Maraqlı

Məğlubedilməz savaş şirləri: necə yaranıb, niyə məhv oldular? - ARAŞDIRMA- VİDEO-FOTO

18 May 2011 08:01
Baxış: 3 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Onlar yaşadıqları dönəmin ən yaxşı piyada qoşunu, ən peşəkar döyüşçülər, ən cəsur əsgərlərdilər və tayı-bərabərləri də yoxdu. Qərb tarixçiləri bu adamları "sultanın əlisilahlı qulları" adlandırırlar. Amma onlar nə qullardı, nə də əlisilahlı adi adamlar. Bu insanlar hökmdarla sıx, ən xırda təfərrüatları belə, nizamlanmış münasibətlərdə olan hərbi elita idi.

Atdan düşüb atlanmaq istəməyənlərin əvəzinə...

XIII əsrdə monqol səmumundan qurtulmaq üçün qərbə yollanan türk tayfalarının bir qismi Kiçik Asiyaya çatdı. Onların arasında Osmanın başçılıq etdiyi "Qaya" tayfası da vardı.
Osmanlı imperiyasının böyüməsi çoxlü döyüşçü, özü də cəsur və qorxmaz, peşəkar və bacarıqlı əsgərlər tələb edirdi. Sultanın ehtiyacını duyan insanlar Şərqin hər yerindən axışıb osmanlı ordusunda "qazi", yəni dinin mühafizi və müdafiəçisi olmaq istəyirdilər. Onlar əmindilər ki, sultanın bayrağı altında döyüşərək din üçün savaşırlar. Buna görə də sultanın ordusunda qorxaqların sayı çox az idi. Di gəl, ildıırım sürətli və əla süvarilər olan bu insanlar piyada döyüşə bilmirdilər. Əslində, onlar at belindən enib vuruşmağı istəmirdilər də. Osmanlı türklərinin özləri də at belində cəngə üstünlük verirdilər.

Bütün buunlarla yanaşı, həmin əsgərlərin intizamı yaxşı deyildi.
Halbuki Osmanlı türklərinin ən qəvi düşmənləri olan bizanslılarla avropalıların əzəmətli qalaları, yaxşı müdafiə bacarıqları vardı. Süvari qoşunu isə düşmənin qalalarına və istehkamlarına qarşı gücsüzdü.
Sultan anlayırdı ki, bizanslılarla avropalılara qarşı müharibələr üçün ona yaxşı piyada qoşunu gərəkdir.
Ordudakı piyadalar yalnız müharibə vaxtı yığıldığından yaxşı təlim görməməklə yanaşı, intizamları da bərbaddı.
Çıxış yolu yalnız peşəkar piyada qoşununda idi. Fəqət, həmin qoşunu necə yaratmalı və peşəkarları haradan tapmalı?

Düşmən üstünə sel kimi axıb sürətli döyüşə alışmış süvarilərdən piyada qoşunları yaratmaq məqsədli uğursuz cəhdlərdən sonra Sultan Orxan Qazi 1330-cu ildə əsir xristianlardan ilk piyada alayı yaratdı.
Həmin alaydakılar əslində, xristian deyildilər. Onların hamısı İslamı qəbul edərək müsəlman olmuşdular.

Qılınc və əmudla yanaşı dərviş xirqəsi

Yeni yaradılmış dəstəni düşmənlərlə müharibələrdə vuran yumruğa döndərmək üçün İslamı qəbul etmiş xristian döyüşçülərdə Allah eşqi çox güclü olmalıydı. Buna görə də sultan "yeni piyadalar"ı məşhur dərvişlər olan "Bektaşiyyə"yə tapşırdı.
Rəvayətlərə görə, İslamı qəbul etmiş sabiq xristianlara Allahın yolunda vuruşmaq üçün xeyir-duanı Dəmirdaş Dədə veribmiş. 1000 nəfərlik dəstənin qazilərə çevrildiyi ayin zamanı o, ağ əbasının sağ qolunu qopardı və qarşısında durmuş "yeni piyada"nın başına qoydu. Ağ əba qolunun bir hissəsi əsgərin boynunun ardından aşağı düşmüşdü. Dəmirdaş Dədə onun qarşısında diz çökmüş əsgərin başı üzərində əllərini tutaraq dedi: "Ya Allahım, onları yeniçəri adlandırıram! Qoy onların cəsarət və mərdliyi zəfərli, qılıncları kəsərli, qolları təpərli olsun!"

