Mədəniyyət

Humay Qədimova: "Qız incəliyindən bir qədər uzaq olmuşam" - MÜSAHİBƏ

22 Oktyabr 2011 20:33
0 Şərh     Baxış: 2 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tarzən Humay Qədimovanın "Üç nöqtə" qəzetinə müsahibəsi.

Milli.Az xəbər portalı müsahibəni kiçik ixtisarla təqdim edir.

- İlk klipinizi İbrahim Tatlısəsin "Hadi, hadi" mahnısına çəkdirməyiniz heç də birmənalı qarşılanmamışdı. Sizcə, milli musiqilərimizi təbliğ edən musiqiçinin ilk işi türk estrada mahnısı ilə geniş kütləyə təqdim olunması nə dərəcədə doğrudur?

- Bildiyiniz kimi, kökü olan milli alətimiz tarın daşıçısıyam. O ki qaldı ud alətinə, özüm öyrənmişəm. Bilirsiniz ki, ud alətinin Azərbaycanda məktəbi yoxdur. Uddan daha çox ərəblər və türklər istifadə edirlər. Biz də isə yalnız ansamblda, arxa planda bas alətlərinin ifası üçün  istifadə edilir. Mən də düşündüm ki, ud alətində solo ifa edim. Bilmirəm, bəlkə cavanlıqdan irəli gəldi, bəlkə də ilk işimiz olduğuna görə, dinləyicilərə maraqlı olması üçün bu cür seçim etdik. Ancaq milliliyi unutmadıq. Burda udla yanaşı, kamança və zərb alətimiz də səsləndi. Türk mahnısını oxumağımıza baxmayaraq yenə də milliliyimizi nümayiş etdirdik.

- Özünüz də qeyd etdiyiniz kimi, ud tarla müqayisədə sizin üçün yeni bir alət idi. Yəni, belə çıxır ki, tarı sırf ud alətində oxumaq naminə qurban verərək türk musiqisinə müraciət etdiniz?

- Elə də demək olar. Ancaq bir məqamı qeyd edim ki, mən əgər milli alətimiz tarda da türk musiqisini ifa etsəydim, onda iradları haqqlı hesab etmək olardı. Ud ancaq elə alətdir ki, burda sərhəd yoxdur. Məncə, bu alətdə istənilən musiqini ifa etmək olar. Ud milli alət sayılmır. Şərqdə də, Qərbdə də bu alətdən istifadə olunur.

- Milli musiqilərimizin təbliğinə ehtiyac duyulduğu bir zamanda seçiminizi estrada musiqiləri üzərində edirsiniz. Maraqlıdır, muğamlarımızı tarda yüksək səviyyədə ifa etmək bacarığınız olduğu halda niyə məhz estrada musiqilərinə klip çəkdirirsiniz?

- İnşallah, yaxın zamanlarda milli musiqilərimizlə bağlı işlər də görəcəyik. O musiqilərə müraciət etməyim sırf öz istəyimlə bağlıdır. Sadəcə olaraq ürəyimə yatdığı üçün və eyni zamanda dinləyicilərin marağını nəzərə alıb bu addımı atmışıq. Bu mahnılarda özümü gördüyüm üçün ilk olaraq da onlara klip çəkdirdim. Tarzən Hacı Məmmədovun unudulan bir çox rəqs musiqilərini müasir şəkildə ifa edəcəm. Sözsüz ki, çərçivədən kənara çıxmamaq şərti ilə.

- "Nigaranam" mahnısını bir çox müğənnilərimiz ifa edib. Siz də bu musiqiyə müraciət edərək, estrada mahnısını tarda ifa etdiniz. Buna münasibət necə oldu?

- Bəli, haqlısınız, bir çox vokal ifaçıları bu mahnını oxuyublar. Bu pop janrında olduğu üçün fikirləşdik ki, tarda ifa etmək mümkün olmaz. Ancaq Asif Kərimovla müzakirələrimizdən sonra qəti qərara gəlib, bu işi gördük.

Bir çox sənətkarlarımız dinlədikdən sonra müsbət fikirlər eşitdik. Rejissor Rüfət Nəzərli bu mahnıya klip çəkdi. Hazırda montaj işləri davam edir.

- Xaricdə konsert vermək, hansısa işlər görmək nəinki milli musiqi, hətta estrada ifaçıları üçün də asan deyil. Bunun üçün mütləq şəkildə dayaq olmalıdır. Maraqlıdır, bu cür işlərə imza atmaqda sizə kimlər dayaq oldu?

