Cənubi Avropada, Aralıq dənizində yerləşən Malta mikrodövlətdir. İtaliyadan cənubdakı bu ada öz ecazkarlığı ilə seçilir, yay aylarında isə xüsusilə gözəl olur. Palma ağacları ilə əhatə olunmuş Malta mənzərəsi, sakit limanları və təbii görməli yerləri ilə tropik tətil kurortudur. Dərin mavi sulara malik olmaqla yanaşı, Malta həm də tarixi məbədləri və orta əsr memarlığı ilə mədəni cəlbediciliyə sahibdir. Bura insanları təkcə gözəlliyi ilə yox, eləcə də müxtəlif mədəniyyətlərin sintezinə çevrildiyi üçün özünəməxsus və geniş kulinariya təcrübəsi ilə valeh edir. Malta üç adadan ibarətdir: Malta, Qozo və Komino.
Ada əsrlər boyu buranı istila etmiş müxtəlif xalqların və millətlərin təsiri altında formalaşıb. Ölkə 1964-cü ildə qəbul edilən Müstəqillik Qanununa əsasən müstəqil olub. Həmin il konstitusiyanın təsdiqlənməsindən sonra keçirilən referendumda seçicilərin 54,5 faizi müstəqilliyə səs verib və Malta dövləti reallığa çevrilib. 1974-cü ildə konstitusiyaya edilən dəyişikliklərdən sonra monarxiya ləğv olunub.
Həm ərazisinin sahəsinə, həm də əhalisinin sayına görə Avropada ən kiçik paytaxt şəhəri olan Valletta hər tərəfdən qədim qala divarları ilə əhatə olunub və bu şəhərin zəngin tarixi keçmişi maraqlı əhvalatlarla zəngindir. Valletta şəhərinin əsası orta əsr cəngavərləri tərəfindən qoyulub. Şəhər özünəməxsus və füsunkar tarixinə, irsinə qərq olmaq istəyən ziyarətçilər üçün mədəni "cənnət"dir. Valletta həm də Maltanın ən müasir və inkişaf etmiş şəhəridir. UNESCO bu şəhərin mədəni əhəmiyyətini nəzərə alaraq 1980-ci ildə onu Dünya Mədəni İrs Siyahısına daxil edib. Maltanın mənzərəli paytaxtının fotogenikliyini təsdiqləyən bir fakt da ondan ibarətdir ki, Hollivud Vallettada vaxtaşırı kino çəkilişləri aparır.
Mdina qəsəbəsinə səyahət etmək orta əsr Maltasına qayıtmaq kimidir. Bura ölkənin mərkəzində böyük bir təpənin üstündə yerləşir və bütün Malta adasının heyrətamiz mənzərələrini təqdim edir. Burada heç bir avtomobilə icazə verilməməsi qəsəbənin gözəlliyini daha da artırır. Malta adasındakı turistik yerlər siyahısında əsas yeri tutan Mdinada "Game Of Thrones" filminin müxtəlif səhnələri çəkilib.
Qozo Malta arxipelaqında yerləşən bir adadır. Bura Maltanın bir hissəsidir və arxipelaqda ikinci ən böyük adadır. Qozo adası tarixi qəsəbələri və gözəl qumlu çimərlikləri ilə yay tətili üçün ideal yerdir. Adanın əhalisi əkinçilik və balıqçılıqla məşğul olur. Qozo öz gözəlliyi, təpələr və dərələr boyunca uzanan ecazkar mənzərəsi ilə sakit tətil keçirmək istəyənləri özünə cəlb edir.
Komino Malta arxipelaqında, Malta və Qozo adalarının arasında yerləşir. Adanın adı Maltada geniş yayılmış yaban toxumunun adından irəli gəlir. Komino ağ narın qumlu məşhur çimərlikləri, köhnə qala divarları və dərin mağaraları ilə çox sayda turisti özünə cəlb edir. Ada dəfələrlə filmlərin çəkiliş məkanı olub. Belə ki, "Troya", "Swept Away" və "Qraf Monte Kristo" filmləri burada çəkilib.
Maltada heç bir dağ və ya axar su yoxdur. Adanın xüsusiyyətini terraslanmış sahələr və bir sıra alçaq təpələr təşkil edir. Əhalisinin sayı 400 min nəfərdən çox olan adanın 96 faizini yerlilər, yəni, maltalılar təşkil edir. Ölkənin iki rəsmi dili var - Malta dili və ingilis dili. Din baxımından Malta Avropa ölkələri arasında inanclı ölkələrdəndir və əhalinin 96 faizi Roma Katolik Kilsəsinə bağlıdır. Malta iqtisadi çətinliklərdən əziyyət çəkməyən ölkədir. Adambaşına düşən ÜDM 21 min avro təşkil edir və Avropa İttifaqının orta göstəricisinin 88 faizinə bərabərdir. Burada evsiz insan yoxdur. Keçmiş Britaniya müstəmləkəsi olan Maltada nəqliyyat soldan hərəkət edir. Ölkə 2004-cü ildən Avropa İttifaqının üzvüdür.
AZƏRTAC