Beləcə, İslamıı qəbul etmiş xristianlardan ibarət yeni qoşun "yeniçərilər" adlanmağa başladı və onlar "Bektaşiyyə"nin bir hissəsinə çevrildilər. Yeniçərilərin mənəvi hamisi Hacı Bektaş, papaqları arxadan sallanan ağ şallı, Dəmirdaş Dədənin ağ əbasının qoluna işarə olan börk oldu. Bektaşi dərvişləri həmişə yeniçərilərin yanında olur, onlarla yürüşlərin ağırlıq və zillətiini bölür, döyüşlərdə yeniçəriləri zəfərlərə ruhlandırırdılar.

Hətta çağdaş osmanlı türkcəsində də "yeniçəri" və "bektaşi" kəlmələri sinonim kimi işlədilir.
Bektaşi anlamı və dünyagörüşünün yeniçərilər tərəfindən qəbul edilməsinin də bir sirri yoxdu. Sadəcə, gündə 5 dəfə namaz qılmaq məcburiyyətinin olmaması, Ramazan ayında oruc saxlamaqla bağlı döyüş güzəştləri və s. yeni müsəlmanlar olan yeniçəriləri razı salırdı.

Düşərmə: seçilənlərin seçdikləri kiçik şirlər

XIV əsrin ortalarında yeni piyadaların, yəni yeniçərilərin sayının artması iki problemlə üzləşdi. Həmin müşküllər əsir xristian döyüşçülərin azlığı və onların etibarlı olmaması idi. Buna görə də Sultan Orxan Qazi 1347-ci ildə "düşərmə" qaydasının tətbiq olunmasına fərman verdi. Düşərmə dövlətin ehtiyacları üçün uşaqların yığılması idi. Hər 5-7 ildən bir sultanın məmurları osmanlıların nəzarətindəki xristian əyalətləri dolaşır, 7-12 yaşlarında olan hər 5 uşaqdan biri seçib aparırdılar. XIV əsrin sonlarından etibarən düşərmə Balkan yarımadasının slavyan əhalisi üçün məcburi iş, mükəlləfiyyətə çevrildi. Daha sonra isə düşərmə Ukrayna ilə Rusiyanın cənubuna da tətbiq edildi. Təbii ki, bu, türklərin fəth etdiyi slavyan xalqların narazılığna səbəb oldu.

Övladlarını osmanlı ordusuna yollama istəməyən slavyan atalar oğullarını sultanlığın sərşədlərindən kənara çıxarmağa çalışırdılar. Buna nail olmayanda isə 5 yaşlı oğullarını müsəlman edir, ya da evləndirirdilər. Çünki osmanlı sultanlığındakı qanunlara görə, düşərmə qaydası evlilərə və müsəlmanlara tətbiq olunmurdu. Yoxsul slavyanlar isə oğullarını həvəslə orduya verir, bu minvalla ailədəki ağızların sayını bir nəfər artırmaqla aclıqdan qurtulacaqlarını düşünürdülər.
Düşərmədə seçilib yığılmış uşaqları İstanbula göndərir, orada sünnət edir və İslamı qəbul etdirirdilər. Sonra isə sultanın da qatıldığı "əyani-izhar" mərasimi zamanı sıra ilə düzülüb səf tutmuş uşaqlara hökmdar baxır, onların orduya yarayıb-yaramadığını yoxlayırdı.

Dəstədən əcəmiliyə, oradan da ocağa...

