İqtisadiyyat

"PAŞA Bank" Azərbaycan bazarında qeyri-ənənəvi maliyyə xidmətləri oyunçularının artacağını proqnozlaşdırır - MÜSAHİBƏ - VİDEO - FOTO

21 İyun 2022 09:15
Baxış: 735

İndəyək COVID-19 pandemiyası fonunda elektron ticarət və nağdsız ödəniş xidmətlərinə ehtiyac xeyli artıb.

Bu barədə Trend-ə müsahibəsində "PAŞA Bank"ın İdarə Heyətinin üzvü Cəlal Orucov bildirib.

Onun sözlərinə görə, pandemiyadan əvvəl də bu istiqamətdə müəyyən layihələr var idi, lakin yeni çağırışlar və şərtlər bu həllərin həyata keçirilməsinin sürətləndirilməsini tələb edirdi:

"Kiçik və orta biznes (KOB) üçün innovativ həllər, habelə nağdsız ödənişləri qəbul etməyə və həyata keçirməyə imkan verən xidmət paketləri təklif edən şirkətlər yaranıb. Bundan əlavə, son vaxtlar Azərbaycanda elektron pul kisələrindən istifadə tendensiyası müşahidə olunur. Bu həllər əsasən fintech startaplarını təmsil edir, banklar isə provayder kimi ikinci dərəcəli rol oynayır.

Həmçinin, son illər Azərbaycanda əhalinin bank xidmətləri ilə əhatə olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu gün ölkə əhalisinin böyük hissəsinin maliyyə xidmətləri ilə əhatə olunmasından danışmaq olar: əmək haqqı və pensiya ödənişləri bank kartları vasitəsilə həyata keçirilir. Onu da qeyd etmək istəyirəm ki, mobil telefonlardan istifadə etməklə ödənişin populyarlaşması uzunmüddətli perspektivdə adi plastik kartlardan tamamilə imtina etmək üçün imkanlar yaradır".

Onun sözlərinə görə, Azərbaycanda son illər "açıq bankçılıq"ın (Open Banking) inkişafı tendensiyası da müşahidə olunur.

"Bu gün müvafiq normativ bazanın olmaması ölkə banklarının "Open Banking" əsasında ideyanı həyata keçirməsinə mane olur. Xüsusilə bankımız və bəzi digər maliyyə qurumları bu istiqamətdə müəyyən işlər görür, lakin məhdud formatda. Əslində, "Open Banking" müştəri üçün fərqli, daha rahat formatda bank xidmətləri göstərə bilən yeni fintech startaplarının yaranmasına töhfə verəcək. "Open Banking"in banklar üçün müsbət təsiri ondan ibarətdir ki, onlar bu həlləri yaratmağa məcbur deyillər.

Hesab edirəm ki, bu tendensiya həqiqətən də yalnız müvafiq orqanlar tərəfindən tənzimləmə standartlarını təsdiqlədikdən sonra inkişaf edəcək. Ən əsası odur ki, bu təşəbbüsün həyata keçirilməsi bazarda təkcə banklar arasında deyil, həm də bank xidmətlərinin provayderləri arasında rəqabət yaradacaq", - deyə C.Orucov vurğulayıb.

Onun fikrincə, daha iki tendensiya maksimum şəkildə yayılıb:

"Buraya onlayn ödənişlərin artması və bank kartlarından təkcə vəsaitlərin nağdlaşdırılması üçün deyil, həm də POS terminallar vasitəsilə mal və xidmətlərin ödənilməsində istifadə edilməsi daxildir. "PAŞA Bank" istehlak kreditlərinin verilməsində o qədər də fəal deyil, lakin bizdə POS terminallar şəbəkəsinin ən inkişaf etmiş olduğunu deyə bilərik. Həmçinin bizim bank Azərbaycanın ən böyük ekvayinq bankıdır. 2020-ci və 2021-ci ilin nəticələrini müqayisə etsək, o zaman şəbəkəmizdə nağdsız ödənişlərin dövriyyəsi 2020-ci ildə 1,6 milyard manata yaxın, 2021-ci ildə isə 2,8 milyard manat təşkil edib. Bu il də dövriyyə yüksəlişi tendensiyası davam edir. Belə ki, cari ilin birinci rübünün yekunlarına görə, dövriyyə 20 faiz artıb".

