Sağlamlıq

Xroniki ağrının "səsi" necə kəsilir? Alimlər bədəndə ağrını söndürən təbii mexanizm tapdılar

6 Oktyabr 2025 03:03
Baxış: 262
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yel Universitetinin alimləri insan bədənində ağrı siqnallarını nəzarətdə saxlayan və onların xroniki hal almasının qarşısını alan önəmli bir bioloji mexanizm aşkarlayıblar.

Milli.Az xəbər verir ki, bu elmi kəşf nüfuzlu Nature Communications jurnalında yayımlanıb.

Tədqiqat qrupu, Kandi Paulsenin rəhbərliyi ilə, sinir sistemində kalsium axınına nəzarət edən TRPA1 adlı zülal kanalını araşdırıb. Bu kanal ağrı və iltihab siqnallarını aktivləşdirən əsas strukturlardan biridir. Lakin eyni zamanda, həddindən artıq kalsium axını hüceyrələrə zərər verə və xroniki ağrıya səbəb ola bilər.

Alimlərin tapdığına görə, bədənin öz "tənzimləyici mexanizmi" bu problemi həll edir. Kalmodulin adlı zülal TRPA1 kanalının xüsusi bir hissəsinə bağlanaraq onu vaxtında bağlayır və artıq siqnalların qarşısını alır. Əgər bu bağlanma prosesi pozularsa, TRPA1 kanalı çox uzun müddət aktiv qalır və bu da ağrı siqnallarının davamlı olaraq ötürülməsinə - yəni xroniki ağrıya - səbəb olur.

Araşdırma zamanı TRPA1 kanalı elə dəyişdirilib ki, kalmodulin ona bağlana bilməsin. Nəticədə kanal bağlanmayaraq uzun müddət aktiv qalıb - bu isə xroniki ağrının laboratoriya şəraitində süni şəkildə yaradılmasına səbəb olub.

Kandi Paulsen qeyd edir ki, bu mexanizmin kəşfi xroniki ağrıların niyə bəzi hallarda səngimədiyini və iltihablı proseslərə çevrildiyini daha yaxşı anlamağa imkan verir. Həmçinin, bu məlumat gələcəkdə xroniki ağrının müalicəsi üçün daha hədəfli və effektiv dərmanların hazırlanmasına yol aça bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.