"Sübut eləsə, ondan üzr istəyəcəm"
- Afaq xanım, sizcə bu gün sənət və sənətkarlığın səviyyəsi hansı həddə dayanıb?
- Vaxt var idi mən Şekspirin "həyat bir səhnədir, insanlar da aktyor" fikri ilə razılaşmırdım. Deyirdim ki, yox, həyat səhnə ola bilməz, səhnə elə səhnədir. Amma indi qeyri-ixtiyari o dahinin fikirləri ilə razılaşıram. Çünki elə oynuyan insanlar görürəm ki... Yenə də onları qınamıram. Görünür həyat, zaman bunu tələb edir. Çünki qəribədir, həyat onu olduğu kimi görənləri, olduğu kimi qəbul edənləri sevmir. Buna görə də zaman səni qapazlayır. Mənim indiki anda nədənsə şikayət etməyə ixtiyarım yoxdur. Çünki mən vaxtında "selin" gəlməsini duymuşam. Ona görə də evimi elə bir yerdə qurmuşam ki, onu hər hansı bir "sel", "daşqın" uçurda bilməz.
"Təşviş, qorxu içindəyəm"
- Deyirsiniz "sel" gəlir?
- Bu gün teatr-kino sahəsində böyük problemlər var. Bunun ən önəmlisi müəyyən dramaturgiyanın zəifliyi, teatrdakı durğunluq, rejissor qıtlığıdır. Deyə bilmərəm ki, rejissor yoxdur. Azərbaycanda Vaqif İbrahimoğlu, Cənnət Səlimova, Bəhram Osmanov, Şərif Qurbanəliyev, Mərahim Fərzəlibəyli, Oruc İzzətoğlu və Yusif Əkbərov kimi rejissorlar var. Amma bunlar azdır.
Sənətkar səhnədən, ekrandan, filimdən doymamalıdır. Ola bilsin bizə qarşı çox diqqət göstərilir, hörmət olunur, problemlərimiz tez çözülür deyə, bir növ, üzr istəyirəm ifadəmə görə, piylənirik. Bu yaxınlarda dostum İsrafil İsrafilovun bir məqaləsini oxudum, o təəssüf eliyir ki, aktyorlar tez yeyib tez piylənirlər. Bunun kökaltı mənası da var. Mən də istəməzdim ki, aktyorlarımız belə olsunlar. Ona görə də təşviş, qorxu içindəyəm.
- Görünür, teatr da öz işi ilə məşğul olmaq istəmir?
- Mən deyə bilmərəm ki, həç kəs öz işi ilə məşğul olmur. İnana bilmərəm ki, aktyora hər hansı bir rol, filimi versinlər, o da bundan imtina eləsin. Əsas məsələ təqdimatın, filmin, işin nə olmasındadır. Bilirsiniz ki, Yaşar Nuri ağır xəstəlikdən həyata qayıtdı. Bir dəfə kanalların birində bizi "Yeni il" şənliyinə dəvət eləmişdilər. Yaşar mənə dedi ki, əgər sən də orda olacaqsansa çəkilərəm. Mən də eyni sözləri ona dedim. Biz onda qonorarı da düşünmürdük. Çünki "Evləri köndələn yar"da, "Yaşıl eynəkli adam"da, ümumiyyətlə, tərəf müqabili olduğumuz digər tamaşaların dadı damağımızdan getməyib. Ola bilər ki, bizim bu istəyimiz yaradıcılıq aclığından irəli gəlir. Sənətkarları bir yerə yığıb, hər hansı bir pyesdən televiziya tamaşası işləyən rejissorlar azdır.
- Sənətkarları tamaşaya həris qoyan, bir-birindən ayrı salan səbəbləri təkcə rejissorların, ssenaristlərin qıtlığı ilə əlaqələndirirsiniz? Yoxsa başqa səbəbələr də var?
- Sənət elə bir şeydir ki, əvvəlcədən konsepsiyası hazırlanmır. Kimin yaxasından yapışasan. Bilmirəm bu durğunluq zamandandır, yoxsa bizim özümüzdən. Hələ ki, bunu çözələyə bilmirəm. Çünki bunun səbəbləri həddən ziyada çoxdur.
"Əldəqayırma jurnalist gəlib həmin sənətkar haqqında soruşur, o da ağlına nə gəlir danışır"
- Bəlkə elə ona görədir ki, hamı - aşağıdan yuxarıya qədər problemləri axtarmaqla məşğuldur? Maraqlısı da budur ki, sənətkarları sənətə təzə gələnlər daha çox qınayır. Kəskin tənqidləri də eşidirik. Deyirlər ki, sənət ölüb. Bəlkə böyük sənətkarlar dünyasını dəyişdikcə yerlərin boş qalmasına görə bu qənaətə gəlirlər?
