İmperiyasının bir sıra "qaranlıq" sirlərini oxucularına təqdim edir.

1. Qardaş qətlləri

Erkən Osmanlı sultanları (padşahları) bütün mirasın böyük oğula keçdiyi ilkinlik ənənəsini tətbiq etməmişlər. Nəticədə, çox vaxt bir neçə qardaş taxt-taca iddialı olurdu. İlk onilliklərdə potensial varislərin bəzilərinin düşmən dövlətlərdə gizləndiyi və uzun illər boyunca çoxsaylı problemlər yaratdığı hallara tez-tez rast gəlinirdi.

Fateh Mehmedin Konstantinopolu mühasirəyə aldığı zaman onun doğmaca əmisi qala divarlarından ona qarşı vuruşurdu. Mehmed sözügedən bu problemin öhdəsindən xüsusi amansızlıqla gəlir. O, hakimiyyətə gələndə, kişi qohumlarının böyük qismini edam etmiş və hətta körpə qardaşını beşikdəcə boğub öldürmək əmrini vermişdi. Bir müddət sonra Fateh Mehmed özünün bədnam məşhurluq qazanmış qanununu qəbul etmişdi. Sözügedən qanun aşağıdakı kimidir: "Səltənətə sahib olacaq oğullarımdan hər hansı biri öz qardaşlarını öldürməlidir". Həmin andan etibarən, hər bir yeni sultan bütün kişi cinsindən olan qohumlarını öldürərək taxta çıxırdı.

Məsələn, III Mehmedin 19 nəfər qohumunu öldürməsi faktı çox adama məlumdur. Onun kiçik qardaşı ondan rəhm diləyərkən, dərddən saqqalını yolub qoparmışdı. Lakin bununla belə, "ona bir kəlmə demədən", onu, digər 18 qardaşı ilə birlikdə edam etmişdi. Süleyman Qanuni (Möhtəşəm Süleyman) isə orduda çox məşhurlaşmış və onun hakimiyyəti üçün təhlükə törətməyə başlayan oğlunun kirişlə (yay ipi ilə) boğulub öldürüldüyünü dinməzcə pərdə arxasından izləmişdi.

2. Şahzadələr üçün qəfəslər

Qardaş qətli siyasəti xalq və ruhanilər arasında heç vaxt alqışlanmayıb və 1617-ci ildə I Əhmədin qəfil ölümündən sonra bu siyasətdən imtina edilmişdi. Bütün potensial (mümkün) varislər öldürülmək əvəzinə, İstanbuldakı Topqapı sarayının "Kafes" (qəfəs) kimi məşhurlaşan xüsusi otaqlarına yerləşdirilməyə başladı. Belə ki, Osmanlı imperiyasının bu və ya digər şahzadəsi ömrünün sonuna qədər keşikçilərin daimi nəzarəti altında "Kafes"də saxlanıla bilərdi. Lakin varislərin, bir qayda olaraq, kef-səfa içində saxlanıldığına baxmayaraq, şahzadələrin (sultan oğullarının) əksəriyyəti ya darıxdıqlarından dəli olmuş, ya da əyyaşlıq və içki düşkünlüyünə düçar olmuşdu. Bu, heç də təəccüblü deyil, çünki onlar istənilən an edam oluna biləcəklərini yaxşı bilirdilər.

3. Cəhənnəmə bənzəyən saray

Hətta sultan üçün belə Topqapı sarayındakı həyat son dərəcə cansıxıcı ola bilərdi. O vaxtlar sultanın çox danışmasının ədəbsizlik olduğuna dair fikir formalaşmışdı, bu səbəbdən xüsusi bir işarə dili tətbiq edilmişdi və sultan vaxtının çox hissəsini tam sükutda keçirirmiş.