Ən ağıllı, bacarıqlı və möhkəm uşaqları "dəstəçilər" arasına qatırdılar. Dəstəçilər saray xidmətlər və dövlət işində çalışacaq insanları hazırlayıb yetişdirirdi. Yerdə qalanlar isə yeniçəri qoşununa göndərilirdi. Amma bundan əvvəl slavyan oğlan uşaqları türk ailələrinə verilirdi. Həmin ailələrdə uşaqlar dili, müsəlman adət və ənənələrini öyrənir, ağır əməkdə itaət, vücud möhkəmlənməsi və etimad məktəbi keçirdilər. Bir neçə il sonra uşaqlar Anadolunun müxtəlif şəhər və kəndlərindən yığılır, İstanbula aparılırdı. Burada onları "əcəmi oğlan" dəstələrinə qatırdılar.

Yeniçəri məktəbi olan bu "əcəmi oğlan" bölüklərində təlim 7 il davam edirdi. Həmin vaxtda uşaqlar hərb işi və dövlət üçün ağır əməyin "sınaq tərbiyəsi"ndən keçirdilər.
"Əcəmi oğlan"lar sərt intizamın hökm sürdüyü 20-30 nəfərlik qışlalarda yaşayır, çox kiçik maaş alırdılar. Onlara İstanbulu tərk etmək yasaqdı. "Əcəmi"ləri müharibələrə də aparmırdılar.
Təlim zamanı bektaşi dərvişləri "əcəmi"lərə sultana tam itaət, özlərindən rütbəcə böyüklərin əmrlərinə riayət, ibadət və Şəriəti təlqin edirdilər. Qaydalardan çıxanları isə sərt cəzalandırırdılar. Yalnız ən bacarıqlılar, silah və əsləhə ilə əla davrananlar, bədəncə möhkəm və cəld olanlar 25 yaşına çatanda yeniçəri adı ala bilərdi.

Beləsini döyüş sənətinin daim təkmilləşməsi, savaşlar, qalalarda xidmət gözləyirdi. Bəxti gətirən yeniçərinin yeri isə sultana xidmət və sarayda keşik çəkməkdi.
"Əcəmi"lər arasında ən bacarıqsızları - "çikmə"lər isə "rədd edilmiş gənc"lər sayılaraq köməkçi işlərə cəlb edilirdi və belələrinə silah da verilmirdi.

Qan almaq üçıün qan vergisi

Yeniçərilərin yüksək döyüş qabiliyyətinin kökündə bu qoşunların tərtibat qaydası dururdu. Təbii, düşərmə sultanın xristian təəbələri üçün "qan vergisi" təki sərt qayda idi. Amima bununla belə, yeniçəri qoşunlarında türklərini çox zəngin döyüş təcrübəsi, psixologiya və irsilik qanunlarına dərindən agah olmaq bacarığı dururdu.
Yeniçəri qoşunları üçün uşaqları seçəndə heç zaman çoban, kəndxuda övladları, boşboğazlar, gözəl, hündürboylu və balacaboyları götürməzdilər.

Yeniçəri sərkarları, yənir komandirləri bu barədə belə deyirdilər: "Çoban oğlu böyüyəndə küt, kəndxuda oğlu yalançı və bic, boşboğaz - paxıl və inadkar, gözəl  - düşmənin qorxmadığı adam, hündürboylu - axmaq, balacaboylu - araqarışdıran olur. Düşərmə zamanı əsla belə uşaqları yığmaq olmaz".

Yeniçərilər üçün xristian uşaqlarını seçərdilər. Müsəlmanlar arasında isə yalnız Bosniya əhalisi sultana xüsusi sədaqət göstərdikləri üçün övladlarını yeniçəriliyə vermək hüququna malikdilər.

Qazan tutub Ağaya itaət edən döyüş adamları

Sultan I Qanuni Muradın göstərişi ilə hazırlanmış qanunlar va qaydalar çərçivəsində yaşayan yeniçərilərin həyatları sərt, az qala hər günləri düşülmüş yaşamdı.
Həmin qaydalara görə, yeniçəri evlənə bilməzdi, çünki "arvad almış yeniçəridən sultana xidmətçi olmaz".  Qışlalarda yaşayan yeniçərilərə dəbdəbə, şəhvətkarlıq, eyş-işrət və ümumiyyətlə, müharibə ilə bağlı olmayan büütün işlər yasaqdı.