- Sənətkar adını daşıyanların sayı çoxdur, özü isə azdır. O ki, qaldı müzakirələrə, baxır həmin müzakirələri kimin aparmasına, o müzakirələrə kimlərin baş qoşmasına, o sənətkarların adını kimlərin hallandırmasına. Misal da çəkim, bir rayonda teatr açmaq istəyiblər, özfəaliyyət dərnəyinin tamaşasına baxıblar, mütəxəsis deyib ki, səhnədə nizam çatışmır. Teatrın direktoru da deyib ki, çatmırsa nə qədər lazımdır deyin, gedib bazardan alaq. Yəni teatrda nizamı kilo ilə almağı düşünənlər var. Bu cür adamlar indi gəlib sənəti müzakirə edirlər. Bizim bədbəxtçiliyimiz budur. Ağac bar verə-verə başını aşağı dikir. Vaxt var idi ki, biz ətrafımızda olan sənətkarlardan qorxurduq. Qorxu içində hörmətimiz var idi. Çünki o sənətkarlar çox sərt idilər. Onlar öz qiymətlərini bilirdilər, teatrın yükünü necə daşıdıqlarını anlayırdılar, özlərini karifey sayırdılar. Hərçənd bunu heç vaxt dilə gətirmirdilər, heç vaxt mənəm-mənəm demirdilər, heç vaxt bazar verlişlərinə çıxıb ağızlarına gələni danışmırdılar. Onlar öz çəkilərini bilirdilər. Biz onların çəkiləri qarşısında öz yüngüllüyümüzü hiss eliyib kənara çəkilirdik ki, amanın bir günüdür, bizim bu yüngüllüyümüzü görər, əsəbləşər, səhnəyə çıxanda söz yadından çıxar. Biz o vaxt necə ata-ananın üzünə qayıtmaq olmazdı, bacı-qardaşın yerini bilmək lazım idi, səhnədə də elə tərbiyə alırdıq. Amma dünən sənətə gələn birisi sənətkar otağa girəndə onun üçün ayağa durmur. Üç gündən sonra da bir əldəqayırma jurnalist gəlib həmin sənətkar haqqında soruşur, o da ağlına nə gəlir danışır. Biz sənəti "nizamı kilo ilə alanların" xridarı ilə ölçməməliyik.
- Müzakirələrdən söz düşmüşkən, bu gün söyləmək olarmı ki, əsl sənət şou-tokşouların "çomağı" altında məhv edilir?
- Mənim aurama uyğun olmayan sevmədiyim verlişlərə getmirəm. İkincisi də mən onlara baxmıram. Elə verlişlərdə müzakirə olunan məsələlər mənə vız gəlir. Elə verlişləri müzakirə etməklə onlara böyük bir şərəf vermiş olaram.
"İncəsənət xadiminin bədbəxtçiliyi özünü görə bilməməsidir"
- Afaq xanım, sənətə, sənətkara münasibətdə əxlaq gözlənilirmi və bu məsələdə teleməkanların rolunu necə dəyərləndirmək olar?
- Bir ara elə bilirdim ki, bizim hansısa bir sənət adamının uşağının atasının tapılması və yaxud da hər bir sənət adamının 10 günlük dostu ilə nigah bağlayıb-bağlamayacağı problemindən başqa dərdimiz yoxdur. Bu yazılmamış qanundur ki, sənətkar öz tamaşaçısı ilə arasında olan qalın pərdəni götürməməlidir. Hər şeyi lağ-lağıya, şouya döndərəndə axırı gəlib belə olur da. Bəzən məsələni qaldıran adamın vedrəsində olan daşların danqıltısından qulaq tutulur, amma görün özünə aid olan danqıltını müzakirəyə qoyar? Heç vaxt. Ona görə də belə məsələləri cılız sayıram və nə xalqıma, nə də özümə yaraşdırmıram. Mənə elə gəlir ki, sənətkar elə kamil karvanbaşıdır ki, hər hürüşə dönməməlidir.
Elə verilişlər var ki, xarici kanallardan oğurlandığı bəs deyil, üstəlik bərbad günə salınır. Görün nəyi göstərirlər. Təsəvvür edin, kiminsə evinə qonaq gedirlər, xörəyini yeyirlər, sonra da onda ata-ana qoymurlar. Eşitmişəm ki, bir evdə çörək kəsəndə sonra o adam sənə neyləsə də o çörək sənin boğazında tıxanır və həmin adamın haqqında nəsə pis söz deməyə imkan vermir. Təbii ki, mən əxlaqlı adamlardan danışıram. Amma çox təəsüflər olsun ki çörəyi itirənlər onun qədrini bilənlərdən çoxdur. Yəqin ki, bu da bir şoudur. Bunun qarşısını almaq 1-2 adamın işi deyil. Əlbəttə ki, bizim ziyalılarımız öz qeydlərini edirlər. Amma təsəvvür edin ki, birdən-birə verlişə dünənki uşağı çağırır, orda bir ağsaqqşal, ziyalı, alim bir söz danışırsa, həmin uşaq köntöy şəkildə ona irad tutur. Deyəndə ki, ayıbdır axı, niyə ziyalıya, alimə qarşı belə söz deyirsən, deyir, eyy, siz məni verlişə çağıranda demədiniz axı kimisə tərifləməliyəm, siz qoyduğunuz məsələni müzakirə etməyə gəlmişik, mən bilmərəm burdakı sənətkardır, daşyonandır, yoxsa kimdir... Siz verlişin səviyyəsinə baxın.
"İndi o sənətkar 10 manata tamada gedə bilmir"
- Siz özünüz bununla bağlı nə edə bilirsiniz?
- Nəsibə Zeynalovanın "El bizim, sirr bizim" tamaşasında belə bir sözü vardı: "Mənim iki əlim var, iki dənə ağız tuta bilərəm".
