Maraqlı

Afrika - tanış və sirli

3 Fevral 2016 11:00
0 Şərh     Baxış: 1 424

Madaqaskar, lemurlar ölkəsi

Hind okeanının suları ilə əhatə olunan adada əla istirahət üçün hər cür şərait var: qonaqpərvər yerli sakinlər, gözəl mənzərələr və əla çimərliklər. Mənim fikrimcə, Madaqaskar adasının özü Afrika qitəsinin kiçik surətidir. Burada dağların yüksək zirvələri, bir vaxtlar qaynar vulkanların sönmüş kraterləri, mavi çayların axdığı vadilərin yaşıl örtüyü, keçilməz tropik meşələr və həyatın, demək olar ki, olmadığı səhralarla zəngindir.

Madaqaskara ayaq basan kimi siz çoxsaylı milli parklardan birinə düşəcəksiz. Belə yerlərdən biri mənim getdiyim Zombise-Voxibasiya milli parkıdır. Yerli sakinlər deyirlər ki, bu parkda, onun dərələrində, meşələrində və möhtəşəm kraterlərində vəhşi Afrikanın ruhu dolaşır. Belə bir rəy var ki, Madaqaskarın əsas rəmzi lemurdur. Adada lemurlar əsasən Zenavo meşələrində yaşayırlar. Mən burada həmçinin spiral formasında olan ağacları - didyerləri və məşhur baobabları müşahidə etdim. Madaqaskar bütün dünyada təmiz çimərlikləri ilə məşhurdur. Onlarda kifayət qədər şərait olsa da təəssüf ki, yerli mehmanxanalar, mənim fikrimcə, lazımı səviyyədə deyil.

Madaqaskar yalnız təbiət deyil, həm də tarixdir. Mən məşhur Antananarivu şəhərində oldum. Adı yerli dildən tərcümədə "Min döyüşçünün şəhəri" olan bu şəhər ada dövlətin paytaxtıdır. Vaxtı ilə kiçik bir kənd olan bu şəhər cəmi 500 ilə müasir meqapolisə çevrilib. Amma paytaxtda tarixin yaşadığı bir hissə qalır. Bu Ruva şah sarayıdır. Yerli bələdçilərin mənə dediyinə görə, saray 1995-ci ildə baş vermiş kütləvi etirazlar zamanı yandırılmışdı. Saraydan aşağıda yerləşən gölə və onun mərkəzindəki müharibə zamanı həlak olan madaqaskarlılara həsr olunmuş abidəyə, habelə şəhərin inzibati mərkəzinə gözəl mənzərə açılır. Amma fikrimcə, Madaqaskarın ən məşhur yeri Morondava şəhəridir. Bura çimərlikdə dincəlmək istəyənlər üçün cənnətdir, mən bütün dünyada məşhur olan baobablar xiyabanında oldum, min illərlə yaşı olan ağacların səhra üzərində necə yüksəldiyinin şahidi oldum.

Mozambik, Afrikanın sosrealizmi

Bu ölkəni "Afrikanın cənubunda Aralıq dənizinin mirvarisi" adlandırırlar. Amma mən hesab edirəm ki, bu ad çox şişirdilib. Mozambik yaxın keçmişdə Sovet İttifaqının aktiv dəstəklədiyi dövlətdir. Amma SSRİ dağılandan sonra ölkədə böhran başladı.

Mozambikdə möhtəkirlik geniş yayılıb, təhlükəsizlik zəmanətləri aşağıdır. Mozambikə gedib çıxanlar hərbçilər və polislərin şəklini çəkməməlidirlər. Əks halda problemlərlə üzləşə bilərsiz. Ölkənin paytaxtı Maputu şəhəridir. Burada kolonial dövrdən qalma maraqlı binalar var. Yerli sakinlərin mənə dediklərinə görə, 3 milyondan çox adamın yaşadığı şəhərdə ciddi su problemi var. Amma bu da təəcüblü deyil. 1975-ci ilə qədər ölkədə Portuqaliya müstəmləkəsindən qurtulmaq uğrunda müharibə gedirdi. Bundan sonra daha 20 il müddətində ölkədə tərəflərdən birinin Sovet İttifaqı, digərinin isə Birləşmiş Ştatlar tərəfindən dəstək aldığı vətəndaş müharibəsi başladı. Döyüşlər yalnız 1994-cü ildə başa çatdı. Mənim fikrimcə, hazırda Mozambikdə vəhşi kapitalizm hökm sürür. Paytaxtdakı mehmanxanalar çox bahalıdır.