Bunun dözülməz olduğunu hesab edən I Mustafa bu qaydanı ləğv etməyə cəhd etmiş, vəzirləri isə bu qadağanı təsdiqləməkdən boyun qaçırmışdılar. Nəticədə çox keçmədən Mustafa dəli olmuşdu. O, "qoy heç olmazsa, balıqlar bu pullardan nəyəsə xərcləsin", deyə tez-tez dənizin sahilinə gəlib, suya sikkələr (pullar) atırmış.

Sarayın ab-havasına, sözün həqiqi mənasında, fitnə-fəsad hopmuşdu - saray əhlinin vəzirlərdən tutmuş, hərəmağalarına kimi hər kəs hakimiyyət uğrunda mübarizə aparırdı. Hərəmin qadınları böyük nüfuza sahibləndi və nəticədə imperiyanın həmin dövrü "qadınların səltənəti" kimi məşhurlaşdı. Bir gün III Əhməd özünün böyük vəzirinə belə yazmışdı: "Bir otaqdan o birisinə keçəndə, dərhal dəhlizdə 40 adam düzülür, əynimi belə keşikçilərin nəzarəti altında geyinirəm... Tək qalmaq mənə heç nəsib olmur".

4. Cəllad səlahiyyətli bağban

Osmanlı hökmdarları öz təbəələrinin həyatı və ölümü üzərində tam hakimiyyətə malik idi və bu səlahiyyətlərindən əsla çəkinmədən yararlanırdılar. İltimasçılarla qonaqların qəbul edildiyi Topqapı sarayı müdhiş bir yer idi. Orada kəsilmiş başların asıldığı iki sütun, həmçinin sırf cəlladların əllərini yuması üçün nəzərdə tutulan xüsusi bir fəvvarə var idi. Sarayda vaxtaşırı həyata keçirilən yaramazlardan və təqsirkarlardan təmizlənmə vaxtlarında sarayın daxili həyətində qurbanların kəsilmiş dillərindən ibarət kurqanlar qalaqlanırdı.

Maraqlısı odur ki, osmanlılar cəlladlar korpusu yaratmağa macal tapmayıblar. Qəribə də olsa, cəlladlıq vəzifəsi öz vaxtını qətllər və son dərəcə gözəl güllərin becərilməsi arasında paylaşdıran saray bağbanlarına həvalə edilmişdi. Qurbanların əksəriyyətinin başı kəsilirdi. Lakin sultan ailəsi üzvlərinin və yüksəkçinli məmurların qanının axıdılması qadağan olunduğu üçün, onlar boğulmaqla qətlə yetirilirdi. Məhz bu səbəbdən idi ki, baş bağban istənilən kəsi qısa zamanda boğmağa qadir olan yekəpər və qüvvətli birisi olurdu.

5. Ölümcül yarış

Günah işləmiş məmurların sultanın qəzəbindən qurtulmasının yeganə bir yolu var idi. XVIII əsrin sonlarından başlayaraq, belə bir ənənə meydana çıxdı ki, məhkum edilmiş böyük vəzir baş bağbanla saray bağları ilə qaçmaq yarışında qalib gəldiyi təqdirdə öz acı müqəddəratından qurtula bilərdi. Belə ki, vəzir baş bağbanla görüşə çağırılırdı və qarşılıqlı salamlaşmadan sonra vəzirə dondurulmuş şərbət qədəhi verilirdi. Qədəhin içindəki şərbətin rəngi ağ idisə, vəzir möhlət alırdı, şərbətin rəngi qırmızı olduğu halda isə onu edam gözləyirdi. Edama məhkum olunmuş adam şərbətin qırmızı olduğunu görən kimi, dərhal saray bağlarında bitən kölgəli sərv ağaclarının və zanbaqların arası ilə qaçıb qurtulmalı idi. Məqsəd bağın əks tərəfindəki, balıq bazarına tərəf açılan darvazaya çatmaqdan ibarət idi.

