Mədəniyyət

Rəqs etməkdən doymayan 90 yaşlı rəqqasə - FOTO

19 May 2019 23:15
0 Şərh     Baxış: 2 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roza Cəlilova: "Ülkər gülüşün, sona baxışların olması vacibdir"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Rəqqasəlik böyük zəhmət, diqqət, sevgi, qayğı, məhəbbət, fədakarlıq tələb edən oynaq sənətdir. Bu sahədə peşəkar olmaq üçün rəqs sənin həyat yoluna çevrilməlidir. Elə ömrünü sənətinə həsr edən, onu layiqincə təmsil edən, xalqın sevimlisinə çevrilən Xalq artisti, rəqqasə, xoreoqraf baletmeyster Roza Cəlilova kimi. Mayın 17-də sənətkarın 90 yaşı tamam oldu. Mayın 2-də 90 illik ömrünün 65 ilini çox sevdiyi sənətinə həsr edən sənətkarın, Azərbaycan Rəngkarlıq Muzeyində Beynəlxalq Rəqs Günü münasibətilə konsert proqramı təqdim olundu. Azərbaycan rəqs sənətinin inkişafına dəyərli töhfələr verən R. Cəlilova, klassika və folklorun sintezi olan məktəbin yaradıcısı kimi tanındığını  və rəqsin onun həyatında tutduğu yerin əhəmiyyətini vurğulayaraq, sənətinə verilən qiymətdən danışdı.
 
Qu quşu məhəbbəti ilə sevir 
 
Açığı, onun simasına baxanda, sənətkara 90 yaş verməkdə bir qədər çətinlik çəkirəm. Həyat eşqi, sənət sevgisi ilə dolu olan Roza xanımı uzun müddətdir ki, tanıyıram. Uşaqlığımız onun rəqslərini izləməklə keçib. Bu gün bir çox tanınmış rəqqaslar onu səhnədə görüb, örnək götürüb və bəhrələnərək bu sənətin yolun tutublar. Gənclik illərində səhnədə rəqsləri ilə insanları valeh edən Roza Cəlilova ilə görüşdə keçmiş illəri xatırlayırıq. O, çoxillik yaradıcılıq fəaliyyəti ərzində, bütün dünyada ölkəmizin zəngin rəqs mədəniyyətini nümayiş etdirib. Bu gün isə o illərdən ağız dolusu danışır. Keçmişini xatırlayır, rəqs sənətinə gətirdiyi yenilikləri, yaşanmışları bir-bir gözləri qarşısında canlandırır. Özü də danışarkən sanki keçmişə qayıdır.  Onunla  görüşümüz sənətkarın evində baş tutdu. Uşaqlıqdan sevərək izlədiyim sənətçi ilə çay içə-içə söhbət etdik. Onun gənclik illərindən, oynadığı rəqslərdən danışdıq, özü də saatlarla. Roza xanımla söhbətdən doymaq olmur. Danışanda, fikirlərini əsaslandıraraq aramla izah etməyə çalışır. Keçmişdən o qədər həvəs və sevgi ilə danışır ki... O illərdən təəssüf hissi keçirərək də danışmır. Sanki o illəri dünən yaşayıbmış kimi hiss edir, gülümsünür, gözləri dolur və... 

Hansı Roza gözəldir?  
 
Roza Cəlilova evində kiçik bir guşə yaradıb. Buna "Roza Cəlilova" guşəsi deyir. Bu guşəni sənətkar, gənclik illərində iştirak etdiyi tədbirlərdən, çıxış etdiyi konsertlərdən, xarici səfərlərdən çəkilmiş şəkilləri ilə bəzəyib. Hərdən söhbət edərkən gənclik illərinin şəklini göstərib deyir ki, bir bax, gör hansı Roza daha gözəldir? Sonradan sözlərinə düzəliş edib "mənimki də sözdür, əlbəttə ki, o Roza daha gözəldir" deyərək sualına özü cavab verirdi.  Rəqs sənətinin əziyyətli, zəhmətsevər, əzəmətli olmağından danışırdı. Deyirdi ki, bu, çox  şərəfi peşədir və ömür boyu bu şərəfə layiq olmaq üçün var gücü ilə çalışıb: "Rəqs ütmək üçün ürək lazımdı, düzdür, təhsilin də rolu böyükdür, ancaq ürəyin olmasa, səhnədə oynaya bilməzsən. Bu baxımdan mən ürəkli idim.  Sənətimi çox sevirdim, səhnədə özümü unudurdum, başqa biri olurdum.  Pula görə yox, tamaşaçının zövqünü oxşamaq lazımdı. Əsl sənətdən söhbət gedəndə maddiyat düşünülməməlidir. Mən də bu yolu tutdum və ona nail oldum. Hərdən səhnədə rəqs edənlərə sual edirəm ki, siz bilirsinizmi rəqs neçə sənətlə bağlıdır? Deyirlər ki, rəqsdir də də, musiqi çalınır, oynayırıq. Amma əslində rəqs bir neçə sənətlə bağlıdır. Rəqs edərkən  ülkər gülüşün,  sona baxışların olması vacibdir. Amma indikilər deyir ki, musiqi çalınsın, düşsünlər ortalığa. Sadaladığım həmin amillərin hər birini rəqsdə görmək olar. Rəqqasın, rəqqasənin görünüşü bir rəsm əsəridir. Bəstəkarın yazdığı musiqi üzərində rəqs edilir. Rəqs edən zaman xorda səslənən musiqinin sözləri olur ki, bu, şairlə əlaqəlidir. Rəqqasın hər bir hərəkəti bir heykəl formasını xatırladır. Diqqətlə nəzər yetirdikdə, bunların fərqinə varmaq olur".

