Mədəniyyət

Mübariz Həmidov: "Səhnədə açıq-saçıqlığın, soyunmağın..."

27 Fevral 2015 00:25
0 Şərh     Baxış: 5 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovun Milli.Az-a müsahibəsi.
 

- Mübariz müəllim, Gənc Tamaşaçılar Teatrının repertuar siyasəti nəyin əsasında qurulur? Mədəniyyət və Turizm Nazirliyinin bu siyasətə müdaxiləsi varmı?

- Teatrımızn repertuar siyasəti tamamilə sərbəstdir. Nazirliyin bu siyasətə heç bir müdaxiləsi olmur, bizim qarşımızda hər hansı tələb qoyulmur. Hər teatrın özünün repertuar siyasəti var. Bu siyasət, əsasən, aktyorların püxtələşməsinə və tamaşaçıların yetişdirilməsinə xidmət edir.
 

Mənə elə gəlir ki, son 6-7 il ərzində teatrımızın repertuar seçimi düzgün qurulub. Gəncləri, yeniyetmələri narahat edən, onları maraqlandıran məsələlərə toxunulur. Eyni zamanda, onların mənən zənginləşməsində böyük köməyi ola biləcək səhnə əsərlərinə daha çox müraciət edirik.
 

- Rol bölgüsü tamamilə rejissorların ixtiyarında olur, yoxsa siz də bu prosesdə iştirak edirsiniz?

- Rol bölgüsü tamaşanı quran rejissorun ixtiyarında olur. Mən məmur olsam da, fəaliyyətimə yaradıcı şəxs kimi başlamışam və rejissorlara rol bölgüsündə təzyiq etmirəm. Demirəm ki, bu rolu o aktyora, bu aktyora verin. Mən, sadəcə, təklif edirəm, tövsiyə verirəm.
 

- Rol bölgüsündə kənarda qalan aktyorların narazılıqları olmur ki?

- Bizdə belə bir ifadə var: kütləvi səhnələr. Hər bir teatrın tamaşasında ikinci, üçüncü dərəcəli rollar və kütləvi səhnələr olur. Sözsüz ki, bizim tamaşalarımızda da kollektivin digər üzvləri də iştirak etməlidir. Biz kütləvi səhnələrə Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini dəvət edirik. Həm də onların gələcəkdə aktyor kimi yetişməsi üçün praktik işin təsiri olur.
 

Kütləvi səhnəyə çıxan aktyorlar, əslində, inciməməlidir. Zaman-zaman belə söhbətlər olur. Ancaq hər bir aktyor özlüyündə nəyə qadir olduğunu gözəl bilir. Hər kəs bilir ki, ona Hamlet rolu da verilsə, o, Hamlet deyil. O, öz qabındakını hər kəsdən yaxşı bilir. Burda yaş, boy, daxili zənginlik məsələsi var. Biz demirik ki, kütləvi səhnədə oynayanlar zəif aktyordur. Bəzən ikinci, üçüncü dərəcəli rolu oynayan aktyora növbəti tamaşada əsas rol verilir və o, özünü o rolda göstərərək sübut edir ki, istedadlı aktyordur, amma indiyə qədər onun istedadı kölgədə qalıb, üzə çıxmayıb.
 

Bəzən də elə olur ki, aktyorun özünün bilmədiyi keyfiyyəti səriştəli, peşəkar rejissor ondan alır. Məşq prosesində obraza lazım olan keyfiyyətlər üzə çıxır. Aktyoru səhnədə tanımaq olur. Burda rejissorun gücü, qüdrəti, peşəkarlığı özünü göstərir. Şübhəsiz, teatrda çalışan aktyor, rejissor istedadlı olmalıdır. Bizim teatrın truppasında kifayət qədər belə aktyor və rejissor var. Son 5-6 ildə bizim hazırladığımız tamaşalar nəinki ölkə daxilində, həmçinin ölkədən kənarda yüksək qiymətləndirilib. Bizim orta qiymət verdiyimiz tamaşanı kənara çıxaranda elə yüksək qiymətləndirirlər ki... Ancaq biz bilirik ki, hansı tamaşada hansı aktyor necə oynayıb. Aktyorun potensialına, dramaturqun qələminə, hadisələrin gedişatına, doğan təəssürata yaxşı bələdik.
 

- Mübariz müəllim, Akademik Milli Teatr bir məktədir, orada kifayət qədər yetkin aktyorlar fəaliyyət göstərir. Ancaq tez-tez mətbuatda həmin teatr əməkdaşlarının qovğalarının, rol üstündə davalarının, teatr mətbəxinin ortalığa qoyulmasının şahidi oluruq. Bu mənada, siz "ailə"nin başçısı kimi teatrı necə idarə edirsiniz? Burada belə söz-söhbətlər olmur, yoxsa, sadəcə, mətbuata çıxmır?

