İqtisadiyyat

Saxta və ya keyfiyyətsiz dərmanlar ölkəyə necə ayaq açır...

6 Noyabr 2021 19:18
0 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlar Azərbaycanda da son illər kənd təsərrüfatına mənfi təsir göstərir, ya uzun çəkən quraqlıqdan, ya ara verməyən yağışlardan bir çox sahələrdə məhsuldarlıq aşağı düşür. İqlimin kəskin dəyişməsi mütəxəssislərin qeyd etdiyi kimi, eyni zamanda bitki xəstəliklərinin və zərərvericilərinin də artmasına gətirib çıxarır. Belə olanda kəndli-fermerlər üçün öz əkinlərini xəstəliklərdən, müxtəlif zərərvericilərdən qorumaq vəzifəsi də çətinləşir. Həm də ona görə çətinləşir ki, son illər zərərvericilərə və xəstəliklərə qarşı tətbiq edilən dərman vasitələrinin qiyməti az qala iki dəfə artsa da keyfiyyəti aşağı düşüb, yaxud bazarda saxta kimyəvi preparatların, dərmanların satışı halları artıb.

Kənd təsərrüfatının müxtəlif sahələrindən, problemlərindən bəhs edən araşdırmalar, reportajlar hazırlayarkən söhbətləşdiyimiz fermerlər hər dəfə bu problemdən şikayətləniblər. Onlar deyirlər ki, əvvəllər sahəni 4-5 dəfə dərmanlayırdılarsa, indi 9-10 dəfə dərman versələr də, istənilən nəticəni ala bilmirlər. Taxıl, pambıq, meyvə-tərəvəz sahələri ziyanvericilər və xəstəliklər səbəbindən zərər görür, fermerlər qurd düşmüş meyvəni sata bilmirlər, sahələrə çəkilən xərc batır.

Qocaman mütəxəssisin dedikləri

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Babakişi Quliyev də bitki xəstəliklərinə və zərərvericilərə qarşı dərmanların keyfiyyətindən narazılığını bildirib. Alim deyib ki, 82 yaşı var, illərini kənd təsərrüfatı sahəsinə həsr edib, amma kimyəvi dərman və preparatların   bu qədər keyfiyyətsiz olduğunu görməmişdi...

"Bu barədə deputat Vahid Əhmədova da məlumat vermişəm. Zərərvericilərə qarşı dərmanlar dövlət səviyyəsində satılmalıdır. Ayağı yer tutan gedib dərman alıb gətirir. Fermerlər bu dərmanlardan almağa məcburdurlar. Dərmanın tərkibindəki ana maddənin faizi azdır, ziyanvericini öldürmür. Vaxtı ilə bağlara 4-5 dəfədən artıq dərman vurulmazdı, indi 10-11 dəfə dərman vururlar. Bir meyvədə 4-5 qurd var, onu kim alar? Fermerlər məcbur olub konserv zavodlarına verirlər. Konserv zavoduna meyvə satmaq fermerə  sərf etmir, hər fermer bundan qazanc götürə bilmir", - B.Quliyev virtualaz.org-a açıqlamasında belə deyib.

Vahid Əhmədov: "İki ilə yaxındır dərmanların keyfiyyətindən narazılıq edilir"

Deputat Vahid Əhmədov bildirib ki, fermerlərin şikayətindən xəbərdardır və  təxminən 2 ilə yaxındır dərman preparatları ilə bağlı narazılıqlar eşidir. Məsələ ilə bağlı aidiyyatı təşkilatlarla, institutlarla məlumat verib, o cümlədən fermerlərlə görüşlər keçirib.

"Azərbaycana gətirilən dərmanların tərkibi ilə bağlı ciddi problemlər var. Dərmanları gətirən firmalar keyfiyyətə cavabdehlik daşımadıqları, eləcə də dərmanlar müəyyən qədər yoxlanılma prosesindən keçmədiyi üçün keyfiyyəti aşağıdır. Ona görə də məhsuldarlığa ciddi ziyan vurur, məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Dərmanlar müvafiq laboratoriyalarda yoxlanılmalı, bundan sonra ölkəyə daxil olmalıdır. Keyfiyyətsiz dərmanların ölkəyə hansı yolla, necə gətirildiyini deyə bilmərəm, amma faktiki olaraq fermerlərə çatdırılır, şikayətlər bu gün də davam edir", - V.Əhmədov qeyd edib.

Deputatın sözlərinə görə,  məsələ hökumət səviyyəsində həll olunmalı, ölkəyə dərman gətirən firmalarla danışıqlar aparılmalıdır. Dərmanların keyfiyyətinin yoxlanılmasına ciddi nəzarət mexanizmi həyata keçirilməlidir ki, yalnız keyfiyyətli dərmanlar gətirilsin: "Fermerlərin başı qarışır təsərrüfata, dərmanların keyfiyyətli olub-olmadığını necə müəyyənləşdirə bilərlər? Bunun üçün müvafiq qurumlar var, mütəxəssislər var, onlar məşğul olmalıdırlar. Fermer dərmanın saxta olub-olmadığını müəyyən edə bilməz. İki ildir bu məsələ ilə məşğul oluram, amma nəticə əldə edə bilmirəm,  problem kökündən həll edilməlidir. Sual belə qoyulmalıdır, niyə Azərbaycana keyfiyyətsiz dərmanlar daxil olur, yəni məsələ budur. Bunun qarşısını almaq lazımdır, dərmanlar ciddi yoxlanılmalıdır, sertifikat verilməlidir".

