1971-ci ildə minlərlə toxum Ayın orbitində 34 dövrə vurduqdan sonra yer kürəsinin müxtəlif yerlərində əkilib. Lakin üzərində heç bir məlumat lövhəsi qoyulmadan əkilən bu ağacların bir çoxunun yeri zamanla unudulub. NASA indi itmiş həmin "kosmos yolçusu" ağacların izinə düşüb.
Milli.Az xəbər verir ki, 5 fevral 1971-ci ildə "Apollon 14" gəmisi Ayın səthinə enərkən, kosmonavt Stüart Roosa metal qutunun içində özü ilə 2000-dən çox ağaç toxumu aparmışdı. Keçmiş meşə yanğınsöndürəni olan Roosa; şam, sekvoya və çinar kimi beş fərqli ağac növünü Ayın ətrafında 34 dəfə fırlatdı. Məqsəd, Ay orbitində olmağın toxumların böyüməsinə necə təsir etdiyini görmək idi.
Toxumlar dünyaya qayıtdıqda az qala məhv olacaqdılar. Dezinfeksiya zamanı toxum çantaları partladı və minlərlə toxum vakuum otağına səpələndi. Alimlər onların öldüyünü düşünsələr də, toxumlar gözlənilməz müqavimət göstərərək cücərməyi bacardılar.
1975-1976-cı illərdə yetişdirilən təxminən 450 ting Ağ Evdən tutmuş Yaponiya və Braziliyaya qədər bir çox ölkəyə göndərildi. O dövrdə bu ağaclar kosmos uğurunun simvolu sayılırdı. Lakin illər keçdikcə bir çoxunun yeri unuduldu. 1996-cı ildə aparılan araşdırmada 450 ağacdan yalnız 110-nun yeri müəyyən edildi. Bir çoxu isə adi ağac kimi qəbul edildiyi üçün kimsə onların "kosmosdan gəldiyini" fərq etmədi.
Tədqiqatlar göstərdi ki, kosmosda olmaq ağacların genetikasına və ya böyümə sürətinə ciddi təsir etmir. Onlar dünyadakı "qardaşlarından" fərqlənmirlər. Buna baxmayaraq, NASA bu ənənəni davam etdirir. 2022-ci ildə "Artemis" proqramı ilə minlərlə toxum yenidən Ay ətrafına göndərildi. NASA bu dəfə hər bir tingin yerini rəqəmsal xəritələrlə izləyir.
Lalə Qüdrətova
Milli.Az





