Maraqlı

Şir və pələng: qarşılaşsalar nə baş verər və əsl “heyvanlar aləminin şahı” kimdir?

5 Yanvar 2026 04:04
Baxış: 2 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yırtıcı heyvanlar deyildikdə ilk ağla gələnlərdən ikisi şir və pələngdir. Hər ikisi yaşadıqları ərazilərdə qida zəncirinin zirvəsində yer alır, gücləri və qorxuducu görünüşləri ilə "heyvanlar aləminin şahı" adlandırılırlar. Təbii ki, insanı kənarda saxlasaq. Bəs bu iki nəhəng yırtıcı bir-biri ilə müqayisə olunsa, hansının üstün olduğu deyilə bilər?

Milli.Az-ın məlumatına görə, "Discover Wild Life" bu sualı elmi və tarixi mənbələr əsasında araşdırmağa çalışıb.

Şirlər və pələnglər ölçü, güc və ov üçün istifadə etdikləri fiziki xüsusiyyətlər baxımından bir-birinə çox yaxındır. Məhz bu səbəbdən onların hipotetik qarşıdurmasında qalibi əvvəlcədən demək çətindir. Üstəlik, bu gün vəhşi təbiətdə yolları kəsişmir: pələnglər əsasən Asiyada, şirlər isə Afrikada yaşayır. Keçmişdə arealları qismən üst-üstə düşsə də, hazırda bir araya gəlmələri yalnız zoopark şəraitində mümkündür və belə yerlərdə döyüşə icazə verilmir.

Tarixi baxımdan maraqlı məqam ondan ibarətdir ki, bir neçə min il əvvəl, pələnglər və şirlərin Anadolu ərazilərində qarşılaşa bildiyi dövrlərdə üstünlük ehtimal ki, şirlərin tərəfində olardı. Bunun əsas səbəbi onların sürü halında yaşaması, pələnglərin isə tək ovçu olmasıdır.

Lakin təkbətək qarşılaşma ehtimalında mənzərə daha mürəkkəbdir. XIX əsrin sonlarına aid mənbələrdə Hindistan maharacası Sayacirao Gaekvad III-ün "heyvanlar aləminin şahı"nı müəyyən etmək üçün şir və pələngi qarşılaşdırmaq istədiyi barədə rəvayətlər yer alır. Əfsanəyə görə, minlərlə tamaşaçının izlədiyi bu döyüşdə uzun və ağır mübarizədən sonra pələng qalib gəlib. Ancaq bu hadisəni təsdiqləyən etibarlı sübutlar və birbaşa şahid ifadələri olmadığından, tarixçilər bunu daha çox mif hesab edirlər.

Daha real hesab edilən məlumatlar isə zooparklarda baş vermiş təsadüfi insidentlərdir. Məsələn, Çarlz Darvin 1871-ci ildə İngiltərədə bir zooparkda pələngin şirin qəfəsinə girərək onu öldürdüyünü qeyd edib. 2010-cu ildə Ankaradakı zooparkda da "Kadir" adlı pələng volyerlər arasındakı boşluqdan pəncəsini uzadaraq şirin boyun nahiyəsini zədələmiş və şir qan itkisindən ölüb. Lakin bu hadisələr ədalətli və bərabər şərtlərdə döyüş kimi qiymətləndirilmir.

Digər tərəfdən, şirlərin pələngləri öldürdüyü hallar da qeydə alınıb. Məsələn, 1949-cu ildə Avstraliyada bir zooparkda, 1951-ci ildə isə ABŞ-ın Detroyt şəhərində sirk tamaşası zamanı şirin pələngə hücum edərək onu öldürdüyü mətbuatda yazılıb.

Nəticə olaraq "Discover Wild Life" belə qənaətə gəlir: şir pələngi məğlub edə bilər, pələng də şiri - hər şey qarşılaşmanın şəraitindən və hansı tərəfin ilk üstünlüyü əldə etməsindən asılıdır. Buna görə də "heyvanlar aləminin tək və mütləq şahı"nı müəyyənləşdirmək mümkün deyil.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.