Mən İncəsənət Universitetinin professoruyam, 7 tələbəm var. Mən burda olmadığım müddətdə hazırladığım uşaqlar imtahanı çox böyük müvəffəqiyyətlə veriblər. İmtahan vaxtı üç professor deyib ki, Afaq xanımın qrupu elə belə də olmalıdır. Mənim o yeddisinə gücüm çatar, amma onların hamısı eyni cür qavramır. Hər bir müəllim öz ocağında heç olmasa 3-5 tələbə yetişdirib, teatrlara versə, bu da indiki zamanda çox böyük iş olar.
İncəsənət xadiminin ən böyük bədbəxtçiliyi ondan ibarətdir ki, o, özünü görə bilmir. O, özü öz qiymətini verib deyə bilmir ki, hə, həqiqətən mən səhvəm. Bu böyük faciədir. Sənətkarın güzgüsü həmişə əlində olmalıdır. Birinci sən özün özünü görməlisən. Sənət yaxşı mənada yarışmağı, paxıllığı sevir. Əlbəttə ki, mən də nəyinsə həsrətini çəkirəm. Hər dəfə "Oskar" və digər hər hansı mükafatlar veriləndə burnumun ucu göynüyür. Biz niyə o arenaya qədər gedib çıxa bilmirik. Necə eliyəsən, kimi günahkar sayasan? Burda hamımızda günah var. Tutaq ki, bir filimi düzüb-qoşursan, fikirləşirsən ki, rejissor gətirirsən, ssenarini alırsan, əsəri oynamağa çıxardırsan, elə həmin andaca, görürsən ki, qəfil bağladılar. Dedilər ki, onu qoy kənara, 60-cı ildəki hansısa köhnə tamaşanı səhnəyə çıxar. Bizim elə dramaturqlarımız var ki, 10 pyesi var, hansına əl atsan kolxozdan, sovxozdan, çadradandı. Yəni olan pyeslər müasir tələblərə uyğun deyil. Bu dəqiqə Şekspirin əsərlərinin üzərində müəyyən rejissor əməyi olmasa, baxılmır. Hər birimiz öhdəmizə düşən işi zamanla ayaqlaşdıra bilsək və tamaşaçının zövqünü bir balaca nəzərə alsaq, hər şey gözəl olar. Həmişə deyirəm ki, tamaşaçının arxasınca düşüb getmək olmaz, gərək tamaşaçı sənin arxanca gəlsin. Sənətkar ona deyirəm ki, hər bir mənada tamaşaçı onu qəbul edir. Bu dəqiqə tamaşaçılar köhnə filimlərin, tamaşaların həsrətindədir. Mənim vaxtilə oynadığım tamaşalardan bu dəqiqə də stat gətirirlər. Yəni tamaşaçını aldatmaq olmaz. Ola bilir ki, ehtiyacı olduğu anlarda onun bir neçə saat başını qatmaq olar. Vaxtilə elə sənətkar var idi ki, onun tamaşasına 10 manata bilet tapılmırdı. İndi o sənətkar 10 manata tamada gedə bilmir.
"Bizim səhnədə acından ürəyimizin getdiyi vaxtlar olub"
- Afaq xanım, bu gün aktyorlar komediyanın olmamasından şikayətlənirlər, sizin fikriniz nədir?
- Komediya ona görə yoxdu ki, dramaturgiya yoxdur. Yəni son illərin dramaturqları Vaqif Səmədoğlu, Rəhman Əlizadə və Əli Əmirlidir. Azdan-çoxdan komediyaya müraciət eliyənlər bunlardır. İndi onların da başı öz məişət problemlərinə, işlərinə qarışıb. Mən belə başa düşürəm ki, yazarlar yoxdur. Köhnə mövzulara da müraciət eliyəndə o keyfiyyət alınmır. Sizi inandırım ki, bu dəqiqə Mirzə Fətəli Axundovun "Lənkəran xanın vəziri"nə muzikl kimi müraciət eləsələr çox gözəl alınar, çox gözəl də qəbul olunar. Musiqili Komediya teatrı artıq bu əsərə muzikl kimi müraciət edib və inanıram ki, uğurlu olacaq.
Fikirləşəndə görürsən ki, nəyinsə ərsəyə gəlməsi üçün tək bir nəfərin işi ilə kifayətlənmək olmur. Birdən görürsən ki, hər şey hazırdır, amma aktyor yoxdur. Bunun da səbəbləri aydın deyil. Görürsən ki, incəsənətə qəbul olub, oxuyur, axırıncı kursda isə ya gedir "Yeni ulduz"a olur müğənni və yaxud da olur tamada. Gənclər pul hardadısa ora da gedirlər. Amma bizim sənətkarlarımızın, içi mən qarışıq, səhnədə acından ürəyimizin getdiyi vaxtlar olub.
- Belə çıxır ki, ya sənətkara diqqət yoxdur, ya da istedadlara?
- Bu gün sənətkara diqqət var. İstedadlı gənclər də var, amma yönümləri düz deyil. İndiki cavanlar çox müştəbehdir. 55 yaşım var, hələ bahalı maşınım yoxdur. Amma maşallah, cavan uşaqdı, altında 150 minlik maşını var, söykənib ona, "intervü" verir. Bu qənaətə gəlmişəm ki, ya biz xam olub xamlamışıq, yaxud da bunların xamaları çox olub xəmirləşiblər, vaxtından tez gəliblər. Mən çox optimist insanam, özümə güvənirəm. İnanıram ki, nə vaxtsa bu barədə bir ölçü götürüləcək.
- Dediniz ki, bahalı maşınınız yoxdu, amma hər halda maşınınız var...
