Mədəniyyət

Görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvani

11 Oktyabr 2012 18:35
0 Şərh     Baxış: 3 836
Gənc rəssamın yeni fərqli üslubu...

Azərbaycanın XIX əsr təsviri incəsənət ustaları arasında Mirzə Qədim İrəvaninin də önəmli yeri var. Yaradıcılığının ilk dövründə, əsasən, dekorativ sənət sahəsinə maraq göstərən gənc rəssam divar rəsmləri və bədii tikmələr üçün rəsm və trafaretlər çəkmişdir. Bu dövrdə rəssam qızılgül, zanbaq və çiçəklərdən mürəkkəb kompozisiyalar yaradır, o cümlədən, müxtəlif quşların canlı və real təsvirini işləyirdi. Fəaliyyətinin ilk mərhələsində klassik miniatür boyakarlığından fərqlənən bu əsərlər göstərirdi ki, rəssam Avropa boyakarlığına böyük maraq göstərir.

Mirzə Qədim İrəvani 1825-ci ildə İrəvanda anadan olmuşdur. Onun atası Məhəmməd Hüseyn məşhur sənətkar, taxta üzərində oyma sənətinin mahir ustalarından idi. Mirzə Qədim İrəvanda ibtidai təhsil aldıqdan sonra burada "Üsuli-cədid" məktəbini bitirmiş, Tiflisə gedərək orada progimnaziyanı qurtarmışdır. 1840-cı ildə İrəvana qayıdan Mirzə Qədim ömrünün sonunadək burada yaşamış və poçt teleqrafçısı vəzifəsində çalışmışdır.

Yaradıcılığının ilk illərində rəssam kağız, şüşə və güzgü üzərində portretlər işləmişdir. Bu portretlər arasında "Süvari", "Rəqqasə", "Dərviş" xüsusi olaraq seçilir. XIX əsrin ortalarında yüksəliş mərhələsinə qədəm qoyan Azərbaycan mədəni mühitində təsviri sənətin 145 istiqaməti inkişaf etməkdəydi. Bu dövrdə yaranan təsviri sənətin səciyyəvi üslub xüsusiyyətləri, ideya-estetik mahiyyəti və sənətkarlıq nailiyyətləri M.M.Nəvvab, Xurşudbanu Natəvan, Usta Qəmbər Qarabaği kimi dövrün görkəmli rəssamları və xalq ustalarının yaradıcılığında qabarıq əksini tapmışdır. Mirzə Qədim İrəvaninin yaradıcılığının təkmilləşmə mərhələsi də elə həmin illərə təsadüf edir.

Belə bir zamanda o, İrəvan sərdarı kimi tanınan sonuncu İrəvan xanı Hüseynqulu xanın məşhur sarayının divar rəsmlərini bərpa etmək dəvəti alır. Burada rəssam sarayın otaqlarını, xüsusən güzgülü zalın divarlarını bəzəyən köhnə dekorativ pannoları və süjetli kompozisiyaları yenidən bərpa etməklə bərabər, bir neçə orijinal əsər, o cümlədən konkret tarixi şəxslərin portretlərini çəkmişdir. Hər bir portret yağlı boyalarla işlənib divara yapışdırılmışdır. Bu portretlər monumental formasına, ifaçılıq üslubuna və texnikasına görə Azərbaycan təsviri sənətində yeni keyfiyyətli portret əsərləri hesab edilir. Bu qalereyada seyrçilərin və mütəxəssislərin diqqətini ən çox Fətəli şah Qacar, onun oğlu şahzadə Abbas Mirzə, sonuncu İrəvan xanı Hüseynqulu xanın portretləri cəlb edir.

