Qısqanclıq hər bir insanın təbiətində var. Bu, insanın daxili duyğularından biri - əzabvericisidir. Bu duyğu təkcə qısqanılan insanın deyil, elə qısqananın da həyatını cəhənnəmə çevirir.Qısqanc insanda ruhi böhran, depressiya, qayğı pozuntusu özünü büruzə verir
Qısqanclığı yaradan səbəblər isə müxtəlifdir. Mütəxəssislərin fikrincə, insanın özünə inamının az olması, qarşı tərəfə inamsızlıq, qarşı tərəfi itirmək qorxusu qısqanclığın əsas səbəbləridir. Qısqanclıq hissi təməli möhkəm olan ailələri belə dağıtmağa qadirdir. Qısqanclıq bir çox insanın həyatına təsir edən narahatedici duyğulardan biridir. Qısqanclıqla birlikdə çox vaxt hirs, dəyərsizlik, bədbəxtlik, təklik və çarəsizlik kimi duyğular da yaşanır.
Psixoloq Aynur Əlibəyli deyir ki, qısqanan insanlar mütləq səbəbləri araşdırmalıdırlar. "Qısqanclıq həm sahib olduğunu itirə biləcəyi (başqalarının ondan alacağını), həm də başqalarının sahib olduğuna özünün də sahib olması istəyidir. Qısqanclıq bəzən gündəlik həyatda gəlib-keçici, bəzən həyatı alt-üst edəcək şəkildə, bəzən boş yerə ortada heç bir səbəb olmadan, bəzən isə ciddi bir təhdid hiss edildiyində yaranır", - deyən həmsöhbətimizə görə, qısqanclıq çox vaxt qısqanan adamın daxili dünyası ilə əlaqəli olub, şişirdilmiş və ya təhrif edilmiş hisslərlə özünü büruzə verir.
Qısqanmaq, şübhəsiz, insanın təbiətində olan bir duyğudur. Lakin gündəlik həyatda qısqanclıq yaşayan insanların bir çoxu yaşadıqları bu duyğu ilə mübarizə apara bilmirlər. "Və çox zaman qısqandıqları adamla əlaqələrin pozulması və ya münasibətlərin gözəlliyini itirməsi ilə nəticələnir. Yəni insanın qorxduğu başına gəlir. İtirməkdən qorxduğunu itirməyə başlayır. Qısqanclıq yaşayan insanlar çalışmalıdırlar ki, əlaqələrini qoruyub, davam etdirə bilsinlər".
Psixoloq bildirir ki, sevgidə əsl fədakarlıq da insanın hissləri ilə bacarmaq qabiliyyətidir. Lakin qısqanclıq yaşayan bir çox adam əlaqəni qorumaq və inkişaf etdirmək üçün səy göstərmək əvəzinə gizli-gizli qisas alaraq, küsərək, əlaqəni kəsərək və ya təhdid edərək, güc tətbiq edərək məqsədinə çatmağa çalışır.
Qısqanclıq yaşayan insan özünəinam və hörmətini qoruyub saxlamaq məcburiyyətindədir. "Qısqanclıq yaşayan insanlar çox zaman yaşadıqlarını düşündükləri rəqabətdə məğlub olacaqlarını düşünərək özlərini dəyərsiz, əhəmiyyət verilməyən, sayılmayan və sevilməyən bir insan kimi hiss edirlər".
Mütəxəssislərin fikrincə, özünü dəyərsiz hiss edən, özünə inamı xarici təsirlərdən çox, asan təsirlənən insanlar daha çox qısqanc olurlar. Qadın və kişilər yaşadıqları qısqanclıq duyğusu ilə müxtəlif yollarla mübarizə aparırlar. Belə ki, qadınlar çox zaman öz haqq və istəklərindən imtina edərək, münasibəti qorumağa çalışsalar da, kişilər əksər vaxt təhdid, ya da kobud qüvvət göstərərk, istəklərinə çatmağa can atırlar. "Qısqanclıq həm bir səbəb, həm də bir nəticədir. Xəstəlik deməyək, amma davranış pozğunluğu adlandıra bilərik. Qısqanc insanda ruhi böhran, depressiya, qayğı pozuntusu özünü büruzə verir".
Onun sözlərinə görə, qısqanclıq insanın sosial həyatına təsir edib iştahsızlıq, yuxusuzluq, əmək qabiliyyətinin zəifləməsinə səbəb olursa, artıq müalicəyə başlamaq lazımdır. Belə insanlarla psixiatrik, dərman müalicəsi aparılır. "Qısqancıq hissi 8-12 seanslıq müalicə ilə aradan qaldırılır. Düzünü desək, bu hiss tamamilə yox edilə bilməz. Amma insan özü ilə mübarizə aparıb bu hissi yox halına gətirə bilər. Brilyant bahalı daşdır. Bu, dünyanın hər yerində dəyişilməz olaraq, qalır. Hər insan da bir brilyantdır, sadəcə bunu dərk etmək lazımdır".
Heç qısqanmayan insan ola bilməz. Əgər belə insan varsa, o insan ya həddən artıq başadüşən, ya da laqeyddir.
Ekspress.az