Mömin müsəlmanlardan fərqli olaraq, yeniçəri saqqalını qırxıb yalnız bığ saxlayırdı. Və ən nəhayət, yeniçəri edam ediləndə onun "şərəfli ölüm"ə - boğulmaya haqqı vardı: üstəlik, yeniçəri edam etmək üçün onu əvvəlcə yeniçərilər sıralarından xaric etmək gərəkdi.
Yeniçərilərin hərbi təlimi onların "ocağa" daxil olmalarından əvvəl başlayıb, ta "oturaq" olana qədər, yəni veterana dönənədək davam edirdi. Oturaq sultandan təqaüd almaq, evlənmək, saqqal saxlamaq, ev tikib təsərrüfat yiyəsi olmaq hüququna malikdi. Onların tam əksəriyyətinə torpaqlar da verilirdi.

Həlak olan və ya ölən yeniçərilərin əmlakı bütünlüklə qoşuna keçirdi.
Yalnız öz dəstə başçısına tabe olan yeniçəri sultanı ata, "ocağı" isə doğma ev sayırdı. Qoşunun sərkərdəsi Ağanın yeniçərilər üzərində tam və total hakimiyyəti vardı. Sadə əsgərlərdən olan Ağa bacarıq və döyüş qabiliyyətinə görə yüksələn, yalnız sultana tabe olan, digər vəzir, vəkil və sərkərdələrdən rütbəcə əskik sayılmayan adam olmaqla bahəm, sultanın yanındakı Divanda otururdu.

Yeniçəri ocağının təriqəti Bektaşiyyə, musiqisi məsnəvi, rəvayətləri isə dastan və əfsanələrdi. Yeniçərilərin ən mühüm simvolu Qazandı. Bayramlarda bu Qazanı küçələrdən keçirər, üsyan və ya narazılıq zamanı isə ağzıüstə çevirərdilər. Savaşlarda iştirak etməklə bahəm, yeniçərilər qalalarda keşik çəkirdilər. Hər qalaya ən uzağı 10 yeniçəri verilərdi və elə həmin qalanın açarları da yeniçərilərdə olardı.

Üç aydan bir maaş alan yeniçərilərin başlarındakı börk ağ keçədən tikilərdi. Börkün arxasında isə ağ rəngdə, "yatırtma" deyilən və belin ortasına qədər düşən parça vardı.
Təcrübəli yeniçərilər börklərini başlarına əyri, yeniləri isə düz qoyardılar. Sultanın fərmanına uyğun olaraq hər yeniçəriyə ildə beş dəfə mavi çuxa, 32 qızıl axça, 6 arşın astar verilərdi.
Yeniçərilərin bölüyü "orta" idi ki, ona da "çorbaşı" komandanlıq edərdi. Saray keşikçiləri və yeniçəri Ağasının mühafizəsindəki yeniçərilərdə isə "çorbaşı"nın işini "bölükbaşı" görərdi.
Yeniçərilərin sayına gəldikdə isə, əgər 1480-ci ildə 10 min yeniçəri vardısa, 1670-ci ildə onların qoşununda 53849 nəfər xidmət edirdi.

"Dem-ü, devranına hü diyelim, Hüü!"

Yeniçərilərin indi "Mehtər marşı" kimi tanınan mahnılarından ən məşhuru belə idi:

"Müminiz Kalü-Belidən beri,
Hakkın Birliğine eyledik ikrar,
Bu yolda vermişiz seri,
Nebimiz vardır Ahmedi Muhtar!
La Yezal mestaneleriz,
Nurı ilahide pervaneleriz,
Sayılmayız parmak ile tükenmeyiz kırmak ile
On iki imam Piri tarikat cümlesine dedik beli
Allah Allah İllallah, baş üryan, göğüs kalkan, dide al kan, sine püryan;
Bu meydanda nice başlar kesilir hiç olmaz soran;
Kahrımız, kılıcımız düşmana ziyan, kulluğumuz padişaha ayan;
Sayılmayız parmakla, tükenmeyiz kırmakla,
Demü, devranına hü diyelim, Hüü!