Amma Mozambik Maputuda bitmir, ölkənin digər üzü gözəldir. Mozambikin Hind okeanı ilə sahil xətti 2500 kilometr təşkil edir. Bu hissədə çoxsaylı milli parklar mövcuddur. Müharibə zamanı bu parklara da ciddi zərər vurulmuşdu. Yerli mütəxəssislərin qiymətləndirməsinə görə, müharibə zamanı fillərin 95%-i, şirlərin hamısı, kərkədanların 70%-i öldürülüb. Bütün çətinliklərə baxmayaraq kimsə Mozambikə gedib çıxarsa, o, hökmən ölkənin şimalına getməlidir. Amma nəzərə alın ki, ölkənin bu hissəsində malyariya ilə bağlı problemlər var.

Svazilend, rəqs edən kralın ölkəsi

Svazilend bir ölkə kimi məni təəccübləndirdi. Bu, mülayim insanların yaşadığı, gözəl təbiətə və yaxşı yollara malik kiçik bir krallıqdır. Svazilendin rəsmi paytaxtı Mbabane şəhəridir. Amma ölkənin tarixi paytaxtı, parlamentin və kral iqamətgahının yerləşdiyi Lobambedir. Bu şəhərdə az qala bütləşdirilən kral Msvatinin mavzoleyi yerləşir. Burada kral ailəsinin həyatının bütün mərasimlərini, kralın da iştirak etdiyi İnkvala və Umlanqa rəqslərindən tutmuş, onun insanlar qarşısında rəsmi çıxışlarını və milli mərasimləri görmək olar. Şəxsən mənim üçün bütün bu mərasimlər çox qeyri-adi və maraqlı idi. Yaxınlıqda həmçinin ölkənin xalqlarının mədəniyyətini təqdim edən Milli muzey və Mədəni kənd yerləşir. Region üçün xarakterik olan "arı pətəyi" prinsipi ilə qurulan bu kənddə yerli sakinlərin yaşayışı ilə tanış olmaq olar. Burada insanların yaşam tərzi, istehsal alətləri saxlanılıb. Muzeyin yaxınlığında bəzən turistlər üçün açıq elan edilən parlament yerləşir. Bir qədər aralıda isə İkinci Sobxuzanın mavzoleyi inşa edilib.

Yeri gəlmişkən, İkinci Sobxuzanın 600 övladı olub və ailənin böyük olması səbəbindən kral hazırda Lobambadan 10 kilometr aralıda yerləşən Lotizada iqamətgahında yaşayır. Qeyd edim ki, hazırkı kralın 16 həyat yoldaşı var. Paytaxtın yaxınlığında kiçik, amma çox gözəl Mantenqa şəlaləsi yerləşir. Svazilendi öz Afrika qitəsinə xarakterik olmayan inkişaf etmiş infrastrukturu ilə tez-tez İsveçrəyə bənzədirlər. Bura müasir həyatın və onun xalqı olan svazinin qədim mədəniyyətinin birləşdiyi unikal bir ölkədir. Turistləri Svazilendə onun təbiətinin gözəlliyi və safarinin təşkilinin mümkünlüyü cəlb edir.

Reyunyon, Fransanın Hind okeanında bir parçası

Reyunyon Fransanın xarici nümayəndəliyidir və demək olar ki, Hind okeanında Avropanin bir parçasıdır. Burada hətta hava şəraiti Avropanın cənubundakı kimidir. Adada çoxlu sayda sönmüş və hələ fəaliyyətdə olan vulkan, lava sahələri, heyranedici şəlalələr və ağ qumlu çimərliklər var.

