Maraqlı

Çinlilərin türklərə məğlub olmasının - Şok səbəbi

19 Avqust 2024 07:07
Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şuşa 19-cu əsrin sonlarına qədər Azərbaycanın dəb mərkəzi olub. 20 -ci əsrin əvvəllərində neft bumu ilə əlaqədar olaraq Bakıda əhali artır və dəb burda daha aydın şəkildə özünü biruzə verir. Sovet hakimiyyətinin gəlişi ilə əlaqədar geyimlərimizdə dəyişiklik baş verir, belə ki, hətta Qarabağ geyimlərində də Avropa geyim elementləri istifadə olunmağa başlayır".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Tarix üzrə fəlsəfə doktoru, etnoqraf Gülzadə Abdulova deyib.

"Azərbaycan geyimlərinin tarixi olduqca qədimdir. Bu günə qədər gəlib çatan geyimlərimizin ilkin rüşeymləri eradan əvvəl ikinci minillikdə qoyulub. Hətta arxeoloji abidələrdən tapılan düymə nümunələri də eramızdan əvvəl ikinci minillikdə Azərbaycanda düyməli ilgəkli geyimlərdən istifadə olunduğuna işarədir. Bu isə o deməkdir ki, türkün dünyaya bəxş etdiyi ən mühüm töhfələrdən biri ilgəkli, düyməli, tikişli geyimlərdir. Ona qədər dünyada mövcud olan geyimlər sarma, atma beldən aşağı hissələri örtən geyimlər idi. Türklərin geyimləri eradan əvvəl VI- V əsrlərdən dünyanın ən qədim dövlətləri tərəfindən mənimsənildi. Çin dövləti döyüşlərdə öz əsgərlərinin türklərə məğlub olmasının səbəbini geyimlərlə əlaqələndirmişdilər. Çünki türk geyimləri ilgəkli, düyməli, tikişli, bədənə kip oturan geyimlər idi, onlarınkı isə sarma geyimlər. Və sarma geyimlər döyüşlərdə açılır, əsgərlərə böyüm maneə yaradırdı. Yunan, Roma, Bizans kimi qüvvətli dövlətlər türklərdən həmin geyimləri mənimsədilər və bu minvalla türklərin yaratdığı şalvar, qaftan, uzunboğaz çəkmə bütün dünyaya yayılmağa başladı",- deyə etnoqraf bildirib.

Qarabağ geyimlərinin özəlliklərindən danışan Gülzadə Abdulova bildirib ki, Qarabağ qadınlarının geyim dəstində arxalıqlar üstün mövqe tutub.

"XIX əsrin sonlarından etibarən "nilufər" qollu arxalıqlar milli geyimlərimizin sırasına daxil olmağa başlayır. Qarabağın kübar ailələrinin Avropa və Rusiya ilə təmasının təsiri nəticəsində onların geyimlərində kənar təsirlər özünü daha tez büruzə verməyə başlayıb. Bölgənin geyim mədəniyyəti kompleksində qadın çiyin geyimlərindən olan çəpkənlərin xüsusi yeri vardır".

Qeyd edək ki, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın milli geyimlərinin təbliği - Ənənədən gələcəyə" adlı layihəni həyata keçirir.
Məqsəd Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfimizdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.