Maraqlı

Döyülən, öldürülən, yandırılan, qaçan müsəlmanlar - 500 min zavallı - FOTO

14 Oktyabr 2017 12:35
3 Şərh     Baxış: 2 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Myanmanın Rakhayn bölgəsində müsləman rohincalara tutulan divan, edilən zülm və vəhşiliklər davam edir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dünən yaydığı hesabatda bildirilir ki, Myanmadan artıq 500 min rohinca qovulub. Ölkədə etnik azlıq olan rohincalara qarşı təqiblər və hücumlar avqustun 25-dəki terror aktlarına qədər də geniş miqyasda idi.

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Rəad əl Hüseynin dediyinə görə, Myanmanın hakimiyyət dairələrinin yürütdükləri siyasət rohincaların geri qayıtmaq imkanın məhrum edilərək zorla qovulmasını nəzərdə tutan məkrli plandır.

"Əldə etdiyimiz dəqiq məlumatlar və faktlar göstərir ki, Myanmanın güc strkturları Rakhayn ştatının şimalında rohincalara əməlli-başlı divan tutublar, onların evlərini və hətta kəndlərini yandırıblar. Bu addımların məqsədi etnik azlığı yox etməkl yanaşı, rohincaların geri qayıtmasına mane olmaqdır. Myanmanın güc strukturları rohincalara hücumlarda silahlandırılmış buddistlərdən də istifadə ediblər", - hesabatda deyilir.

Dünən daha 11 min rohinca müsəlmanı Mayanma sərhədini keçərək Banqladeşə üz tutublar.

Bu ilin avqust ayından bəri isə toplam olaraq 500 min rohinca müsəlmanı Myanmadan Banqladeşə qaçıb.

Myanmada rohincalara nə baş verib?

Uzun onilliklərdir ki, hərbi diktaturanın hakim olduğu, əsasən, buddist ölkədə fərqli etnik və dini icmalar arasında qarşılıqlı inamsızlıq mövcuddur. Hökumət isə ya buna göz yummağa üstünlük verir, ya da öz maraqları naminə vəziyyətdən istifadə edir.

Ölkənin qərbində yerləşən Rakhayn ştatında buddistlərlə yanaşı, rohincalar adlanan müsəlmanlar məskunlaşıb. Onlar buraya tarixən Benqal, hazırda Banqladeş adlanan ərazidən köçüblər.

Myanma hakimiyyəti Rohinca müsəlmanlarını qeyri-qanuni sayır və onlara vətəndaşlıq verməkdən imtina edir.

Rohinca müsəlmanları kimdir?

Rakhayn ştatında təxminən 1 milyon Rohinca müsəlmanı yaşayır. Son dövrlərdəki iğtişaşların baş verdiyi Banqladeş ilə sərhəd şəhərlərin əhalisinin əksəriyyəti müsəlmandır.

2012-ci ildə ştatın buddist sakinləri ilə dinlər arası zorakı hücumlarda 100 mindən artıq rohinca müsəlmanının evsiz qaldığı güman edilirdi. On minlərlə rohinca müsəlmanı isə hələ də müvəqqəti düşərgələrdə yaşayır və onların oradan çıxmaq icazəsi yoxdur.

Münaqişənin yenidən vüsət almasına səbəb isə bir buddist ailədə gənc qızın zorakılığa məruz qaldıqdan sonra öldürülməsi olub.

Myanmadan Banqladeşə uzun illər ərzində qaçmağı bacaran rohinca müsəlmanları sənədsiz yaşayırlar.

Xaricdəki insan haqları qrupları, birləşmiş rohinca müsəlmanları iddia edirlər ki, onlar zorakılıq qurbanıdırlar. Rakxaynda yaşayan buddistlər isə əksini iddia edirlər.

Hazırkı hadisələr necə vüsət alıb?

Myanmadakı vəziyyət, 2017-ci il avqustun 25-i "Arakan rohincalarının Qurtuluş Ordusu" (Arsa) döyüşçülərinin 30-a yaxın polis postu və Myanma ordusu bazasına əlaqəli hücumundan sonra baş qaldırıb.

Təhlükəsizlik qüvvələrinin 12 əməkdaşı öldürülüb və döyüşçülər 14 dinc sakinin ölümündə də şübhəli bilinirlər.

Myanma rəhbərliyi bildirir ki, islamçı üsyançılar qruplaşması olan Arsa, beynəlxalq terror təşkilatları ilə əlaqədədir və maliyyə və digər yardımlar alır. Arsa üzvləri isə terrorizmlə bağlı irəli sürülən bütün iddiaları təkzib edirlər.

Bundan sonra qoşun anti-terror əməliyyatına başlayıb.

Myanma hərbçiləri bildirblər ki, hökumət qüvvələri ilə Rakxayn vilayətindən olan Rohinca döyüşçüləri arasındakı toqquşmada təxminən 400 nəfər öldürülüb və demək olar ki, öldürülənlərin hamısı döyüşçülərdir.

Jurnalistlər bu vilayətə buraxılmadığına görə konkret rəqəmləri təsdiqləmək mümkün deyil.

İnsan haqları təşkilatı Human Rights Watch peykdən əldə olunan şəkillərə istinadən iğtişaşların 10-a qədər rayonda baş verdiyini bildirir. Yerli jurnalistlər isə Banqladeş ilə sərhəd kəndlərin yandırıldığını deyirlər.

Hakimiyyət orqanları yanğının döyüşçü islamçılar tərəfindən müsəlman kəndlərində məqsədyönlü şəkildə edildiyini desə də, Banqladeşə qaçan Rohinca müsəlmanları yanğınların Myanma hərbçiləri tərəfindən başladıldığını və qəzəbli buddistlərin müsəlmanların evlərini yandırdığını iddia edirlər.

