Mütəxəssislərin qənaətinə görə, davamlı şəkildə özünü bədbəxt və uğursuz hiss edən insanlar təkcə şəxsi həyatlarına deyil, eyni zamanda yaxın çevrələrinin də psixoloji vəziyyətinə mənfi təsir göstərə bilirlər.
Milli.Az-ın məlumatına əsasən, bu mövzuya münasibət bildirən bloqer Soma Çxayya daimi neqativlik yayan insanların niyə təhlükəli sayıldığını izah edib.
Onun sözlərinə görə, əgər insanın ətrafında hər zaman şikayət edən, istənilən vəziyyətdə mənfi tərəfləri qabardan biri varsa, həmin şəxslə məsafə saxlamaq ən sağlam seçimdir. Bloqer vurğulayır ki, bu cür insanlar emosional baxımdan ciddi risk mənbəyidir.
"Bu, həyatına daxil ola biləcək ən zərərli xarakter tiplərindən biridir. Belə bir insanı tanıyırsansa, vaxt itirmədən uzaqlaşmaq lazımdır", - deyə Çxayya qeyd edib.
O bildirir ki, xroniki neqativ insanlar təkcə problemlər yaratmaqla kifayətlənmir, eyni zamanda ətrafındakıları emosional cəhətdən tükəndirir və onları öz daxili xaoslarının bir hissəsinə çevirirlər. Çxayyanın fikrincə, mənfi emosiyalar yoluxucu olur və insan bunu hiss etmədən başqasının bədbəxtliyini paylaşmağa başlayır.
"Kiminsə bədbəxtliyinə həddindən artıq yaxın olmaq insanı içdən dağıda bilər. Sən dəstək verdiyini düşünürsən, amma əslində onun enişinə şərik olursan", - deyə bloqer əlavə edib.
O həmçinin vurğulayıb ki, daim bədbəxt olan insanlar çox vaxt öz həyatlarına görə məsuliyyəti üzərlərinə götürmür, başqalarının uğurunu isə qıcıq və qısqanclıqla qarşılayırlar. Dəyişmək əvəzinə, ətrafındakıları da öz mənfi düşüncə səviyyələrinə çəkməyə çalışırlar.
"Qəribə səslənsə də, neqativlik yoluxur. Əgər nəyəsə yoluxmalı olsaq, bu qaranlıq yox, pozitiv, güclü enerji olmalıdır", - deyə Çxayya fikrini yekunlaşdırıb.
Bununla yanaşı, bloqer vacib bir məqama da toxunub: müvəqqəti çətinlik yaşayan insanlarla daim şikayət və xaos içində yaşayanları bir-birindən ayırmaq lazımdır. Birincilər anlayış və dəstəyə ehtiyac duya bilər, ikincilər isə çox zaman ətrafındakıları da öz mənfi dünyalarına çəkməyə çalışırlar.
Kənan
Milli.Az





