Maraqlı

“Titanik”dən xilas olan insanların inanılmaz həyat hekayələri - FOTOlar

3 Dekabr 2023 05:30
Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Titanik" gəmisinin hekayəsini hamı bilir. "Bu gəmini Allah da batıra bilməz" deyilən, bütün şərtlər nəzərə alınaraq ən müasir texnika ilə inşa edilən "Titanik" aysberqlə toqquşaraq batmış, qəzada mindən çox insan həlak olmuşdu. Zaman-zaman sizə "Titanik" haqqında maraqlı məlumatlar təqdim edirik.

 

Bu dəfə sizə "Titanik" qəzasından xilas olan insanların maraqlı həyat hekayələrini təqdim edirik. Hər birinin həyatı ayrılıqda motivasiya hekayəsidir.

 

Gəminin niyə batdığı və bu qədər insanın necə xilas edildiyi hələ də sirr olaraq qalır. Bununla bağlı çoxlu əfsanələr və fərziyyələr var. Bəziləri gəminin sürət həddinin normadan qat-qat yüksək olduğunu düşünür, bəziləri havanı günahlandırır, bəziləri isə bunun sadəcə uğursuz bir tale olduğunu düşünür. Hətta rəqiblər tərəfindən təxribat və ya sui-qəsd olması da fərziyyələr arasındadır.

 

10 aprel 1912-ci ildə "Titanik" sərnişin gəmisi ilk və son səfərini etdi. Gəmidə 2000-dən çox sərnişin olub. Aprelin 14-dən 15-nə keçən gecə "Titanik" aysberqlə toqquşaraq batdı. Bu dəhşətli qəzadan cəmi 700 nəfər sağ qalıb.

 

"Titanik" qəzasından sağ qalanlar kimlər idi və necə sağ qalmışdılar?

 

Marqaret Braun (Molli)

 

Marqaret Braun adı "Titanik" fəlakətindən əvvəl də məlum idi. Marqaret qadınların səsvermə hüququ əldə etməsindən səkkiz il əvvəl ABŞ-da siyasi mövqe qazanan ilk qadınlardan biri idi. O, Avropada olarkən nəvəsinin xəstə olduğu xəbərini alır və dərhal Nyu-Yorka getməyə qərar verir. Ailəsinə bu təcili qərar barədə məlumat vermək imkanı olmadığından ailəsi də daxil olmaqla heç kim Marqaretin "Titanik"lə səyahətə getdiyini bilmirdi. Gəmi aysberqə dəydikdən sonra Marqaret insanlara rəhbərlik etmək və təşkilatçılıq bacarığından istifadə edib. O, bir çox insanın həyatını xilasedici qayıqlara mindirərək xilas edib.

 

Marqaret daha sonra "Titanik"dən sağ qalanlar komitəsinin prezidenti seçildi. O, sağ qalanların ehtiyaclarını ödəmək üçün fövqəladə səylər göstərdi və hər kəsin lazımi yardım alacağına əmin olana qədər Karpadianı tərk etmədi.

 

Marqaret Braun Titanikdən sağ çıxanlara göstərdiyi köməyə görə medal aldı və daha sonra Birinci Dünya Müharibəsi zamanı gördüyü işlərə görə Milli Şərəf Mükafatına layiq görüldü. O, 65 yaşında Nyu Yorkda beyin şişindən vəfat edib.

 

Marqaret Braunla bağlı daha bir maraqlı fakt ondan ibarətdir ki, o, heç vaxt Molli adından istifadə etməmişdi, bu ad Hollivud layihəsi idi.

