Texnologiya

“Əslində, məlumatlarımız oğurlanmır, proqramlara “hə” deməklə özümüz ötürürük” - MÜTƏXƏSSİS AÇQILADI

20 Mart 2023 21:34
Baxış: 1 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir ildir insanlar arasında tez-tez müzakirə edilən məsələlərdən biri telefon və kompüterlər vasitəsilə anonim şəxslərin onları izləmələrinə dair fikirlərdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə mesajların oxunması, telefon danışıqlarının dinlənildiyini deyənlərin sayı getdikcə artır. Şübhələri artıran məqamlardan biri də iki şəxs arasında müzakirə olunan mövzunun sonra sosial mediada reklam formasında onların rastına çıxmasıdır.

Məsələn, kiminləsə təyyarə biletlərindən, xəstəliklərdən danışıb internetə daxil olduğumuzda qarşımıza turizm, münasib qiymətə biletlər və endirimli paketlər təklif edən klinikalar barədə reklam məlumatları çıxır.

Əslində, bunun niyə baş verdiyini bilməyən insanlar üçün kifayət qədər narahat durumdur. İnsanların çoxu bir müddət sadə telefonlardan istifadə etməyə başladı ki, onları dinləmək olmur. Bir qrup insan isə səs və kamera sistemlərini idarə edə bilən proqramları smartfonun yaddaşından pozmağa başladı.

Müasir insanın həyatının ayrılmaz hissəsinə çevrilən smartfonlarda proqramları yazıb-pozmaq qeyd olunan problemə çarədirmi? Telefonun yaddaşına yazılan proqramlar, doğrudan, silinir, yoxsa biz elə zənn edirik?

Sosial şəbəkələrdən istifadə etdiyimiz zaman yüklənməsi təklif olunan proqramlar bizim üçün hansı təhlükəni yaradır? Bizim rəqəmsallaşmış dünyada "yox" demək şansımız yoxdur? Sosial platformalarda təmiz mühit tapa bilərikmi? Doğrudanmı bizim axtarış tarixçəmiz, onlayn profillərimiz, satın aldığımız məhsulların siyahısı, tez-tez ziyarət etdiyimiz veb-saytlar və s. şəxsi məlumatlarımız harasa ötürülür?

Məsələ ilə bağlı "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası"nın İdarə Heyətinin sədri Elvin Abbasov Oxu.Az-ın suallarını cavablandırıb.

Mütəxəssis istifadəçilərin telefon və kompüterlər vasitəsilə anonim şəxslər tərəfindən izlənilmələri ilə bağlı məsələnin real iddia olduğunu deyib:

"Əgər biz özümüz qeyri-rəsmi proqram təminatlarından yararlanırıqsa, lisenziya tələb olunan proqramları "crack" edib istifadə ediriksə, bu kimi faktlar mümkündür. Anonim şəxsin bizi izləməsini istəmiriksə, lisenziyalı proqramlardan istifadə etməyimiz lazımdır".

Sosial şəbəkələrdən istifadə qaydalarında məxfiliyin qorunmasına dair vədlərə toxunan ekspert deyir ki, sosial şəbəkələr birinin şəxsi mesajlarını heç bir üçüncü şəxslə bölüşmür:

"Sadəcə, marketinq məqsədli açar sözlər götürülərək korporativ istifadəyə verilir. Burada da izləmə faktı ancaq kənar, qeyri-rəsmi tətbiqlər istifadə etdikdə mümkündür. Yəni misal üçün, siz "WhatsApp Plus" tətbiqi istifadə edirsinizsə, məxfilik qorunmur və şəxsi mesajlarınız təhlükəsiz sayılmır. Bəzi insanlar bu "izləmə"lərin vasitəçisi hesab etdikləri bir sıra video və səsyazma proqramlarını silməyə başlayırlar. Qeyd edim ki, bəzi orijinal mənbələrdən yüklənən proqramların analitikasına baxsaq, görərik ki, həm az yüklənib, həm də biz yüklədiyimiz təqdirdə telefonumuzu və ya planşetimizi dondurur. Bax bu tip tətbiqlərdən şübhələnmək olar və onları yükləmək tövsiyə edilmir.

Sosial şəbəkələrdən istifadə etdiyimiz zaman yüklənməsi təklif olunan proqramlar bizim üçün təhlükəlidir. Təhlükələr isə bir neçə istiqamətdə ola bilər. Fərdi və məxfi məlumatlarımız oğurlana, istifadə etdiyimiz cihazlar ələ keçirilə bilər. Sizdən icazəsiz smartfonunuza zərərli proqramlar yüklənilə bilər. Daha da dəhşətlisi - əgər bunu bilmədən biz iş yerimizdə, evimizdə və s. bu telefon və ya cihazdan istifadə ediriksə, bu halda iş yerimizdəki şəbəkəyə də bu zərərli yazılmaları göndərə bilirik. Bu isə daha ağır nəticələrə, hətta bir şirkətin daxili məlumatlarının, hesabatlarının oğurlanmasına qədər gətirib çıxara bilər".

Mütəxəssislə söhbətimizdə məlum olur ki, smartfonların bizim gördüyümüz və idarə etdiyimizdən başqa da menyusu var. E.Abbasov qeyd edir ki, telefonun yaddaşına yazılan proqramlar silinmir:

"Proqramın kök faylları silinə bilər. Lakin o proqram vasitəsi ilə ərsəyə gətirdiyimiz fayllar telefonumuzda qalır. O ki qaldı gizli menyu var, ya yox, əlbəttə ki, var. Buna "boot menu" deyilir və bütün smartfonlara aiddir. Telefonun əməliyyat sistemində dəyişikliklərin aparılması üçün istifadə olunur. Daha çox İKT mütəxəssisləri üçün nəzərdə tutulur".

Elvin Abbasov cəmiyyətdə rəqəmsallaşma prosesinə "yox" deməyin mümkün olmadığını xüsusilə vurğulayıb:

"Heç kim deyə bilməz ki, rəqəmsallaşmaya "yox" deyirəm. Artıq belə şans yoxdur. Çünki dövlət qurumlarının ənənəvi xidmətlərini rəqəmsal formata keçirdikləri bir dövrdə yaşayırıq. Həmçinin, artıq istifadə etdiyimiz hər bir məhsul və xidmət ya tam, ya da qismən rəqəmsallaşıb".

Ekspert mövzu ilə əlaqədar onu da qeyd edib ki, biz fərqində olmadan şəxsi məlumatlarımızı açıq şəkildə sosial şəbəkələrə vermiş oluruq:

"Belə ki, fərqində olmadan, istifadə etdiyimiz telefonların tətbiqlərində öz məlumatlarımızı öz razılığımızla paylaşırıq. Diqqət etsəniz, yüklənilən tətbiqlərdə sizə sual gəlir - "hə" və ya "yox" deyə seçimlər təklif edilir. Biz isə proqramdan istifadə etmək üçün "hə" cavabını veririk ki, proqramları aktivləşdirək. Bax bu, bilmədən məlumatlarımızı ötürdüyümüz və telefonun müvafiq sistemlərinə daxil olma icazəsi verdiyimiz həmin o andır. Bu prizmadan baxanda heç bir tələb pozulması yoxdur, əslində. Yəni bu zaman biz öz xoşumuzla və konfortumuz üçün bu məlumatları vermiş oluruq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.