Arsa nədir?

"Arakan Rohincalarının Qurtuluş Ordusu" (digər adı - "Arakan əl-Yakin" və ya "inam hərəkatı") özü haqqında ilk dəfə 2016-cı ilin oktyabrında məlumat yayıb. Bu zaman onun döyüşçüləri polis bölmələri üzərinə bənzəri hücum edərək doqquz nəfəri öldürmüşdü.

Qruplaşma iddia edir ki, onun məqsədi Rohinca milli azlığını Myanma hökumətinin repressiyasından qorumaqdır.

Myanma hökuməti isə iddia edir ki, bu terrorçu qruplaşmadır və rəhbərləri xaricdəki məşq düşərgələrində təlim alıb.

Həbs olunan döyüşçülərin işi ilə bağlı istintaq qrupunun rəhbəri bildirib ki, Arsa-nın məqsədi "Rohinca xalqı üçün demokratik İslam dövləti qurmaqdan ibarətdir".

"Beynəlxalq Böhran Qrupunun" məlumatlarına əsasən, qruplaşmanın rəhbəri Ata Ulla adlı milliyətcə rohinca olan şəxsdir. O, Pakistanda doğulub, Səudiyyə Ərəbistanında böyüyüb, Məkkədə dini təhsil alıb və hələ də bu ölkə ilə yaxın əlaqələri mövcuddur.

Lakin "Arakan Rohincalarının Qurtuluş Ordusunun" nümayəndəsinin Asia Times-a verdiyi müsahibədə, onun cihadçı qruplaşmalar ilə heç bir əlaqəsinin olmadığını deyib və qruplaşmanın 2012-ci ildəki iğtişaşdan sonra vəziyyətin gərginləşməsindən narahat olan gənc rohincalılardan ibarət olduğunu əlavə edib.

Yeri gəlmişkən, Beynəlxalq Böhran Qrupu, 2016-cı il dekabrın 16-ı Rakxayn ştatındakı vəziyyətlə bağlı hesabatında bildirib: "Bu yaxşı təşkil olunmuş və mailliyələşdirilən qruplaşmanın yaranması, Myanma dövlətinin Rakxayn ştatındakı müsəlmanlara qarşı uzun müddət davam etdirdiyi ayrı-seçkilik, haqq və vətəndaşlıq istəyinim rəddi də daxil olmaqla çətin problemlər ilə bağlı vəziyyəti tamamilə dəyişir".

Myanma hakimiyyəti isə yerli sakinlərin dediklərinə əsasən göstərir ki, hücumdan bir neçə ay əvvəl müsəlman kəndlərindən yüzlərlə gənc Arsa-nın tərkibinə qatılıb və Banqladeşdə hazırlıq keçib.

Banqladeş ilə sərhəddə vəziyyət necədir?

Banqladeşə qaçmağa çalışan rohincaların sayı avqustun 25-dən bəri dayanmadan artıb və sentyabrın əvvəli insan axınına çevrilib.

BMT-nin məlumatlarına əsasən, son 10 gün ərzində 87 min Rohinca müsəlmanı yaşadığı kəndlərdən qaçıb. Bu, ötənilki ümumi göstəricidən daha çoxdur.

Onların əksəriyyəti - qadınlar, uşaqlar və yaşlılardır və sərhədə bir çoxu travmalı və ya yaralı şəkildə çatır.

BMT-nin Banqladeş rəhbərliyinə etdiyi çağırışa rəğmən, sərhədi keçə bilməyən insanlar haqqında çoxsaylı məlumatlar da gəlir.

Hal-hazırda keçidə icazə var və təxminən 20 min Rohinca müsəlmanı iki ölkə sərhədində axan Naf çayında sıxışıb qalıb.

Humanitar təşkilatlar insanların batmaq təhlükəsini irəli sürürlər. Belə ki, keçən həftə 20 nəfərlik qrup batıb.

Myanma hakimiyyəti necə reaksiya verir?

Rəsmi orqanlar bəyan edir ki, təhlükəsizlik qüvvələri terrorçulara qarşı qanuni mübarizə aparır.

Rakxayn ştatındakı vəziyyət ilə bağlı BMT-nin bəyanatında, qaçqınların sözləri əsasında rohincalı qadınlar, kişilər və uşaqlara qarşı qəddar münasibətdən söz açılır. Myanmanın hərbi orqanları bu iddiaları inkar edir və onları uydurma adlandırır.

BMT hadisələrin genişmiqyaslı təhqiqatına başlayıb. Beynəlxalq Millətlər Təşkilatının insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyn ötən həftə bildirib ki, ştatdakı zorakılığın qarşısı alına bilərdi.

Bununla yanaşı, tanınmış hüquq müdafiəçisi və ölkənin faktiki lideri, Nobel sülh mükafatı laureatı, Myanma Xarici İşlər Naziri və dövlət müşaviri Aung San Suu Kyi-nin ünvanına işə qarışmadığına görə tez-tez tənqidlər edilir.

Müşahidəçilər göstərir ki, onun partiyasının 2016-cı ildə hakimiyyətə gəlməsindən sonra, ölkədə çox şey dəyişməyib. Eləcə də Konstitusiyaya əsasən, o, Myanmada xüsusi statusa malik silahlı qüvvələrə birbaşa təsir edə bilməz.

Mətbuata bu yaxınlarda vəziyyətlə bağlı şərh verən Aung San Suu Kyi bildirib ki, Rakxayn ştatındakı buddistlər, ştatın ümumi əhalisi üzrə saylarının azalmasından narahatdırlar və əlavə edib ki, iki icma arasındakı münasibətlərin qaydasına düşməsini istəyir.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.