- Var, 90-cı ilindi, çox da gözəl maşındı. Demək istəyirəm ki, mənim o bahalı maşını almağa imkanım olmayıb, heç olmayacaq da. Amma o maşından 10 o qədər dəyəri, 10 o qədər ağırlığı var. Bu, elə mənə bəsdir. Onu da deyim ki, sənətkarı xalq sevdiyi kimi, elə xalq da dolandırır. Yəni sənə qarşı müəyyən insanların diqqəti var. Amma bütün bunların hamısına getsən, sənin də qiymətin olmaz. Bir dəfə Şəhriyardan soruşurlar ki, xalq səni bu qədər sevir, niyə xalqın içində olmursan. Deyir, qorxuram xalq məndən utanar. Mən həmişə gülüş bəxş edən insanam. İstəmərəm ki, kiminsə dodağında təbəssümü dondurum. Bu 55 yaşımda bircə dəfə səhv iş görmüşəm. O da vaxtilə Mehriban Ələkbərzadənin "Persona" verilişində bilmirəm nədənsə uşaqlığımda keçirdiyim həyatımdan, hisslərimdən danışmağımdır. O söhbətdən 5 il keçəndən sonra elə hey o barədə məndən soruşurdular. O vaxtdan bu qənaətə gəldim ki, sənətkar iç dünyasını kiminsə qarşısında açmamalıdır.
- Bəli, həm də deyirlər ki, Afaq xanım kasıbçılıqdan çox şikayətlənir.
- Bilmirəm o məlumatı hardan götürmüsünüz, amma mən heç vaxt kasıbçılıqdan şikayət etməmişəm. Mən kasıb o adama deyərəm ki, hansısa evə görə, ada görə mənliyini sındırıb ayaqlar altına atsın.
"Deputat Aynur Camalqızını üzündən əlavə başını da plastik əməliyyat eləməliymişlər"
- Afaq xanım, son vaxtlar teatrın müzakirələri mövzusunda komediya aktrisası olaraq tənqid olunduğunuzu müşahidə edirik. Hətta ekrandan Musiqili Komediya Teatrının sənəti öldürdüyü barədə fikirlər də səslənib. Özü də bunu deyən adi adam deyil, millət vəkilidir.
- Mənim karvanım gedir, mən hər səsə dönə bilmərəm. Eşitdiyimə görə, o millət vəkili verlişlərin birində mənim haqqımda söz deyib. Mən həmin o millət vəkilinə, deyəsən adı Aynur Camalqızıdır, demək istəyirəm ki, Musiqili Komediya Teatrının qapısını tanıyaydı, içəri girib bir tamaşaya baxandan sonra fikir yürüdərdi. Aynur Camalqızına demək istəyirəm ki, onu ciddi millət vəkili kimi qəbul etsəydim, haqqında nə isə deyərdim. Deyəsən avtomobil qəzasından sonra onun üzündən əlavə başını da plastik əməliyyat eləməliymişlər. Onda musiqili komediya kimi sənət məbədinin bağlanması ifadəsini işlədəndə bəlkə də dediyi sözün məntiqini anlayardı. Bəlkə Aynur Camalqızı ikinci dəfə deputat olmaq istəyir, ona görə də özünə şou axtarır? Ola bilər. Bu, onun ikinci dəfə seçilməsinə kömək olacaqsa, eybi yoxdur, qoy olsun. Bəlkə ola bilər ki, seçilməsə teatra gəlmək istəyəcək, gəlsin. Amma düşünürəm ki, Aynur Camalqızının seçki qabağı özünü belə reklam eləməsi lazım deyil. Çünki o, seçilməyəcək. Əgər onu ciddi millət vəkili kimi tanısaydım bəlkə də sözünün ciddiliyinə varardım. Amma tanımıram, dediyi sözlərin də mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə də belə şeylərə fikir vermirəm. Mən sağlam tənqidi qəbul edirəm. Ola bilər ki, maraq göstərsəm, bu veriliş mənim müzakirəmi çəkər də, göstərər də, üstəlik baş da əyər. Amma belə xırdalıqlara nə vaxtım yoxdur, nə də fikir vermirəm. Bütün bunlarla bərabər mən sizə deyirəm ki, 8 milyonluq xalqın içərisində ola bilr ki, milyon yarımı Afaq Bəşirqızını sevməsin. Buna görə də mən, məni sevənlərə hörmətsizlik edib, belə şeylərin ardınca gedən deyiləm.
- Özlüyünüzdə fikirləşirsiniz ki, kimsə ayağınızın altını qazıyır?
- Mənim ayağımın altını qazmaq olar? Mən zəif qadın deyiləm. İkincisinə də qalanda, Allahın verdiyi istedad, özümün qazandığım savadla istənilən sənətkarla açıq debata çıxa bilərəm. Amma bunlar mənim üçün çox cılız məsələdir. Ona görə də elə axına heç vaxt qoşulmaram.
- Afaq xanım, "Bəxt üzüyü" filmindən sonra elə bil ki, o filmdə işləyən aktyorların özünün taleyinə bir ayrılıq yazıldı. Ramiz Əzizbəyli hər müsahibəsində həmin filmdəki əməyini xüsusi vurğulayır. Sanki bu filmdə bölüşdürə bilmədiyiniz şeylər var. Hətta iş o yerə çatıb ki, rejissor sizi nankorluqda, namərdlikdə qınayır. Ortadakı motiv guya sizin o vaxt ""Bəxt üzüyü" mənə görə baxılır" fikrinizdən sonra yaranıb. Axı nə baş verir?
