- Ramiz müəllim, sizin nəsil sənətkarlar bu sənətdə çox əziyyət çəkiblər. Sənətdəki əziyyətlərinizdən danışa bilərsiniz?
- Bütün sahələrdə çətinlik olur, əlbəttə ki, mənim də bu sənətdə çətinliyim olub. Bizim dövrdə sənətə, sənətkara münasibət bir başqa idi. Bu günkü gündə isə bir başqa. Amma bu o demək deyil ki, bu belə də davam edəcək. Sənətkarlar da, yazarlar da gəlib öz yerlərini tapacaqlar. Sənətdə olan insan gərək bədbin olmasın. Sənətkarın öz dünyası olmalıdır, öz ideyaları ilə yaşamalıdır. Biz hər şeyin yaxşısını götürüb özümüzə əxz etməliyik. Brilyant daş-qaşın ən yaxşısıdır, ən gözəli və bahalısıdır. Bu da hər adama nəsib olmur. Hər dövrün öz yetirməsi olur. Biz indi Cəfər Cabbarlını, Hüseyn Cavidi haradan geri qaytaraq? Bizim Musiqili Komediya Teatrında Möhsün Sənani, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova kimi sənətkarlarımız olub. Görün bu dövrdə nə qədər sənətkarlar yetişib. Hamısı bəyəm Nəsibə Zeynalova olub? Nə qədər yazarlarımız gəlib-gedib. İndi ama durğunluqdur. Demək olmaz ki, daha yazarlarımız olmayacaq. Əlbəttə ki, olacaq. Bizim xalqımızı istedadlı xalqdır. Bu həyatdır, süzgəcdən kimlər keçəcək, onlar da tarixdə qalacaq. İndi maşallah nə qədər bəstəkarlarımız var. Biri olsun da Üzeyir Hacıbəyov. Niyə ola bilmir? Bu 100 ildən bir ola bilər.
- Ramiz müəllim, teatrda səhnələşdirmək üçün yeni əsərlər olmadığından bəzən köhnə tamaşanı yeni quruluşda hazırlayırlar... Sizcə bu nə dərəcədə düzgündür?
- Teatr nə etsin axı? "Qızıl toy" tamaşasında mən cavanlıqda Qədir obrazını oynamışam, indi bu rolu oynamaqla nə edəcəyəm ki? Qədir cavan oğlandır, evlənmək istəyir. Mənim hazırda 61 yaşım var, bu obrazı necə oynayım? "Məşədi İbad" tamaşasını yeni quruluşda səhnələşdirirlər. Mən teatrı qınamıram, yeni əsərlər yaranmır. Bu bizim ümumi problemimizdir. Ümidimiz yeni açılacaq olan binamızadır, inşallah orada yeni repertuar götürülər və bizlər də yeni-yeni rollar oynayarıq.
- Obraz arzusu ilə yaşayan aktyorlardansınız?
- Aktyorun həmişə arzusu olub. Aktyor nə qədər çox obrazlar oynayırsa bir o qədər də çox sevinir. Mən Musiqili Komediya Teatrında 50-yə yaxın rol oynamışam. Teatrın repertuarında olan irili, xırdalı bütün rollarda çıxış etmişəm. Bizim teatrımızda ən böyük rol Məşədi İbad roludur ki, onu da oynamışam. Bu tamaşa ilə Tehranda keçirilən festivalda 1-ci yeri qazanmışıq. "Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, Məşədi İbad, "Bəbirlinin kələkləri"ndə Bəbirli və s. rollarda çıxış etmişəm. Teatr fəaliyyətim çox məhsuldar olub.
- Əvvəlki repertuar üçün darıxdığınız günlər olur?
- Elə bəstəkar yoxdur ki, mən onun tamaşasında oynamayım. Televiziyanın qızıl fondunda da mənim çəkildiyim televiziya tamaşalarım var. Hərdən efirlərdə göstərirlər. Aktyor nə istər? Aktyor daima hərəkətdə olmaq istəyir. Aktyorun beyni həmişə fəaliyyətdədir. Əlbəttə ki, yaxşı rollar oynamaq istəyirəm. Mənim xəmirim yalnız tragikomediya janrı ilə yoğrulub. Bu mənim ana xəttimdir. Mənə oynamaq sözü yaddır. Mənə həvalə olunan rolları yaşamışam, oynamamışam. Onların kökündə də tragikomediya janrı öndə gedib. Mən heç vaxt kimisə güldürməyə çalışmamışam, güldürmək tamam başqa janrdır.