O bildirib ki, bu yay Azərbaycanda "Google Pay" təmassız ödəniş həlli istifadəyə veriləcək və bu, Android platformasında mobil cihazlardan istifadə etməklə alış-veriş üçün ödəniş etməyə imkan verəcək.

Kibertəhlükəsizlikdən danışan Cəlal Orucov vurğulayıb ki, 2018-ci ildə "PAŞA Bank" bu seqmentə ciddi investisiya yatıran ilk bank olub:

"Bankımız məlumat kibertəhlükəsizliyini təmin edən müxtəlif sistemlərdən, o cümlədən dələduzluğun qarşısının alınması sistemindən istifadə edir. Bu sahəyə investisiyalar bu günə qədər davam edir.

Bundan əlavə, PAŞA Bankda kibertəhlükələrin gecə-gündüz monitorinqi və qarşısının alınması ilə məşğul olan xüsusi qrup fəaliyyət göstərir. Bankların işinin bu hissəsi o qədər də gözə dəyməyən ola bilər, lakin son vaxtlar bütün dünyada banklara kiberhücumların sayında artım müşahidə olunur və bankımız bu tendensiyaları görərək öz infrastrukturunun qorunmasına aktiv şəkildə sərmayə qoymağa davam edir.

Bütün ödəniş sistemləri, o cümlədən banklar tərəfindən ödəniş kanalları inkişaf etdirilərkən təhlükəsizlik həmişə birinci yerə qoyulur. Bu və ya digər formatda ödəniş kartları emissiya edən banklar, Apple Pay və Google Pay-də xidmət göstərir, hər il ödəniş sistemlərinin beynəlxalq auditindən keçirlər, burada bütün fiziki məlumat və kibertəhlükəsizlik yoxlanılır. Bu yoxlanışın nəticələrinə əsasən maliyyə institutuna müvafiq sertifikat verilir".

Bundan əlavə, C.Orucov qeyd edib ki, son illərdə dələduzluğun ən "məşhur" növlərindən biri sosial mühəndisliyi ("telefon dələduzluğu") sayılır:

"Dələduzlar telefon zəngləri edərək bank məlumatlarını almağa çalışırlar. Bütün banklar müştərilərini bank məlumatlarını paylaşmamaq üçün maarifləndirməyə diqqət yetirirlər. Heç bir bank müştərilərindən nə kart nömrəsi, nə təhlükəsizlik kodu (CVV), həm də SMS mesajından kod tələb etmir".

C.Orucov onu da qeyd edib ki, "Apple Pay" ilə yanaşı, artıq ölkədə mobil cihazlara əsaslanan lokal təmassız ödəniş həlləri də təklif olunur və onların sayı getdikcə artacaq:

"Düşünürəm ki, 2022-ci ilin sonuna kimi "açıq bankçılığın" tənzimlənməsinə dair hüquqi akt qəbul ediləcək. Onun qəbul edilməsi nağdsız ödənişlərin artırılmasına və yeni maliyyə texnologiyalarının yaradılmasına yönəlmiş xidmətlərin və startapların inkişafına imkan verəcək. Həm də qeyri-ənənəvi, yəni qeyri-bank oyunçuların sayı da artacaq. Biz elektron ticarət və nağdsız ödənişlərə, eləcə də onlayn platformalarda ödənişlərə daha çox keçid gözləyə bilərik. Ümid edirəm ki, bu ilin sonuna kimi ictimai nəqliyyatda da bank kartlarının qəbulu sistemi tətbiq olunacaq. Ölkədə mövcud bank kartlarının sayı bu təşəbbüsü də həyata keçirməyə imkan verir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics