Hadisə

Borclarını qaytarmaq üçün başqasının əmlakını satmaq istədi

14 Avqust 2025 15:23
Baxış: 307
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda xeyli miqdarda borcu olan şəxs pulu qaytarmaq üçün dələduzluq edib.

Milli.Az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Elçin Azadov (soyad şərtidir) işsiz qaldığı üçün müəyyən şəxslərdən borc alıb. Bir müddət keçsə də, Elçin borclarını qaytara bilmir və prosesdən çıxış yolu kimi dələduzluğa əl atıb. O, sosial şəbəkədə satışa çıxarılan torpaq sahəsi görüb və həmin ərazini mülkiyyətində olan ərazi kimi satmaq qərarına gəlib və bu məqsədlə o, həmin torpaq sahəsinin görüntülərini çəkərək elan paylaşıb.

Elanı Nurlan adlı şəxs görüb və almaq üçün Elçinlə əlaqə saxlayıb. Bu məqsədlə Nurlan Elçinlə görüşüb, torpaq sahəsinə baxıb və alqı-satqı barədə ilkin şifahi razılaşma əldə olunub. Nurlan bu məqsədlə Elçinə 300 manat beh, torpağın sənədləşməsi üçün isə 600 manat verib.

Elçin bu məqsədlə Maştağa qəsəbə bələdiyyəsində işləyən Tatyana adlı şəxslə danışıb və həmin əraziyə yeni sənəd çıxarmasını istəyib. Tatyana əvvəlcə Elçinə bu barədə söz versə də, sonradan bu saxtakarlığa gedə bilməyəcəyini deyib.

Elçin Nurlanla yenidən görüşüb ondan torpaq sahəsinə görə qalan 7600 manatı da istəyib. Nurlan həmin vəsaiti Elçinin bank kartına göndərsə də, o, sənədləşməni edə bilməyib və prosesi yubatmaqla vaxt qazanmaq istəyib. Elçin Nurlandan aldığı pulla borclarını qaytarıb və hər dəfə Elçinə yalan vədlər verib, torpağın sənədləşmə prosesinin yubandığını deyib. Məsələdən şübhələnən Nurlan bu barədə polis əməkdaşlarına məlumat verib.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Elçin saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.

İş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı törətdiyi cinayəti etiraf edib və Nurlana dəymiş ziyanı ödəyib.

Məhkəmənin hökmü ilə E.Azadova 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət qolbağı tətbiq edilib. (Oxu.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.