Mədəniyyət

"Xəyallarım hədəflərimdən böyükdür" - Debüt - FOTO

10 Fevral 2019 07:44
0 Şərh     Baxış: 516

Elsevər Rəhimov: "Rolu göstərməkdən daha çox yaşamağa çalışıram" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaq yaşlarında demək olar ki, hər gün filmə baxırmış. Həm də izlədiyi filmlərdə aktyorlara həsəd aparırmış. Artıq zaman keçir, yaş artır və peşə seçimi haqqında düşünməyə başladığında isə, qərarına bu sevgisi təsir edir. Bu gün o, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kursunda, aktyorluq sənəti fakültəsində təhsil alır. Bu yaxınlarda isə Akademik Milli Dram Teatrında "Buratino" tamaşasında Pyero rolunu canlandırdı. "Pyeronu oynayanda, düzü, çətinlik çəkdim. Çünki o rolun mənim xarakterimə uyğun olmayan tərəfləri var" deyən müsahibimiz 20 yaşlı gənc aktyor Elsevər Rəhimovdur.

- Teatrda ilk rolunuz "Buratino" tamaşasında Pyero oldu. Bu, universitetdən kənar ilk işiniz idi?

- Bir-iki filmdə kiçik rollarım olub. Bir də "Buratino"dan əvvəl "Əsa" Teatrında oynamışam.

- Bu gün gənc aktyorların gəlirdən dolayı daha çox filmlərə, seriallara üz tutduğunu görürük. Siz teatrdasınız, niyə teatr?

- Aktyorların gəlir məsələsini düşünməsi normaldır, çünki yaradıcılıqla bərabər, həm də özünü, ailəsini dolandırmağı bacarmalıdır. Mənə gəldikdə isə, uşaqlıqdan kino sahəsinə marağım yaranmışdı. Universitetə qəbul olanda, bu sənəti seçəndə də istəyim film sahəsinə gəlmək idi. Seriallarda, filmlərdə oynamaq istəyirdim. İndi filmlərdə yox, teatrda olmağımın səbəbi bu sahədə daha çox təkliflə qarşılaşmağımdır. Yəni, kinolarla bağlı qarşıma belə bir şans çıxmayıb. Əgər elə imkanlar olsaydı, təbii ki, dəyərləndirərdim. "Teatrı istəmirəm" demək də düz deyil, amma istəyim daha çox kino ilə bağlı olub.

- Tamaşaçı qarşısında ilk çıxışınız yəqin ki, universitetdə olub. Bu hansı rol idi?

- İlk dəfə birinci kursda universitetdə bir tamaşada oynadım. Bir dəfə də dostumuzun kurs işində səhnəyə çıxmışdım. Çox da böyük işlər olmadığı üçün onları peşəkar sənətdə ilk rolum kimi qiymətləndirmirəm. İlk böyük işim kurs tamaşamızda olub. Mən Məmmədsəfa müəllimin tələbəsiyəm. O, bizimlə imtahan işi olaraq Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsəri əsasında "Qara oyun" adlı tamaşa hazırladı. Mən orda Mirzə Heydər rolunu canlandırdım. İlk rolum onu saya bilərəm.

- Hələ ilk addımlarınızı atırsınız, bəs həyəcan necədir? İlk vaxtlar yəqin ki, çox olar...

- Universitetə qəbul üçün qabiliyyət imtahanı verənə qədər mən heç vaxt auditoriya qarşısında çıxış etməmişdim. 15-20 nəfərin qarşısında belə hər hansı bir çıxışım olmamışdı. İlk dəfə qabiliyyət imtahanında səlahiyyətli şəxslərin qarşısında öz bacarığımı göstərdim. Onda həyəcandan ürəyim yerindən çıxacaqdı. Həddindən artıq kompleksim var idi. Həmçinin ilk tamaşamızda da çox həyəcan olduğunu deyərdim. Həyəcandan tər-su içində idim. Tərin bir azı işləməyə görə olurdusa, bir azı da həyəcandan dolayı idi. Amma birinci kursun yarısında artıq hiss etdim ki, komplekslərim yavaş-yavaş gedir. Həyəcan əsasən kompleks olanda yaranır. Zamanla kompleks də azalır, həyəcan da. Amma kompleks həyəcana nisbətən daha çox azalır. İndi də universitetdə kurs tamaşalarımızı oynayırıq, birinci kursla müqayisə edəndə görürəm ki, həyəcan xeyli azalıb. Amma həyəcan tam itmir. Nə qədər desəm də ki həyəcanlı deyiləm, səhnəyə çıxanda o, öz-özünə yaranır. Amma rolu oynamaq üçün həyəcanın öhdəsindən gəlməyə çalışıram.

- Dediniz ki, uşaqlıqdan əsas istəyiniz kino sahəsinə gəlmək idi. Bu istək hardan yaranmışdı?

- Uşaqlıqda ən çox maraq göstərdiyim sahə futbol idi. Amma hər an aktyorluqla maraqlanmışam, teatrlara getməmişəm, lakin hər gün filmə baxırdım. Düzü, ən çox xarici filmləri izləyirdim. Oradakı aktyorlara həsəd aparırdım. Amma gələcəkdə aktyor olacağımı, film setlərində çalışacağımı heç fikirləşmirdim. Lakin yaş artdıqca, bunları qarşıma bir növ məqsəd kimi qoydum və bu sahəyə gəldim.

- Xarici filmlərə baxıb bu sahəyə gəlmisinizsə, deməli, iddialarınız da böyükdür.

- Xəyallarım hədəflərimdən böyükdür. Sadəcə, bəzi reallıqlar da var ki, onları qəbul etməliyik. Amma həmişə ən yaxşısını etməyə çalışıram, daha böyüklərini arzulayıram. Heç vaxt əlimdəki ilə kifayətlənmirəm. Bundan sonrasını zaman göstərəcək.

- Pyero rolundan danışaq, sizin üçün bu rolu canlandırmaq çətin oldumu?

- Ümumi tamaşadan danışsaq, çox adama elə gəlir ki, uşaq tamaşası hazırlamaq, orada rol oynamaq elə də çətin deyil. Mən əslində, uşaq tamaşasında iştirak etməmişdim. Prosesi görəndən sonra bu qənaətdəyəm ki, uşaq tamaşası hazırlamaq digərlərindən daha çətindir. Uşağın diqqətini çəkmək heç də asan deyil. Rola gəldikdə isə, özüm ifa etdiyim üçün demirəm, adicə "Buratino" filminə də baxanda, əsərini də oxuyanda, ən rəngarəng, ən dolğun xarakterli obraz mənə Pyero gəlmişdi. Pyeronu oynayanda, düzü, çətinlik çəkdim. Çünki o rolun mənim xarakterimə uyğun olmayan tərəfləri var. Əslində, çətinlik çəkməyin özü də yaxşıdır, çünki insan o çətinliyin öhdəsindən gəlir və özünü rahat hiss edir. Rolun öhdəsindən nə dərəcədə gəldiyimi yəqin ki, tamaşaçı deyər, amma mənə görə yaxşı idi.

- Pyeronun sizinlə üst-üstə düşməyən tərəfləri nə idi?

- Pyeronu çox pessimist, mübarizə aparmağı bacarmayan, cəsarətsiz, qorxaq bir obraz kimi təhlil etmişdim. Amma mən elə deyiləm.

- Siz daha pozitivsiniz?

- (Gülür) Yəni, dəhşətli dərəcədə pozitiv olmasam da, Pyero kimi də deyiləm.

- Aktyorlar üçün önəmli məsələlərdən biri də rejissorlarla işləmək bacarığıdır. Rejissorlarla dil tapmaq cəhətdən ilk vaxtlar çətinlik yəqin ki, olub.

- Hazırda mən tələbəyəm. Rejissorla aktyor işi proseslərini çox da görməmişəm. 3-4 dəfə rejissorlarla işləmək, məncə, bu haqda fikir demək üçün kifayət qədər təcrübə də deyil. Amma düşünürəm ki, rejissorla dost olmağı bacarandan sonra işlər yağ kimi gedir. "Buratino"nu Əlif Cahangirli qurmuşdu. Əliflə o qədər yaxşı münasibətimiz var ki, rejissorla ünsiyyət cəhətdən heç bir çətinlik çəkmədim. Hər şeyi mənə izah edə bilirdi, mən də istəklərimi ona rahat şəkildə çatdırırdım. Fikrimcə, aktyorla rejissor arasında konflikt olsa, bu, işdə özünü göstərəcək.

- Rejissorlar fərqli aktyorlar istəyirlər. Sizi digər gənc aktyorlardan fərqləndirən nədir?

- Mən özümü müqayisə etməyə çalışıram. Və adətən, müqayisədə zəif tərəflərimi tapmağa çalışıram. Məsələn, deyirəm ki, mən qarşımdakından nəyə görə pisəm, yaxud zəifəm? Onu deyim ki, mən rolu, obrazı yaşamağa can atıram. Yəni rolu göstərməkdən çox yaşamağa çalışıram. Yaşama sənəti mənimçün önəmlidir. Oynadığım rollarda, çəkildiyim 1-2 filmdə aktyor oyunum özümü qane etməyib. Bu, o cür anlaşılmasın ki, mən bunu daha yaxşı bacarardım, amma belə etdim. Bilmirəm niyə, amma baxanda həmişə deyirəm ki, filan cür etsəydim, məncə, daha yaxşı olardı. Bilmirəm bu hamıda var, yoxsa yox, amma yaxşı xüsusiyyətdir. İnsan özünü inkişaf etdirməyə çalışır. 

- Gələcək karyeranızda özünüzü teatr, yoxsa kino sahəsində daha çox görürsünüz?

- Belə fikirləşirəm ki, daha çox kinonun dalınca gedəcəyəm, amma teatrı atan deyiləm. Artıq üçüncü kursda oxuyuram, bu müddətdə teatr mənə özünü sevdirməyi bacarıb. Kino ilə yanaşı, teatrda da davam edəcəyəm. "Kinoya daha çox istəyim var" deməyim sizi çaşdırmasın. Teatra da həvəsim var, sadəcə, kinoya sevgim bir az daha əvvəldən başlayıb. Uşaqlıqdan buna marağım var. Kinolarda, çəkiliş proseslərində iştirak etmək istəyirdim.
 
- Həm də teatrda elə bir qüvvə var ki, ora gedən insanları özünə bağlaya bilir.

- Mənə görə teatrı kinodan fərqləndirən əsas məqam tamaşaçının qarşısında canlı çıxış etməkdir. Bunun öz müqəddəsliyi var. Bəlkə də ona görə teatr insanı özünə belə çəkir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.