Mədəniyyət

Bakının nəbzi cazla döyündü! - 21-ci Baku Jazz Festival İçərişəhərin qəlbində möhtəşəm musiqi bayramı ilə başa çatdı - (Foto)

13 Oktyabr 2026 15:21
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Doqquz gün musiqi, dünya cazının ulduzları, virtuoz improvizasiyalar və Qız qalasının önündə möhtəşəm final - 21-ci Baku Jazz Festivalı dünya caz xəritəsində xüsusi yer tutur. Bu barədə festivalın təşkilatçılarının məlumatında bildirilir.

Festival günlərində caz həvəskarlarını bir araya gətirən, improvizasiya, virtuoz ifa və yaradıcı eksperimentlərlə zəngin unudulmaz musiqi axşamları keçirilib. Bakı bir daha istedadlı musiqiçilərin və caz sənəti bilicilərinin görüş məkanına çevrilib. Müxtəlif musiqi üslublarının səsləndiyi festivalın hər proqramı əsl musiqi bayramı ilə yadda qalıb.

Lakin festivalın son iki günü əsl emosional coşqu ilə yadda qalıb. Caz konsert salonlarının hüdudlarını aşaraq Bakının qəlbi - İçərişəhəri fəth edib. Qədim şəhərin divarları önündə, əfsanəvi Qız qalasının yaxınlığında qurulan səhnə tarixi məkanı açıq səma altında musiqi meydanına çevirib.

İçərişəhərdəki payız axşamları əsl bayrama çevrilib. Burada səhnə ilə tamaşaçılar, nəsillər və müxtəlif musiqi mədəniyyətləri arasında sərhədlər aradan qalxıb. İnsanlar ailələri, dostları və gənclərdən ibarət qruplarla musiqi məkanına axışıblar. Paytaxt sakinləri və şəhərin qonaqları musiqi dinləmək, rəqs etmək, ritmi duymaq və ümumi emosional coşqunun bir hissəsinə çevrilmək üçün səhnə ətrafına toplaşıblar.

DJ Freeda-nın setləri axşamlara xüsusi dinamika qataraq tarixi küçələri azad, açıq və həqiqətən canlı musiqi mədəniyyətinin məkanına çevirib.

İçərişəhərdəki səhnədə Türkiyədən Fatih Çağlayan, İran və Avstraliyanın musiqi ənənələrini bir araya gətirən Eishan Ensemble qrupu, eləcə də DJ Freeda çıxış edib. Müxtəlif mədəni təsirlər, orijinal musiqi həlləri və ifaçıların enerjisi əsl beynəlxalq musiqi dialoqu ab-havası yaradıb.

Daha sonra festivalın möhtəşəm finalı baş tutub. İzləyicilər qarşısında norveçli saksofonçu və bəstəkar Ivan Mazuze, həmçinin çoxsaylı dinləyicilərin istəyi ilə yenidən səhnəyə çıxan türkiyəli vokalçı Sinem İslamoglu çıxış ediblər.

Final konsertləri festival proqramının sadəcə yekunu deyil, həm də şəhərə və onun sakinlərinə əsl musiqi hədiyyəsi olub.

Baş verənlərə xüsusi sehr qatan isə məkanın özü idi. Qız qalası, İçərişəhərin qədim divarları və payız axşamının yumşaq rəngləri keçmişlə bu günü birləşdirən musiqi üçün təbii dekorasiyaya çevrilib.

Köhnə şəhərdəki final 21-ci Baku Jazz Festivalının doqquz günlük zəngin proqramının kulminasiyası olub. Gəlin, bu möhtəşəm günləri bir daha xatırlayaq...

Festival Elektra Events Hall-da açılıb. Axşamın ən mühüm hadisələrindən biri yalnız Azərbaycan cazına həsr olunmuş onlayn radio stansiyası - bakujazzradio.com layihəsinin təqdimatı olub. Layihə bir neçə nəslin musiqi irsini bir araya gətirib: klassik əsərlərdən və 1960-1970-ci illərin əfsanəvi Bakı cazından tutmuş müasir yerli caz səhnəsinədək geniş musiqi palitrasını əhatə edib.

Açılışın digər mühüm hadisəsi milli cazın iki tanınmış nümayəndəsi - Rain Sultanov və İsfar Sarabskinin Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə çıxışı olub. Xüsusi proqram cazın ifadə imkanlarını orkestr səslənməsi ilə birləşdirərək festivala yüksək bədii notlarla start verib.

Fransanın enerjili FR33 ROOTS kollektivi isə Afrika və Mavriki ritmlərini, soul, qruv və müasir səslənməni bir araya gətirərək axşama xüsusi dinamika qatıb və festivalın növbəti günləri üçün ritm müəyyənləşdirib.

Sonrakı günlərdə festival iştirakçıları cazın müxtəlif istiqamətləri ilə tanış olublar. Azərbaycan təmsilçisi Free From 4 qrupunun çıxışı böyük maraqla qarşılanıb.

