İqtisadiyyat

Ev alanda 50 min ƏDV ödənilibsə, 15 mini geri qayıdacaq

29 Noyabr 2022 16:36
Baxış: 2 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanunda edilmiş dəyişikliyə əsasən, mənzil alanda ƏDV-nin bir hissəsinin geri qaytarılması nəzərdə tutulub.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov bu məqsədlə portalın (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verildiyini bildirib. O qeyd edib ki, portal nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün işə salınıb.

Bəs daşınmaz əmlak alqı-satqısı zamanı ƏDV necə geri qaytarılacaq?

V.Bayramov qeyd edib ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur: "Hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq".

Millət vəkili əlavə edib ki, kreditlə alınan əmlaka görə ƏDV geri qaytarılması tam ödənişdən sonra mümkündür: "ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür".
Ətraflı

V.Bayramov bildirib ki, qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir: "Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən, bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək".

Bundan başqa iqtisadçı bildirib ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır: "Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanır (18 faiz) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır. Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq".

Qeyd edək ki, təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alqı-satqıda ƏDV ödənişi həyata keçirilsin.

Xatırladaq ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış əmlaka görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası müəyyənləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.