Yeganə problem o idi ki, vəzir qaçarkən, onu əlində ipək iplə təqib edən adamın hər zaman ondan cavan və güclü olması idi. Bununla belə, bir neçə vəzir təqibdən qurtulmağı bacarmışdı. Onlar arasında bu sayaq yarışların axırıncı iştirakçısı olan axırıncı vəzir Hacı Salih paşa da var idi. Nəticədə o, sancaq bəyi (əyalətlərin birinin qubernatoru) vəzifəsinə təyin edilmişdi.

6. Günah keçiləri (qapazaltılar)

Böyük vəzirlərin nəzəri baxımdan səllahiyyətcə sultanlardan bircə pillə aşağı olduqlarına baxmayaraq, bu və ya digər yanlışlıq halında onlar bir qayda olaraq, edam olunur, yaxud da "günah keçisi" (qapazaltı) qismində qəzəblənmiş və onları parçalamağa hazır olan camaatın məhkəməsinə həvalə edilirdilər. Yavuz Sultan Səlimin (I Səlimin) dövründə o qədər böyük vəzir dəyişildi ki, artıq vəzirlər öz vəsiyyətnamələrini həmişə özləri ilə daşımağa başlamışdılar. Günlərin bir günü sultan edam olunacağına dair əvvəlcədən xəbərdar olunmasını xahiş edən vəzirlərdən birinə onu əvəz etmək arzusunda olanların artıq növbəyə düzüldüyü cavabını vermişdi. Vəzirlərin vəzifələrindən biri də nəyinsə ürəyincə olmadığı təqdirdə, toplaşaraq sarayın qarşısına gəlib edam tələb edən İstambul camaatını sakitləşdirmək idi.

7. Hərəm

Topqapı sarayının bəlkə də ən diqqətəlayiq yeri sultan hərəmi idi. Orada əksəriyyətinin satın alınmış və ya qaçırılmış cariyələr (kənizlər) olduğu 2000-ə yaxın qadın var idi. Sultanın bu arvadları ilə cariyələri qıfıl altında saxlanılırdı, onları gözucu belə görən istənilən yad adam isə yerindəcə edam olunurdu.

Hərəmin özü böyük səlahiyyətə malik olan baş hərəmağası tərəfindən nəzarət və idarə olunurdu. Hərəmdəki həyat şəraitinə dair dövrümüzə gəlib çıxan məlumatlar o qədər də çox deyil. Məlumata görə, cariyələrin sayı o qədər çox idi ki, bəziləri ömürləri boyunca bircə dəfə də olsun sultanla üzləşməmişdilər. Bəziləri isə sultan üzərində elə böyük bir səlahiyyətə yiyələnmişdilər ki, hətta siyasi məsələlərin həllində belə iştirak etmişdilər.

Belə ki, Roksolana adlı ukraynalı gözələ (1505-1558) dəlicəsinə aşiq olmuş Sultan Süleyman Qanuni onunla ailə quraraq, onu özünün baş müşaviri təyin etmişdi. Roksolananın imperiyanın siyasətinə o qədər böyük təsiri var idi ki, Barbarossu quldurlarından biri böyük vəzirdən Sultan Süleymanın diqqətini cəlb etmək ümidi ilə italyan gözəli Culiya Qonzaqanı (qrafinya Fondi, yaxud da Trayetto hersoginyası) qaçırıb hərəmə gətirmək kimi təhlükəli bir tapşırıq almışdı. Nəticədə bu plan baş tutmamışdı, Culiyanı qaçırmaq mümkün olmamışdı.

Roksolanadan daha böyük nüfuza yiyələnmiş daha bir xanım da Kösəm Sultan (1590-1651) idi. O, oğlunun, sonralar isə nəvəsinin əvəzinə səltənət naibi (padşahı əvəz edən adam) qismində imperiyanı idarə etmişdi.

