İqtisadiyyat

Lombardlar vətəndaşları necə aldadır?

2 Aprel 2014 12:09
0 Şərh     Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində artım var"

Bunu "Axar.az"a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov dedi. Onun sözlərinə görə, istehlak kreditləşməsi 2013-cü ildə 35% artıb, bu da vətəndaşların kreditə olan tələbatının göstəricisidir:

"Hazırda kommersiya bankları çox az sayda kredit verirlər. Verilən kredit isə çox ağır şərtlərlə təklif olunur. Həmin tələbatı lombardlar və sələmə pul verən şəxslər tuturlar. İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pula tələbatın artması müşahidə edilir. Bu da təbii ki, lombardların təklif etdiyi kreditlərin faiz dərəcələrinin artmasına gətirib çıxarır. Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində 1% artım var. Bu da illik olaraq 12% artım deməkdir. Lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-ə yaxındır. Bu da kifayət qədər böyük göstəricidir. Belə olan halda faizlər artır. Əgər lombardlar əvvəllər qızılla bərabər müxtəlif əşyaları da qiymətləndirirdilər. İndi isə, faizlərin artması nəticəsində lombardlar yalnız qızıl, zinət əşyaları qəbul edirlər".

Vətəndaşın girovu təhlükə altında qalır

Ekspert bildirir ki, qanunvericilikdə lombarda qoyulan girovların icbari sığortalanması nəzərdə tutulmayıb. Onu da nəzərə alaq ki, qanunvericilikdə girov qoyulan əmanətin hansısa formada geri qaytarılması ilə bağlı da heç bir müddəa yoxdur:

"Lombardlar lisenziya ilə fəaliyyət göstərsələr də, təəssüf ki, onların fəaliyyətinə nəzarət mexanizmləri zəifdir. Lombardlar məhz nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır. Bəzi hallarda onlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni zamanda ölkəni tərketmə riskləri yüksək olur. Nəticədə nəzarətin gücləndirilməsinə ciddi şəkildə ehtiyac yaranır. Əgər lombardlar tez-tez yerlərini dəyişirlərsə, nəticədə min manat borca görə lombarda 2 min manatlıq qızılı əşyası qoyan vətəndaşın girovu təhlükə altında qalır. Hazırda lombardların vətəndaşları aldatması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Hesab edirəm ki, sözügedən fəaliyyətlə bağlı tələb olunan qaydalar və meyarların sərtləşdirilməsinə ehtiyac var".

Lombardın girov əşyadan istifadə hüququ yoxdur

Hüquqşünas Araz Yusifov da lombardlarla bağlı müəyyən problemlərin olduğunu təsdiq etdi. O, bu sahədəki qanunvericilikdə də müəyyən dəyişiklik edildiyini bildirdi:

"Əvvəllər lombard xüsusi icazə (lisenziya) əsasında fəaliyyət göstərən hüquqi şəxs idi. Lakin indiki qanunvericiliyə görə lombard fəaliyyəti xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə aid deyil. Girov qoyan qismində isə ancaq fiziki şəxslər çıxış edə bilər. Girovun predmeti isə yalniz şəxsi istehlak üçün nəzərdə tutulan daşınan əşyalardır ki, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Əgər müştəri girov əsasında götürdüyü pulu müqavilədə göstərilən zamanda geri qaytara bilmirsə, lombard girovluqda olan əşyanı sata bilər".

Xatırladaq ki, son zamanlar bankların nağd kredit şərtlərini sərtləşdirməsi vətəndaşların lombardlara axın etməsinə şərait yaradıb. Banklardan fərqli olaraq lombardlarda kiçik məbləğli kreditlər götürmək üçün sənədləşmə daha asandır. Heç bir zamin və iş yerindən arayış təqdim etmədən şəxsiyyət vəsiqəsi və girov qoyulacaq qızıl məmulatları ilə lazım olan məbləği əldə etmək mümkündür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.