Sağlamlıq

Uşaqlarda vaxtından əvvəl cinsi inkişaf və onun yaranma səbəbləri

8 Yanvar 2018 23:39
3 Şərh     Baxış: 23 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün bir sıra ailələrdə aktual mövzularından biri, xüsusilə qız uşaqları arasında geniş yayılmış-vaxtından əvvəl cinsi inkişafın başlamasıdır. Bu zaman nə etməli və daha çox hansı əlamətlərə diqqət yetirilməlidir?

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının pediatrı, endokrinoloq Günay Cəbrayılova klinikanın mətbuat xidmətinə məlumat verib.

Pediatr-endokrinoloq bildirib ki, vaxtından əvvəl cinsi inkişaf dövrünə girən uşaqların boyları öz yaşıdları ilə müqayisədə daha uca olsa da, bu dövrün sonunda nisbətən daha qısa olur: "Belə uşaqların endokrinoloqun müayinəsindən keçmələri mütləqdir. Vaxtında və düzgün müalicə bu uşaqların boyunun qısa qalmasının qarşısının alınmasına və normal inkişafına kömək olur.

Normal cinsi inkişaf qızlarda 8-13, oğlanlarda isə 9-14 yaş aralarında başlayır. Qızlarda cinsi inkişafın ilk əlamətləri süd vəzilərinin, oğlanlarda isə xayaların böyüməsidir. Oğlanlarda sonrakı mərhələdə səsdə qalınlaşma, bədən əzələlərində artma meydana çıxır ki, bu zaman artıq yeniyetmə görünüşü tamamlanır.

Bu əlamətlərin qızlarda 8 yaşından, oğlanlarda isə 9 yaşından əvvəl başlaması vaxtından əvvəl cinsi inkişafa dəlalət edir.

Vaxtından əvvəl cinsi inkişafın səbəbləri kimi nəticələri də ürək açan deyil. Günümüzdə buna qızlar arasında daha tez-tez rast gəlinir. Bunun səbəbləri isə beyin ya da periferiya ilə əlaqədar ola bilər. Təəssüflə qeyd etmək istərdim ki, az görülən səbəblər arasında beyində və ya mərkəzi sinir sistemində əmələ gələn şişlər, doğum zamanı ortaya çıxan hidrosefaliya, meningit və ya ensefalit də var. Həm qız, həm də oğlan uşaqlarında periferik səbəblər böyrəküstü və hipofiz vəzlərindəki şişə bağlı olaraq, artıq miqdarda estrogen və testesteron istehsalı, estrogen və testesteronun krem və ya məlhəm şəklində artıq miqdarda qəbulu ilə özünü göstərir. Qızlarda periferik səbəblər arasında yumurtalıq kistaları və yumurtalıq şişləri də yer alır. Vaxtından əvvəl cinsi inkişafın səbəbini anlamaq üçün bu problemə nəyin təkan verdiyini bilmək vacibdir. Son zamanlarda uşağın yaşadığı stress və ya dəyişiklikləri müşahidə etmək, istifadə edilən vitamin və ya hormon dərmanlarına diqqət yetirmək mütləqdir.

Ümumiyyətlə uşaqların boy inkişafına endokrinoloq nəzarət etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.