Qiyməti 2 kq quzu ətinə bərabər bir çoxunun tanımadığı faydalı bitkidən bəhs edəcəyik.
Söhbət Şimal-qərb bölgəsində əsasən Qax rayonu ərazisində yetişən "Xalyar" adlı bitkidən gedir. Bu bitkini demək olar ki, ölkəmizdə çox az adam tanıyır. Səbəb isə bitkinin çətin əldə edilməsidir. Bu bitkiyə adətən Qax, Zaqatala, Balakən rayonlarının meşələrində rast gəlmək mümkündür.
Qax rayon sakini Afaq Abbasovanın Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə bu qeyri-adi dada malik soğanabənzər bitkinin qiyməti 25-55 manat arası təşkil edir. O, bitkinin adətən meşə massivində yetişdiyini, yığılmasının çox çətin olduğunu bildirdi:
"Xalyar bitkisindən hazırlanan yeməklər Qax mətbəxinin ən sevilən yeməklərindən hesab olunur. Adətən yetişməsi fevral ayının əvvəllərindən başlanılır. Soğan bitkisinə bənzəsə də, dadı daha çox sarımsağı xatırladır. Biz buna el arasında xəlyar da deyirik. Yığılması çox çətin olan bu dadına doymadığımız bitki adətən meşələrdə kolluqların sıx olduğu yerlərdə bitir.
Fevral ayının əvvəllərində yarpaq açmadığı üçün biz onu tək-tək qurumuş ağacın yarpaqlarını eşələyərək tapıb yığırıq. Bu səbəbdən bir günə maksimum 1-1,5 kq xalyar yığmaq mümkün olur. Sonra yarpaqladıqda isə bir qədər yığılması asanlaşır. Amma çox insanlarımız onu yarpaq açmadan yeməyi xoşlayır"
A. Abbasova söhbət əsnasında onu da bildirdi ki, əvvəlki illərdə meşələrin sıx olması səbəbindən bu bitkiyə daha çox rast gəlmək mümkün olub. İndi isə artıq xalyar bitkisinin kökü kəsilmək üzrədir. Bu səbəbdən bir çox insanlar bunun toxumunu əldə edərək öz bağlarında yetişdirmək qərarına gəliblər.
Bundan başqa həmsöhbətimiz bu bitkinin faydalarından, hazırlanma qaydasından və qiymətindən də söhbət açdı.
"Xalyarın faydalarını sadaladıqca bitmir. Zehni tənzimləyir, konsentrasiyanı artırır, yaddaşı gücləndirir və həzm prosesini tənzimləyir. Eyni zamanda qan dövranını yaxşılaşdırır.
Biz əsasən xalyarı pörtdədib, qovurub üstünə yumurta vurub bişiririk. Amma bəzən onu xəngəlin üzərinə tökürük. Hətta turşusunu belə hazırlayırıq. Bu bitkinin qiyməti fevral ayının əvvəlləri 55 manata, martda isə 25 manata təklif edilir.
Onu da qeyd edək ki, bu qeyri-adi bitkinin elmi adı "ayı soganı"dır.
Milli.Az