 

"Titanik Yetimləri"

 

Mişel (3 yaş) və Edmond Navratil (2 yaş) ataları ilə birlikdə gəmidə olublar. Ata Hoffman özünü hər kəsə həyat yoldaşı ölən dul kimi təqdim edib. Lakin bu doğru deyildi. Həyat yoldaşını tərk edən kişi uşaqlarını da götürüb "Titanik"ə mindirib. Uşaqların qəyyumluğu anada olub. Görüş üçün analarından icazə alan ata heç kimə xəbər vermədən uşaqları qaçırtmaq istəyib. Gəmi batmağa başlayanda ata uşaqları götürüb sonuncu xilasetmə gəmisinə mindirib. Daha bir nəfəri yerləşdirməyə yer qalmayıb və ata qayığa minə bilməyib.

 

Ataları vəfat edən uşaqlar çox körpə idilər və ingiliscə danışa bilmirdilər. Bu səbəbdən uzun müddət qohumlarını tapa bilməyiblər. Bütün bu müddət ərzində uşaqların qayğısına 22 yaşlı Mery Hell adlı sərnişin qalıb. Uşaqlarla Fransız konsul danışmağa çalışsa da, heç bir cavab ala bilməyib. Buna görə də uşaqlar "Titanik yetimləri" adlandırlıb. Maraqlıdır ki, uşaqlar gəmiyə mindirilərkən, hər ikisi oğlan kimi sənədləşdirilib. Ata Hoffmanın sənədləri isə həlak olmuş dostunun cibində aşkarlanıb. Atanın heç vaxt cəsədini tapmaq mümkün olmayıb. Dostunun uşaqları qaçırtmaqda ona yardım etdiyi ehtimal olunur. Ana hər yerdə uşaqlarını axtarsa da, tapa bilməyib. Bir gün təsadüfən övladılarının şəklini qəzetdə görüb və onlara qovuşub. Hər iki uşaq sağlam böyüyüb.

 

Mişel psixologiya professoru oldu, xoşbəxt evliliyi var idi. Ömrünün sonuna kimi Monpelyedə yaşayıb və 92 yaşında dünyasını dəyişib.

 

Edmond isə memar olmuşdi. İkinci Dünya Müharibəsində Fransa ordusuna qatılmış, əsir düşmüş, əsirlikdən qaçmağı bacarmışdı. Lakin 43 yaşında xəstəlikdən vəfat etmişdi.

Aktrisa Doroti Gibson

 

Aktrisa Doroti Gibson "Titanik"də birinci dərəcəli bilet alanlar sırasında olub. O, anası ilə birlikdə səyahət edirdi. Gecə saat 11:40-da cingiltili səs eşidib və anasını almaq üçün kabinəyə qaçıb. Gəmi batmağa başlamışdı və Doroti anası ilə birlikdə 7 saylı xilasedici qayığa minmişdi. Xilasedici qayıqda su sızması olub və onlar da batmağa başlayıb. Xoşbəxtlikdən dəliyi paltarla örtməyə müvəffəq olublar. Doroti sağ qaldı və hadisədən dərhal sonra "Titanik" hadisəsi haqqında filmdə rol almağa razı oldu. Film səssiz film idi və çox uğurlu alınmışdı. Filmdə Doroti gəmi batarkən geyindiyi paltarı geyinmişdi (polo palto altında ağ ipək paltar). Bu, "Titanik" fəlakəti haqqında çəkilmiş hit filmlərin ilki idi. Tezliklə Doroti kino karyerasını bitirmək qərarına gəldi və Metropolitan Operada işləməyə başladı.

 

İkinci Dünya Müharibəsi zamanı İtaliyada yaşayarkən Hitler əleyhinə olmaqda günahlandırıldı. San Vittore həbsxanasına göndərilən Doroti, buradan qaçmağı bacardı. Sonrakı illər Parisdə yaşadı və 65 yaşında ürək tutmasından vəfat etdi.

