Maraqlı

Dünyanın iyrənc əyləncəsi

20 İyun 2014 14:41
0 Şərh     Baxış: 3 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyadakı heyvan yarışları barədə bilmədiklərimiz
Belə mənzərələri daha çox internetdə görmək mümkündür. Çox vaxt "dəhşət" başlığı ilə paylaşırlar, bəzən uşaqların baxmasının qadağan olunması ilə bağlı qeydlər olur yanında. Bütün hallarda əsəbləri zəif olanlar üçün arzuedilməz səhnələr deyil. Amma dünyanın bir çox ölkələrində bu yarışlar var. İstəsək də, istəməsək də...

Heyvanların ölümünə yarışdığı, sonunda al-qan içində qaldığı yarışlar. İt, dəvə, pişik, donuz, göyərçin... Ağlınıza hansı heyvan gəlirsə, onun yarışı. Bir çox ölkələrdə bu tip yarışlara ciddi qadağa qoyulub, onu həyata keçirənləri böyük məbləğdə cərimələr gözləyir. Bəzi ölkələrdə isə qeyri-qanuni də olsa, keçirilir və bundan böyük pullar qazanılır.

Vaxtilə ancaq varlıların əyləncəsi idi, indi dünyanın əyləncəsi oldu...

Heyvan döyüşlərinin (sonu əsasən tələfatla yekunlaşır-müəl.) ilk dəfə hansı ölkədə, necə başlaması barədə dəqiq məlumatlar yoxdur. Amma əksər mənbələr bunun bizim eranın əvvəllərindən başladığını təsdiqləyir. Heyvan döyüşlərinin başlanğıcında öküz döyüşləri dayanır. Vaxtilə öküz döyüşlərinə İspaniyada start verilib. Həmin vaxt bu, ancaq varlı ailələrin əyləncəsi olub. Ailələr tez-tez yığışıb, öz sevimli öküzlərini döyüşdürür, bundan böyük zövq alırdılar. İndi isə öküz döyüşü - bunun ədəbiyyatdakı rəsmi adı korridadır - İspaniyada rəsmi status qazanıb və ona ancaq ispanlar yox, bütün dünya azarkeşlik edir.

İt döyüşləri "Molla Nəsrəddin" jurnalında...

Keçək müsəlman aləmində çox populyar olan it yarışlarına. Xarici internet saytlarından əldə etdiyim bilgilər Türkiyə və Əfqanıstanda da it boğuşdurma yarışlarının tez-tez keçirildiyini deməyə əsas verir. Əfqanıstanda ənənəvi olaraq it döyüşləri təşkil edilir. Ölkədə son dərəcə məşhur olan it döyüşləri üçün xüsusi olaraq yetişdirilən döyüşkən itlər bir-birlərini parçalayır. Bu səhnəni minlərlə əfqan çox maraqla seyr edir.

Azərbaycanda isə it döyüşləri ilə bağlı məlumatları hətta bədii mənbələrdən də əldə etmək mümkündür. Məsələn, "Molla Nəsrəddin" jurnalında azərbaycanlı kişilərin sevimli məşğuliyyəti kimi it yarışlarının adı çəkilir və bunun hətta karikaturası da əks olunur. Azərbaycanda it yarışmalarını qadağan edən hər hansı qanun yoxdur. Amma bu yarışlar Bakı kəndlərində, bir qədər gizlin formada keçirilir. Bu da onun keçirilməsinə gizli qadağa olduğunu göstərir.

Elə ölkələr də var ki, orada heyvanlarla sərt davranışa qadağa qoyan qanunlar qəbul edilib, belə yerlərdə həmin yarışların keçirilməsinə icazə verilmir. Məsələn, Rusiya belə ölkələrdən biridir.