- Bəzən bir "şit" gülüşlə əmələ gələn tamaşaya tamaşaçılar maraqlı olur və bilet alıb həmin tamaşaya gedirlər...
- Təbii ki, bütün tamaşaçılar getmirlər. Müəyyən tamaşaçılar var ki, həvəslə gedə bilərlər. Bu təbii ki, hər kəsin zövqündən aslıdır. Zövq sənətdə hər şeyi həll edir. Biz aktyorlar heç bir tamaşaçının zövqünü dəyişə bilmərik. Heç kimin tamaşaçıların adından danışmağa ixtiyarı yoxdur. Bəzən deyirlər ki, teatra tamaşaçı axını gəlir. Xeyr, bu axın deyil. Zal dolubsa ona axın demək olmaz. Bizim teatrımız 500 nəfərlik yer tutur, həmişə də tamaşalarımız anşlaq olub. Hazırda həftədə 3 tamaşa oynayırıq. Amma Sovet dövründə teatrımızda gündə tamaşa oynayırdıq. Ən çox tamaşaçı bizim tetara gəlirdi. Biz heç o zaman demirdik ki, axın var. Yaxşı tamaşaya da rejissor şedevr deyə bilməz.
- Hansı insan tipini bəyənmirsiniz?
- Mənəm-mənəm deyən insanları heç sevmirəm. O insanlar özlərinin dayazlığını göstərirlər. Sən əgər iş görmüsənsə qoy sənin haqqında başqaları yazsınlar, danışsınlar. Mənəm-mənəm demək heç bir insana müsbət hal gətirməz. Məhz bu baxımdan köhnə sənətkarlardan çox şey öyrənmək lazımdır. 20 il biz Nəsibə Zeynalova ilə bütün Azərbaycanı qastrol səfərləri ilə gəzdik. Mən bu qadından bir dəfə eşitmədim ki, desin ki, mən belə oynadım, belə yaratdım. Nəsibə Zeynalova həmişə deyirdi ki, yola verdik getdi (gülür). Bəs gənclər bu sənətkarlardan nə vaxt öyrənəcəklər?
- Nə cür ssenaridə oynamaq istərdiniz?
- Mən çox istərdim ki, elə bir əsər olsun ki, orada həyat tərənnüm olsun. Komediya olsun, amma faciədən doğan komediya. Hər bir insan baxanda özünü orada görsün. Mən heç vaxt söz xatirinə səhnəyə çıxmaram. Artıq bəşəri bir komediyada oynamaq istəyirəm.
- Digər teatrlardan sizə dəvət gəlib?
- Mən dram və kino aktyoru fakültəsində təhsil alanda Adil İskəndərov mənə Azdramaya getməyi təklif etdi. Amma məni Niyaz Şərifov artıq Musiqlili Komediya Teatrına dəvət etmişdi. Məni nədənsə bu teatr özünə çəkdi. Musiqili Komediya Teatrının mən çox sevirəm, o vaxtı ümumiyyətlə teatra düşmək çox qəliz məsələ idi. İlk rolum "Qaynana" tamaşasında Əli obrazı olub. Mən bu tamaşada Nəsibə Zeynalova, Nəcibə Behdudova kimi sənətkarlarla tərəf müqabili olmuşam. Məndən əvvəl bu rolu Yaşar Nurinin atası Məmmədsadıq Nuriyev oynayıb.
- Ramiz müəllim, internetdən sərbəst istifadə etməyi bacarırsız?
- Mən ümumiyyətlə kompüterdən istifadə etməyi bacarmıram. İnformasiyanı yalnız televiziyadan alıram. İnşallah təqaüdə çıxanda internetdən istifadə etməyi öyrənəcəyəm (gülür).
- Ailə həyatınız haqda nə danışa bilərsiniz?
- İki oğlum, bir nəvəm var. Nəvəm Nərminənin 4 yaşı var. Kiçik oğlum Kukla Teatrında çalışır.
Əli Novruzəliyev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.