Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 21 926 bakalavr ərizə təqdim edib. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar olunub. 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır. Bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərinizə çatdırırıq.
Fevralın 17-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra - 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Mərkəzin saytına yerləşdiriləcək.
İmtahanda iştirak edənlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) da sabah DİM-in internet saytının "Xidmətlər" bölməsində> "E-xidmətlər"> "DİM-in nəşrlərinin elektron versiyalarının satışı"> "Test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə biləcəklər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
--------
08:32
Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.
Milli.Az xəbər verir ki, imtahanda iştirak etmək üçün 21 min 926 bakalavr ərizə təqdim edib. Onlardan 20 min 57 nəfəri Azərbaycan bölməsi, 1869 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. İmtahan iştirakçılarının 14 min 17 nəfəri cari ilin, 7909 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Həmçinin 49 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 62, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunub. İmtahan saat 11:00-da başlayır, saat 10:45-də isə buraxılış rejimi başa çatır. Göstərilən vaxtdan gecikən şəxslər imtahan binasına buraxılmayacaq.
İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1989 nəzarətçi və 294 mühafizə əməkdaşı cəlb olunub.
Bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır və bu səbəbdən imtahandan 15 dəqiqə əvvəl hər kəs zalda olmalıdır.
İmtahan 3 saat 30 dəqiqə davam edəcək. İlk 3 saat ərzində test tapşırıqlarına cavab vermək lazımdır. Bundan sonra esse yazı işi başlayacaq və bakalavrlara 30 dəqiqə vaxt veriləcək.
DİM imtahan iştirakçılarının diqqətinə çatdırır ki, cavab kartları optik qurğu vasitəsilə oxunur. Buna görə də cavablar yalnız qara və ya tünd göy mürəkkəb axıtmayan diyircəkli qələm və ya tünd rəngdə yazan karandaşla qeyd edilməlidir. Səhv qeyd olunmuş və ya qaydalara uyğun olmayan cavablar nəzərə alınmayacaq.
İmtahan binasına mobil telefon, elektron cihazlar, kalkulyator, kitab, dəftər, məlumat kitabçası, lüğət, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.
Bakalavrlar imtahana gələn zaman şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini təqdim etməlidirlər. Sənədləri qaydasında olmayan şəxslər imtahana buraxılmayacaq.
Milli.Az