Adanın mərkəzi Sen-Deni şəhəridir. Mənim fikrimcə, Sen-Deni çox tolerant bir şəhərdir. Burada məscidlər və kilsələr qonşuluqda yerləşir. Adaya müxtəlif dövrlərdə ərəblər, portuqallar və fransızlar sahiblik ediblər. İndi də burada müxtəlif dinlərə ibadət edən davranış qaydaları, adət-ənənələrinə görə tamamilə fərqlənən insanlar yaşayırlar. Ölkədə savadlılıq səviyyəsi çox yüksəkdir. Paytaxtın Botanika bağında dünyanın ən müxtəlif yerlərindən gətirilmiş 50-dən çox növ ağac əkilib. Bundan əlavə, burada tarix və təbiətşünaslıq muzeyi fəaliyyət göstərir ki, burada ekzotik fauna növləri sərgilənir.

Reyunyonda olarkən mən mərcan fermasına baş çəkdim və burada tısbağaların böyüdülməsi prosesi ilə tanış oldum. Çimərlik istirahəti üçün adanın qərb və cənub sahili daha uyğundur. Burada sualtı dünyanı müşahidə etmək, dənizin dibindəki füsunkar mağaraları görmək mümkündür. Yerli sakinlərin sözlərinə görə, mütəmadi olaraq müxtəlif festivallar, improvizasiyalar, od bayramları təşkil edilir.

Komor, adalarda cənnət

Kiçik Komor dövləti bir neçə adadan ibarət arxipelaqda yerləşir. Ölkəni prezident idarə edir. Amma məni hər adanın özünün prezidenti olması faktı təəccübləndirdi. Ölkədə içməli su mənbəyi olmadığından, Komor suyu idxal edən nadir dünya ölkələrindən biridir. Müvafiq olaraq su burada nisbətən bahalıdır. Ölkənin paytaxtı Moroni şəhəridir. Mənim fikrimcə, bu şəhər öz ağ divarları və saxsı damları ilə Hind okeanı ölkələrindən çox, Aralıq dənizi dövlətlərini xatırladır.

Cənnəti xatırladan tropik adada istirahət həmişə müəyyən risklərlə bağlıdır. Ağ sahili ilə diqqət çəkən, mərcan qayalıqları ilə əhatəyə alınmış ada bütün arzuların həyata keçdiyi və əksinə, dəhşət yuxusu kimi bir yer ola bilər. Mənim fikrimcə, Komor adalarında istirahət bütün hallarda gözəldir. Aktiv istirahət həvəskarları üçün adalarda gözəl piyada gəzintiləri imkanı olacaq. Yaxınlıqdakı dənizin sualtı flora və faunası insanı valeh edir. Təbiət adalara tropik bitkilərin, demək olar ki, hamısını hədiyyə edib. Komor adaları qonşu Madaqaskar kimi planetdə bir də heç yerdə rast gəlinməyən heyvan növləri ilə zəngindir. Adadakı fəaliyyətdə olan vulkan turistləri maqnit kimi özünə cəlb edir. Amma elə həmin vulkan oyanıb bu cənnəti xatırladan yeri istənilən anda məhv edə bilər. Bu təhlükə sırasına ölkədəki malyariya və digər tropik xəstəliklər təhlükəsini də əlavə edin. Bir sözlə, Komor adalarına səfər birmənalı olaraq ekzotikadır. Ekzotika isə məlum olduğu kimi hamını heç də razı salmır.

Mayot

Malavi, "birlik və azadlıq"

Açığını deyim ki, Malavi məni təəccübləndirdi. Buraya gələn kimi öyrəndim ki, ölkənin şüarı - "birlik və azadlıqdır". Malavinin tarixi Afrika ölkələri üçün xarakterikdir. Ölkə neolit dövründən bu günə qədər uzun bir yol keçib, müstəmləkə, müstəqillik uğrunda mübarizə, diktatura, silahlı münaqişələr və yoxsulluq dövrlərini yaşayıb. Dövlət Afrikanın cənub-şərqində, Nyasa (Malavi) gölünün sahilində yerləşir. Malavi digər sahələrlə eyni vaxtda turizmin inkişaf etdiyi ölkədir. Burada butik mehmanxanalar, Nyasa gölündə dəbdəbəli "Yelkənli gəzintidə" iştirak, dayvinq və balıqçılıq imkanları var.