"Ramiz Əzizbəyliyə ayıb olsun!"
- Ramiz Əzizbəyli "Bəxt üzüyü"nü 1991-ci ildə çəkib, indi də 2010-cu ildi. Bu müddətdə elə bir şey olmayıb ki, biz üz-üzə gələk və bir-birimizə balaca da olsun ağır söz deyək, yaxud saymazyana ötüb keçək. "Bəxt üzüyü" filminin qısaca tarixçəsi belədir: Rahib Rəsulzadə məni axtarıb tapdı və dedi ki, "Qara qaya" Asossasiyasının nəzdində "Kainat" yaradıcılıq studiyasını yaradıb. O vaxt özəl təşkilatların təzə yaranan vaxtı idi. Dedi ki, bizim prezidentimiz Sədrəddin Daşdəmirov sizin yaradıcılığınızın vurğunudur və sizin üçün nə isə etmək istəyir. İkinci dəfə görüşəndə, təklif etdim ki, "Bəxt üzüyü" filmini çəksinlər. Nəhayət Sədrəddin müəllimlə görüşdük, bu günə qədər də onun adını hörmətlə çəkirəm və minnətdaram. "Bəxt üzüyü" filmiylə bağlı dedi ki, filmə maliyyə yardımı ayıracaq. Mən də Vaqif Səmədoğludan xahiş elədim ki, ssenari yazsın. Vaqif müəllim dedi ki, bir şey fikirləşərəm, sən rejissor işini həll elə. Mən rejissor Vaqif Mustafayevlə görüşüb vəziyyəti danışdım, o həmin vaxt film çəkdiyi üçün dedi ki, sən Ramiz Əzizbəyliyə müraciət elə. Dedim a, Ramiz bəyəm filim çəkir? Dedi hə, bu yaxınlarda "Pirverdinin xoruzu" adlı debüt filmi də olub. Ramizlə görüşüb məsələni danışdım, dedi ki, sən mənim ürəyimin düzlüyünə bax ki, Abşeronun İcra Hakimiyyətinə gedib "Bəxt üzüyü"nü çəkmək üçün maliyyə dəstəyi istəmişəm amma alınmadı. Mən də hal-qəziyyəni danışdım ki, bəs Sədrəddin müəllim mənim üçün bu filmi çəkmək istəyir. O da sevindi. Mən Ramizi apardım Sədrəddin müəllimin yanına. Dedim o şərtlə filmə çəkilirəm ki, heç bir pul vəsaitində və başqa sənədlərdə mənim adım getməyəcək. Sədrəddin müəllim də dedi ki, mən bu filmi sizə görə çəkirəm və istəyirəm ki, filmin sonunda yazılsın ki, bu filim Afaq Bəşirqızına görə çəkilib. Biz ordan çıxdıq, o kişi bizə milyon yarım pul buraxdı, filim çəkildi qurtardı. Ondan sonra mən 50 illiyimdə bir dəfə televizyada qeyd elədim ki, "Bəxt üzüyü" filmini Sədrəddin Daşdəmirov çəkdirib. Ona təşəkkürümü bildirdim və dedim ki, bu, Afaq Bəşirqızı üçün çəkilməyib, bu, xalq üçün çəkilib. Qız mənə sual verdi ki, "Bəxt üzüyü" sizin uğurunuzdur, yoxsa Vaqif Səmədoğlunun? Mən də zarafatla dedim ki, bunu Vaqif Səmədoğludan soruşun. Bununla da bizim müsahibəmiz tamamlandı. Bəs onda Ramiz nəyə görə məni nankor adlandırır? Filmi ona mən vermişəm, bunu hamı bilir. Əksinə, Ramiz Əzizbəyli mənə çox sağ ol deməlidir. Onun orda rejissorluğu nə idi, əlavələri nə oldu, mən heç vaxt bunu müzakirəyə çıxarmamışam, çıxarmaram da. Əgər o mənim üçün belə söz deyibsə, nankor onun özüdür. Ayıb olsun ona!
- "Bəxt üzüyü"nün ətrafında dolaşan bu cür müzakirələr onun uğurudu, yoxsa uğurusuzluğu?
- Bu əsər əvvəl Şəki teatrında, 4 il sonra Sumqayıt Dövlət Dram Teatrında qoyulub və 1000 nəfərlik zala oynanılıb. Bu tamaşaya 128 dəfə baxılıb, anışlaq olub. Mən Bakıya dəyişiləndən sonra tamaşa dayandı. Çünki burda işim çox idi. Özü də mən filimlə tamaşanı bir tərəziyə qoymuram. Tamaşa tamamilə başqa bir şeydir.
- Afaq xanım, bu fikirlə razısınız ki, "Bəxt üzüyü"nə kino çəkiləndən sonra teatra maraq azaldı?
- Xeyir, yalan sözdür. 1989-cu ildə nazir Polad Bülbüloğlunun məktubu ilə Musiqili Komediya teatrına köçürüldüm. Teatra gələn kimi "Sevgilimin anası", "Əmanət" pyesini oynadım, hansı ki, ona görə dövlət mükafatı aldım. "Bəbirlinin kələkləri", "Sevgilimin anası" tamaşalarına təyin olundum və Vaqif Səmədoğlunun "Əmanət" traqikomediyasında baş rolun ifaçısı kimi işə başladım. Mənim Bakıya gəlişimdən sonra Sumqayıt teatrında "Bəxt üzüyü"nün nümayişi dayandırıldı.