- Vallah, hər bir teatrın öz estetik prinsipləri, fəaliyyət dairəsi, yaşam tərzi var. Əlbəttə, xoşagəlməz haldır ki, hansısa teatrda sənətlə, yaradıcılıqla məşğul olmaq əvəzinə, bilib-bilmədiyin, ordan-burdan eşitdiyin şayiələrə əsaslanaraq mövqe bəyan edəsən. Bu, nə həmin şəxsin özünə, nə də teatra baş ucalığı gətirmir. Bu, birinci növbədə, Azərbaycan teatrının imicinə xələl gətirir. Belə hallardan uzaq olmaq lazımdır. İkincisi, Akademik Milli Dram Teatrın rəhbəri İsrafil İsrafilov çox hörmətli ziyalı, kifayət qədər idarəçiliyi bilən insandır. Teatr direktorluğuna qədər ondan da mühüm vəzifələrdə çalışıb. Bu teatr haqqında yazılıb-pozulanları başa düşmürəm, qəbul etmirəm, ciddi də hesab etmirəm.
 

- Sizə də elə gəlmirmi ki, sanki, yaşlı nəsil meydanı gənclərə vermək istəmir...

- Açıq deyim ki, Akademik Teatr Azərbaycan teatrının flaqmanıdır, öz aramızda ora "Ana teatr" deyirik. Bu teatrın haqqında danışılan mənasız söz-söhbətlər məndə təəssüf doğurur. Ancaq orada da çalışan insanlar Azərbaycan teatr tarixində sözünü demiş insanlardır, tanınmış sənətkarlardır, xalq artistləridir. İnanmıram ki, onlar gənc nəslə meydan vermək istəməsin. Əksinə, yaşlı nəsil gənc nəslə örnək olub. Elə bizim teatrda da. Mən bu teatra gənc ikən gələndə Hüseynağa Sadıqovdan, Süleyman Ələsgərovdan, Yusif Vəliyevdən, Firəngiz Şərifovadan, Süsən Məcidovadan ancaq dəstək görmüşəm. Bu gün də gənclərə o dəstəyi göstəririk. Yasin Qarayev, Tariyel Qasımov, Lətifə Əliyeva, Sona Babayeva, Almaz Mustafayeva və digərləri gənclərin yaxşı işlərinə sevinirlər. Onlara istənilən halda dəstəkdirlər. Biz belə görmüşük. Çalışmaq lazımdır ki, öz işimizlə məşğul olaq. Dedi-qodular, sadəcə, vaxt aparır. O yerdə ki iş var, yaradıcılıq var, orada başqa şeylərə həvəs qalmır.
 

- Mübariz müəllim, "Hasarın o üzü" tamaşası ilə cahilliyi, mövhumatı təbliğ etməkdə günahlandırılmaqdan qorxmadınız? Sanki, tamaşa deyir ki, hər şeyi atın bir kənara, dua edin, hər şey düzələcək.

- Mən elə deməzdim. Bu tamaşa insanlar arasında birmənalı qarşılanmır. Siz bu nəticəni çıxarmısınız, amma mən bu cür yozmuram. Tamaşa dinə ikili münasibət sərgilədi. Deməli, cərrah kimsəsiz gənc qızın beynini əməliyyat edir, həkim olaraq tibbə arxalanıb deyir ki, onun ömrünə çox az qalıb. Ancaq eyni zamanda, onu evinə gətirir. Cərrahın da həyat yoldaşı ibadət edən, dinə bağlı insandır. Amma baxın, qadın dinə nə qədər bağlıdırsa, həkim bir o qədər uzaqdır. Qız da gəlir, onun xanımının yolunu tutur, namaz qılmağa, dua etməyə başlayır. Getdikcə qızda sağalmağa doğru inkişaf gedir. Burada məsələni dinlə, cahilliklə bağlamaq lazım deyil. İkili münasibət, təzadları göstərmək istəyir müəllif. Rejissor da deyir, baxın, bir işi görəndə inanmaq lazımdır. İnamsızlığa ehtiyac yoxdur. Dində ona "küfr" deyirlər. Bir işi görəndə inamla etmək lazımdır. Cərrah əməliyyat edir, amma inamı olmur. Amma bir tərəfdən qızda inam var və o, sağalıb gedir.
 