Mənim fikrimcə, ölkənin əsas görməli yeri elə Nyasa gölünün özüdür. Çünki bu ölkə coğrafi baxımdan məhz bu göllə bağlıdır. Nyasa gölündə 500-ə qədər balıq növü mövcuddur və bu su hövzəsi büdcəni, əhalinin gəlirlərini formalaşdırır. Hər il Malaviyə çoxlu sayda balıq ovu həvəskarları gəlir. Afrika təbiətinin gözəlliyini Avropa komfortu ilə seyr etmək istəyənlər isə turistlər üçün hər cür şəraitin yaradıldığı Nkata-Bey şəhərinə getməlidirlər. Avropa üslublu çimərliklər, kafelər və mehmanxanalar şəhərin Malaviyə xas olan özəlliklərinə xətər yetirmir. Bundan əlavə, Nkata-Beyin yaxınlığında toxunulmamış meşələr var ki, burada da çoxlu sayda müxtəlif növ quş yaşayır.

Mavriki - "balaca, amma uğurlu"

"Balaca, amma uğurlu" deyimi elə bil Mavriki üçün yazılıb. Mavrikidə məni belə kiçik bir ölkənin bahalı turizm sahəsində necə belə böyük pullar qazanması təəccübləndirirdi. Adada əla çimərliklər var, sualtı aləmi füsunkardır. Bura bütün dünyadan dayverlər axışırlar. Bütün bunlar dəniz balıqçılığı imkanları ilə tamamlanır. Ölkənin paytaxtı Port Lui şəhəridir. Digər Afrika şəhərlərindən fərqli olaraq şəhərin küçələrində polislər, demək olar ki, gözə dəymir. Cinayətkarlığın səviyyəsi isə çox aşağıdır. Hətta iri turizm rayonlarında belə cibgirlik və xırda oğurlaqlara nadir hallarda rast gəlinir.

Mavrikidə bütün çimərliklər ideal təmiz vəziyyətdə saxlanılır. Onları hər gün təkcə mərcan qırıntılarından deyil, həm də yosunlardan təmizləyirlər. Amma şəxsi təcrübəmdə anladım ki, suya ancaq çimərlik ayaqqabılarında girmək lazımdır. Çünki dənizin dibindəki mərcanlar ayaqları kəsə bilər. Yerli sakinlərin sözlərinə görə, nəzəri cəhətdən Mavrikini şimaldan cənuba 1 günə piyada keçmək olar. Adanın əsas möcüzələrindən biri "Şamarel" çoxrəngli torpağıdır. Bu unikal yer 7 rəngli qumluqlardır. Maraqlıdır ki, onları bir-birinə qarışdırdıqda belə bir neçə saatdan sonra müxtəlif rənqli qumlar arasında sərhəd yenidən bərpa olunur. Mavrikiyə gələnlərin böyük bir hissəsini açıq dənizdə balıqçılıq imkanları cəlb edir.

Zimbabve, toxunulmamış təbiət

Dünyada səfərlərim zamanı mən cəmi bir neçə yerdə olmuşam ki, orada hər şey min il bundan əvvəl olduğu kimidir. Belə yerlərdə təbiət qorunub saxlanılıb, vəhşi heyvanların yaşayışına insan müdaxiləsi yoxdur, insanlar isə sivilizasiyanın nailiyyətlərindən uzaqdırlar. Belə ölkələrdən biri Zimbabvedir. Ölkə ilə tanışlığa, fikrimcə, böyük Zimbabvedən, əsası 1130-cu ildə qoyulmuş şəhərin daş xərabələrindən başlamaq lazımdır. Yerli tarixçilər sübut ediblər ki, bu şəhəri ərəblər və ya finikiyalılar deyil, yerli qəbilələr tikiblər. Bütün bu kompleks "insan dühasının yaradıcı əsəri" sayılır və UNESKO-nun ümumdünya irsi siyahısına daxildir.