- Nəyə görə kinoya çəkilmirsiniz?
- Səhnəyə olan marağım filmə yoxdur. Bunu televiziya rejissorları özləri təsdiq edə bilərlər. Çəkiliş zamanı mən həddindən çox əsəbi oluram və bir dəfə çəkilirəm, o, birdəfəlik lentə gömülür. Amma tamaşa elədir ki, hər tamaşada oynadığım rolu püxtələşdirirəm. İkincisi də ki, elə bil film də olmayıb ki, orda mənə uyğun bir rol olsun və məni dəvət eləməsinlər. Azərbaycanda azdan-çoxdan çəkilən filmlərə bələdsiniz. Lakin bu yaxınlarda mənim şəxsiyyətinə və özünə hörmət etdiyim gözəl rejissorumuz Eldar Quliyev "Girov" filmini çəkdi. Film nankor qonşuların başımıza gətirdiyi hadisələrdən bəhs edir. Mən orda bir epizodik rolda oynadım. Amma Eldar Quliyevin filmində epizodik rolda oynamaq Afaq Bəşirqızı üçün böyük şərəfdir. Filmin Heydər Əliyev adına sarayda keçirilən təqdimatına gecikdim. Amma dostum, İncəsənət Universitetinin dossenti olan Ötkəm mənə zəng edib dedi ki, Afaq, sənin səhnəndə 2200 nəfərlik zal ayağa durub əl çaldılar. Amma siz mənim səmimiyyətimə inanın ki, filmə çəkilməyə o qədər də təşnəm yoxdur. Həm də axı film çəkən yoxdur ki, desin Afaq, gəl bu rolu oyna.
- Aranızda bəlkə başqa problemlər var?
- Qətiyyən heç nə olmayıb. Heç bu məsələni də bilmirdim. Mən Ramiz Əzizbəylinin ünvanına ümumiyyətlə o filmdə pis rejissor, yaxşı rejissor olduğunu deməmişəm. Mən öz ünvanıma Ramizin ağız əyməyini eşitməmişəm. Ramiz də məndən eşidə bilməz. Bir dənə bəs eliyər ki, o, mənimlə bağlı o müsahibəni harda oxuyubsa, onu gətirsin mənə və desin ki, Afaq, bax, mənim haqqım var bu sözləri deməyə. Bilirsiniz, Tahirə xanım, mən heç vaxt deməyəcəm ki, o filimdə nə oldu, kim nə əziyyət çəkdi, kimin haqqı tapdandı. Çünki mən Ramizin ətini yeyərəm, sümüyünü atmaram. Söhbət tək Ramizdən getmir ha, sənətdə olan adamların hamısından danışıram. Bəlkə mən hansısa rejissora demişəm ki, gəl səni boynumda gəzdirim, ayaqların ağrıyar, indi də Ramiz bunu məndən umur? Ramiz ümumiyyətlə bilir kimin haqqında danışır? Afaq Bəşirqızı ayağında "artirop" xəstəliyi ola-ola o filimdə bir kadrı 94 dəfə dubl eliyib. Orda mənim bir dənə də olsun dublyorum yoxdur. O filmə də 18 yaşımda çəkilməmişəm, o vaxt mənim 30 yaşım olub.
"Ramiz Əzizbəylini zamanın məhkəməsinə verirəm"
- Afaq xanım, etiraf edirsiniz ki, məhz kino aktrisası kimi sizi Ramiz Əzizbəyli yetişdirib? Ramiz Əzizbəyli deyir ki, sizi o yetişdirib. Onun işinə belə münasibət göstərəndən sonra heç kim sizi kinoya çəkmək istəmir, heç kim sizi sevmir.
- Əgər Ramiz Əzizbəylinin belə gücü varsa, özünü yetişdirəydi. Bilirsiniz, Ramiz Əzizbəylinin uğuru iki qara siçandan birini dublyaj eləməsidi. Mən də öz-özümə deyirdim ki, bu dublyaj nə yaxşı alınıb? Sən demə elə üst-üstə düşüblərmiş. O, xəstə adamdır. Hətta AzTv-dən mənə müraciət elədilər ki, o, təqaüd istəyir. Prezidentə müraciətdə mənim də adımı yazmaq istədilər. Mən də razılaşdım, dedim nə olar. Amma adam belə səviyyəyə düşməz. Mən utandım onun yerinə. Əvvəla mən Bəşirin qızıyam, özü də şir bürcüyəm. Allaha heç vaxt asi düşməmişəm. Hər dəqiqəmə, saniyəmə görə ona şükür edirəm. Mən də Ramizin xətrinə dəyə bilərəm. Mən də ona elə söz deyərəm ki, inanın bütün qəzetlər ağızlardan götürər. İnsanın ürəyini sındırmaq çox asandır, dost qazanmaq isə çətindir. Ramiz nə məni sındıra bilməz, nə də bundan sonra dost ola bilməz. Mən heç bir kanalda "o filim mənə görə baxılır" ifadəsini işlətməmişəm. Əgər o, "film mənə görə baxılır" ifadəsini deməyimi mənə sübut edə bilsə, mən ondan üzr istəyəcəm.
İndi mən sizə bir sual verim, səmimiyyətimə inandınız?
