Mədəniyyət

Özgün aktrisanın özgün yubileyi

8 Noyabr 2015 18:13
6 Şərh     Baxış: 3 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tam mənada sənətkar və tam mənada xalq artisti olan Zərnigar Ağakişiyeva ötən gün paytaxtın ən dəbdəbəli otellərindən birinin ziyafət zalında 70 illik yubileyini qeyd edib. Özgün davranışı və dünyagörüşü ilə seçilən aktrisa Milli.Az-a açıqlamasında bildirdi ki, yubiley doğum gününün şənliyinə heç kimi dəvət etməyib. Sadəcə, bildiriş verib və dəvətlə yox, ürəyinin istəyi ilə təbrikə gələnlərin "yolunu gözləyib". Başqa sözlə, Zərnigar xanım bu təşəbbüsündə də insan, qadın və aktrisa kimi təkrarsızlığına sadiq qalıb - qəlbdən gələn diqqəti dəbdəbəli ədəb qaydalarından üstün tutmaq və xəfif, şirin bir avantüra. Nəticə isə Zərnigar xanımın mənzilini başdan-ayağa tutmuş gül-çiçək dəstələri və yubilyarın yüksək ovqatıdı.

Zərnigar Ağakişiyeva: "Təbii ki, təbrikə gələnlərin kifayət qədər olacağına əmin idim. Çünki ömrüm boyu nə siz jurnalistlərin, nə tamaşaçıların, nə də rəhbərliyin və dövlətin diqqəti heç vaxt üstümdən əskik olmayıb. Hamıdan çox razıyam. Ötən günün axşamı da həyatıma ən gözəl anları "yazdı"..."

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 7-də (rəsmi mənbələrdə səhv olaraq noyabrın 6-sı göstərilib-red.) Quba rayonunun Rustov kəndində doğulub. Beş yaşında ikən ailəsi ilə birlikdə Quba rayonun mərkəzinə köçüb. Bakıda Ticarət-Kooperativ Texnikumunu və Moskvanın Kooperativ Texnikumunun nəzdindəki reklam işi üzrə dekorçu-rəssam kurslarını bitirdikdən sonra 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub və maraqlı aktyor taleyinin yeni səhifəsini "yazmağa" başlayıb. Lakin 1989-1992-ci illərdə teatrın repertuarında olan tamaşaların yalnız ikisində rol aldığına görə tamaşaçıların sevimlisi olan Z.Ağakişiyeva teatrdan uzaqlaşıb. Yeddi ildən sonra mədəniyyət və turizm nazirinin indiki müavini Ədalət Vəliyevin dəvəti ilə yenidən teatra dəvət edilib. Dəvəti, böyük məmnuniyyətlə, qəbul edən sənətkar həvəslə yeni rollarının məşqinə başlayıb. 2011-ci ilə qədər bu teatrın səhnəsində Azərbaycan və dünya klassik və müasir əsərlərinin tamaşalarında müxtəlif xarakterli obrazlar yaradıb, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə və Azərbaycan Televiziyasının çəkdiyi teletamaşalarda yaddaqalan xarakterlər canlandırıb.

Aktrisa 1982-ci ildə Azərbaycan SSR-in əməkdar artisti, 2000-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Samirə Behbudqızı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.