Amma ölkənin bir nömrəli baxımlı yeri, təbii ki, Viktoriya şəlaləsidir. Şəlalə Zambezi çayı üzərində, Zimbabve və Zambiyanın sərhədində yerləşir. Özü də Zimbabvedən şəlaləyə daha yaxşı mənzərə açılır. Şəlalənin müşahidəsi üçün ən yaxşı vaxt bahardır. Aprel və may aylarında o öz tam gözəlliyi ilə açılır, gücü və miqyası ilə insanı heyrətə gətirir. Şəlalənin hündürlüyü 100 metr, eni isə 1 kilometrdir. Yerli qəbilələrin dilində şəlalə "Guruldayan tüstü" kimi tərcümə olunur. Mənə elə gəlir ki, bu daha düzgün addır, çünki o, 100 metr hündürlükdən aşağı gələn suyun gurultusunu, 1,5 kilometr ətrafa yayılan damcılardan meydana gələn dumanı daha yaxşı xarakterizə edir. Hava yaxşı olanda bu damcı dumanını şəlalədən 50 kilometr məsafədə müşahidə etmək mümkündür. Günəşli havada şəlalənin üzərində füsünkar göy qurşağını müşahidə etmək mümkündür.

Vəhşi təbiət həvəskarları Zimbabvedə hökmən Mana-Puls Milli parkını, Sapi və Çevore ov sahələrinə getməlidirlər. Burada dünyada qara kərgədanların ən iri populyasiyası yaşayır. Dünyada cəmi 3500 belə kərgədan var ki, onların 500-ü bu ərazidədir. Həmçinin burada Afrikanın adı çəkiləndə daim yada salınan fillər, şirlər, timsahlar, antiloplar və digər heyvanlar yaşayır. Zimbabvenin digər bir Milli parkı - Matobo təpələri özündə tarixi abidələri və təbiəti birləşdirir. Bu, bir-birinin üstünə yığılmış təbii daşlar və sütunların meydana gətirdiyi geoloji möcüzədir. Bu relyef uzun əsrlər boyu yağışların və küləklərin qayaları eroziyaya uğratması, rəndələməsi nəticəsində yaranıb. Yerli sakinlərin mənə dediklərinə görə, bu daşlar arasında yaşayan ruhlar insana böyük qüvvə verə bilər. Ətrafda yaşayan qəbilələr bu ərazidə ənənəvi mərasimlərini keçirirlər. Daşların üzərində həkk edilmiş qədim rəsmlər ilk insanların müasir Zimbabve ərazisində 20 min il əvvəl məskunlaşdığını göstərir.

Zənzibar, okeanın ardınca

Zənzibar Dar əs-Salamdan 35 kilometr şimal-şərqdə yerləşən arxipelaqdır. Bu arxipelaqın ən böyük adasının da adı Zənzibardır. Bu kurortun ən böyük üstünlüyü geniş və müxtəlif mədəni irs, qorunan sahil xətti, təmiz dəniz suyu və çoxlu sayda dəniz heyvanlarıdır. Zənzibarda hər şeydən çox məni okean heyrətləndirdi. Daha doğrusu, okean da yox, konkret yerli sakinlərin qabarma və çəkilmə adlandırdığı təbii proses təəccübümə səbəb oldu. Bir saatın ərzində mənim gözümün qabağında okean bir neçə kilometr geriyə çəkildi. Suyun çəkildiyi nəm qumun üstündə okeanın qayıtmasını gözləyən dəniz sakinləri qalmışdı. İndiyə qədər belə təbiət hadisəsini cəmi bir neçə yerdə görmüşəm. Çəkilmə və qabarmaları müşahidə etmək çətin deyil, çünki Zənzibarda bütün mehmanxanalar sahil xəttində yerləşir.

Ada dövlətin paytaxtı Stoun Taun şəhəridir. Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olub. İndi onun yerində kilsə durur. Stoun Taun UNESKO-nun mühafizə etdiyi qapıları ilə məşhurdur. Qapılar, fikrimcə, doğrudan da qeyri-adidir. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Bu da təəccüblü deyil. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi. Hesab edirəm ki, Zənzibara gələn bütün turistlər yaxınlıqdakı adaya getməlidirlər. Burada nəhəng tısbağaları müşahidə etmək olar. Bu tısbağaları görəndən sonra onların qohumlarının geniş yayıldığı Seyşel adalarına artıq getməmək də olar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.