Əcəba, onlar insandır, ya heykəl?

Özlərini savaşa həsr edən, həyatlarını müharibələrdə keçirən yeniçərilər misli-bərabəri olmayan döyüşçülərdi. Onların yaşamlarının mənası döyüşdə şücaət göstərərək onbaşı və ya yüzbaşı olmaqdı.
Yeniçərilərin intizamı unikaldı və bu barədə Osmanlı Sultanlığındakı səfirlərdən biri yazırdı:

"Minlərlə insan, hamısının da başında əmmamə. Məni heyrətə salan onların səbr və intizamı oldu. Pıçıldaşma, xosunlaşma, astadan danışma yoxdu - hər kəs daş kimi sakitdi. Ən maraqlısı isə bu idi ki, minlərlə yeniçəri bizdən aralıda durmuşdu və əvvəlcə onların insan, ya da heykəl olduqlarını düşündüm.  Handan-hana onları salamladım, onlar da bir nəfər kimi başlarını sinələrinə əyib salamımı aldılar".
Savaşlar arasında yeniçəri daim silahla məşq edər, özünün və başqasının ölümünü gözardı edən adama çevrilərdi. O, yatağanın bir zərbəsi ilə düşmənin başını bədənindən ayıra bilirdi.
Düşmən başları üçün də mükafatlar vardı. Məsələn, döyüşdə üç düşmən başı kəsən yeniçəriyə börkə vurulan gümüş "çələng" verilərdi.

Əyinlərində "dolarma" olan yeniçərilər düşmənin ürəyinə xof, beyninə lərzə salan döyüşçülərdi.
Həmin dönəmlərdə Avropadakı heç bir qoşun döyuş ruhu və bacarıq baxımından yeniçərilərlə müqayisə oluna bilməzdi: bu səbəbdən çox uzun müddət ərzində yeniçərilər məğlubedilməz qalmışdılar.
Onların sadəcə, "Allahu əkbər!" hayqırtısı avropalıların qoşunlarını qaçmağa vadar edirji. Döyüş zamanı sultanın yanında olan yeniçərilər əksər hallarda vuruşmanın taleyini həll edirdilər. Onlar əvvəlcə piyada atıcılardı. Yeniçərilərin ağac və sümükdən hazırlanmış yayları 200 addımlıqdan istənilən (!) zirehi kağız kimi dəlib keçirdi. Üstəlik, yeniçərilərdə arbaletlər də vardı.
Düşməni qorxudan digər məqam isə yeniçərilərin ön səflərinin arxasında addımlayan "mehtəran takımı", yəni şeypur və nağaralar çalıb bərkdən oxuyanlardı.

Və ən nəhayət, yeniçərilər odlu silahdan da əla istifadə edirdilər. "Od püskürən yeniçər dəyənəyi" deyilən tüfəngin gücünü ilk duyanlar 1453-cü ildə Konstantinopolun fəthi zamanı bizanslılar olmuşdu. Çox sonralar avropalılar uzaqdan durub atəş açmağa üstünlük verəndə yeniçərilər əlbəyaxa döyüşdən əsla çəkinmirdilər. Yatağanın əsl ustası olan bu "universal əsgər"lər döyüşün istənilən anında effektiv hücumla müdafiə nümayiş etdirirdilər.