 

Ayaqları donsa da, yenidən yeriməyi bacaran adam - Richard Norris Williams (Riçard Norris Uilyams)

 

Riçard Norris Uilyams atası ilə gəmidə idi. Qəza zamanı hər ikisi olduqca sakit idi. Sərnişinlər suda olarkən Riçard Norris bir qayıq görüb və ona minib. Bu zaman atasının üzərinə buxar borusu düşüb və atası Riçardın gözlərinin qarşısında, həyatını itirib. Riçard Karpatiyada xəstəxanada olarkən həkimlər ona donmuş ayaqlarının kəsilməsinin lazım olduğunu desələr də, o, bundan qətiyyətlə imtina edib. Daha sonra möcüzəvi şəkildə ayaqları sağalıb. Tennis karyerasına davam edən və Olimpiya oyunlarında qızıl medal qazanan Riçard Birinci Dünya Müharibəsində də iştirak etdi. Filadelfiyada uğurlu bankir olan Riçard 22 il Pensilvaniya Tarixi Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. O, 77 yaşında emfizemadan vəfat edib.

 

Üç gəmi qəzasından sağ çıxan qız- Violet Constance Jessop (Violet Konstans Cessop)

 

Violet Constance Jessopun inanılmaz sağ qalma hekayəsi var. O, "Titanik" də daxil olmaqla üç gəmi qəzasından sağ çıxıb. Violet 1900-cü illərin əvvəllərində tibb bacısı və okean gəmisinin stüardesası idi. Çoxları yəqin ki, bu cür dəhşətli hadisələrdən sonra karyerasını dəyişəcəkdi, lakin Violet bunu etmədi. O, işini tərk etmək əvəzinə həyatının ən gözəl illərini dənizdə keçirdi. İlk fəlakət "Olimpik" adlı gəmidə baş verib və xoşbəxtlikdən bu qəzada ölən olmayıb. Sonra Violet "Titanik" ekipajına qoşuldu və oradakı qəzadan da sağ çıxdı, eyni zamanda bir körpənin həyatını xilas etdi. Onun üçüncü fəlakəti "Britannic" adlı gəmidə olub. Bu qəzadan da o, yüngül xəsarətlərlə xilas olub. Violetin qısa müddətli uğursuz evliliyi olub. 42 il gəmilərdə işləyən Violet 1971-ci il mayın 5-də 84 yaşında ürək çatışmazlığından vəfat edib.

 

Qəzanı xatırlayan sonuncu gənc sərnişin - Eva Miriam

 

Eva Miriam Hart atası ilə birlikdə "Titanik" gəmisinə minəndə 7 yaşında idi. Gəmi batmağa başlayanda atası kabinəyə qaçaraq Evanı yorğana büküb və anası ilə birlikdə xilasedici qayıqda yerləşdirməyi bacarıb. Lakin o, özü qayığa minə bilməyib. Evanın atasının cəsədi heç vaxt tapılmayıb. Eva Britaniyanın mühafizəkar partiyasının təşkilatçılarından biri olub. Çox aktiv ictimai həyatı olan Eva Miriam Hart 91 yaşında vəfat edib.

 

Gəmidən qaçmaqda ittiham olunan səlahiyyətli - Josef Bruce İsmay (Cozef Bryus İsmey)

 

Cozef Bryus İsmey "White Star Line" şirkətinin prezidenti və "Titanik"in inşasında məsul şəxs idi. O, xilas edildikdən sonra məhkəmədə ifadəsində "Titanik" batmazdan əvvəl gəmini tərk etmədiyini, qadın və uşaqları xilasedici qayıqlara yerləşdirərək onlara kömək etməyə çalışdığını, ən sonda gəmi batmağa başlayanda xilasedici qayığa mindiyini bildirib. Lakin İsmey qəzadan sonra daim mətbuat tərəfindən sərt tənqid edilib. O, gəmidə qadın və uşaqlar ola-ola qaçmaqda ittiham edilib. İttihamlar İsmeyə çox ağır gəlmiş, buna görə də ömrünün qalan hissəsini hamıdan uzaq yaşamışdı.

 

Cozef Brüs İsmey 74 yaşında trombozdan vəfat edib.

 

Sfera.az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.