Bu tərəfdən də təzad var ki, həkim inamsız olduğundan Allah ona da həmin xəstəliyi verir. Biz tamaşanı elə bitirmişik ki, həkim sonda ibadət edir, biz pərdəni bağlayırıq. Nəticəni tamaşaçının ixtiyarına buraxırıq. Özünüz mühakimə edin, o, ibadətdən sonra dünyasını dəyişir, yoxsa yox?
 

Əsərdə isə müəllif göstərirdi ki, cərrah sonda dünyasını dəyişir. Ana isə evini satır, qızları dolandırır. Mən dedim, yox, bütün bunları yığışdıraq, həkim namaz qılandan sonra pərdəni bağlayaq. Əslində, biz hədəfimizə çatmışıq. Siz bu cür düşünürsünüz, başqası başqa cür. Dinə inanmı olanlar düşünür ki, həkim kafir idi, amma dinə-imana gələndən sonra yüz faiz sağalır.
 

- Ümumiyyətlə, dinlə sənətin sərhədlərini hara qədər görürsünüz? Sənət bütün hadisələrə dini baxımdan istədiyi kimi yozum verə bilərmi?

- İnsanın qəlbində sevgi deyilən şey var: anaya sevgi, vətənə sevgi, övlada sevgi, dinə sevgi, sənətə sevgi. Məncə, bütün bunların hər biri dərəcəsində olanda, ifrata varmayanda gözəl olur. Hər kəs sevginin dərcəsini ürəyində özü təyin edir. Sənət elə bir aləmdir ki, onun içində hər şey var. Sevgi də, din də... Əbəs yerə teatra "məbədgah" demirlər. Bu ifadəni teatrda çalışan insanlar-yaradıcı şəxslər yaradıb. Onlar, doğrudan da, çalışdıqları məkanı məbəd kimi tanıdıblar, üstün tutublar. Əlbəttə ki, sənətlə din arasında da müəyyən bir sərhəd olmalıdır. İfrata varmaq olmaz. Azərbaycanda yoxdur, amma yəqin ki, digər islam ölkələrində dini teatrlar var . Ancaq bizim teatrlarda da çalışan insanların çoxu dinə inanır, namaz qılır, oruc tutur. Bunun aktyorun, rejissorun sənətinə heç bir maneçiliyi yoxdur. Əksinə, o yolu tutan adamlar sənətində də təmiz olur, daha da dərinliyə getmək istəyir, sənətinə bağlı olur.
 

- Bəzi tamaşaçılar tamaşaların müəyyən səhnələrində zalı tərk edirlər. Bu vəziyyətlə sizin teatrda da qarşılaşmışıq. Məsələn, "Müharibə" tamaşasında kişinin həyat yoldaşını zorlama səhnəsində... Bir teatr adamı kimi, tamaşaçının bu münasibətini necə izah edərdiniz?

- O hadisənin səhnədə göstərilməsi vacibdirsə və aktyorlar tərəfindən peşəkar şəkildə ifa olunursa, tamaşaçının o anda zalı tərk etməsinə inanmıram. Söhbət "Müharibə" tamaşasından gedirsə, orda açıq-saçıq səhnə yoxdur. Sadəcə, tamaşada məqam var ki, kişi müharibədən kor vəziyyətdə qayıdır və evdə baş verənlərdən xəbəri olmur. O, xanımına deyir ki, hər şeyin əvvəlki kimi olmasını istəyir.
 

- Söhbət ondan gedir ki, tamaşaçı bunu qəbul edə bilmir, mahiyyətə varmaq istəmir.

- Görünür, tamaşaçıların da zamana ehtiyacı var. Biz nə qədər istəsək də, teatr tamaşaçısı kütləvi ola bilmir. Teatra o adamlar gəlir ki, bu sənəti sevirlər, səhnələşdirilən əsərləri oxuyurlar, bilirlər. Teatra, əsasən, ziyalılar, gənclər, müəllimlər, tələbələr meyl edir. Bizim tamaşaçılarımız, əsasən, onlardır. Əslində, insanları təbəqələrə bölmək düzgün deyil. Ancaq mən zəngin adamların bizim teatra gəldiyini görməmişəm. Gələnlər orta təbəqənin nümayəndələridir.
 

Teatr tamaşası həyatın bir parçasıdır. Mən səhnədə açıq-saçıqlığın, soyunmağın tərəfdarı deyiləm. Xüsusilə bizim teatr məktəb profilli olduğuna görə belə səhnələrə ehtiyac yoxdur. Axşam tamaşalarında isə hər şeyin öz dərəcəsi var. O cür səhnələr bir an, bir epizod olur və hadisəni daha inandırcı göstərir, əsərin ümumi məğzini açmağa kömək edir, təsir gücünü artırır. Tamaşaçı əsəri daha yaxşı qavrayır.


Sevinc Fədai
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.