"Hər zaman özümdə səhv tapıram"
 
O, illərin su kimi keçib getdiyini deyir, xəyala dalır, udqunur və sözə başlayır: "Otururam və əvvəl etdiyim rəqsləri göz önünə gətirirəm, onlara bu gün peşəkar gözü ilə baxıram. Deyirəm ki, gərək orda başqa cür edəydim. Bu yaşımda belə, oynadığım rəqslərə baxanda, onlarda bir nöqsan tapıram. Gör bu sənətə mənim nə qədər diqqətim var ki, əvvəlki rəqslərimi götür-qoy edib deyirəm ki, indi bu hərəkəti başqa cür edərdim. Sənətkar yüz il yaşasa da, öz işində nöqsan tapmalıdır. Yaşa dolduqca sənətkarın özündə nöqsan tapması,  onun sənətə olan məhəbbətindən irəli gəlir". Günün aktual məsələlərindən söz açıram. Rəqslərimizin toylara ayaq açmasından, "toy rəqqasəliyi"nə yanaşmasını xəbər alıram. Deyir ki, toy rəqsini ilk dəfə 1940-cı ildə Soltan Dadaşov qurub: "Mən baletdən xalq rəqsinə sevərək keçid etmişəm. İstəyirəm ki, indi xalq rəqsinə gələnlər, mənim kimi sevib gəlsinlər. Hazırda rəqqasələr toylarda 5-10 manata oynayıb rəqslərimizi ucuzlaşdırırlar. Mən bunun qəti əleyhinəyəm ki, rəqqasə milli geyimdə toyda rəqs etsin, sonra da plov paylasın. Pul qazanmaq üçün rəqs öyrənirlər. Axı, bu, nəyə lazımdır? Dövlət hər cür şərait yaradıb, əsl sənətkara qiymət verirlər. O vaxt Moskvaya gedəndə Bakıdan yuxarıya anonim yazırdılar ki, məni göndərməsinlər. Anonim yazıya isə çox diqqət edirdilər. Buna görə də, Filarmoniyanın müdiri dərhal yazırdı ki, Roza Cəlilova artıq yola çıxıb və məni tez göndərirdilər. Sonradan Moskvadan zəng edib mənə görə təşəkkür ediblər. Mənim rəhbərlik etdiyim "Gülüstan" rəqs ansamblı vardı. Gözəl illər idi. O zaman Leyla Bədirbəyli gəlin rolunu oynayırdı. Oturduğu yerdə duvağı belə tərpənmirdi. Bu isə tamaşaçıya bir örnək idi. Leyla Bədirbəyli getdikdən sonra gəlin obrazını mən oynamaya başladım. Mən də oturduğum yerdən tərpənmirdim. Bu, adət-ənənə idi. Bəs indi nə olur? Toyda gəlin nəinki yerində oturur, düşür meydana oynayır. Biabırçılıqdır. Bir dəfə biri mənə zəng edib deyir ki, Roza xanım, kim "Ləzginka"nı qura bilər?" Dedim ki, "Ləzginka" bizim rəqs olmasa da, oynayırıq. Necə bəyəm? Qadın dedi ki, gəlinim toyda "Ləzginka" oynamaq istəyir. "Sağ ol" demədən telefonu qapatdım. Gəlin hara, "Ləzginka" hara?! Gəlin utanırdı toyda çörək yeməyə. Bəs indi hara getdi bizim izzətimiz? Bunun üçün isə məktəb lazım deyil, ailədə ata-ana tərbiyəsi əsasdır".

Roza xanım haqda indiyə qədər bir neçə yazı yazmışam, səhnəyə gəlişi, burada qarşılaşdığı yaxşı və pis hadisələr haqda bilgiləri onun özündən eşitmişəm. İnanıram ki, rəqs dünyamızın 90 yaşlı əfsanəsinin bizə danışılası hələ çox hekayələri var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.