Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin direktoru Nərmin Qaralova cərimələnib.
Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, cərimə protokolu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti sorğumuza cavab olaraq bildirib ki, aparılmış araşdırma zamanı Humanitar Kollecdə əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar olunub. Bununla əlaqədar kollecin vəzifəli şəxsi Qaralova Nərmin Ziyadxan qızı barəsində inzibati cərimə tətbiq edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.
Qərar qanuni qüvvəyə mindikdən sonra inzibati cərimənin ödənilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Cərimənin könüllü qaydada ödənilmədiyi nəzərə alınaraq, İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərinə əsasən qərarın icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müraciət olunub və icra tədbirlərinə başlanılıb. Həyata keçirilmiş icra tədbirləri nəticəsində cərimə məbləği tam şəkildə ödənilib.
Qeyd edək ki, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati məsuliyyət nəzərdə tutulur və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu kimi halların qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Xatırladaq ki, 1982-ci il təvəllüdlü Nərmin Qaralova 2020-ci ilin dekabr ayında Humanitar Kollecin direktoru vəzifəsinə təyin olunub. O, son 5 il ərzində bir sıra qalmaqallar, xüsusilə də 2021-ci ildə 67 müəllimi işdən çıxarması ilə gündəmə gəlib. N.Qaralova son bir neçə ayda da xeyli sayda müəllimi işdən çıxarıb. Hazırda həmin müəllimlərin bir qismi Dövlət Əmək Müfəttişliyi Xidmətinə, eləcə də məhkəmələrə müraciət ediblər.
Milli.Az