- Əlbəttə, manelər olur. Orda yaşayan və çalışan ifaçılar da bunu dəfələrlə deyiblər. Ancaq biz bütün bu işləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə etdik...

Bəlkə də biz milli musiqimizi təbliğ etdiyimizə üçün manelərlə üzləşmirik. Əksinə, dəstək görürük.

- Milli musiqilərimizin və alətlərimizin oğurlanması artıq adət halını alsa da, hələlik bunun qarşısını almaq üçün əsaslı addımlar atılmır. Sizcə, bununla bağlı hansı işlər görülməlidir?

- Bu, qlobal məsələlərdən birinə çevrilib. Böyük sənətkarlarımız bu barədə çox müzakirələr aparıblar. Mən də onların yanında balaca bir sənətçi olaraq deyə bilərəm ki, təbliğ olunması yaxşı olardı. Nazirlik dəstək oldu və bizim Türkiyədə konsertimiz oldu. Yalnız tarzənlərin deyil, bütün musiqi alətlərinin ifaçılarına bu cür şərait yaradılsa çox yaxşı olar. Natiq ritm qrupu Azərbaycanı bütün dünyada yüksək səviyyədə təmsil edir. Bu davamlı şəkildə olmalıdır. Bu gün oldu və bitdi, belə heç nə etmək olmaz. Belə olsa, artıq düşmənlərimiz rahatlıqla özünküləşdirəcəklər. Xanəndələrimizə yaradılan şərait instrumentalçılarımız üçün də yaradılmalıdır. Bütün bunları isə dövlət etməlidir. Düzdür, hər şeyi dövlətin öhdəsinə də atmaq düzgün olmaz. Ancaq yenə də dövlətimiz əlindən gələni əsirgəməməlidir.

- Həm yerli, həm türk sənətçilərini müşayiət edən musiqiçi olaraq onlar arasında nə kimi fərqlər görürsünüz?

- Mənə elə gəlir ki, türk sənətçiləri bizimkilərdən daha çox məsuliyyətlidirlər. Azərbaycan musiqi dünyada birincidir, musiqiçilərimiz də çox peşəkardır. Bilmirəm, bəlkə də, müğənnilərimiz istedadlarına güvənib bir o qədər də məsuliyyətlə yanaşmırlar.

- Sənətində müəyyən ilklərə imza atanlardan sayılırsınız. Tarla bağlı mövcud stereotipləri qıranlardan birisiniz - indiyədək tarda ifa demək olar ki, kişilərə məxsus idi. İndi gənc bir xanımı da, əlində tar efirdə görməyə başlamışıq. Çətin deyil?

- Ümumiyyətlə, tar çox çətin alətdir. Bir gün tarı əlinə almasan, özün bilirsən. İkinci gün əlinə almayanda ətrafındakı musiqiçilər bilir. Üçüncü gün əlinə almayanda hamı bilir. Bu, elə bir alətdir ki, onunla hər gün mütəmadi şəkildə məşğul olmaq lazımdır. Hacı Məmmədovun qonşuları deyirmiş ki, "Hacı müəllimin qapısının kandarından keçəndə tarının səsini eşitmiriksə, bilirik ki, o, evdə yoxdur". Hacı müəllimin özü deyirdi ki, "tarzən sutkanın 24 saatının 25 saatı bu alətlə məşğul olmalıdır". O baxımdan, bu alət xanımlar üçün daha çətindir. Ailə ilə sənəti birlikdə çatdırmaq müşkül işdir. Amma subay olduğuma görə, hələ rahatçılıq var.

- Bu qədər çətinliklər olduğu halda bəs niyə məhz tar?

- Əslində heç özüm də bilmirəm niyə məhz tar?! Deyə bilmərəm ki, kiminsə ifasını eşitdim, ondan sonra məndə tara maraq oyandı. Ancaq qardaşım tar ifaçısı olub. Eyni vaxtda musiqi məktəbinə getmişik. O tar, mən fortepiano sinfinə. Fortepianodan istədiklərimi ala bilmirdim sanki. Çünki o alətdə muğam ifa etmək olmur. Amma tarda mümkündür. Ümumiyyətlə, nədənsə mən uşaqlıqdan daha çox kişilərin məşğul olduğu işlərə can atmışam. Qız incəliyindən bir qədər uzaq olmuşam. Ola bilsin daxilim bu cür olduğuna görə, seçimim də elə olub. Asəf Zeynallı adına Musiqi Kollecində bütün qrupda qız tarzən bir mən idim. Milli Konservatoriyada isə ikinci-üçüncü kursda oxuduğum vaxt qız tələbə qəbul olundu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.