Deputat Rüfət Quliyev isə narazı fermerlərə dərmanların keyfiyyətsiz olmasını sübut edən faktlarla müraciət etmələrini məsləhət görüb: "Konkret arqumentlərlə Qida Təhlükəsizlik Agentliyi də daxil olmaqla bütün qurumlara müraciətlər edilməlidir ki, məsələ araşdırılsın. Həmin dərmanların adları nədir, hansı firma onu ölkəyə gətirib, kim onu satıb və s."

Dərman gətirən şirkətlər

Müxtəlif zərərvericilərə və xəstəlik törədicilərə qarşı kimyəvi dərman preparatları ölkəyə bir neçə özəl şirkət tərəfindən gətirilir.  Belə şirkətlərdən biri - Ema MMC-nin satış şöbəsinin əməkdaşı Niyaməddin Süleymanov deyib ki, onların satdıqları dərmanların keyfiyyətindən indiyədək bir dəfə də narazılıq eşitməyib və gətirdikləri dərmanlarının keyfiyyətinə cavabdehdilər.  Ona görə də fermerlərin heç biri onların dərmanlarından narazı ola bilməz. Amma N.Süleymanov dərmanların hansı ölkələrdən gətirildiyini, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edib-etmədiklərinə dair sualları cavablandırmaq istəməyib.

Şirkətin özünü təqdim etmək istəməyən əməkdaşı isə deyib ki, sualları aqronom cavablandıra bilər, aqronom isə hazırda ölkədə deyil.

Digər şirkətlərdən də mövzu  ilə bağlı sualları cavablandırmaq istəməyiblər.

Mütəxəssis az, fermerlərin əksəriyyəti  isə məlumatsızdır

"Agroconsalting" MMC Məsləhət Mərkəzinin rəhbəri Daməd Sultanov deyir ki, problem təkcə dərmanların keyfiyyətində deyil. Zərərvericilər və xəstəliklərlə mübarizə xüsusi peşəkarlıq tələb edir. Zərərvericinin xüsusiyyətlərini, xəstəliyin inkişaf dinamikasını, biologiyasını bilmədən dərmandan istifadə edilməsi nəticəyə mənfi təsir göstərir.

"Dərman istehsal edən heç bir şirkət istəməz ki, dünyada keyfiyyətsiz məhsul istehsalçısı kimi tanınsın. Sadəcə olaraq, hər bölgənin özünəməxsus əkin sahələrinə uyğun xəstəlik və zərərvericiləri var. Fermer dərmanlardan düzgün qaydada və vaxtında istifadə etməlidirlər. Məsələn, Quba-Xaçmaz bölgəsində zərərvericilər var, həmin zərərvericilərin pik uçuş həddini müəyyən etmədən dərmanlama heç bir effekt verməyəcək, nəticə 30 faizdən yuxarı olmayacaq. Dərmanlamanın hansı temperaturda, günün hansı saatlarında aparılmasını da bilmək lazımdır", - mütəxəssis deyib.

D.Sultanovun sözlərinə görə, hər bir pestisidlərin özünün suda həll olma qabiliyyəti var. Onların hansı suda, turş və ya qələvi mühitdə olması olduqca əhəmiyyətlidir. Yararlılıq müddəti bitmiş və yaxud təlimata uyğun hazırlanmayan dərmanlar da istənilən effekti vermir: "Dərman preparatları hazırlanarkən suyun pH mühitinin tənzimlənməsi, istifadə qaydalarına əməl edilməsi, çiləyici aqriqatların nizamlanması düzgün aparılmalıdır ki, istənilən nəticəni versin. Bu, A-dan Z-yə kimi bir zəncirdir, zəncirin biri qırılarsa, dərman öz effektini itirəcək. Dərmanlama əvvəlcə mütəxəssis tərəfindən əvvəldən sonadək aparılmalı, sonra fermerlər davam etməlidirlər. O zaman nəticə əldə olunacaq".

Müsahibimiz qeyd edib ki, sovetlər dönəmində bir kolxozda 7-8 aqronom, mütəxəssis işləyib, tövsiyələr verib. İndi isə mütəxəssis azdır, fermerlərin əksəriyyəti isə dərmanlama ilə bağlı tam məlumata malik deyillər. Təlimatlar düzgün yerinə yetirilmir, istənilən nəticə əldə edilmir.  Əvəzində dərmanın keyfiyyətindən narazılıq edilir.

Yeni elektron modul istifadəyə verilib, sınaqdan keçməmiş dərmanlar...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə məlumat verilib ki, onların tərəfindən bitki mühafizə vasitələri və gübrələrdə təsiredici maddələrlə bağlı mütəmadi araşdırmalar aparılır, siyahıda elmi əsaslarla əldə olunmuş nəticələrə uyğun yenilənmələr həyata keçirilir. Artıq ölkəyə idxal olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələri ilə bağlı idxal prosesi daha da təkmilləşdirilib, AQTİS üzərindən yeni elektron modul istifadəyə verilib. Artıq sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün olmayacaq. Belə ki, idxal üçün elektron müraciət zamanı sahibkarlıq subyekti tərəfindən qeydiyyatda olmayan məhsulların sistemə daxil edilməsinin qarşısı avtomatik alınacaq.

Qeyd edək ki, ötən il 1 158 aqrokimyəvi maddənin istifadəsinə icazə verilib.  

Əlbəttə, bu yaxşıdır ki, bitki xəstəliklərinə və zərərvericilərə qarşı dərman vasitələrinin mərkəzləşdirilmiş uçotunun aparılması başlayıb. Amma görünən odur ki, xəstəliklərə və zərərvericilərə qarşı effektiv mübarizə kompleks tədbirlər tələb edir-bura fermerlərin maariflənməsindən tutmuş sahə üzrə peşəkar mütəxəssislərin hazırlığı da daxildir...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.