8. Qan xəracı

Erkən Osmanlı hakimiyyətinin məşhur xüsusiyyətlərindən biri də devşirmə ("qan xəracı") - imperiyanın qeyri-müsəlman əhalisinə qoyulan vergi idi. Sözügedən bu vergi növü xristian ailələrinin gənc oğlan uşaqlarının toplanmasından ibarət idi. Bu oğlan uşaqlarının əksəriyyəti Osmanlı istilaları zamanı ön cəbhələrdə istifadə olunan yeniçərilər - qul-əsgərlər korpusuna alınırdı. Devşirmə müntəzəm surətdə tətbiq edilmirdi, adətən bu vergi növünə sultan və ya vəzirlər imperiyaya əlavə işçi qüvvəsi ilə əsgərlərin tələb olunduğunu qərar verdikləri vaxtlarda müraciət edilirdi. Bir qayda olaraq, 12-14 yaşlı ən güclü (orta hesabla, 40 ailəyə 1 nəfər) oğlan uşaqları Misirdən və Balkanlardan yığılırdı.

Topladıqları oğlan uşaqlarını Osmanlı məmurları bir yerə yığıb, İstanbula aparır və orada siyahıya alır (hansısa birinin qaçmasının qarşısını almaq məqsədilə, qeydiyyat təfərrüatlı şəkidə aparılırdı), sünnət edir və məcburi surətdə İslamı qəbul etdirirdi. Uşaqlar arasında ən göyçəkləri və ya ağıllıları saraya göndərilir və orada təlim keçirdilər. Həmin uşaqlar olduqca yüksək rütbələrə çatmaq şansına malik idi və onların əksəriyyəti nəticədə paşa və ya vəzir vəzifəsinə təyin olunurdu. Qalanları isə elə ilk başdan səkkiz illik müddətinə təsərrüfat işlərinə göndərilir və orada paralel olaraq türk dilinə yiyələnir və fiziki hazırlıq keçirdilər.

20 yaşlarında bu oğlanlar artıq rəsmi olaraq imperiyanın sarsılmaz intizamı və sədaqəti ilə məşhurlaşan seçmə əsgərləri - yeniçərilər olurdu. XVIII əsrin əvvəllərində yeniçəlirəlin övladlarına qəbulolma icazəsi veriləndən sonra korpusun öz xərclərini qarşılamaq qabiliyyətinə malik olması ilə qan xəracı sistemi öz əhəmiyyətini itirdi.

9. Köləlik ənənəsi

XVII yüzillik boyunca devşirmədən (köləlikdən) tədricən imtina olunmasına baxmayaraq, bu hal XIX əsrin sonlarına qədər Osmanlı sisteminin əhəmiyyətli xüsusiyyətlərindən biri kimi qalmağa davam etdmişdi. Krım-tatar basqınlarının rusların, ukraynalıların və polşalıların daimi axınını təmin etməsinə baxmayaraq, kölələrin əksəriyyəti Afrikadan və ya Qafqazdan gətirilirdi (üstünlük, əsasən, adıgeylərə verilirdi).

İlkin olaraq müsəlmanların kölə halına salınması qadağan edilmişdi, lakin qeyri-müsəlmanların axını tükənməyə başladıqda, bu qayda yavaş-yavaş unudulmağa başladı. Bir sıra əhəmiyyətli fərqliliklərə malik olan islam köləliyi, Qərb köləliyindən asılı olmayaraq, güclü şəkildə inkişaf etməyə başladı. Məsələn, Osmanlı kölələrinin azadlıq alması və ya cəmiyyətdə bu və ya digər nüfuza yiyələnməsi nisbətən asan məsələ idi.

Milyonlarla insan əsarətlər zamanı və ya son dərəcə ağır əmək nəticəsində həlak olmuşdu. Hələ hərəmağalarının (xədimlərin) sıralarının artırılması məqsədilə həyata keçirilən axtalanma prosesindən danışmırıq. Kölələr arasında ölənlərin sayının yüksək həddə olmasına sübut olaraq, müasir Türkiyədə afrikalıların çox az sayda qalmasına baxmayaraq, osmanlıların Afrikadan milyonlarla kölə gətirməsi faktını göstərmək olar.

