Sağlamlıq

Kondisionerin vurduğu sərin havanın təsirindən onurğa problemi olanlarda ağrılar yarana bilər

13 İyul 2020 22:35
Baxış: 2 300

Kondisionerlər mərkəzi və otaq tipli olmaqla iki yerə bölünür. Otaq tipli kondisionerlər elə quraşdırılmalıdır ki, soyuq hava axını mənzildə yaşayanların birbaşa üzərinə vurmasın. Soyuq hava axını nəticəsində mənzildə yaşayanların əzələləri, əzələlər arasında olan damar və sinirlər sıxılır. Qan dövranı pozulduğu üçün yuxudan duranda özündə ağrılar hiss edir. Əgər sıxılmalar bir az da dərinləşsə, soyuq ağciyərlərə də təsir etsə, qansız işemik zonalar əmələ gələ, pnevmoniyalar yarana bilər. İki gün narahatlıqdan sonra pnevmoniya və boğaz ağrılarının yaranması təhlükəsi də ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-terapevt Solmaz Musayeva məlumat verib.

Onun dediyinə görə, insan orqanizmi normal halda 20 dərəcədən 22 dərəcəyədək özünü yaxşı edir: "Çalışmaq lazımdır ki, otaq həmin temperaturlarda olsun. Kondisioneri söndürərək vaxtaşırı otağın havasını dəyişmək də lazımdır, çünki kondisioner təmiz hava vermir, otaqda olan havanı dövr etdirir. Oksigen isə əslində bayırdan gəlməlidir, ona görə pəncərəni açaraq havanı dəyişmək vacibdir. Uzun müddət, bəzən saatlarla işləyən kondisionerə fasilə verməmək oksigensiz mühit yaranmasına səbəb olur, bundan sonra otaqdakı hava baş ağrıları və ümumi halsızlıq yaranmasına səbəb olur.

Kondisionerin vurduğu sərin havanın təsirindən onurğasında problem olanlarda əzələlər sıxıldığı üçün kəskin ayaq, bel və kürək ağrıları ola bilər. Virus və bakteriyalar nəm mühitdə daha çox qalır və inkişaf edirlər. Havanı nəm saxladığına görə mikroblar kondisionerin filtrlərində daha çox qalır. Əvvəla, çalışmaq lazımdır ki, həmin filtrlər tez-tez təmizlənsin. Digər tərəfdən həmin mühitdə olan viruslar məhv olmadığı üçün dövr edərək otaqda olanları yoluxdura bilər".

Yaxşı olar ki, uşaq olan otaqda kondisionerlər işlədilməsin. Dəhlizdə və yan otaqda işləyən kondisionerin verdiyi sərin havanın həmin otağa keçməsi kifayət edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.