Dəvə döyüşləri indi festivala çevrilib

Heyvan döyüşü deyəndə ağla gələn daha bir döyüş növü də dəvə döyüşləridir. Bu döyüşlərin çox qədim tarixi var. Ərəb ölkələrində xüsusən populyardır. Qonşu Türkiyədə isə hətta dəvə döyüşləri ilə bağlı festivallar keçirilir. Dəvə döyüşlərinin keçirilmə tarixi də spesifikdir. Dəvələrin xüsusən aqressiv olduğu, yəni cütəşmə dönəminə təsadüf edən yarışların vaxtı da dəyişməzdir - qışın sonu, yazın əvvəli. Orta Asiya üzrə dəvə döyüşləri xüsusi idman kimi şöhrət qazanıb.

Dəvə döyüşlərinin festival kimi qeyd olunduğu Türkiyədə qaydalar xeyli sərtdir. Belə ki, döyüşlərdən öncə dəvələrə xüsusi baxış keçirilir, xəstə, şikəst, döyüş üçün yararsız olanlar sıradan çıxarılır. Bundan sonra isə dəvələr festivala uyğun olaraq xüsusi bəzədilir, yarışa səs qatmaları üçün onlara zınqırovlar bağlanır. Hər il Türkiyədə keçirilən bu festivala ölkənin müxtəlif bölgələrindən qatılanlar olur. Amma festivalın dəvə döyüşü qismi çox az davam edir. Cəmi 5-15 dəqiqə. Ondan sonra isə daha çox şölən əhval-ruhiyyəsi hökm sürür.

Vaxtilə bu sayaq yarışlar Türkiyədə xeyli pul yığımına səbəb olurdu. Həmin vəsait isə daha çox festivalın keçirildiyi şəhərin hansısa problemi, tutaq ki, yeni bir tikilinin əsasının qoyulması ilə yekunlaşırdı. Amma hazırda dəvə festivalları gəlir gətirməyən tədbir sayılır.

Xoruz döyüşlərinin adını da heyvan döyüşləri sırasında çəkmək olar. Çünki azərbaycanlıların qədim zamandan sevdiyi heyvan döyüşlərindən biri itlərlə bağlıdırsa, digəri də xoruzlarla bağlıdır.

Təbii ki, bu yerdə bir məqamı xatırlamaq da yerinə düşər: heyvan döyüşləri bir çox ölkələrdə qumar xarakterli oyun kimi qəbul edilir. Qalib gələn itin sahibi ilə yanaşı, onun "başına" pul qoyan şəxslər də sonda böyük miqdarda pul qazanırlar.

Çində donuz döyüşü - hakimiyyət yasaq qoyur, əhali müqavimət göstərir

Bu siyahıda donuz döyüşlərinin də adını çəkmək mümkündür. Donuz döyüşləri Çinin Quyçjou vilayətindəki Leyşan bölgəsində populyar əyləncə növlərindən biridir. Bu döyüşlərdə arenaya böyük qabanlar buraxılır və onlar bir-birlərini qanlarına qəltan edirlər. Donuzların sahibləri isə onların yanlarında durur, əllərindəki dəyənəklərlə heyvanları vuraraq daha fəal döyüşməyə vadar edirlər.

Çinin hakimiyyət dairələri bu "əyləncə"ni yasaqlamağa çalışsalar da, Çinin cənubundakı Quansi vilayətinin sakinləri bunun ənənə olduğunu deyərək müqavimət göstərirlər.

İslam dini "yox" deyir

Qanunların qadağasından danışdıq. Xatırladaq ki, İslam dinində bu cür yarışlar məqbul sayılmır. Hədislərdən birində deyilir ki, bir pişiyi qapalı yerə salıb aclıqdan, susuzluqdan öldürən biri mütləq cəhənnəmə gedəcək. Dini mənbələrdə sözügedən mövzu ilə bağlı aşağıdakı qeydləri tapdıq: "Hz. Peyğəmbərimiz  heyvanları döyüşdürmək məqsədi ilə onları təhrik etməyi də qadağan etmişdir. Bu gün xoruz, dəvə və öküz döyüşləri kimi təşkil olunan yarışlar Rəsulullah  tərəfindən qəti şəkildə qadağan edilmişdir. Məhz bu cür yarışlar Allahın yaratdığı məxluqata verilən zülmdən başqa bir şey deyildir".

musavat.com
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.