Sərdar sarayından qarət olunan portretləri

Azərbaycan memarlığının incilərindən biri olan Sərdar sarayı sonralar bərbad hala salınmış və məhv edilmişdir. İrəvandakı Sərdar sarayının içərisindəki son divar rəsmlərini və portretləri 1850-ci ildə Mirzə Qədim İrəvani işləmişdi. Erməni-rus işbirliyi ilə 1913-1918-ci illər arasında bu dəyərli memarlıq abidəsi dağıdılan zaman yalnız divardakı iki portret - Fətəli şahın və Abbas Mirzənin portretləri Tiflisə aparılmışdır ki, hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. İrəvani yaradıcılığının təkmilləşmə və ən məhsuldar dövrü 1860-1870-ci illərə təsadüf edir. Rəssamın hazırda məlum olan on qiymətli əsəri məhz bu illərdə yaranmışdır. "Oturmuş qadın", "Vəcihulla Mirzə", "Şah Tələt" (hər üçü Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır), "Molla", "Gənc qadın", "Fətəli şah", "Abbas Mirzə", "Naməlum qadın" (R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır) və s. başqa portretlər rəssamın bu dövrdəki yaradıcılıq nailiyyətlərini əks etdirir. Akvarel və tempera texnikasında işlənmiş bu əsərlərdə orta əsr klassik miniatür sənətinə xas şərti dekorativ üslubla realist dəzgah boyakarlığının səciyyəvi xüsusiyyətləri üzvi surətdə əlaqələndirilmiş, nəticədə özünəməxsus bədii forma, orijinal üslub yaranmışdır. Əsas üslub xüsusiyyətlərinə görə bu əsərlər klassik Şərq miniatür sənətinin gözəl ənənələrini əks etdirir.

"Mirzə Qədim İrəvaninin qadın portretləri xüsusi səciyyəsi ilə nəzərə çarpır. Onlar kompozisiyası, koloriti, fiqurların duruşu və hərəkəti, geyimi, libaslan, ornament bəzəyi və s. cəhətdən bir-birinə çox oxşayır. Lakin obrazların bədii həllinə, fərdi əlamət və ifadəliliyinə görə onlar əsaslı surətdə bir-birindən fərqlənirlər. Bu əsərlər həm rəssamın, həm də dövrün estetik normalarını, gözəllik idealını əks etdirir. "Oturmuş qadın" və "Gənc qadın" portretlərində xalq yaradıcılığı və şair Molla Pənah Vaqifin poeziyasında tərənnüm olunan şux, nikbin, gözəl qadın obrazı yaradılmışdır" (Vikipedia).

Sənət incisi sayılan əsərləri

Mütəxəssislərin rəyinə görə, Mirzə Qədim İrəvaninin "Oturmuş qadın" portreti yalnız Azərbaycanda deyil, ümumiyyətlə XIX əsr Orta Şərq rəssamlığında ideal qadın gözəlliyini əks etdirən on nümunəvi əsərdən biridir. Burada yerə salınmış zəngin və bəzəkli xalça üzərində bir qədər ədalı pozada oturmuş gənc və məlahətli bir qadın təsvir edilib. Obrazın sadə və təbii, canlı və real təsvirinə görə bu portret XIX əsrdə "Qacar üslubunda" geniş yayılmış rəsmi portretlərdən əsaslı surətdə fərqlənir və Mirzə Qədimin ən qüvvətli əsəridir.
Bundan başqa, rəssamın "Şah Tələt" və "Naməlum qadın", "Şahzadə Aleksandr arvadı ilə", "Şah və vəziri" kimi əsərləri də xüsusi diqqəti cəlb edir. "Şahzadə Aleksandr arvadı ilə" əsəri rus mətbuatında dərc edilmiş şəkil əsasında çəkilsə də, rəssam onun kompozisiya və kolorit həllində dəyişikliklər etmiş, onu Şərq motivləri, dekorativ elementləri ilə zənginləşdirmişdir. Mirzə Qədim İrəvani eyni zamanda xalq sənətini dərindən bilən, əsərlərində bu tükənməz sərvətin gözəl ənənələrindən bacarıqla istifadə edən mahir ornamentalist rəssam olmuşdur. Onun əsərlərində xalça, mürəkkəb naxışlı şəbəkə, adamların geyimi və ev əşyasının üzərində çəkdiyi müxtəlif biçimli ornament bəzəkləri bunu sübut edir. Onun Sankt-Peterburqda Ermitac muzeyində saxlanılan güzgünün qapıları üzərində çəkdiyi gül və çiçək təsvirləri xüsusilə yüksək bədii zövq və böyük sənətkarlıqla işlənmişdir. Mütəxəssislər Mirzə Qədim İrəvaninin yaradıcılığı ilə Azərbaycan təsviri incəsənətində şərti dekorativ üslubdan yeni keyfiyyətli realist sənətə keçidin başlandığını qeyd edirlər.

Görkəmli rəssamın Ələkbər və Ələsgər adlı oğulları olub.
Mirzə Qədim İrəvani 1875-ci ildə vəfat edib.

"Azadlıq" qəzeti 
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.