Hadisə

DSX yanğının səbəbini açıqladı - YENİLƏNİB - VİDEO

6 Dekabr 2022 18:52
Baxış: 2 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:52

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş vermiş yanğın tam olaraq söndürülmüşdür.

Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılmışdır. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalmış, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəymişdir.

Yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.

-------

18:11

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

--------

18:10

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

-------

17:52

Dövlət Sərhəd Xidməti qurumun akademiyasında baş verən yanğınla bağlı məlumat yayıb.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumatda bildirilir ki, dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş vermişdir. Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülmüş, Fövqəladə Hallar Nazirliyinin "102" qaynar xəttinə məlumat verilmiş, əraziyə yanğınsöndürənlər cəlb edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanmışdır.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş, yanğın qısa zamanda lokallaşdırılmışdır.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

-------

17:10

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binası yanır.

Milli.Az report-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.