Maraqlı

Qar dənəcikləri necə yaranır? - İNANILMAZ HƏQİQƏT ORTAYA ÇIXDI

27 Fevral 2025 10:40
Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Demək olar ki, hamımız pəncərəyə çırpılan müxtəlif formalı qar dənəciklərinin bənzərsiz gözəlliyindən təsirlənirik. Bəs bu qar dənəcikləri necə yaranır?

Qış mövsümünün ən gözəl tərəflərindən biri yağan qarı pəncərədən seyr etməkdir. Demək olar ki, hamımız pəncərəyə çırpılan fərqli formalı qar dənəciklərinin ecazkar gözəlliyindən təsirlənirik. Bəs bu qar dənəcikləri necə yaranır? Qar, buludlardakı su buxarının çox soyuq hava ilə qarşılaşaraq incə buz hissəciklərinə çevrilməsi ilə formalaşır. Qar dənəcikləri, əslində, buz kristallarının birləşməsindən ibarətdir.

Bəzi hallarda havadakı su buxarı birbaşa kiçik buz kristalları şəklində yoğunlaşaraq altıbucaqlı prizma görünüşünü alır və qar dənəciklərini əmələ gətirir. Lakin bu kristallar havadakı daha soyuq su damcılarını özünə çəkə bilər. Ayrı-ayrılıqda formalaşan kristallar kənarlarından budaqlanaraq daha mürəkkəb quruluşlu digər qar dənəciklərinə çevrilir. Hər bir qar dənəciyi digərlərindən fərqli formaya malikdir, yəni heç biri bir-birinə bənzəmir.

Milli.Az bilimgenc.tubitak.gov.tr-yə istinadən xəbər verir ki, qar dənəciklərini əmələ gətirən buz kristalları tarix boyu bir çox alimlərin marağını cəlb edib. Məsələn, 1611-ci ildə Yohannes Kepler bir məqaləsində buz kristallarının altıbucaqlı simmetriyaya malik olduğunu qeyd edib. Təxminən 20 il sonra Rene Dekart təbiətdə çox nadir rast gəlinən 12 kənarlı qar dənəciyini müşahidə etməyə başlayıb. Dekart bu dənəciklərin kənarlarının və bucaqlarının mükəmməl şəkildə düz və bir-birinə bərabər olduğunu vurğulayaraq, belə dəqiq formalaşmış qar dənəciklərinin gözəlliyindən necə təsirləndiyini ifadə edib. Qar dənəcikləri elə bir nizamla yaranır ki, hər biri ətrafında eyni şəkildə formalaşmış altı qar dənəciyi ilə eyni düzənə malik olur. 1665-ci ildə Robert Hukun nəşr etdiyi Micrographia adlı kitabında müxtəlif buz kristallarının əl ilə çəkilmiş rəsmlərinə yer verilib. O dövrün imkanları daxilində bu tədqiqatlarda çox detallara yer ayrılmamış, qar dənəciklərinin gözəlliyi poetik dillə təsvir edilib. Lakin kristalları araşdıran rentgen kristalloqrafiyası elmi inkişaf etdikdən sonra qar dənəciklərinin və buz kristallarının quruluşu daha ətraflı tədqiq edilməyə başlanıb.

Qar dənəciklərinin sistematik tədqiqinə 1950-ci illərdə yapon nüvə fiziki Ukiciro Nakaya başlamışdır. Nakaya qar dənəciklərini təsnif edərək geniş bir kataloq hazırlamışdır. Eyni zamanda, laboratoriya şəraitində süni buz kristallarını əldə edən ilk alim kimi elm tarixinə düşmüşdür. 1954-cü ildə Qar Kristalları: Təbii və Süni adlı kitabını nəşr etdirmişdir. Bu kitab, qar dənəciklərinin elmi cəhətdən ilk dəfə sistematik şəkildə öyrənildiyi və onların yaranma proseslərinin izah edildiyi ilk əsaslı tədqiqat əsəri hesab olunur.

Bu gün isə Kaliforniya Texnologiya İnstitutundan fizik Kenneth Libbrecht meslek həyatını qar dənəciklərinin tədqiqinə həsr edib. O, yaratdığı veb səhifədə (http://www.its.caltech.edu/~atomic/snowcrystals/) araşdırdığı və sənədləşdirdiyi qar dənəciklərinin və digər buz kristallarının məlumatlarını və fotoşəkillərini paylaşır. Bu alim laboratoriyada öz buz kristallarını yaradır və ya Miçiqan, Alyaska və Ontario kimi soyuq iqlim bölgələrinə gedərək təbii qar dənəciklərinin yüksək keyfiyyətli mikroskopik görüntülərini əldə edir. O, çox incə bir fırça ilə qar dənəciklərini toplayaraq şüşə lövhə üzərinə yerləşdirir və sonra onların fotoşəkillərini çəkir. Qar dənəciklərinin sürətlə əriməsinin qarşısını almaq üçün bütün bu proseslər çöldə, donma temperaturunda həyata keçirilməlidir. Bu fotoşəkillər həqiqətən çox təsir edicidir.

Nakayanın pionerlik etdiyi bu araşdırmalar sayəsində indi bilirik ki, qar dənəciklərinin formalaşması temperatur və rütubət kimi atmosfer şəraitlərindən asılıdır. Məsələn, aşağı rütubət səviyyəsində yaranan qar dənəcikləri daha sadə quruluşa malik olur. Rütubət artdıqca dənəciklərin forması daha mürəkkəbləşir. Çox yüksək rütubət şəraitində isə qar dənəcikləri uzun, iynəvari və ya geniş, incə lövhələr şəklində ola bilər.

Növbəti dəfə yaşadığınız yerə qar yağanda sadəcə qardan adam düzəltmək və xizək sürməklə kifayətlənməyin. Qar dənəciklərini daha diqqətlə müşahidə etməyi tövsiyə edirik. Bəlkə də, hələ kəşf edilməyi gözləyən çox fərqli formalarda qar dənəcikləri mövcuddur.

Xəyal Abdullayev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.