Mədəniyyət

Bizim Hamletlər

21 İyul 2017 20:00
4 Şərh     Baxış: 4 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəlimizin başlanğıc dövrlərinin birində adlar insanlara onlarda hansısa məziyyət formalaşandan sonra verilirdi. Sonralar bu adət sovulub getdi. Amma adların sonradan insanı formalaşdırmaq xassəsinin sovulub-gedən olmayacağı yəqindi. 80-ci illərin axırı, 90-cı illərin əvvəli yaman "küləkli" keçirdi. "Yaman" həm "bəd", həm də "şiddətli" mənasında. Çox dəyərlilərimiz əlimizdən getdi. Vaxtlarının belə tez çatmağına, və ya vaxtsız getdiklərinə o qədər yandıq ki, sonrakı itkilərimizə yalnız sarsıntıdan qopan qırıqlıq qaldı. Səhnəmizin, ekranımızın iki Hamletinin - əməkdar artistlər Hamlet Qurbanovun (1940-1995) və Hamlet Xanızadənin (1941-1990) gözümüzün qabağında keçən sənətkar ömürləri və az-çox eşidib-bildiyimiz, təxmin etdiyimiz şəxsiyyətləri onların adaşı olduqları Danimarka şahzadəsinin sadəcə adaşı kimi yaşamadıqları, bu adın cəmiyyətdə çox nəsnələri anladığına görə nahamvar yolun yorulmaz yolçusu olmaq qismətini özlərinin seçdiklərini göstərir.

Kinorejissor və xalq artisti ola bilməyən Hamlet Qurbanov

Teatr və kino aktyoru Ağadadaş Qurbanovla xanəndə və opera artisti Gülxar Həsənovanın övladı olan istedadlı və bacarıqlı aktyor Hamlet Qurbanov məktəbi bitirəndən sonra Teatr texnikumuna girib və az sonra "Azdrama"da çalışmağa başlayıb. Həmin dövrdə gənc aktyorların lideri Hamlet hesab olunurmuş, yaşlı nəslə mənsub aktyorların lideri isə Ağadadaş Qurbanov. Nəsillər arasında konfliktin iştirakçısı olmaq və beləliklə atası ilə münasibətlərini korlamaq istəməyən Hamlet teatrdan uzaqlaşır. Kinorejissor olmaq həvəsi ona rahatlıq vermədiyi üçün Moskvaya oxumağa gedir. Qəbul imtahanına təqdim edilən ssenariyə görə Hamlet Qurbanov 5 + alır. Amma üç yaşından atasız böyüyən Hamlet yetkinlik həyatının ilk uğursuzluq döngəsinə elə burda burulmalı olur - qəbul imtahanları başa çatmamış atası dünyasını dəyişir. Anası Gülxar Həsənova bu xəbəri ona çatdırmağa tələsmir ki, imtahanlarını başa çatdırsın. Amma Moskvada Eldar Quliyevlə rastlaşanda məsələdən agah olur və Bakıya zəng edib bu xəbəri vaxtında ona demədiyinə görə anasını qınayır. "Mən indi orda olmalıyam" deyib dərhal evə dönür. Bundan sonra kinorejissor olmaq arzusunu da ürəyində dəfn edib Akademik Milli Dram Teatrında çalışmağa başlayır.

Gülxar xanımın xatirələrindən bəlli olur ki, Hamlet Qurbanov həyata, insanlara nə qədər açıq, ünsiyyətcil, xeyirxah olsa da, taleyi ona münasibətdə bir o qədər qaşqabaqlı imiş nə sənətindəki ürəyincə idi, nə də şəxsi həyatı. Xalq artisti fəxri adına təqdimat siyahısına onun adı üç dəfə salınsa da, o vaxtkı mədəniyyət naziri Hamlet Qurbanovun adını hər dəfə başqa adamın adı ilə əvəz edirmiş, axırda Həsənağa Turabov deyib ki, bu situasiya çox anlaşılmazdı, yaxşı olar ki, nazirin özü ilə görüşüb məsələni aydınlaşdırasan. Amma Hamlet aydınlaşdırmaq əvəzinə gündə üç qutu siqaret çəkməyə başlayır...

Cavabsız məhəbbət, laxlamış səhhət və...

Mənəvi durumuna böhran əhvalı qatan digər amil məhəbbətinin oxunun daşa dəyməsi idi. Sonralar "Sönməyən ulduzlar" assosiasiyasının tamaşaya qoyduğu "Vaqif" dramında Xuraman rolunda çıxış edən aktrisa Hamletin saf məhəbbətini cavab olaraq kino çəkilişlərinin birində kinorejissora ərə gedir...məsələnin ən ağrılı tərəflərindən biri Hamletin bundan xəbərsiz olması və üstəlik məhəbbət etirafları ilə dolu məktubları o aktrisaya göndərməkdə davam etməsi, onun hər dəfə poçtalyon gələndə bütün çəkiliş qrupuna car çəkdiyi "baxın, mənim Məcnunumdan yenə məktub gəlib..." deməsindən xəbərsiz olması idi. Bunu həmin çəkiliş qrupunda olan Münəvvər Kələntərli deməsəydi, heç xəbəri olmayacaqdı da. Eşitdiklərinin ona necə pis təsir etdiyini təsəvvürə gətirmək çətin deyil... Acı təəssüratını nifrət dolu məktuba köçürdüyünü də...

Bu hadisədən çox illər sonra akademiyanın Kənd Təsərrüfatı İnstitutunda işləyən bir qadınla ailə qurub, bir oğul övladı dünyaya gəlib, amma nikahın ömrü uzun olmayıb, ayrılıblar.

Stresslər öz işini görməyə başlayıb, Hamlet Qurbanov mədə yarasına düçar olub. Gülxar xanımın xatirələrinə görə Mədəniyyət və Səhiyyə Nazirliklərinə etdikləri müraciətlərin yalnız ikincisinin nəticəsi olur, səhiyyə naziri Hamlet Qurnbanovu müayinədən keçmək üçün Moskvaya göndərir. Ordakı xəstəxana təmirdə olduğu üçün moskvalı həkim resept yazmaqla kifayətlənir. Bakıda altı ay o reseptlə müalicə olunub. Yenidən Moskvaya getmək vaxtı gəlib-çatanda Mədəniyyət Nazirliyindən, Prezident Aparatından cavab ala bilməyən Gülxar xanımın halına hazırda başqa ölkədə yaşayan keçmiş dövlət və siyasi xadimlərimizdən biri biganə qala bilmir. Onun sayəsində Hamlet Qurbanov Moskvada uğurlu müalicə kursu keçib Bakıya, işinin-gücünün başına dönür, bir müddət həm işləri, həm ovqatı, həm də səhhəti qənaətbəxş zolağa düşür. Amma növbəti müalicədən ötrü həmin şəxsin yardım etmək iqtidarı sıfra endiyi zaman gəlib-çatır. Hamlet Qurbanov biganəliyin qurbanı olaraq xəstəliyə təslim olur...

İlk seçimi Tibb İnstitutu olan Hamlet Xanızadə

Ailəcanlı, dostcanlı, ədalətpərəst, ünsiyyətə açıq, eyni zamanda ədəb-ərkan qaydalarına fikir verən, incikliyini büruzə vermədən özünə qapılan... Bu epitetlər Hamlet Xanızadənin xarakterinin çizgiləridi. Atası şağanlı Bəbir kişi oğlu Hamletin aktyor olacağını təsəvvürünə belə gətirmirmiş. Elə Hamlet də ilk dəfədən seçməyib bu sənəti. Onu da deyək ki, incəsənət sahəsi Xanızadələr üçün heç də yad fəaliyyət dairəsi deyildi - bibisi oğlu Əbdülağa Nəcəfzadə və dayısı Əzizağa Nəcəfzadə peşəkar musiqiçi idilər, əmisi oğlu Bəxtiyar Xanızadəni isə təqdim etməyə ehtiyac yoxdu. Hamlet Xanızadə əvvəlcə Tibb İnstitutuna (indiki Tibb Universiteti) daxil olub. Amma çinli tələbələrə görə qapı arxasında qalan bir neçə yerli abituriyentdən biri də Hamlet olur. Tibb sahəsini peşə kimi seçməsi onu göstərir ki, Hamlet Xanızadənin bacarıq və istedadı məhdud çərçivəli deyilmiş - onun həm rəssamlıq, yazıçılıq bacarığı, vokal imkanları, həm də texniki sahədəki bilikləri şəxsiyyətinin tamlığı ilə vəhdətdə əvəzolunmaz vətəndaş, sənətkar, ailə başçısı, dost, həmkar nümunəsi yaratmışdı.

20 Yanvar şəhidi

Onu 20 Yanvar şəhidi də adlandırırıq. Və bunda xeyli dərəcədə həqiqət var - 1990-cı ilin 20 yanvar tarixində baş verən azğınlıq onu elə sarsıtmışdı ki, fevralın 3-də həyata vida deməli olmuşdu. Hamlet Xanızadəni yaxından tanıyanlarla - həyat yoldaşı Nailə xanımla, qızları Aygün və Xumarla, dostu Fuad Poladovla, mərhum kinorejissor Gülbəniz Əzimzadə (aktyorun mükəmməl, lakin təəssüf ki, son kino işlərindən biri olan, səsləndirmə mərhələsinə ömrü çatmadığı "Qətl günü" ekran əsərinin quruluşçu rejissoru Gülbəniz xanım onun rejissorlar üçün əsl hədiyyə olduğunu deyirdi. Yeri gəlmişkən, aktyorların şəxsi taleyi ilə ifa etdikləri rollar arasındakı paralellərə aid çox misallar çəkmək olar. Sədi Əfəndi ilə Hamlet Xanızadə paraleli kimi...) ilə söhbətlərimdən bilirəm ki, təbiətcə emosional insan olması o günlərdə özünü daha qabarıq büruzə verirmiş - kiminsə gülməsi ona çox əcaib görünürmüş, gecələri yata bilmirmiş. Fevralın 3-də təzyiqi çox yuxarı qalxıbmış. Elə o vəziyyətdə də işə gedib. O vaxta qədər xəstə yatdığını görməyən, eşitməyən müdiriyyət və həmkarları ona belə vəziyyətdə işləməməyi və evə qayıtmağı məsləhət görüblər. O isə birbaş evə dönmək əvəzinə dostu Hafiz Fətullayevlə Şəhidlər Xiyabanına gedir... orda halı xarablaşır, insult keçirir... Və əbədi evinə köçür... O günlərdə üstəlik sevimli aktyorumuzun da dünyasını dəyişməsi yaranın üstünə duz tökmək təsirində oldu. Vəfatı təkcə doğmalarını, sənət dostlarını yandırmadı, tamaşaçıları onlardan az təsirlənmədilər. Bunu aktyorun ünvanına göndərilən teleqram və məktublar sübut edir. Və bir çoxları sənətkarın yaşadığı binaya xatirə lövhəsinin vurulmasının zəruriliyini qeyd edirmişlər...

P.S. Nə yaxşı ki, bu iki sənətkar birincisi İldırım Bəyazid, ikincisi isə Əmir Teymur rollarını təkrarsız canlandıraraq "Topal Teymur" televiziya tamaşasında tərəf-müqabili olublar.

Samirə Behbudqızı

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.