Vaxtaşırı ölkənin bəzi yerlərində mal, eləcə də dana əti adı ilə at, eşşək və ya camış əti satıldığı istiqamətində xəbərlərə rast gəlirik. Yoxlamalar aparılsa da, bu proses yenə davam edir.
Vətəndaş ətləri necə ayırd edə bilər? At və camış əti mal ətindən nəyə görə fərqlənir? Ümumiyyətlə, at əti əldə etmək işbazlar üçün niyə bu qədər əlçatandır?
Milli.Az-ın məlumatına görə, Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur.
Onun sözlərinə görə, it, at, eşşək, pişik, camış əti də satıla bilər:
"Bu, anormal bir vəziyyətdir. Ənənəvi olmayan ətlərin satışına mütləq qadağa qoyulmalıdır. Ortada Nazirlər Kabineti və ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bir sənədi olmalıdır. Sadəcə, dövlət orqanları deyirlər ki, istehlakçıları aldatmamaq üçün ətin üzərinə nə əti olduğu yazılsın. Bundan başqa təəssüf ki, başqa tələb yoxdur. Bu boşluqdan istifadə edən satıcılar da istədiklərini edirlər. Bəzən də mal ətinə qarışıq şəkildə at, eşşək və s. heyvanların ətini satırlar. Çünki qanunda boşluq var! Biznes qurmaq üçün hökumət bir toxunulmazlıq yaradıb və bundan da sui-istifadə olunur".
E.Hüseynov ət məsələsində ermənilərlə bağlı maraqlı detala toxunub:
"Azad İstehlakçıların ofisində 1963-cü ildə dərc olunmuş bir kitab var. Bütün SSRİ xalqları içərisində bir dənə Azərbaycanda eşşək əti yeməli hesab olunub. Orada qiymət və növlər də yazılıb. Sonra öyrəndik ki, bu kitabı ermənilər hazırlayıb. Yəni indiki vəziyyət ermənilərin dəyirmanına su tökməkdir. Mütləq dəyişiklik olmalıdır. Qanun bunları qadağan etmədiyi üçün bu hallar baş verir".
Eyyub Hüseynov əhalinin ətləri bir-birindən seçməsinin asan olmadığını qeyd edib:
"At və ya digər heyvanların sümüksüz hissəsi mal ətinə qarışdırılıb satıla bilər. Hökumət hər şeyi biznes qurumlarının vicdanına buraxdığı üçün belə bir anormal vəziyyət var. İstehlakçılar mal haqqında informasiya almaq hüququna malikdirlər. Malların rəsmi qaydada sənədləri olmalıdır. Lakin bütövlükdə götürsək, Azərbaycanda satılan malların 80%-nin sənədi yoxdur. Əgər istehlakçı ət alan zaman onun sənədini tələb etsə, sənəddə görünməyəcək ki, o, it ətidir, yoxsa yox. Orada sadəcə "ət" sözü yazılacaq. Vəssalam... İstehlakçılar bu kimi şübhəli vəziyyətlə rastlaşan zaman 1003 Qaynar Xəttinə məlumat verə bilərlər. Onlar bilməlidirlər ki, at və eşşək əti qırmızı olur, qaynadanda spesifik dad verir, camış ətində qabırğalar xeyli enli, rəngi isə nisbətən ağ olur. Əslində, camış əti mal və dana ətindən üstündür. Sadəcə, onun üzərinə "Camış əti" yazmaq lazımdır".
Milli.Az