- İnandım.
- Bəs, Ramiz Əzizbəyli kimilərinin sözlərini niyə yazmısınız?
- Kimin nə deməsindən asılı olmayaraq, biz dinləyir, müqaisə aparırıq. Bizim üçün Ramiz müəllim də böyük sənətkardır, siz də.
- Ramiz üçün böyük sənətkar dediniz. Böyük sənətkar böyük insan deməkdir. Ramiz Əzizbəyli hansı teatrda şedevr əsər yaradıb, hansı rejissorun yetirdiyi aktoyrdur? Ramiz Əzibəyli harda, hansı məclisdə öz sənətkar sözünü deyib ki? Axı insan addımladıqca dönüb arxasına baxmalıdır. Mən Ramizin qəsdinə durmuram. Amma orda iki dənə söz mənim içimdən gəldi və dedim. Bəlkə də ola bilsin ki, deməməliydim. Amma Ramiz Əzizbəyli də qapı döyəndə bilməliydi ki, kimin qapısını döyür. Bilməliydi ki, taxta qapıdan sonra dəmir qapı gəlir. Gördünüz ki, mən bu söhbətlərdən tutuldum. Əgər bilsəydim ki, Ramiz Əzizbəylidən mənə kin-kudirət gəlir, buna hazır olardım. İndi görün Ramiz Əzizbəyli nankor oldu, yoxsa mən? Ramiz Əzizbəylinin çox qısa müddətdə Yeni Yasamalda aldığı mənzil bu filmin qonararı hesabına deyildimi? Altındakı maşının dəyişilməyi bu filmin qonorarı hesabına deyilmi? Ən böyük dahinin ayağı diqqətsizlikdən büdrəyə bilər. Ramiz Əzizbəyli həyatda etdiyi səhvlərin ən böyüyünü öz müsahibəsində edib. Mən onu nə qorxutmuram, nə barmaq silkələmirəm. Yalnız bir söz deyirəm, Allah böyükdür, hər şeyi görür və yağdırdığı qarı da bilir. Ramizin bir tək mənə yox, bir çox sənət adamlarına işlətdiyi cılız ifadələrə görə onu zamanın məhkəməsinə verirəm.
"Deputat kimi işləyərəm də, nə lazımdır eliyərəm də"
- Afaq xanım, nəyə görə siyasətlə məşğul olmadınız?
- Nəyə görə siyasətçi olmalıyam? Mənim sənətim var. Əgər elə bir marağım olsaydı, şərqşünas olardım. Boş vaxtım olsaydı, ərəb-fars dilini öyrənərdim. Halbuki, bu, mənim ürəyimdə bir dağ kimi qaldı. İndi də mən o istəklə yaşayıram. İkincisi də, hər bir hadisənin çözümünü hər kəs öz bildiyi kimi yozur. Amma heç kəsin ixtiyarı yoxdur ki, səhv, ya düzgün, çıxıb kimisə tribunadan təlqin eləsin. Siyasətin də öz adamları var. Məsələn, Vəfa Quluzadənin, Rasim Musabəyovun hər hansı bir hadisəylə əlaqədar şərhlərinə qulaq asanda çox razı qalıram, hardasa fikirlərimiz üst-üstə düşür. Lakin mən siyasətdə bir siyasətçi kimi müvəffəqiyyət qazana bilmərəm.
- Niyə?
- Hər kəs öz bacardığı işdən yapışmalıdır, yoxsa yerlər səhv düşəndə repertuar boş qalır.
- Qarşıdan seçkilər gəlir, namizədliyinizi vermək istəməzsiniz?
- Azərbaycan dövlətçiliyinin, xalqının mənafeyi üçün əgər mənim dəryada bir damlam önəmlidirsə, bunu eliyərəm. Durum sənə yalandan deyim istəmirəm? Niyə istəmirəm ki, istiyərəm. Mən deputat kimi işləyərəm də, və nə lazımdır eliyərəm. Amma onu tarix, zaman göstərər. Deyəsən, bir çox məsələlər kimi bunu da beynimə saldınız. İndi mən sizə sual verim, işdir əgər deputatlığa namizədliyimi versəm vəkilim olarsınız?
- Olaram, niyə olmaram ki?
- Qurtardı getdi.
"Bulvarda tanış olub, filarmoniyada boşanmaq dəb halını alıb"
- Afaq xanım, siz həm həyat yoldaşı, ana, qaynanasınız. Teleekranlarda aparılan ailə, ər-arvad, gəlin-qaynana münasibətlərinin müzakirəsi, problemin qoyuluşu və ona yanaşma tərzi sizi nə dərəcədə qane edir?