10. Kütləvi qətllər

Bütün sadalananlara baxmayaraq, osmanlıların kifayət qədər loyal bir imperiya olduğunu da etiraf etmək gərəkdir. Onlar, devşirmə istisna olmaqla, qeyri-müsəlman təbəələrinə öz dinlərini qəbul etdirmək cəhdləri etməmişdilər. Onlar İspaniyadan qovulmuş yəhudiləri qəbul edirdilər. Heç bir zaman öz təbəələri arasında ayrıseçkilik salmır, onların hüquq bərabərliyini pozmurdular, imperiyanı isə çox vaxt yunanlar və albanlar (söhbət məmurlardan gedir) idarə edirdi. Lakin istənilən bir təhlükə hiss etdikləri vaxtlarda türklər son dərəcə amansız davranırdı.

Misal üçün, Yavuz Sultan Səlim (I Səlim) islamın havadarı qismində onun nüfuzunu inkar edən və İranın "ikili casusları" ola biləcəklərini güman etdiyi şiələrdən çox narahat idi. Nəticə olaraq, o, imperiyanın demək olar ki, bütün şərqini qılıncdan keçirdi (ən azından 40 minə yaxın şiə qətlə yetirildi, onların kəndləri isə yerlə yeksan edildi). Yunanlar ilk dəfə müstəqillik uğrunda mübarizəyə qalxdıqda, osmanlılar üsyançılara qarşı bir sıra müdhiş qırğınlar həyata keçirən alban partizanlarının köməyinə müraciət etdilər.

Zaur Həsənəliyev
Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Elshan · 9 Avqust 12:1110

    Muasir dunyada da idareetme prinsipinde deyishilen nese varmi?

    Cavab yaz
  • Anonim
    $$$$$$$$ · 9 Avqust 12:4769

    Osmanlıları Məhv olsun! Yaşasın Səfəvilər! Şərhi verin

    Cavab yaz
    • Anonim
      Qumru · 9 Avqust 14:0821

      Yawasin Azerbaycan!!!!

      Cavab yaz
    • Anonim
      Dd · 9 Avqust 16:3312

      Səfəvilər farslardı.biz türkük.sən kimsən??

      Cavab yaz
    • Anonim
      asi · 9 Avqust 17:0632

      Nə Səfəvi yaşamır nə Osmanlı..Yaşasın Azərbaycan, Türkiyə...Başqaları yaşamasa da olar..

      Cavab yaz
  • Anonim
    Qumru · 9 Avqust 14:0921

    Tarixin her bir sehifesi maraqlidir. Amma yaxwi ki, o dovrde yawamamiwam.

    Cavab yaz
  • Anonim
    Daglı · 9 Avqust 17:5520

    Ermənilər Qarabag ərazisinə ilk dəfə Osmanlıların Qarabaga yürüşü zamanı yerləşdirilib, biləsiz. Yəni, Osmanlılar Qarabaga girən zaman, Qarabagın şiə əhalisi sünni təriqətli adamlara tabe olmamaq üçün oranı tərk etdikcə ərazilər boşalıb.Osmanlılar arasında olan xristian döyüşçülər osmanlı paşalarına pul verərək həmin əraziləri alıb və sonradan həmin ərazilərə ermənilər yerləşdirilib, bax belə!

    Cavab yaz
    • Anonim
      asi · 9 Avqust 18:2830

      Işləri korlayan təriqət olub desənə..

      Cavab yaz
      • Anonim
        Daglı · 9 Avqust 20:5830

        Gərək, osmanlı türkləri də satmazdı bizim ölkəmizi.

        Cavab yaz
  • Anonim
    7 · 10 Avqust 01:0311

    Yaşasın OSMANLI!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.