Xaçmazda isə Cavanşir Abdullallanın rəhbərliyi ilə bir araya gələn gənc azərbaycanlı ifaçıların konserti təşkil olunub. ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonun da iştirak etməsi konsertə xüsusi əhəmiyyət qazandırıb. Musiqi proqramı yüksək səviyyədə təşkil olunub.

Daha sonra Rumıniyanın A-C Leonte Quartet qrupu caz, soul, elektron musiqi və spoken word elementlərini birləşdirərək müasir musiqiyə özünəməxsus yanaşmasını təqdim edib.

Caz improvizasiyalarının sərhədlərini genişləndirən italiyalı virtuoz skripkaçı və improvizator Luca Ciarla da dinləyicilərə sərbəst musiqi dialoqunun imkanlarını nümayiş etdirib. Kapellhaus-da isə almaniyalı rejissor və musiqi tədqiqatçısı Thomas Melzerin iştirakı ilə "7 Sounds of Azerbaijan" sənədli filmi ətrafında müzakirə keçirilib. Film Azərbaycanın zəngin və çoxşaxəli musiqi mədəniyyətini nümayiş etdirib.

Festivalın ən parlaq hadisələrindən biri oktyabrın 8-də polşalı bas-gitaraçı, bəstəkar və musiqi prodüseri Wojtek Pilichowskinin çıxışı olub.

Voytek Pilixovski festivalın əsl ulduzuna çevrilib. Onun virtuoz texnikası, qeyri-adi ifa ifadəliliyi və güclü səhnə enerjisi bas-gitaranın nə dərəcədə müstəqil, çoxşaxəli və valehedici musiqi aləti ola biləcəyini nümayiş etdirib.

Axşamlardan biri də səsinə innovativ yanaşması və vokal improvizasiyaları ilə tanınan italiyalı vokalçı və improvizator Albert Hera-nın çıxışı ilə yadda qalıb. Qeyd edək ki, onun iştirak etdiyi musiqi layihəsi Grammy mükafatının üç nominasiyasına layiq görülüb, həmçinin Image Awards mükafatının World Music kateqoriyasında təltif edilib. Həmin gün belçikalı vokalçı Lady Linn də Bakı tamaşaçıları qarşısında çıxış edərək özünəməxsus və parlaq musiqi üslubunu təqdim edib.

Festival çərçivəsində maarifləndirici proqram da həyata keçirilib. Albert Hera ADA Universitetində xüsusi ustad dərsi keçib. Musiqiçilər, tələbələr və caz həvəskarları onun yaradıcılıq metodunu və vokal improvizasiyası sənətini daha yaxından öyrənmək imkanı əldə ediblər.

Beləliklə, Baku Jazz Festival konsert proqramını, peşəkar təcrübə mübadiləsini, təhsil təşəbbüslərini və açıq şəhər tədbirlərini bir araya gətirərək hərtərəfli beynəlxalq mədəniyyət platforması olduğunu bir daha təsdiqləyib.

2005-ci ildə azərbaycanlı caz musiqiçisi Rain Sultanov tərəfindən təsis edilən Baku Jazz Festivalı iyirmi ildən artıq müddətdə regionun ən böyük beynəlxalq musiqi tədbirlərindən birinə və Azərbaycanın mühüm mədəniyyət platformasına çevrilib.

Festivalın mövcud olduğu illər ərzində dünyanın müxtəlif ölkələrindən yüzlərlə musiqiçi onun səhnəsində çıxış edib. Proqramda tanınmış ustadlarla yanaşı, yeni nəslin parlaq nümayəndələri, virtuoz instrumentalistlər və cazın sərhədlərini genişləndirən novatorlar da yer alır. Grammy mükafatının laureatları və nominantları da daxil olmaqla, beynəlxalq mükafatlara layiq görülmüş sənətçilərin çıxışları festivalın yüksək bədii səviyyəsini və dünya musiqi sənayesindəki əhəmiyyətini təsdiqləyir.

Baku Jazz Festivalı yalnız konsertlərdən ibarət deyil. Bura mədəniyyətlərin görüşdüyü, yeni yaradıcılıq əlaqələrinin qurulduğu, yeni adların kəşf edildiyi və dinləyicilərin həm valeh edən, həm təəccübləndirən, həm də dünyagörüşünü zənginləşdirən musiqiyə marağının formalaşdığı məkandır.

Festivalın şəhərlə əlaqələrini getdikcə genişləndirməsi və musiqini daha geniş auditoriya üçün əlçatan etməsi də xüsusi əhəmiyyət daşıyır. İçərişəhərdə keçirilən final konsertləri bu yanaşmanın parlaq nümunəsinə çevrilib.

21-ci Baku Jazz Festivalı başa çatdı, lakin bu günlərin enerjisi və musiqi ovqatı uzun müddət Bakının yaddaşında yaşayacaq!

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.