Maraqlı

Türkiyəni 150 il geriyə salan sirli ölüm: "Kurtlar Vadisi"ndə də bəhs olunur - VİDEO

30 Sentyabr 2024 13:14
Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə tarixinin ən yaxşı alimlərindən sayılan və ölümü ilə bağlı cinayət işi 17 il sonra bağlanan fizika sahəsi üzrə professor Engin Arıkın illər öncəki müsahibəsi yenidən gündəm olub. 

Milli.Az globalinfo.az-a istinadla xəbər verir ki, o, 2002-ci ildə verdiyi müsahibədə Türkiyənin dünyada ən zəngin torium yataqlarına sahib olduğunu və bununla 100-150 il müddətində öz enerjisini istehsal edə biləcəyini deyib.

Bəs kimdir Engin Arık?

Professor E.Arık 1948-ci ildə oktyabrın 14-də İstanbulda dünyaya gəlib. O, 1969-cu ildə İstanbul Universitetinin Riyaziyyat və Fizika bölməsini bitirib. Arık 1971-ci ildə Pisstburq Universitetində yüksək enerji fizikası üzrə əvvəlcə magistr, sonra doktorantura dərəcəsi alıb. O, akademik fəaliyyəti boyunca xarici universitetlərdə bir neçə enerji maddəsi üzrə geniş araşdırmalar aparıb. 1979-cu ildə ölkəsinə qayıdıb və Boğaziçi Universitetə daxil olub, 2 il sonra dosent, 7 il sonra isə professor adını alıb. Fəaliyyəti boyunca bir çox beynəlxalq platformada müxtəlif elm adamları ilə çalışıb. Həmçinin Türk elm adamlarının araşdırmalarına dəstək verib. 2014-cü ildə yayımlanan "Webometrics" hesabatında h-index sıralamasına görə türkiyəli elm adamlarının siyahısında birinci yerdə təqdim edilib.

Professorun 2002-ci ildə verdiyi deyilən müsahibəsinin görüntüləri onun ölümündən illər sonra sosial şəbəkələrdə yenidən gündəm olub. E.Arık videoda Türkiyənin uzun illər öz enerji tələbatını ödəyə biləcəyi layihənin üzərində işlədiyini bildirib:

"Türkiyə demək olar ki, dünyadakı ən zəngin torium yataqlarına sahibdir. Türkiyə enerji ehtiyacını ildə 50 ton toriumla qarşılaya bilər. Yəni 1 ton toriumdan əldə olunan enerji 1 milyon ton neftin enerjisinə bərabərdir. Hazırda quracağımız Türk Sürətləndirici Mərkəzində bir proton sürətləndiricisi düşünülür. Bu da gələcəkdə bəlkə prototip torium nüvə stansiyası tikməyimiz üçün zəmin yaradar".

O, Türkiyənin 100-150 il müddətində öz enerji tələbatını heç kimdən asılı olmadan ödəyə biləcəyini qeyd edib.

2007-ci ildə professor və onunla birlikdə çalışan 5 elm adamının olduğu təyyarə İstanbuldan İspartaya uçarkən qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 57 nəfər ölüb. Bundan bir neçə il sonra hadisənin sui-qəsd olduğu iddiası irəli sürülüb və cinayət işi açılıb. Qəzadan tam 17 il keçdikdən sonra - 2024-cü ildə təyyarənin məxsus olduğu aviaşirkətin rəhbəri və bir neçə məsul şəxsə hökm oxunub, cinayət işi bağlanıb. Lakin hələ də qəzanın qəsdən törədildiyi, məqsədin alimlərin öldürülməsi olduğu iddia edilir. Sui-qəsd planının arxasında dünyanın müxtəlif ölkələrinin kəşfiyyat xidmətlərinin adı çəkilir.

Maraqlıdır ki, 2021-ci ildə Türkiyənin Suriya ilə sərhədində böyük neft ehtiyanın tapıldığı rəsmən açıqlanıb. 2022-ci ildə isə Türkiyə mediası Ankaranın yaxın zamanda enerji hasilatı üçün torium ehtiyatlarının istifadəsini planlaşdırdığını, bu ehtiyatların 120 trilyon dollarlıq neftə bərabər olduğunu yazıb.

Qeyd edək ki, "Kurtlar Vadisi Pusu" serialında o, Anadolu hoca obrazında təqdim olunub. Seriala görə professor qəzada ölmür, sağ qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.