- Son 10 ildə qadına qarşı zorakılıq məsələləri bir çox parlamentlərdə müzakirə olunur. Çıxarılan qanunların heç biri önəmli deyil. Çünki bu, şəxsi məişət məsələsidir. Bu, insan xarakteridir. Bu, doğulduğun yerin aurasıdır. Bu, müzakirə obyekti deyil. İntəhası, dədə-babadan belə qayda var ki, qadının qəbri kişinin qəbrindən dərin qazılır. Bu, elə-belə deyil. Qadın şüuru-zəkası kişidən daha iti və məsuliyyətli olmalıdır. Əlbəttə, bulvarda tanış olub, filarmoniyada boşanmaq bu dəqiqə dəb halını alıb. Təəssüflər olsun ki, yalnız ərə getməyin, 5-10 dəqiqəlik "Vağzalı"nın xatirinə, hər hansı restoranda gedib ağ duvaqda oturmaq bu dəqiqə qızların ən ümdə arzusudur. Və o duvaq qurtarandan sonra birdən-birə bizim qızlar, oğlanlar ayılır ki, ay Allah, mən kiminlə evlənmişəm. Ailə-məişət zəmnində elə şeylər baş verir ki, adam dəhşətə gəlir. Amma taylı-tayını tapmasa, günü ah-vayla keçər. Qızlar bu dəqiqə nə istəyirlər? İstəyirlər altında maşını olsun, mütləq imkanı olsun. Oğlan da istəyir elə bir qız alsın ki, gedib onun dədəsinə söykənə bilsin. İndi hesablarnan evlənirlər. Bir-birinə qarşı sevgisi olanlar evlənə bilmirlər. Bu gün Rusiyada piştaxta arxasında elə qeyrətli oğlanlarımız var ki, onlar dolana bilmirlər. Elə oğlanları bəyənən qızlar da çox azdır. Və yaxud evdə elə qızlarımız oturub ki, ataları onlara pəncərədən bayıra baxmağa icazə vermir. Elə qızlarla evlənmək heç kəsə sərf etmir. Qayınana məsələsinə gəlincə, qayınana mənim titulumdur. Mən gəlinimlə 2001-ci ildə şərt kəsdim. Dedim, biz qayınana-gəlin olacağıqsa bunu bilim, ana-bala olacağıqsa yenə də bilim. O da mənə dedi ki, biz ana-bala olacağıq. Bu günə qədər də biz ana-balayıq. Bütün qayınanalar başa düşməlidir ki, oğul evlənəndən sonra o, 50 faiz sənin deyil. O, artıq ailə qurub, ondan övladlar törəyib. Sənə olan məhəbbətini artıq onlarla da bölüşəcək. Ana bunu dərk eləyib başa düşməlidir və güzəştə getməyi bacarmalıdır. Ana gəlinə etdiyi nöqsanları öz qızına eləmir. Hətta eləsə də, deyiliş tərzində, üz ifadəsində fərq olur. Amma nankor adamlar da çoxdur. Sən bunu nişanlayanda, evinə gətirəndə axı bilməliydin ki, bu nə insandır.
- Afaq xanım bir az da ailənizdən danışın.
- Ailəm mənim şəxsi monopoliyamdır. Bu monopoliyada özümüzə məxsus feodal xasiyyətimiz, milli mentalitetimiz, qarşılıqlı hörmətimiz olub və həmişə də olacaq. Ailəmlə fəxr edirəm, Allah bizi qorusun.
- Amin!
Tahirə Qafarlı
Mili.Az
Uyğun link:
Ramiz Əzizbəyli: "Mən xəstə olanda, kino rəhbərləri ölməyimi istəyirdilər"
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Afaq Bəşirqızı: "Nankor Ramiz Əzizbəylinin özüdür!"
18 İyun 2010 10:37
Baxış: 11 126

DİGƏR XƏBƏRLƏR
-
Gənc Tamaşaçılar Teatrı İranda “Arsbaran” adlı teatr festivalında iştirak edəcək.
-
Gənc Tamaşaçılar Teatrında mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib - FOTO
-
“Nəsimi dastanı” baleti Nəsimi festivalında yeni quruluşda təqdim olunacaq - VİDEO
-
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
-
"Doktor Aybolit"in yaradıcılarından biri vəfat etdi
-
Bülbül Vokal Məktəbi yeni tələbələrini seçdi - VİDEO
XƏBƏR LENTİ
-
Xosrov azadlığa buraxıldı - VİDEO
-
Mərhum əməkdar artistin qızı - Nənəm və xalam razı olmadılar ki... - VİDEO
-
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
-
Tanınmış aparıcı efirə qayıtdı - FOTO
-
“Hacı xanım” məhlədə hamını şantaj edir” - Video
-
Rusiya Federal Vergi Xidməti Hüseyn Həsənovla bağlı qərar verdi
-
Türkan Şoray şəxsi həyatı ilə bağlı şok faktı öz kitabında etiraf etdi - "Mən də..."
-
Əfqanıstanda güclü zəlzələ oldu
-
"Hyundai"inin işçiləri tətil etdi - İş saatları azaldılsın
-
Vəfa Şərifovanı təhqir edən qadın məhkum olundu
-
5 min nəfərlik kənd uzun illərdir susuz qalıb
-
Rəşad Xalq artisti olan xalası və qızı ilə - FOTOlar
-
Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar - Açıqlama
-
Rusiya qəzaya uğrayan təyyarəyə görə kompensasiya ÖDƏYİB
-
Putindən Peskova: "Tənbəl" işləmək istəmir
-
Qızılı görün necə gizlədib qaçmaq istəyirdi
-
Madat Babayan xüsusi qəddarlığı ilə seçilən Ermənistan silahlı qüvvələrinin bəzi hərbçilərinin adlarını açıqlayıb - məhkəmə -FOTO
-
Bakıda toy yasa döndü - oğlan faciəvi şəkildə öldü
-
Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO
-
Neymara bir milyon dollarlıq miras qoydu - FOTO
-
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - YENİLƏNİB
-
Damla üzünə həsrət qaldığı oğluna qovuşdu -
-
Kanadada özünü “kraliça” elan edən qadın saxlanıldı - FOTO