Şirlər azalanda çaqqallar artır

Yeniçərilər tam 496 il ərzində Osmanlı sultanlığının vuran qolu idi. Amma əla işləyən sistem sonradan çürüyüb dağıldı.
Hər şey yeniçəri dəstəsinə seçim prinsiplərinin pozulması ilə başlandı. Dövlətin elitasının "yeni müsəlman"lardan ibarət olmasından narazı qalan türklər "bəxşiş" adlanan rüşvət vasitəsilə oğullarını yeniçəri "ocağı"na düzəldir, onların irəliləməsinə çalışırdılar. Habelə, onlar xristianlarla əlbir olaraq öz övladlarını xristian kimi qələmə verirdilər.

Düşərmə ləğv ediləndən sonra yeniçərilər tam əksəriyyəti türklərdən ibarətdi: XVII əsrin sonlarında hər 10 yeniçərinin 8-i türk idi. Daha sonra biabırçılıq dövrü oldu. "Bəxşiş" ödəyən hər kəs adını yeniçəri "ocağı"na yazdırıb vergi güzəştləri ala bilirdi. Bir vaxtlar düşmənləri qorxudan titrədən qoşun hətta adi hərbi xidmətə yararsız biveclərdən ibarətdi.
Sərt təlim hərbi karyeranın bir hissəsi deyildi artıq. Köhnə yeniçərilər yeni və bacarıqsız yeniçərilərlə bir yerdə qulluq etmək istəmədiklərindən onların arasında tez-tez qanlı toqquşmalar olurdu.

Zaman keçir, yeniçərilər savaş hazırlığından daha çox ticarətlə məşğul olurdular. Onlar İstanbulda meyvə, tərəvəz və qəhvə satışını tam ələ alanda sultan naəlac qalaraq icazə verdi: o, yeniçəriləri siyasətdən ayrı tutmaq istəyirdi.
Yeniçərilər döyüşlərdə vuruşmaq əvəzinə qarətlərlə məşğul olur, yeni silahları öyrənmək istəmir və buna görə də sultanın ordusu Avropa ordularından geri qalırdı.
XVII əsrdə yeniçərilər tam deqradasiya etdilər və onlardan artıq sırf savaşlarla yanaşı, yanğın söndürülməsinə, hətta küçələrin süpürülməsinədək istifadə edirdilər.

Onu da yazaq ki, sultanlar həminə yeniçərilərdən çəkinirdilər. Onlar 1623-cü ildə Sultan I Mustafanı, 1648-ci ildə Sultan İbrahimi, 1703-cü ildə Sultan II Mustafanı, 1730-cu ildə Sultan III Əhmədi devirmişdilər. Yeniçəriləri hakimiyyət uğrunda vuruşur, çarpışır və didişirdilər. Hətta 1648-ci ildə onlar sultanlıqda hakimiyyəti tamamən ələ də almışdılar.
Sultan II Osman yeniçəriliyi ləğv etmək istədiyinə görə qətlə yetirilmişdisə, 1807-ci ildə Avropadan gətirilmiş hərbi təlimatçılar vasitəsilə ordunu yeniləşdirmək istəyən Sultan III Səlim yeniçəri qiyamı ilə qarşılaşmışdı.

Və son...

1826-cı ildə Sultan II Mahmudun zamanında yeniçərilər yenə qiyam etdilər. Amma bu dəfə sultan geri çəkilmədi. Başqa qoşunları vasitəsilə yeniçəriləri qovub qışlalara salan sultan sonradan binaları toplarla atəşə tutdu. 10 min yeniçəri həlak oldu, qazanlar dağıdıldı və üləmalar da fətvaları ilə yeniçərilərə lənət oxudular.
Beləcə, əsrlər boyu Osmanlı Türkiyəsinin düşmənlərini lərzəyə salan, məğlubedilməz hesab edilən, "sultanın qolu və qanadı" sayılan yeniçərilər məhv olaraq tarixə qarışdılar.

... İstanbullular deyirlər ki, ay bədirlənəndə Topqapı sarayının divarları yanında yeniçəri Qazanının səsi eşidilir. Duyuq düşsən, divarın üstü ilə gəzişən yeniçərilərin pıçıltılarını da eşidə bilərsən...

Orxan Hun
Milli.Az



























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.